“Azərbaycan incəsənətinə yeni tarix yazmaq istəyirik”
Tarix: 14.10.2013 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Zülfiyyə İbrahimova: “Mən hər zaman tələbələrimə
deyirəm ki, əgər siz milli, klassik,estrada-simfonik,simfonik
əsərlərimizi dinləməsəniz, bu incəsənətimizə böyük
zərbə olar. Çünki, siz bizim xalqımızın gələcəyisiniz.
Sizin savadınız bizim gələcək mədəniyyətimizin açarıdır”


Müsahibimiz Azərbaycan Dövlət Televiziyası və Radiosunun Ə. Cavanşirov adına “Bənövşə” uşaq Xorunun bədii rəhbəri və baş dirijoru Zülfiyyə İbrahimovadır:

- Zülfiyyə xanım, siz Əfsər Cavanşirovdan sonra illərdir bu xora rəhbərlik edirsiniz. “Bənövşə” Uşaq Xorunun bugünkü fəaliyyəti və Əfsər Cavanşirovla olan xatirələriniz barədə nə deyə bilərsiniz?
- İlk öncə xatirələrimdən danışmaq istəyirəm. Mən 2000-ci ildə “Bənövşə” Uşaq Xorunda köməkçi xormeyster kimi işə başladım. Əfsər müəllim məni evinə dəvət edərək, ritmik xüsusiyyətimi yoxlayıb, mənim dirijorluq bacarığımı nəzərdən keçirdi və məni xorun məşqinə dəvət etdi. Məşqin sonunda isə mənə dedi ki, sənədlərimi hazırlayım. Əsas o idi ki, Əfsər müəllim dirijorluq istedadına baxmırdı. Əlbəttə, musiqiçi olmalısan, musiqini eşitməlisən. Amma “Bənövşə” Uşaq Xorunda daha çox uşaqları sevməlisən. Çünki, Əfsər müəllim özü də uşaqları çox sevirdi. O, hər hansı bir əsəri işləməzdən əvvəl uşaqlarla ünsiyyət qururdu, onlarla əsər haqqında danışırdı. Hər bir xırdalıqların üzərində işlədikdən sonra əsəri başa salırdı. Mən 2005-ci ilə qədər Əfsər müəllimin köməkçisi kimi çalışdım. Birlikdə çalışdığımız illər ərzində “Bənövşə” Uşaq Xorunda Əfsər müəllimdən çox şey öyrəndim. Teoriyanı bilsəm də, praktika mənə daha çox kömək etdi. Mənim fikrimcə, Əfsər müəllim Azərbaycanda uşaqlar üçün çoxsəsliliyi yaxşı duyan və səs diapazonlarına uyğun olaraq yazan bəstəkar idi. Əfsər müəllimin yazdığı əsərlər tam xor üçündür. Əfsər müəllim əsərləri elə bir vəziyyətdə yazırdı ki, onu çoxsəsli ifa edərkən, heç bir səs bir-birinə mane olmurdu və hər bir səsin öz melodik həddi var idi. Bəzi bəstəkarlar çox qəliz yazırlar və uşaqlar mahnını ifa edərkən çətinlik çəkirlər. Amma Əfsər müəllimin üçsəsli əsərində üç səsin hər birinin öz melodik həddi var idi. Uşaqlar da o mahnını ifa edəndə heç bir çətinlik çəkmirdilər. 2005-ci ildə Əfsər müəllim vəfat etdikdən sonra, 2006-cı ildən bədii rəhbər vəzifəsində çalışıram. Bu illər ərzində uşaqlara Azərbaycan musiqisini, xalq, Avropa, caz musiqisini dinləməyi tövsiyə edirəm. Çünki, hər bir musiqinin öz gözəlliyi var. Musiqiçi hərtərəfli inkişaf etməlidir. Məsələn, muğam ifaçısı təkcə muğamı bilməməlidir. Çalışıram ki, musiqinin bütün növlərini öyrənim. Çünki, öyrəndikcə görürsən ki, hələ də heç nə bilmirsən. Ona görə də uşaqlara oxumaqla bərabər mütaliə etmək lazımdır. Hər zaman çalışırıq ki, çoxsəsliliyə doğru gedək. İstərdim ki, “Bənövşə” Uşaq Xoru hər hansı bir ölkəyə qastrol səfərə gedib, Azərbaycanı tərənnüm etsin. Uşaqlar qastrol səfərlərdə Azərbaycanın hüdudlarında çıxış etsələr, çoxsəsliliyi səsləndirsələr, inanıram ki, ucqar rayonlarda da belə əsərləri dinləyərlər. Çünki bu gün zövqü inkişaf etdirən musiqilər arxa planda qalıb. İndi efirlərdə daha çox bayağı mahnılara üstünlük verilir. Klassik və bəstəkar əsərləri daha az səsləndirilir. Lakin son illərdə Azərbaycan Televiziyasının nəzdnində fəaliyyət göstərən musiqi kollektivləri yüksək səviyyə iş prosesidir. Estrada şöbəsində inkişaf gedir, klassik əsərlərə müraciət olunur. İndi Azərbaycan Dövlət Televiziyasında inkişaf var. Əlbəttə ki, bu yaxşı cəhətdir. Mən hər zaman tələbələrimə deyirəm ki, əgər siz milli, klassik, estrada-simfonik, simfonik əsərlərimizi dinləməsəniz, bu incəsənətimizə böyük zərbə olar. Çünki, sizlər bizim xalqımızın gələcəyisiniz. Sizin savadınız bizim gələcək mədəniyyətimizin açarıdır.
“Bənövşə” Uşaq Xoruna yeni bir status verilib: “Bənövşə” Uşaq Teatrı. Bizim direktorumuz Ramil Qasımov çox çalışır ki, həm teatr, həm də xor olaraq vokal inkişaf etdirilsin. Ramil Qasımov 3-4 yaşında olan uşaqları belə bizim kollektivə cəlb etməyə çalışır və qəbul edir. Çünki, Azərbaycan Televiziyası ilk kanaldır ki, bu günə qədər “Bənövşə” Uşaq Xorunu saxlayıb inkişaf etməsinə kömək edib.
Hal-hazırda bizim xora qəbul üçün müsabiqə elan olunub. Köməkçilərimiz məktəbləri gəzərək, istedadlı uşaqları axtarır, onları xora cəlb edirlər. Artıq internetdə də elanlarımız yerləşdirilib. Bizdə nəinki xor, hətta uşaq tamaşaları qoyulacaq. Muzikallar yazmaq gücündə olan bəstəkarları cəlb edirik. Burada xorla bərabər vokal şöbəsi, aktyorluq şöbəsi də olacaq. Çünki, bura rejissorlar dəvət olunub. Namiq Ağayev çox gözəl rejissordur. Böyük bir iş prosesi gözlənilir. Əlbəttə ki, bu şəraiti bizə Ramil Qasımov yaradır. Bu Azərbaycanda görülməyən bir proyekt olacaq. Bu barədə film çəkib, başqa dillərə tərcümə edib xarici ölkələrə satmaq istəyirlər. Qısaca, Azərbaycan incəsənətinə yeni tarix yazmaq istəyirik.
- Bir pedaqoq kimi sizcə, indiki uşaqların xora cəlb olunmaları asandır, yoxsa çətin?
- Çətin olduğunu deyə bilmərəm. Amma asan da deyil. İndiki dövrdə uşaqlar üçün məktəbdənxaric bir işlə məşğul olmaq onlara ağırlıq edir. Çünki məktəb proqramları çox çətinləşib. Bizim həftədə üç dəfə məşq prosesindən əlavə, efir və səsyazma vaxtlarımız var. Uşaq da dərslərini hazırlamalıdır. Bu da təbii ki, vaxt aparır və uşaqlarda çətinlik yaradır. Amma desəm ki, indi uşaqlar xora gəlmək istəmir, bu yalan olar. Başqa xor kollektivlərini deyə bilmərəm, amma, “Bənövşə” Uşaq Xoruna gələn uşaqlar buradan getmək istəmirlər. Çünki, bizdə uşaqlar özlərini çox rahat hiss edirlər. Bəzən oxuya bilməyən uşaqlar da gəlib, xoru dinləyirlər. Amma bir neçə ildən sonra o da oxumağa başlayır. Çünki, onda inkişaf gedib. Mən həmişə deyirəm ki, müğənninin birinci qulaqları, sonra ağzı işləməlidir. Artıq “Bənövşə” Uşaq Xorunda oxuyan uşaqların çoxu indi İncəsənət Universitetində, Asəf Zeynallı adına musiqi kollecində, konservatoriyada oxuyurlar, estrada və muğam müsabiqələrində iştirak edirlər.
“Bənövşə” Uşaq Xoruna gələn uşaqlar çoxdur. Sadəcə zaman azlığı və dərs proqramının ağırlığı onlarda çətinlik yaradır. Bəzən dərs yükünün ağırlığından məşqlərə gələ bilmirlər. Elə uşaqlar var ki, gəlmək istəyirlər, amma valideynlərin vaxtı olmadığı üçün gətirə bilmirlər. Elə valideynlər də var ki, tənbəllik edib gətirmirlər.
- “Bənövşə” kollektivinin bu günə qədər keçdiyi həyat yolu, Əfsər Cavanşirovun etdikləri və sizin edəcəyiniz işlər mədəniyyətimizə hansı töhfələr verəcək?
- Teymur Elçin, Əfsər müəllimi yanına çağıraraq, televiziyanın nəzdində uşaq xoru yaratmağı təklif etdi. Əfsər müəllim buna razılıq verdi və 1958-ci il sentyabr ayının 15-də Azərbaycan Dövlət Televiziyasının nəzdnində “Bənövşə” Uşaq Xoru yaradıldı. Xorun ilk bədii rəhbəri Əfsər Cavanşirov oldu.
“Bənövşə” Uşaq Xorunun fəaliyyəti göz qabağındadır. “Bənövşə” Uşaq Xorunun yaranmasının əsas səbəblərindən biri bu idi ki, bəstəkarlar böyük əsərlər yazmaqla bərabər, uşaqlar üçün də mahnı yazsınlar. Təbii ki, bu mahnıları ifa edə biləcək bir kollektiv lazım idi. Bununla da “Bənövşə” Uşaq Xoru yaradıldı. Artıq bir çox bəstəkarların yazdığı uşaq mahnıları bu kollektivin ifasında səslənirdi və bu günə qədər də səslənir. “Bənövşə” Uşaq Xorunda bir çox istedadlı insanlar, gözəl müğənnilər, müəllimlər, bəstəkarlar yetişdi. Bəlkə də gələcəyini musiqi ilə davam etməsələr də “Bənövşə” Uşaq Xoru mənəvi qida kimi onların həyatında böyük bir rol oynadı.
Əfsər müəllim çox böyük işlər görüb. Heç bir kollektiv bu qədər ömür sürməyib. Elə kollektivlər var ki, yaranır və bir müddət sonra dağılır. Bunun səbəbi maddi çətinlik və professional olmamalarından irəli gəlir. Amma “Bənövşə” Uşaq Xorunun bu günə qədər fəaliyyət göstərməyinin əsas səbəbi isə həm dövlətin dəstəyi, həm də Azərbaycan Dövlət Televiziyasının nəzdnində olmasıdır. Çünki, heç bir kanalda uzun müddət fəaliyyət göstərən uşaq kollektivi yoxdur. Bu fakdır. Bundan sonra bizim edəcəyimiz dəyişikliklər işimizin inkişafından irəli gəlir. Dövrlə ayaqlaşaraq dayanmadan hərəkət etmək lazımdır. Əsas dövrün ən yaxşı cəhətlərini görüb işləyirik. İndi bütün tamaşaçılar dəyişiklik görmək istəyir.
- Bu il Ə. Cavanşirov adına “Bənövşə” Uşaq Xorunun 55 illik yubileyidir. Bu yubiley barədə hansısa tədbirlər görülür?
- Bəli. Artıq 55 ildir ki, “Bənövşə” uşaq xoru fəaliyyət göstərir. Yubiley gecəsi hələ keçirilməyib. Qeyd etdiyim kimi uşaqların qəbul prosesi gedir. Yeni uşaqlara da yubiley gecəsini keçirmək olmaz. Çünki, bu canlı ifadır və xora ilk dəfə gələn uşağı xor kollektivinə alışdırmaq lazımdır. Buna da ən azı 5-6 ay zaman çərçivəsi lazımdır ki, çox səsliliyi eşidərək ifa etməyi bacarsınlar. Kollektivimizdə böyük dəyişikliklər gedir. Nəzərdə tutulan proektlər bütünlükdə həyata keçmiş olsa, yubileyə daha gözəl hazır olacayıq.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info