Teatrın inkişafı, yeniləşməsi işi gənc nəslin boynuna düşür”
Tarix: 11.10.2013 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“Etiraf edim ki, dərs dediyim on iki ildə hələ teatr üçün
dramaturq yetişdirə bilməmişəm, amma ssenaristlərim çoxdur”


Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, yazıçı-dramaturq Əli Əmirlidir:

- Bu günlərdə Akademik Milli Dram Teatrında sizin “Şah Qacar” adlı tarixi faciə əsəriniz tamaşaya qoyuldu və ilk tamaşa böyük əks-səda doğurdu. Sizcə tamaşaçıların coşqun reaksiyasına səbəb nə oldu?
- Səbəb bir deyil, çoxdur, amma mən onlardan bir neçəsinin üstündə dayanmaq istərdim. İlkin olaraq onu deyim ki, Ağa Məhəmməd şah Qacar dramatik, hətta faciəvi taleyi olan bir hökmdar kimi qalıb tarixdə. Belə insanların şəxsiyyəti dramaturgiyaya yatımlıdır, əlavə nəsə uydurmağa ehtiyac qalmır. Onu da deyim ki, Qacar zəmanəsinin yaxşı təhsil görmüş, ağıllı, tədbirli, qədərində ədalətli və lazım gələndə qəddar olmağı bacaran hakimdi. Qacar həm də fatehlərə məxsus keyfiyyətləri ilə də seçilirdi. Təəssüf ki, xalqımız bu qüdrətli insanı tarix kitablarından, heç olmasa Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” dramından deyil, Səməd Vurğunun məşhur “Vaqif” pyesindən tanıyır. Bu pyesdə isə, bildiyiniz kimi, Qacar maniakal qəddar, qaniçən, “Bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin!” deyən xəstə təfəkkürlü birisidir. Bizim tamaşadakı Qacar isə tarixi həqiqətə daha yaxındır. Görkəmli rejissorumuz Azər Paşa Nemətin dahiyanə səhnə yozumunda və Fuad Poladovun parlaq ifasında Qacar qətiyyətli, müdrik, dindar olmaqla yanaşı gözlənilməz əməlləri ilə ətrafındakıları, hətta tamaşaçıları belə sarsıdan, eyni zamanda rəğbət oyadan bir hakimdir, hökmdardır. Biz çalışdıq ki, Qacarı tarixdən alıb bədii obraza çevirək. Tamaşaçıların və mətbuatın birmənalı müsbət reaksiyası göstərdi ki, biz buna nail olmuşuq.
-Müasir dövrümüzün tələbləri baxımından yanaşanda çağdaş dramaturgiyamızı necə qiymətləndirərdiniz?
- Dramaturgiya bədii yaradıcılığın ən çətin növü hesab olunur, hətta zəif pyes də asan yazılmır. Sualınıza gəldikdə isə deməliyəm ki, ədəbiyyatımız, musiqimiz, təsviri sənətimiz, kinomuz hansı səviyyədədirsə, dramaturgiyamız da o səviyyədədir, hətta deyərdim ki, onlardan bir baş yuxarıdır. Bu gün Xalq yazıçısı Elçinin pyesləri Londonda, Moskvada, Tiflisdə, Türkiyənin bir çox mərkəzi teatrlarında tamaşaya qoyulur, Akademik Milli Dram Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının milli dramaturqlarımızın əsərləri əsasında hazırladıqları tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülür. Mənim pyeslərim bütün Orta Asiya respublikalarının, Rusia və Ukraynanın həm rus teatrlarında, həm də milli teatrlarında tamaşaya qoyulur. “Varlı qadın” adlı komediyam əsasında Kumık teatrının hazırladığı tamaşa keçən il Ufa şəhərində keçirilən ənənəvi V Beynəlxalq “Tuqanlıq” teatr festivalında iki yüksək mükafata layiq görüldü. Həmin əsərin Tacikistan teatrında hazırlanmış tamaşası isə 2009-cu ildə Alma-Atada keçirilən II Beynəlxalq teatr festivalında iki nominasiya üzrə qızıl medalla mükafatlandırılıb. “Köhnə ev”, “Onun iki qabırğası” Tiflisdə tamaşaya qoyulub. Qırğızıstanın Bişkek şəhər teatrı 2010-cu ildə maliyyə çətinliklərinə görə bircə əsəri tamaşaya qoymağa risq eləyib. Bu yenə də mənim “Varlı qadın”ım olub, özü də iki dildə - rus və qırğız dilində. Teatr direktorunun dediyinə görə, bu onların ən çox gəlir gətirən tamaşası olub. Azdramanın, Dövlət Gənc Tamaşaçılar Tearının repertuarına diqqət etsəniz, son bir-iki ildə yeni adlara, imzalara rast gələrsiniz, amma bu başqa məsələdir ki, yaxşı pyeslər, eləcə də yaxşı tamaşalar az-az yaranır, bu da janrın spesifikası ilə bağlıdır. Bununla belə yaranan hər pyes, oynanan hər tamaşa keyfiyyətindən asılı olmayaraq müəyyən teatr mühiti yaradır. Bu mühit gələcək uğurlar üçün zəmindir.
-Siz bilən niyə bu qədər gənc şairin, nasirin olduğu bir ölkədə gənc dramaturqlar yox dərəcəsindədir?
- Bir az əvvəl dedim ki, dramaturgiya çətin janrdır.
-Teatrlarımız Avropa teatrlarından nə öyrənməlidir?
- Başqa sahələrdən danışmaq istəməzdim, teatra gəldikdə isə, hesab edirəm ki, bütün sənət sahələrində olduğu kimi teatr da məhəllilikdən azad olmalıdır. Bunun ən asan yolu, əlbəttə ki, kiməsə bənzəməkdi, məsələn Avropa teatrlarına, Avropa dramaturgiyasına, amma bənzəmək yamsılama olmamalıdır, mahiyyətcə dəyişmək gərəkdir. Təbii ki, sənət mübadilələri, qastrollar, get-gəllər olmalıdır, amma bugünkü Avropa teatrı ilə Azərbaycan teatrı arasında elə bir məsafə var ki, onu bizim qət eləməyimiz müşkül məsələdir. Hətta sual vermək olar, bu bizim tamaşaçıya lazımdırmı? Axı Azərbaycan teatrı var olduğu bu 140 ildə bir özünəməxsusluq keyfiyyəti qazanıb, onun müəyyən ənənələri formalaşıb. Bununla belə teatrın inkişafı, yeniləşməsi, yeni forma və məzmun qazanmasına ehtiyac var. Bu da gənc nəslin boynuna düşür. Əgər xalqımıza teatr lazımdırsa yaşayacaq və təbiidir ki, inkişaf edəcək.
- Yeri gəlmişkən, siz həm də Mədəniyyət və İncəsənət Universitetinin müəllimisiniz, dramaturgiyadan dərs deyirsiniz, teatrı inkişaf etdirəcək gənclər yetişirmi? Tələbələriniz arasında sizin işinizi davam etdirənlər varmı?
- Bir daha təkrar etməli oluram, dramaturgiya ədəbi yaradıcılığın ən çətin növüdür, bu xüsusi düşüncə tərzi, şüur ukladı tələb edir, odur ki, universitet bitirməklə dramaturq olmaq həmişə mümkün olmur. Etiraf edim ki, dərs dediyim on iki ildə hələ teatr üçün dramaturq yetişdirə bilməmişəm, amma ssenaristlərim çoxdur. Kino, teleserial ssenariləri yazan istedadlı tələbələrim var. Yüksək reytinqli serialların çoxunun müəllifləri mənim tələbələrimdir. Azərbaycan televiziyasının müxtəlif səpkili layihələrində fəal işləyən tələbələrim də çoxdur.
-Hələlik “Şah Qacar” sizin səhnədə gördüyümüz axırıncı işinizdir. Bəs sonra? Hansı yeniliklər olacaq? Yeni nə yazırsınız?
- Mən axır vaxtlar ancaq yay aylarında yazıram, onda nisbətən asudəlik yaranır, yazmağa heç nə mane olmur. Bu yay da məhsuldar oldu mənim üçün. İki pyes yazdım: biri Bəhram Osmanovun istəyi və ideyası əsasında “Kastinq və ya premyera” adlı komik müzikl oldu, ikinci pyes isə Qarabağ hadisələri ilə bağlı “Ünvansız qatar” dramı oldu. Bu mövzu məni çoxdan düşündürür, həm də qorxudurdu. Yazmağa cəsarət etmirdim. Görünür, bir təkan lazımdı, bu təkan istedadlı jurnalist, qaçqınlıq həyatı yaşamış Ramilə Qurbanlının “Müharibə miniatürləri” silsilə yazıları oldu.
Hazırda Dövlət Gənc Tamaşaçılar Teatrında mənim “Hasarın o üzü” adlı pyesimin məşqlərinə başlanıb. Tamaşaçılar bu teatrın səhnəsində ilk dəfə Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Nurəddin Mehdixanlını görəcəklər. Bu tamaşa ilə bağlı daha bir sürpriz görkəmli kinoaktrisamız, xalq artisti Həmidə Ömərovanın ilk dəfə böyük səhnəyə çıxması olacaq. Düşünürəm ki, iki böyük sənətkarın səhnədə ilk tandemi çox uğurlu alınacaq. Tamaşanın quruluşçu rejissoru Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Bir ailə daxilində dinə fərqli münasibət və bunun əsasında yaşanan kəskin konfliktli, iti süjetli bir tamaşa veriləcək teatrsevərlərin müzakirəsinə. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa-layihənin rəhbəri Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, teatr işinin bacarıqlı təşkilatçısı və bilicisi Mübariz Həmidovdur. Sentyabrın sonunda Mingəçevir Dövlət Dram Teatrında yenə də Bəhram Osmanovun quruluşunda “M.S.S. - mən səni sevirəm” adlı əsərimin premyerası oldu. Şuşa Dövlət Musiqili Dram Teatrında isə Sumqayıt teatrının baş rejissoru Əməkdar artist Firudin Məhərrəmlinin quruluşunda məşhur “Varlı qadın”ın premyerası baş tutacaq.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info