“Moskva Azərbaycanla münasibətlərinin ziyan görməsini istəmir”
Tarix: 12.10.2013 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Gevorq Darbinyan: “Strateji müttəfiq olan Ermənistana yox, Azərbaycana üstünlük verən Rusiyanın Dağlıq Qarabağı “Avrasiya regionu” statusunda tanıyacağını düşünmək axmaqlıq olardı”

Ermənistanın “Yerkir” nəşrində Gömrük İttifaqı, postsovet məkanında yeni inteqrasiya prosesi ilə bağlı maraqlı məqalə dərc edilib. Həmin məqalədə tanınmamış Dnestryanı regionunun “Xarici İşlər Nazirliyi”nə istinadən qeyd edilir ki, bu yaxınlarda “Avrasiya inteqrasiya kontekstində sərhədyanı əməkdaşlıq” mövzusunda elmi-praktiki konfrans
keçirilib.

“Yerkir” yazır ki, elmi konfransda iştirak edən ekspertlər “Avrasiya regionu” ifadəsinə diqqət ayırmağı təklif ediblər. Diskussiya iştirakçıları hesab edirlər ki, yeni termin kimi işlədilməsi təklif edilən «Avrasiya regionu» ifadəsi avtomatik olaraq sərhədyanı əraziləri əhatə etmir. Əksinə, siyasi gündəmə gəlməsi təklif edilən “Avrasiya regionu” ifadəsi ayrı-ayrı bölgələri, subyektləri adlandırmaq üçün istifadə edilməlidir. Konfransda həmin bölgələrə misal kimi MDB ərazisində Abxaziya, Cənubi Osetiya və Dnestryanı göstərilib. Həmin mənbənin yaydığı məlumatda vurğulanıb ki, elmi konfransda Rusiya Prezidenti Administrasiyasının, hökumətinin, Dövlət Dumasının, Xarici İşlər Nazirliyinin nümayəndələri, ekspertlər iştirak ediblər. Bu isə o deməkdir ki, gündəmə gətirilən yeni terminologiyanın ideya müəllifi Rusiya dövlətidir və konfransın keçirilməsinin əsas məqsədi də bu ideyanın yaxın gələcəkdə inkişaf etdirilməsidir. Moskva bu siyasəti çox ehtiyatlı şəkildə həyata keçirərək hələlik ekspertlər səviyyəsində elmi müzakirə təşkil edir. Bəzi ekspertlər hesab edir ki, Kremlin bu siyasətinin arxasında dayanan əsas məqsəd adı çəkilən tanınmamış bölgələri yeni ad altında gələcəkdə Gömrük İttifaqına daxil etməkdir. Rusiyanın müəllifliyi ilə həyata keçirilən bu siyasət Ermənistanda heç də xoşluqla qarşılanmayıb. Elə “Yerkir” nəşrində dərc edilən məqalədə də bu, aydın görünür. Müəllif Gevorq Darbinyan qeyd edir ki, həmin konfransın keçirilməsi ilk baxışda tanınmamış ərazilərin yeni status qazanması baxımından mühüm məsələdir. Çünki yeni statusun verilməsi beynəlxalq hüquq tərəfindən tanınmayan separatçı bölgələri hüquqi don geyinməsi yolunda irəli doğru atılmış addım ola bilər. Amma “Yerkir” yazır ki, yeni proses bir çox aspektinə görə, Ermənistan üçün başağrısı ola bilər. Darbinyan qeyd edir ki, tanınmamış Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgəsinin Gömrük İttifaqına, sonradan Avrasiya İttifaqına daxil edilməsi ancaq üzv dövlətlərin razılığı əsasında mümkündür. Doğrudur Rusiya həmin əraziləri bu və ya digər şəkildə inteqrasiya prosesinə cəlb edə bilər. Amma formal olsa belə, üzv dövlətlərin, o cümlədən sentyabrın 3-də Gömrük İttifaqına üzv olacağını bəyan edən Ermənistanın rəsmi şəkildə razılığını bildirməsi lazımdır: “Belə çıxır ki, Dnestryanı, Abxaziya və Cənubi Osetiyanın “Avrasiya subyekti” adı altında Gömrük İttifaqına daxil olmasına razılıq verməklə Ermənistan Moldova və Gürcüstanla münasibətlərinin üstündən xətt çəkməlidir. Bu isə Ermənistanı həddindən artıq ağır vəziyyətə sala bilər. Gürcüstan və Moldova Avropa İttifaqı ilə sıx əlaqələr quraraq assosiativ sənəd imzalamağa hazırlaşırlar. Bu üzdən həmin dövlətlərin Rusiya ilə münasibətlərində xeyli problem var. Əgər Moskva həmin dövlətləri Avropa İttifaqı ilə əməkdaşlıqdan çəkindirmək və sadəcə şantaj üçün bu yola baş vurubsa, deməli Ermənistan üçün də süni problem yaradılır. Rusiyanın bu siyasətinə görə İrəvanın Tbilisi və Kişinyovla münasibətlərində ciddi problem yaranacaq. Belə olan halda Sərkisyan məcburdur ki, ölkəni pis vəziyyətdə qoyaraq Gürcüstan və Moldova ilə münasibətləri pozsun”. Amma “Yerkir”in yazdığından belə məlum olur ki, erməniləri narazı edən təkcə bu məqam deyil. Məsələ ondadır ki, Rusiya rəsmilərinin kuratorluğu ilə keçirilən tədbirdə «Avrasiya regionu» adı altında Abxaziya, Cənubi Osetiya və Dnestryanının adı çəkilsə də, Dağlıq Qarabağın adı xatırlanmır: “Rusların fikrincə, Abxaziya, Cənubi Osetiya və Dnestryanı «Avrasiya regionu» adlandırıla bilər, amma Dağlıq Qarabağ yox. Digər tərəfdən Azərbaycan Gürcüstan və Moldova kimi Rusiyanın yeni inteqrasiya prosesində iştirakdan imtina etdiyi halda, Ermənistan hələlik virtual mövcud olan birliyə üzv olacağını elan edib. Moskva yaxşı bilir ki, Ermənistanın ondan ən çox gözlədiyi məsələ Dağlıq Qarabağla bağlıdır. Bu məsələ ilə bağlı hətta ən kiçik işarə belə, Ermənistanda inteqrasiya prosesinə ciddi simpatiya yarada bilər. Amma Rusiya hesab edir ki, Ermənistan onsuz da «cibdədir». Belə olan halda Dağlıq Qarabağ məsələsini ortaya atmağa ehtiyac yoxdur. Rusiya Minsk qrupunun həmsədri olduğu üçün Dağlıq Qarabağı bu prosesə qoşa bilməz. Çünki belə olan halda Rusiya beynəlxalq ictimaiyyətə cavab verməyə məcburdur. Digər tərəfdən Dağlıq Qarabağın prosesə qoşulması Rusiyanın Azərbaycanla münasibətlərini korlaya bilər. Moskva Azərbaycanla sərfəli iqtisadi-hərbi müqavilələr imzaladığından Azərbaycanla münasibətlərinin ziyan görməsini istəmir. Strateji müttəfiq olan Ermənistana yox, Azərbaycana üstünlük verən Rusiyanın Dağlıq Qarabağı “Avrasiya regionu” statusunda tanıyacağını düşünmək axmaqlıq olardı”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info