Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
Tarix: 18.05.2020 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Dünya azərbaycanlılarının "Könüllülər ili"nə töhfəsi olaraq Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən "Erməni yalanları dünya mediasında" layihəsi davam edir. Layihə çərçivəsində Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq aləmdə yayılması ilə bağlı çağırışına əsasən DFJD-nın sədri Fuad Hüseynzadənin "Marağa-150 abidəsi" adlı məqaləsi xaricdəki soydaşlarımızla birgə dünya mediasının gündəminə çıxarılır. Növbəti olaraq pakistanlı jurnalist Zaman Bajwa və Norveçdəki CAN Təşkilatının sədri Şervin Nəcəfpurun dəstəyi ilə Fuad Hüseynzadənin "Marağa-150" abidəsi" adlı məqaləsi Pakistanın "Thefortress.com.pk" və "Globalurdunews.com" saytlarında yayımlanıb.
Məqalədə ermənilərin Qarabağa gəlmələri münasibətilə ucaltdıqları “Marağa – 150” tarixi abidəsindən bəhs olunub: "XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisi köçürülüb. Tarixçi-alim Türkan Qasımova bildirib ki, 1828-ci il fevralın 10-da Rusiya və İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Türkmənçay müqaviləsinin 15-ci maddəsində belə bir qeyd vardır ki, İranda yaşayan ermənilər bu müqavilədən keçən bir il ərzində Arazdan şimala köçərək istədikləri yerdə məskunlaşa bilərlər. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürülüb. Türkiyədən ermənilərin Zaqafqaziyaya köçürülməsi Rus-Türk müharibəsi qurtardıqdan sonra Ədirnə sülh müqaviləsinə əsasən baş verib".
Məqalədə ermənilərin miqrasiyasının bir çox yazılı mənbələrdə qeyd olunduğu önə çəkilib: "Bu, həmçinin ermənilərin özləri tərəfindən də dəfələrlə etiraf edilib. Belə ki, ermənilər Qarabağa gəlmələri münasibətilə “Marağa – 150” abidəsini ucaldıblar. Azərbaycanın Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa – 150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından ilk 200 ailənin Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. Adi çay daşlarından inşa olunan abidənin üzərində erməni dilində "Marağa 150" yazısı öz əksini tapıb. Bu abidə 1991-ci ildə ermənilərin özləri tərəfindən dağıdılıb. "Marağa 150" abidəsi erməni miqrantlarının Qarabağa gəlməsinin başlanğıcını göstərirdi.
Ermənilər 1978-ci ildə “Marağa – 150” abidəsinin açılışı münasibətilə təntənəli bayram mərasimi keçiriblər. Şərqşünas və tarixçi, akademik Ziya Bünyadov “Miflər və mifuyduranlar” məqaləsində qeyd edir ki, “Marağa-150” abidəsinin açılışını 1978-ci ilin sonu, 1979-cu ilin əvvəllərində Qarabağın bütün dövri mətbuatı da öz səhifələrində əks etdirmişdi".
Yazıda 1978-ci ildə “Marağa – 150” abidəsinin açılışını şahidi olan Tərtər rayon sakini İlqar Qasımovun fikirləri də verilib: "Bu barədə danışan İ.Qasımov deyib: “O zaman 16 yaşım vardı. Atamla Umudlu kəndinə gedərkən ermənilərin abidənin açılışını etdiklərini gördük. Sözügedən abidə adi qırma çay daşlarından, təxminən 30 kvadratmetr sahəni əhatə edən ərazidə rəngli mozaikadan, “Qızlar bulaq başında” kompozisiyasından ibarət idi. Kompozisiyada eni 1,5 metr, hündürlüyü 3 metrədək olan əsas abidə, sağ və sol tərəflərdə mərmər sütun bulaqlar vardı. Mərmər sütunlarının birinin üzərində yuxarıdan aşağıya doğru 1828, digərinin üzərində isə 1978 rəqəmləri yazılmışdı”. Tərtər rayon sakini bildirib ki, ermənilər Qarabağa gəlmələri münasibətilə analoji abidələr Xankəndi şəhərində və Tərtər rayonunun Çaylı kəndlərində də inşa ediblər.
2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində "Marağa–150” abidəsinə baxıb və həmin abidənin şəkillərini çəkib".
Məqalədə qeyd olunur ki, ermənilərin “Marağa - 150” abidəsinin qalıqları hazırda Tərtər şəhərinin bir neçə kilometrliyində yerləşən Şıxarx qəsəbəsindədir: "Bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onun ətrafında təmir-abadlıq işləri aparılıb, yerə tamet döşənib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Həmçinin, “Marağa - 150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar Dövlət Komitəsi tərəfindən arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub".
Xatırladaq ki, bu layihə çərçivəsində bundan əvvəl Fuad Hüseynzadənin "Marağa-150" abidəsi, eləcə də Azərbaycanın tolerantlıq və sülh siyasəti ilə bağlı Norveçin "Utrop", Albaniyanın "Nacional", ABŞ-ın "Bukharian times" qəzetlərində müsahibələri yayımlanıb.

Niderland diasporu Laçının işğalına həsr olunmuş videokonfrans keçirib

Yeri gəlmişkən, Niderland Krallığında fəaliyyət göstərən diaspor təşkilatları - Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Benelüks Azərbaycanlıları Konqresi və Hollanda Türk Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutan “Laçının işğalı: Böyük itkinin qiyməti və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspora fəaliyyətinin rolu” mövzusunda keçirilən videokonfransı Laçın şəhərinin erməni işğalçıları tərəfindən ələ keçirilməsinin 28-ci ilinə həsr edilmişdi. Bu haqda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Mayisə Ağamirzəyeva “Palitra”ya məlumat verib.
Videokonfrans şəhidlərimizin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükutla açıldı.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Mayisə Ağamirzəyeva konfrans iştirakçılarına Laçının işğalından, eləcə də Qarabağ müharibəsinin vurduğu maddi-mənəvi zərbələrdən, xalqımızın keçən bu illər ərzində uğradığı amansız erməni vəhşiliyindən və erməni faşizmi ilə aparılan mübarizədən, bu mübarizədə xaricdə yaşayan soydaşlarımızın rolundan danışdı.
Sonra AR Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa, Amerika və İsrail şöbəsinin rəhbəri Səlhət Abbasova videokonfransa qatılanları salamlayaraq Laçının işğal olunmasının tariximizin dəhşətli və qanlı bir səhifəsi olduğunu bildirdi. Xaricdə yaşayan soydaşlarımızın da tariximizin bu kimi acı günlərini qeyd etməsi, xatırlamasının düzgün addım olduğunu qeyd edərək, gələcəkdə Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar ən düzgün informasiyaların lazımi dünya təşkilatlarının diqqətinə çatdırılmasında diasporun vacib rolundan, Diaspora Komitəsinin bu istiqamətdə hər zaman onların arxasında olduğundan danışdı.
AR Əsir və İtkin Düşmüş, Girov Götürülmüş İnsanlarla İş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Eldar Səmədov da Laçının əslində Dağlıq Qarabağ Vilayətinin tərkib hissəsinin olmadığını, Şuşanın işğalından sonra Ermənistan hərbi qüvvələrinin fürsətdən istifadə edilərək “de-fakto” olaraq Ermənistana birləşdirildiyini, Laçın dəhlizinin düşmən üçün böyük strateji əhəmiyyətə malik olduğunu qeyd etdi.
“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin müdafiə təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov da mövzu ilə bağlı geniş çıxış edərək əsas diqqəti Laçının tarixi və mədəni abidələrinə yönəltdi: “Təəssüf ki, Laçının işğal olunması ən tarixi-mədəni və milli irsimizin ermənilər tərəfindən məhv edilməsi ilə başa çatdı. Laçında talan edilmiş 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəmizin vandalizmə uğraması bizi çox narahat edir və hazırda bu erməni vəhşiliyini dünyaya çatdırmaq üçün yaratdığımız təşkilatımız lazımlı işlər görür. Məhv edilmiş tarixi abidələrimizi tanıdan video-çarxlar, slaydlar hazırlanması, bu abidələrimizə vurulan zərərlərin hesablanması kimi fəaliyyətlərimizi işıqlandırmaq üçün Monument.az saytının üzərində işlər tamamlanmaq üzrədir və tezliklə istifadəyə veriləcək”.
Videokonfrans iştirakçısı Orxan Cəbrayılov da Taxtakörpü qəsəbəsində Təcili Yardım Stansiyasının baş həkimi olmasına baxmayaraq, bir laçınlı olaraq, Laçının işğalı dövrünün canlı şahidi kimi bu savaşın həqiqətlərinin, Laçının tarixinin, mübarizə yolunun gələcək nəsillərə düzgün çatdırılması üçün apardığı araşdırmalarının, laçınlıları bir araya toplamaq üçün yaratdığı sosial media qrupunu yaratmasının onun vətəndaşlıq borcu olduğunu qeyd etdi.
Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın çıxış edərək bu zülmə son qoyulmasının vaxtının çoxdan çatdığını bildirərək, bu savaşı qazanmaq, şərəfimizi təmizləmək, torpaqlarımızı mənfur erməni tapdağından qurtarmaq üçün hər vasitəyə əl atmağın, lazım gələrsə hərbə də qatılmağın vacib olduğunu vurğuladı.
Konfransda çıxış edən tələbə-gənclər də üzərlərinə düşən məsuliyyəti hiss etdiklərini və Qarabağ həqiqətlərinin olduğu kimi xaricilərə çatdırılması üçün əllərindən gələni etdiklərini qeyd etdilər. Digər iştirakçılar da video-konfransda səsləndirilən fikirlərə həmrəy olduqlarını bildirdilər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info