Beynəlxalq müşahidəçilərin rəyi müsbətdir
Tarix: 10.10.2013 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Sheila Copps: “Seçkilərin ədalətli, şəffaf
və demokratik şəkildə keçirilməsi aydın görünür”


Prezident seçkilərində seçicilərin böyük aktivliyi müşahidə edilib. Bunu prosesi izləyən beynəlxalq müşahidəçilər də təsdiqləyiblər. Müxtəlif seçki məntəqələrində müşahidələr aparan beynəlxalq müşahidə qruplarının ayrı-ayrı üzvlərinin ilk rəyləri müsbətdir. Məntəqələrdə vətəndaşların öz seçimlərini sərbəst şəkildə etmələri üçün bütün şəraitin yaradıldığını qeyd edən beynəlxalq müşahidəçilər ümumilikdə prosesdən razıdırlar. Məsələn, Kanadadan olan Sheila Copps apardığı müşahidələri dəyərləndirərkən qeyd edib ki, seçkilərin ədalətli, şəffaf və demokratik şəkildə keçirilməsi aydın görünür: «Diqqətimi çəkən məqamlardan biri də odur ki, bir insan iki dəfə kağız götürmür. Bu da o deməkdir ki, seçki prosesində heç bir saxtakarlığa yol verilmir. Bununla yanaşı, vətəndaşlar öz səslərini ardıcıllıqla verirlər. Saatlar keçdikcə seçicilərin sayında xüsusi aktivlik nəzərə çarpır. İnsanlar yüksək əhvali-ruhiyyədə məntəqələrə gələrək, səslərini verirlər. Azərbaycanda seçki prosesinə çox məsuliyyətlə yanaşıldığı ortadadır».

Amado Valdez:
“Seçkilərin bu qədər demokratik və şəffaf keçirilməsini
gözləmirdim”

Filippini təmsil edən beynəlxalq müşahidəçi Domini Torrevillas Suarez 4 seçki məntəqəsində müşahidə aparıb: «Səsvermədə kişilərin çoxluq təşkil etdiyinin şahidi oldum. Əvvəlcə, qadınların az olması diqqətimi çəksə də, saatlar keçdikcə tarazlıq yarandı. Qadın seçicilər arasında da xüsusi aktivlik müşahidə edilir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanda prezident seçkiləri texniki cəhətdən yaxşı təşkil olunub. Səsvermə prosesi normal keçir, hələlik qayda pozuntuları müşahidə olunmayıb. Bizim olduğumuz məntəqələrdə hər şey yaxşı təşkil edilib. Hər məntəqədə seçici siyahılarının olması, yerli və beynəlxalq müşahidəçilərin səsvermənin gedişini izləməsinə şərait yaradılması xoşumuza gəldi. Çünki bu, Azərbaycanın demokratiyasının əsas göstəricilərindən biridir”. Filippini təmsil edən digər müşahidəçi Amado Valdez əhalinin prezident seçkilərinə inamının olduqca böyük olduğunu müşahidə edib: “Seçkiyə olan axın yüksəkdir. Səhərə nisbətən günortaya yaxın olduğumuz məntəqələrdə seçicilərin sayı daha çox idi. Bu da yəqin ki, vaxtdan irəli gəlir. Hər kəs seçki məntəqələrinə yüksək əhval-ruhiyyədə gəlir. Bu da diqqətimi çəkən məqamlardan biri oldu. Azərbaycanda prezident seçkilərinin bu qədər demokratik və şəffaf keçirilməsini gözləmirdim. Gözlədiyimizdən daha da uğurlu nəticə ilə qarşılaşdıq”. GUAM-ın baş katibi, bu təşkilatın Müşahidə Missiyasının rəhbəri Valeri Çeçelaşvil təşkilatın digər müşahidəçiləri ilə birlikdə bir sıra seçki məntəqəsinə baş çəkiblər: “Orada seçkilərə yaxşı hazırlığın şahidi olduq. Ümumilikdə mənim qiymətləndirməm müsbətdir. Biz gördüklərimizdən çox məmnunuq”. ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Doris Barnet isə qeyd edib ki, son 20 ildə bütün dünyada, o cümlədən Azərbaycanda seçki prosesi yaxşı tərəfə dəyişib.

Jiri Mastalka:
“Vətəndaşlar səsvermə hüquqlarından sərbəst
istifadə ediblər”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanes Lenarçiç bildirib ki, təşkilatın 300-dən çox müşahidəçisi səsvermənin monitorinqini həyata keçirib: «Hələlik aparılan müşahidənin nəticələri barədə şərh vermək tezdir və qurumun bütün müşahidəçiləri öz hesabatlarını təqdim etdikdən sonra missiya öz qiymətləndirməsini elan edəcək. Bizi ümumi mənzərə maraqlandırır. Bu, mozaika kimidir, biz hələlik onun ayrı-ayrı hissələrini görürük. Hər hansı müşahidəçinin məntəqədə gördükləri mozaikanın yalnız bir hissəsidir. Azərbaycanda fəaliyyət göstərmiş uzunmüddətli missiya seçki kampaniyasının ayrı-ayrı mərhələləri - kampaniyanın KİV-də işıqlandırılmasını, MSK-nın və ümumən seçki administrasiyasının fəaliyyətini, namizədlərin apardığı kampaniyanı müşahidə edib». ATƏT-in Müşahidə Missiyasının üzvü, Slovakiya parlamentinin deputatı Andrey Kolesnikov səsvermə prosesinin çox yaxşı şəkildə təşkil edildiyini vurğulayıb. Avropa Parlamentinin Çexiyadan olan deputatı Jiri Mastalka qeyd edib ki, vətəndaşlar qanunauyğun şəkildə səsvermə hüquqlarından sərbəst istifadə edirlər: «Mən olduğum yerlərdə heç bir pozuntu, hətta heç bir şikayət belə eşitmədim». Polşa parlamentinin üzvü Tadeuş Vozniak isə Azərbaycanda demokratiyanın necə inkişaf etməsini izlədiklərini bildirib: “Bu vaxta qədər bir neçə seçki məntəqəsində olmuşuq və heç bir pozuntu müşahidə etməmişik. Ümumiyyətlə, deyə bilərəm ki, seçki prosesi normal keçir”.

Ermin Valter Nadler:
“Müşahidələr seçkilərin demokratik və şəffaf
keçirildiyini göstərir”


Siyasi Monitorinq üzrə Müstəqil Amerika Mərkəzinin direktoru Lidiya Louson 10 seçki məntəqəsində olduqlarını deyib: “Hər məntəqədə seçki qanunu ilə bağlı materiallar var idi. Hər şey qanunlara uyğun təşkil edilib. Biz seçki komissiyalarının üzvləri və müşahidəçilərlə danışdıq və onlar pozuntu qeydə almadıqlarını dedilər. Müşahidələrimizi məntəqələr bağlanana qədər davam etdirəcəyik. Azərbaycanda prezident seçkilərinin hazırlıq səviyyəsindən məmnunuq”. ASEAN təşkilatının baş katibinin sabiq müavini İmmanuel Robert İnkirvanq ümumilikdə seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Almaniya parlamentinin deputatı Ermin Valter Nadler qeyd edib ki, müşahidələr seçkilərin demokratik və şəffaf keçirildiyini göstərir: “Heç bir neqativ hal qeydə alınmayıb". Ermin Valterin sözlərinə görə, səsverməyə gələnlər arasında qadınların çoxluğu müşahidə olunub. Belçikalı beynəlxalq müşahidəçi Davi Kirs səsvermə prosesində ciddi nöqsan qeydə alınmadığını deyib. Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Mərkəz Demokratlar (CAPTİ) təşkilatının üzvü Muhammad Jusuf Kalla məntəqələrdə heç bir neqativ halla qarşılaşmadıqlarını deyib: “Azərbaycanda seçki prosesi şəffaf və demokratik istiqamətdə keçirilir. Apardığımız müşahidələr əsasında deyə bilərəm ki, həm biz, həm də seçicilər hüquq pozuntuları ilə rastlaşmayıb. Məntəqələrdə xüsusilə yerli və xarici müşahidəçilərin öz vəzifələrini icra etmələri üçün lazımi şərait yaradılıb. Seçki məntəqələrində quraşdırılan kameralar şəffaflığın təminatıdır. Getdikcə seçici aktivliyi müşahidə olunur. Seçkilərdə iştirak etməkdə və ölkə prezidentini seçməkdə vətəndaşlar biz gözlədiyimizdən də çox maraqlıdırlar”.

İsmayıl Safi:
“Azərbaycan demokratik seçkilərin keçirildiyi
demokratik ölkədir”

Avropa Şurasının üzvü Tumbarello Roberto bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan seçki prosesinin demokratik və şəffaf keçirilməsi üçün lazımi bütün şərait yaradılıb: “Komissiya tərəfindən hər bir kiçik detal belə düşünülüb. Azərbaycanda seçkilərin şəffaflığı bəzi Avropa ölkələrində keçirilən seçki prosesindən daha üstündür. Ölkənizdə seçki ab-havası var və bu seçicilərin aktivliyinin, seçkiyə olan maraqlarının göstəricisidir”. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, təşkilatın prezident seçkilərinin gedişatını izləyən müşahidəçilər qrupunun rəhbəri İsmayıl Safi bildirib ki, Azərbaycan demokratik seçkilərin keçirildiyi demokratik ölkədir. Rusiya MSK-nın sədri Vladimir Çurov səsvermə prosesinin normal şəraitdə keçdiyini qeyd edib: “Seçki prosesində heç bir qanun pozuntusu müşahidə edilməyib. Quba rayonunda seçki prosesini izləyən Rusiyanın "Exo planetı" jurnalının baş redaktoru Elmar Hüseynov bildirib ki, səsvermə prosesinin normal gedişatı üçün bütün zəruri şərait yaradılıb, daha ətraflı seçki siyahısı hazırlanıb ki, bu da səsvermə zamanı növbələrin yaranmamasına imkan verir. Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç müşahidə apardığı məntəqədə heç bir nöqsan qeydə almayıb: “Yaxşı şərait yaradılıb, heç bir qanun pozuntusu yoxdur. Heç bir şikayət daxil olmayıb. Məntəqədə müxtəlif siyasi partiyaların nümayəndələri də müşahidə aparırlar. Aktivlik müşahidə olunur və bu, deməyə əsas verir ki, seçicilər öz düzgün seçimlərini edirlər”.

Yakob Qriqori:
“Seçki texniki cəhətdən
yaxşı təşkil olunub”


“Ədalətli seçkilər uğrunda” təşkilatından olan beynəlxalq müşahidəçi, İsraildən olan nümayəndə Yakob Qriqori seçkinin texniki cəhətdən yaxşı təşkil olunduğunu qeyd edib: “Səsvermə prosesi normal keçir, hələlik pozuntular müşahidə olunmayıb. Biz Bakıdakı 6 məntəqədə olduq. Bizim olduğumuz məntəqələrdə hər şey yaxşı təşkil edilib. Hər məntəqədə seçici siyahılarının olması, yerli müşahidəçilərin səsvermənin gedişini izləməsinə şərait yaradılması xoşumuza gəldi. Ümumən vəziyyət normaldır və biz hər hansı qanun pozuntusu qeydə almadıq. Adları seçici siyahılarında olmayan seçicilərin adları xüsusi siyahıya salınır və sonradan MSK tərəfindən təsdiqlənir. Beləliklə, onlar öz səsvermə hüququndan istifadə edə bilirlər”.

Rafael Trotman:
“Prosesə necə ciddi yanaşıldığının şahidi oldum”

Gürcüstan parlamentinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Georgi Sereteli prezident seçkilərinin sakit, normal şəkildə, qanunauyğun keçirildiyini qeyd edib: «Biz Binəqədi və Biləcəridə 8-9 seçki məntəqəsində olduq. Bəzi seçki məntəqələrində seçici sıxlığı müşahidə olunub, orada təxminən 15 faiz seçici öz seçki hüququndan istifadə edib. Məntəqələrdə çoxlu müşahidəçilər var, ciddi nöqsan yoxdur.
Yalnız bir məntəqədə yerli müşahidəçilərdən biri cüzi pozuntunu qeyd etdi. Bir çox məntəqələrdə veb-kameralar var. Sonda bu proses tərəqqi kimi qiymətləndiriləcək". Qayana parlamentinin spikeri, beynəlxalq müşahidəçi Rafael Trotmanı prosesə ciddi yanaşılması heyrətə salıb: «İnsanlar həvəslidir, məntəqələrdə çoxsaylı seçici müşahidə olunur. Çox aktiv və davamlı səsvermə prosesi gedir. Bir məntəqədə açılış mərasimində iştirak etdim. Himn oxundu, çox bəyəndim. Açılışdan əvvəl himnin oxunması bu prosesə necə ciddi yanaşıldığını göstərir. Əvvəllər başqa ölkələrin də seçki proseslərində iştirak etmişəm. Onu deyə bilərəm ki, burada keçirilən seçkilər bütün normalara uyğun şəkildə aparılır».

Türkiyəli millət vəkilləri:
“Seçkilər bütün beynəlxalq
standartlara cavab verir”


Türkiyəli millət vəkilləri də apardıqları müşahidələr əsasında müsbət rəylərini açıqlayıblar. Gözde Dizdar qeyd edib ki, seçki prosesinə nəzər yetirdikdə hiss olunur ki, Azərbaycan bu işə çox ciddi hazırlaşıb: «Hər şey yüksək səviyyədə təşkil olunub. Bununla yanaşı, seçki prosesini izləyən müşahidəçilər arasında müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələrin olması ölkənizin etibarını daha da artırmış olur. Prezident seçkiləri Azərbaycan xalqının taleyində çox əhəmiyyətli rola malikdir. Çünki kimin prezident seçilməsi bundan sonra dövlətinizin inkişafını və 5 illik gələcəyini təyin edəcək. Ona görə də mən belə düşünürəm ki, Azərbaycan xalqı seçki məsuliyyətini dərk edir. Onlara heç bir müdaxilə edilmədiyini də nəzərə alsaq, demokratik seçim etməkdə kifayət qədər sərbəst olduqlarını deyə bilərik. Buna görə də indidən seçkilərdə qalib gələcək prezidentə uğurlar arzulayırıq. Seçkilərin özü bütün beynəlxalq standartlara cavab verir". Əli Özgündüz və Malik Əjdər Özdəmirin də rəyi müsbətdir: “Seçicilər üçün hər cür şərait yaradılıb. Məntəqədə seçicilər üçün yaradılan imkan təqdirəlayiqdir. Hər kəs gəlib öz səsini sakit və rahat şəkildə verir». Türkiyə parlamentinin deputatı Ensar Oyut da seçkilərin demokratik, şəffaf keçirildiyini deyib və məntəqələrə kameraların quraşdırılmasını yüksək qiymətləndirib: «Seçicilərə heç bir təzyiq göstərilmir. İnsanlar tam sərbəst şəkildə səs veriblər. Onların baş barmaqlarına boya da vurulur». Türkiyənin Mərmərə qrupunun Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver qeyd edib ki, prezident seçkilərini yalnız Azərbaycanın seçimi olaraq qiymətləndirmirik: “Bu, eyni zamanda Türkiyənin, Qafqazın və ümumilikdə türk dünyasının seçimidir. Burada olacaq seçim bütün türk dünyasına yayılacaq. Bu vaxta kimi apardığımız müşahidələr hər şeyin yüksək səviyyədə keçirilməsini sübut edir”. Beynəlxalq müşahidəçilərlə yanaşı, yerli müşahidəçilər də prosesin şəffaf şəkildə təşkil edilməsini ifadə edirlər. Bunu müxalifət partiyasından olan müşahidəçilər də təsdiqləyirlər. Məsələn, 20 saylı Nərimanov rayon 2-ci seçki dairəsinin 16 saylı seçki məntəqəsində müşahidə aparan Müsavat Partiyasının nümayəndəsi Əjdər Behbudov apardığı müşahidələri belə qiymətləndirib: “Səhər saat 7-dən etibarən məntəqədəyəm. Hər şey normaldır. İndiyədək heç bir qanun pozuntusuna rast gəlməmişəm”.

Lenço Rendon:
“Dünya seçkilərin
demokratik şəkildə
keçirildiyini görməlidir”


ABŞ-ın "LR Global" Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Lenço Rendon seçkilərin demokratik şəkildə keçirildiyini qeyd edib: “Düşünürəm ki, dünya bunu görməlidir. Mən çox şadam ki, Azərbaycana gəlib seçkiləri müşahidə etmək imkanı əldə etmişəm və bu demokratik prosesləri öz gözlərimlə görürəm”. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin seçkiləri müşahidə missiyasının Belçikadan olan üzvü Racimira Vilyamas Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində səsvermənin gedişini izləyib: “Burada heç bir qanun pozuntusu ilə rastlaşmadım, səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılıb. Hətta məni təəccübləndirdi ki, Azərbaycanda məhkumlar da səsvermə hüququndan istifadə edə bilir. Bu, demokratiyanın ən yüksək göstəricisidir”. Moldova Mərkəzi Seçki Komissiyasının sədri Yuri Çokan prezident seçkiləri üçün hər şeyin yüksək səviyyədə hazırlandığını qeyd edib: “Seçkilər ştat rejimində keçir, səhər saatlarında məntəqələrin açılması ilə əlaqədar bütün prosedurlarda iştirak etmişik, yəni bura seçki qutularının möhürlənməsi, seçki bülletenlərinin sayılması, müşahidəçilərin qeydiyyata alınması daxildir. Bütün seçki məntəqələrində logistika yaxşı səviyyədədir. Bakıda bir çox seçki məntəqələrində və şəhərdən kənarda veb-kameralar quraşdırılıb. Biz səhər saatlarından insanların seçki məntəqələrinə gəlməsinin şahidi olmuşuq. Hətta məntəqələrin birində növbə yaranıb”. ABŞ-ın Dallas şəhərində yerləşən Siyasi Monitorinq üzrə Müstəqil Amerika Mərkəzinin direktoru Lidiya Louson 10 seçki məntəqəsində olduğunu və hər məntəqədə yüksək seçici fəallığı müşahidə etdiyini deyib: “Hər şey qanunlara uyğun keçdi. Biz seçki komissiyalarının üzvləri və müşahidəçilərlə danışdıq və onlar pozuntu qeydə almadıqlarını dedilər. Müşahidələrimizi məntəqələri bağlanana qədər davam etdirəcəyik”. Amerikalı müşahidəçi Barbara Miller müşahidə apardıqları zaman hər hansı qanun pozuntusuna rast gəlmədiklərini deyib. Almaniya Bundestaqının keçmiş üzvü Uolter Kolbou seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə etdiklərini bəyan edib. O əlavə edib ki, "adamlar səs vermək istəyirdilər və belə imkana malik olduqlarına görə şad idilər". Onun sözlərinə görə, seçki məntəqələrində müxtəlif partiyaların nümayəndələrini görmələri müsbət təsir bağışlayan fakt idi. Bolqarıstan, İndoneziya və Şri-Lankadan olan beynəlxalq müşahidəçi qrupunun rəhbəri Viktor Papazov son parlament və ondan öncəki seçkiləri də müşahidə etdiyini deyib: “Məsələn, parlament seçkilərində bir gərginlik duyulurdu, bəlkə də bu, parlament seçkilərində çoxsaylı partiyaların iştirakı ilə bağlı idi. Ancaq 10 namizədin iştirak etdiyi bu seçkilərdə gərginlik müşahidə etmədim”. Belarus Mərkəzi Seçki Komissiyasının sədri xanım Lidiya Ermoşina müşahidəçilərin paytaxt Bakı ilə yanaşı, respublikanın regionlarında da səsvermə prosesini izlədiklərini deyib: “Mən müşahidə etdiyim məntəqələrdə səsvermənin seçici fəallığı ilə keçdiyini gördüm və heç bir qanun pozuntusuna rast gəlmədim”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info