Qəhrəmanlıq salnaməsi: Azərbaycan xalqının faşizm üzərində qələbəyə töhfəsi
Tarix: 07.05.2020 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Bu gün dünyanı qana boyayan faşizm üzərində qələbədən 75 il keçir. Bəşər tarixinin ən dəhşətli müharibəsi sanki şər qüvvələrlə xeyir qüvvələrin çarpışması, ölüm-dirim mübarizəsi idi.
Dünya ağalığı iddiasında olan faşist Almaniyası 1939-cu il sentyabrın 1-də Polşanı işğal etdi. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan ikinci dünya müharibəsi başladı.
İkinci dünya müharibəsi çox böyük miqyas alaraq demək olar ki, bütün dövlətləri əhatə etmişdi. Altı il davam edən müharibə nəticəsində on milyonlarla insan dünyasını dəyişdi, minlərlə şəhər, kənd xarabalığa çevrildi.
Qısa müddətdə Avropanın işğalını yekunlaşdıran Hitler Almaniyası 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi. Bununla da həmin dövrdə SSRİ-nin tərkibində olan Azərbaycan da dünya müharibəsinə qoşulmuş oldu.
Alman komandanlığının planında Bakının neftinə xüsusi yeri vardı. Çünki Bakı və Cənubi Qafqaz Sovet İttifaqı iqtisadiyyatının əsas neft mənbəyi idi. SSRİ neftinin 80 faizi Azərbaycanda çıxarılırdı. Buna görə də almanların Qafqaz uğrundakı döyüşlərdə əsas hədəfi Bakını işğal etmək, bununla da onun neft-qaz sənayesini nəzarətə götürmək idi. Lakin almanların bu arzusu reallaşmadı. Bütün imkanlarını səfərbər edən sovet ittifaqı böyük itkilər hesabına da olsa faşist Almaniyası üzərində qələbə qazandı.
Sözsüz ki, faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının rolu danılmazdır. Qələbəyə mühüm töhfələr verən Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Onlar öz şücaətləri ilə xalqımızın necə igid oğullarının olduğunu sübut edərək adlarını tariximizə qızıl hərflərlə yazıblar.
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır.
Cəsur xalqımız arxa cəbhədə də misilsiz fədakarlıq göstərib. Böyük Vətən müharibəsi başlayandan sonra bütün respublika “Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!” şüarı ilə çalışıb. O dövr üçün Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib, ordunun ehtiyaclarını ödəmək üçün soydaşlarımız gecə-gündüz bilmədən fədakarlıqla çalışıblar.
Müharibə dövründə Azərbaycanda 130 növdən çox silah və döyüş sursatı istehsal edilmişdi. Məsələn, Bakıda əfsanəvi “Katyuşa”lar üçün mərmi, Yak-3 və UTI-4 döyüş təyyarələri düzəldilirdi. Sakinlərin şəxsi ehtiyatlarından 15 kq qızıl, 952 kq gümüş, 320 mln. rubl müdafiə fonduna verilmişdi.
Neftçilərimizin fədakarlığı isə xüsusi qeyd olunmalıdır. Onlar gecə-gündüz işləyərək cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Bütövlükdə soydaşlarımız müharibə illərində cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Təkcə onu demək kifayətdir ki, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.
Qələbə bayrağının qaldırılmasında Akademik Yusif Məmmədəliyevin də rolu çox böyük olub. Onun rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb.
Əminliklə demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas faktorlardan biri olub. Bunu yüksək vəzifəli dövlət məmurları, tanınmış hərbi xadimlər də qeyd ediblər. Rusiyanın Azərbaycandakı sabiq səfiri Vasili İstratov yazırdı: “Azərbaycanın təbii ehtiyatları olmadan Böyük Vətən müharibəsində qələbə qazanmaq mümkün olmazdı”.
Azərbaycanda bu gün də həmin dəhşətli və qanlı müharibədə iştirak etmiş igid oğul və qızlarımızın əziz xatirəsi qorunub saxlanılır. Ölkənin dörd bir yanında faşizm üzərində qələbə, sülh və azadlıq üçün həyatlarını qurban verən əsgərlərin xatirəsinə abidələr ucaldılıb. Hər il qeyri-iş günü olan 9 May tarixində dövlət səviyyəsində müxtəlif bayram tədbirləri keçirilir, qələbə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin önünə gül çələngləri qoyulur.
Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Onların mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriyalara göndərilməsi, müalicə olunması daim diqqət mərkəzində olub. Bütün bunlar ölkə başçısının veteranlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş babalarımızın tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək. Bu qəhrəmanlıq gənc nəslə əsl vətənpərvərlik nümunəsidir. Şeyx Məhəmməd Xiyabaninin sözləri ilə desək: “Amal uğrunda ölmək-əbədi yaşamaqdır..!”. Vətənimizin müdafiəsi uğrunda canlarından keçən, öz şücaətləri ilə qəhrəmanlıq salnamələri yazan igid baba və nənələrimiz də bizim qəlbimizdə əbədi yaşayacaqlar.
Aydın Tağıyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Dünya orduları ilə müqayisə ediləcək qədər yüksəlmiş və adı böyük hərflə yazılmağa layiq olan AZƏRBAYCAN ORDUSU
02.06.2020
Hazırda dövlət büdcəsinin icrası ilə bağlı hər hansı bir problem yoxdur
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info