Azərbaycanın Gürcüstanda ən böyük investisiya yatıracağı obyekt
Tarix: 15.10.2013 | Saat: 01:36:00 | E-mail | Çapa göndər


Gürcüstanda azərbaycanlıların
yaşadığı Sadaxlı kəndinə qaz verilib


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdədir. R.Abdullayev soydaşlarımızın kompakt yaşadığı, Ermənistanla sərhəddə yerləşən və 13 min əhalisi olan Sadaxlı kəndində qaz çəkilişinin açılışını həyata keçirib. Tədbirdə Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, baş nazirin köməkçisi Savalan Mirzəyev, Gürcüstan parlamentinin deputatları, Marneuli rayon rəhbərliyi və digər rəsmi şəxslər iştirak edib.

Sadaxlı kəndinin mərkəzində Rövnəq Abdullayev və Kaxa Kaladze məşəli alovlandırıb. Sonra Sadaxlıya verilən ilk qaz kənd sakini Kamal Abdullayevin evində yandırılıb. Tədbirdə çıxış edən “SOCAR-Gas”ın Marneuli bölməsinin rəhbəri Ayat Qarabağlı Rövnəq Abdullayevə yalnız Sadaxlı kəndində 2 mindən çox, ümumilikdə isə Sadaxlı kənd inzibati ərazisinə daxil olan kəndlərdə 3400-dən çox abonentə qaz veriləcəyini, iki il ərzində hər abonentə 600 laridən çox kredit veriləcəyini bildirib. Tədbirdən sonra kənd sakinlərinin problemləri ilə maraqlanan R.Abdullayev Sadaxlının sosial şəraitinin daha da yaxşılaşacağını qeyd edib və sakinlərin kəndin daxili yollarına asfalt örtüyü çəkilişi xahişinin də həyata keçiriləcəyini vurğulayıb. ARDNŞ prezidenti Qurban bayramı münasibətilə kənd sakinlərini təbrik edib. Bu tədbirlərin Qurban bayramı ərəfəsində həyata keçirilməsini əlamətdar hadisə adlandıran R.Abdullayev sərhədyanı kəndlərdə yaşayan soydaşlarımızın rifah halını yaxşılaşdırmaq üçün böyük bir investisiya qoyulduğunu bildirib: “Bu gün biz Sadaxlı kəndinə qaz verdik. Düşünürəm ki, qazın verilməsi kənd sakinlərinə böyük bir töhfədir. Azərbaycan dövləti soydaşlarımızın rifahını yaxşılaşdırmaq üçün böyük proqramlar həyata keçirir. Mən prezidentimizin xeyir-duası ilə bura gəlmişəm və onun bayram təbrikini soydaşlarımıza çatdırdım”. R.Abdullayev 2014-cü ildə də Gürcüstan hökuməti ilə qazlaşdırma işinin davam edəcəyini bildirib: “Biz Gürcüstan hökuməti ilə danışıqlara əsasən, 180 min abonentə qaz verməyi planlaşdırmışıq və hökumətin xahişi ilə bunu 210 minə çatdıracağıq. Artıq ilin axırına kimi 210 min abonentə qazlaşdırma olacaq və bu sosial investisiyalar davam edəcək. Bildirim ki, biz Gürcüstanın ali məktəblərində təhsil alan 700-ə yaxın azərbaycanlı tələbənin təhsil haqqını və təqaüdlərini ödəyirik. Biz gürcü dilində təhsil alan soydaşlarımıza ona görə kömək edirik ki, onlar Gürcüstan hakimiyyətində azərbaycanlıları təmsil etsinlər”. ARDNŞ prezidenti bildirib ki, 2014-cü ildə tikintisinə başlanacaq Karbamid zavodu Azərbaycanın Gürcüstanda ən böyük investisiya yatıracağı obyekt olacaq. Onun sözlərinə görə, Azərbaycanda da belə bir böyük zavodun tikintisinə başlanılıb və istismardan sonra qazdan gübrə alınacaq: “Gürcüstanda Qara dəniz yaxınlığında olan Kulevi limanında da belə bir layihə həyata keçirmək istəyirik. Texniki tərəfdən işlər başa çatdırılıb və bu layihənin təqdimatını da Gürcüstan hökuməti ilə birgə həyata keçirmişik. Artıq ikinci mərhələdə layihələndirmə işləri başlayıb və 2014-cü ildə layihə işləri uğurla başa çatsa, biz zavodun tikintisinə başlayacağıq. Bu da Gürcüstanda ən böyük investisiya tutumlu layihələrdən biridir. Tikinti dövründə 3500-4000 işçi qüvvəsinin çalışacağı yeni iş yerləri açılacaq, zavodun istismar vaxtı isə 700-800 nəfər daimi işlə təmin olunacaq”. R.Abdullayev qeyd edib ki, zavodun tikintisinə 1 mlrd. dollara yaxın investisiya yatırılıb: “Bu, Azərbaycan iqtisadiyyatı tarixində Gürcüstana yatırılan ən böyük investisiya olacaq. Ümumiyyətlə, ARDNŞ Gürcüstana ən çox investisiya qoyan böyük şirkətdir. Məqsədimiz Gürcüstan-Azərbaycan dostluğunu möhkəmləndirmək, Gürcüstanda yaşayan soydaşlarımızın rifahını yaxşılaşdırmaqdır.” Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze jurnalistlərə açıqlamasında Gürcüstanda həyata keçirilən layihələrə görə ARDNŞ rəhbərliyinə təşəkkürünü bildirib: “Bu gün Sadaxlıda qaz açılışını həyata keçirdik. Biz bir ildir ki, hakimiyyətə gəlmişik və ümidvaram ki, bundan sonra da ARDNŞ ilə əməkdaşlığımız davam edəcək və Gürcüstan üçün bir çox layihələr də həyata keçirəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info