Cəmil Həsənli Qarabağı Azərbaycandan ayırdı
Tarix: 09.10.2013 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


Müxalifətin prezidentliyə namizədi Qarabağı
“mübahisəli ərazi” adlandırdı


Jurnalist Eynulla Fətullayev “milli şura”nın namizədi Cəmil Həsənli barədə ifşaedici məlumat verən məqalə dərc edib. Orada deyilir ki, Britaniyanın aparıcı “Guardian” qəzeti Azərbaycandakı prezident seçkiləri barədə bir gün ərzində iki məqalə dərc edib: “Britaniyalı oxucu ona o qədər də maraqlı olmayan uzaq və balaca Azərbaycandakı vəziyyətə çətin elə güclü maraq göstərə ki, nüfuzlu Britaniya nəşri buradakı seçkiləri belə geniş işıqlandırsın.

Üstəlik bu da dəqiqdir ki, Bakıdakı seçkilər London birjasındakı məzənnələrə heç bir təsir göstərməyəcək. Elə bu da dəqiqdir ki, Azərbaycandakı seçki prosesinin nəticələri nə heç bir yeni maliyyə piramidasını iflasa uğratmayacaq, nə də Britaniya hərbi-dəniz donanmasının məhvinə gətirib çıxarmayacaq.
Bəs onda atəş açmaq, daha doğrusu, naşı azərbaycanlı müxalifətçi Cəmil Həsənliyə atəş açmaq üçün meydan vermək nə üçündür?
Cəmil Həsənli özünün müəllif yazısında seçkiqabağı mübarizə, daha doğrusu, bu mübarizənin görüntüsü,- axı hamı bilir ki, seçki ərəfəsində heç bir real mübarizə olmadı,- barədə fikirlərini bölüşüb. Hamı bilir ki, xalq Əliyevin rəqiblərini rədd etdi. Lakin...
C.Həsənli “Guardian”da dərc olunan məqaləsində təzə heç nə deməyib. Bu yazı Bakıdakı boşboğazlığın uzaqbaşı London ləhcəsindəki təkrarıdır, vəssalam...
Tarix professoru həmin məqaləsində nəinki təkcə Azərbaycan mətbuatında, eləcə də Qərb KİV-lərində çoxdan çeynənmiş mövzular - sosial ədalətsizlik, korrupsiya ilə mübarizə, oliqarxların milli iqtisadiyyata total nəzarəti, siyasi məhbusların azadlığa buraxılmasının vacibliyi, prezident səlahiyyətlərinin məhdudlaşdırılması, parlamentin rolunun artırılması, demokratikləşmə və s. və i.a. barədə sadəcə mızıldanıb...
Bir sözlə, biz bu məqalədə yeni heç nə tapmadıq. Amma... Bütün məsələ də elə bu “amma”dadır. C.Həsənli azərbaycanlı teletamaşaçılara və oxuculara, yerli auditoriyaya hesablanmış çıxışlarından fərqli olaraq qərbli oxuculara Qarabağ münaqişəsini necə tənzimləyəcəyi barədəki konsepsiyasını xırdalayıb. Bu məsələ həmin o məsələdir ki, Həsənli öz seçkiqabağı çıxışlarında ondan danışmaqdan ciddi-cəhdlə yayınırdı.
C.Həsənli Bakıda Qarabağ məsələsindən yalnız bir dəfə danışıb. Onda da dünənki (oktybarın 7-dəki-red.) mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən... Müxalifətin vahid namizədi Qarabağ məsələsinin həlli yollarını necə görməsinə dair suala hərfən belə cavab verdi: “Əgər bu hakimiyyət Qarabağ problemini 20 illik idarəçiliyi dövründə həll edə bilmədisə, mən onu öz hakimiyyətimin ilk iki ilində necə həll edim?”
Amma C.Həsənli qərbli oxucuya Qarabağ düyününü necə açmağa hazırlaşması barədə müfəssəl məlumat verib. O, Azərbaycanı Ermənistanla açıq sülh prosesinə qoşulmağa çağırıb. Lakin bu da hələ hamısı deyil. Müxalifətin vahid namizədi yazısının növbəti abzasında Dağlıq Qarabağı nə az, nə çox - birbaşa “MÜBAHİSƏLİ ƏRAZİ” adlandırır!!!
Xahiş olunur ki, diqqətlə oxuyasınız. Mətni “Guardian”da getdiyi kimi, orijinalda necə varsa elə veririk ki, sonra tənqidçilərin mümkün spekulyasiya bəhanələri də olmasın: “The problem of the disputed Karabakh region remains unresolved and hundreds of thousands of Azerbaijanis are unable to return to their homes”.
Beləliklə, müxalifətin vahid namizədi Dağlıq Qarabağı “mübahisəli ərazi” adlandırmaqla Azərbaycanın ərazi bütövlüyü ideyasının özünü şübhə altına salır. Belə deyilmi? Bu isə birbaşa səsvermə ərəfəsində baş verir. Bütün narazıların, bütün müxalifətin öz ümid və gözləntilərini bu tarixçi-alimə, professora bağladığı bir vaxtda...
Cəmil Həsənli yaxasını bu sitatdan kənara çəkə və onu tərcüməçinin səhvi kimi qələmə verə bilməz. Çünki bu yazı müsahibə deyil, professorun özü tərəfindən qələmə alınmış müəllif yazısıdır.
Bundan əlavə, C.Həsənli ingilis dilini mükəmməl bilir. O, uzun illər Nyu-Yorkda işləyib, kitablar, monoqrafiyalar yazıb, ABŞ arxivlərində araşdırmalar aparıb. Buna heç kim inanmaz ki, bu qədər müddət ərzində ABŞ-da işləyən alim ingilis dilini bilməsin. O, hamını buna inandırmaq istəsə də bundan bir şey alınmaz.
Burada daha bir sitatı yada salmağa lüzum var. Bu cümlələr sizə tanış gəlirmi? Onlar belədir: “Ermənistanda hesab edirlər ki, Qarabağ onların torpağıdır, bizsə hesab edirik ki, bizim. Bu məsələ müzakirələrin, danışıqların, elmi araşdırmaların predmetidir”.
Bu fikirlər bilirsinizmi kimə məxsusdur? Yadınıza salaq. Bu fikirləri bu il aprelin 4-də müxalifətin prezidentliyə ilk vahid namizədi olmuş Rüstəm İbrahimbəyov söyləmişdi. Rusiyanın “Rosbalt” agentliyi də onları yaymışdı.
“Haqqin.az” saytı İbrahimbəyovun həmin müsahibəsini təkrar dərc etmiş və bu fikirlər ictimai rəydə böyük ajiotaj doğurmuşdu. İbrahimbəyov o zaman uzun-uzadı əlləşib özünə bəraət qazandırmağa çalışmaq məcburiyyətində qaldı. O, bu axmaq bəyanatını təkzib və inkar etməyə çoxsaylı cəhdlər göstərdi. Buna da məcbur idi. Çünki o, həmin bəyanatında Azərbaycanın ərazi bütövlüyünü faktiki olaraq şübhə altına salmışdı.
Və budur, yarım ildən sonra,- təkrar edirik, ən maraqlısı da budur ki, seçkiyə bir gün qalmış!- İbrahimbəyovun sələfi, faktiki olaraq onun dublyoru olan professor öz sələfinin Qarabağ konsepsiyasını sözbəsöz təkrarlayır.
Bu nədir belə? Bu, doğrudanmı sırf təsadüfdür? Amma axı, necə deyərlər, bir güllə bir qarğaya iki dəfə eyni yerdən dəymir.
Gəlin belə fərz edək ki, o zaman jurnalistlər İbrahimbəyovun fikirlərini təhrif etmişdilər. Amma həmin fikirlər bu dəfə Cəmil Həsənlinin öz qələmindən çıxıb axı! C.Həsənlinin Azərbaycana və Əliyevə nifrətinin şiddətindən özünü sadəcə saxlaya bilməyib ölkəmizin ərazi bütövlüyünü, Qarabağın Azərbaycana məxsus olması faktını şübhə altına alması variantı da inandırıcı deyil. Daha dərindən düşünmək lazımdır...
Buradan ortaya çıxan məntiqi nəticə odur ki, R.İbrahimbəyov kimi C.Həsənli də Milli Şuranın Qarabağ konsepsiyasını ifadə ediblər.
Lakin müxalifətin bir növ “Brest planı” demək olan bu konsepsiya heç də populyar deyil, mahiyyətcə isə xəyanətkar proqramdır. O, Azərbaycanda yaxşı qarşılanmır. Bu konsepsiya beynəlxalq ictimai rəyə hesablanıb. O, London və Moskvadakı “lazımi və nüfuzlu dairələr” üçündür... C.Həsənlinin məqaləsini oxuyandan sonra gəlinən nəticə bu deyilmi?
Bundan başqa, C.Həsənli elə dünən (oktyabrın 7-də-red.) beynəlxalq müşahidəçilərlə görüşündə “İlham Əliyevin ermənilərə münasibətdəki aqressiv ritorikasını” tənqid edir, bu gün isə nüfuzlu Qərb mətbuatında “Ermənistanla açıq sülh prosesinə” çağırış edir. Bunlar eyni bir məntiq zəncirinin ayrı-ayrı həlqələri deyilmi? Belə çıxır ki, Həsənli və onun ideoloqları Qarabağ problemini Azərbaycanın maraqlarına zidd şəkildə həll etməkdə maraqlı olan qüvvələrlə bu məsələdə gizli sövdələşməyə getməyə hazırdırlar. Belə çıxmırmı? Və bu məxfi saziş Bakıda siyasi hakimiyyət uğrunda gedən mübarizədə “beynəlxalq güclər”in dəstəyini təmin etməlidir. Bu nəticə çıxmırmı? Belə deyilsə, onda C.Həsənli bu tezislə niyə məhz seçki ərəfəsində çıxış etməyə belə tələsdi? O, bununla nə demək istədi?
Hər halda görünən budur ki, İlham Əliyevə və onun ailə üzvlərinə münasibətdəki aqressiyaya və Qarabağın mübahisəli ərazi adlandırılması faktına yalnız erməni mətbuatında, bir də bizim müxalifət liderlərinin, o cümlədən İbrahimbəyovla Həsənlinin danışığında, çıxış və açıqlamalarında rast gəlinir.
Erməni saytlarında gedən və analitik yazı adına iddia edən məqalələri oxuyun və onları Azərbaycan müxalifətinin prezidentliyə namizədi olmuş İbrahimbəyovun və onun dublyorunun açıq bəyanatları ilə müqayisə edin. Sözbəsöz eyni mətnlər, eyni ritorikadır! Eyni fikir, vahid proqramdır!
Bu, sui-qəsddir, yoxsa milli təhlükəsizliyin sarsıdılması cəhdi?
Oktyabrın 9-dan sonra nə baş verəcək? Bunu demək çətindir. Lakin Qarabağ məsələsinin Elçibəy işinin davamçılarının mübarizəsində Əliyevə qədərki dövrdə olduğu kimi bu gün də alver predmeti olması faktı göz önündədir. Bu, artıq heç bir şübhə doğurmur. Əliyevin rəqibləri iki prezidentin devrilməsi təcrübəsindən də yaxşı bilirlər ki, Qarabağ yanğını olmasa, Bakıda siyasi vəziyyəti qızışdırmaq da mümkün olmayacaq. Qarabağ “Bakı meydanları uşaqları”nın tarixi məğlubiyyətində boğulanlardan ötrü yenə də sonuncu saman çöpünə çevrilib”...
Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info