Lalə Şövkət: “Müxalifətin qatarı artıq gedib”
Tarix: 17.10.2013 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


“Müxalifət daxilindəki prosesləri biləndən sonra hər şeydən iyrənirsən”

Seçkidən seçkiyə aktivlik göstərib “oyanan” müxalifət bu il də canfəşanlıq etməyə çalışaraq prezident seçkilərinə hazırlıqsız vəziyyətdə qatıldı. Elə bu səbəbdəndir ki, olduqca az faizlə səs qazanan müxalif qüvvələrin namizədi seçki marafonundan başıaşağı döndü. Bu bir neçə aylıq marafonda isə diqqət çəkən ən maraqlı məqam müxalifətin iç üzünün ortaya çıxması oldu. İntriqalar, söz davası, bir-birinin paxırını açmaları, şəxsi ambisiyaların önə çəkilməsi daha çox müxalifəti gündəmdı saxladı, nəinki seçki ilə bağlı olan təbliğat-təşviqat kampaniyası...
Bu seçkilərdə ən intriqalı və maraqlı məsələlərdən biri də prezidentliyə potensial namizədlərdən olan, Liberal Partiyasının lideri Lalə Şövkətin tam sükutu və ara-sıra müxalifəti “sancması” oldu. Lalə Şövkət onsuz da az danışan adamdır. Amma o, müxalifətdə sözünü lazımi yerdə və lazımi məqamda deyə bilməsi ilə də seçilir.
Seçkilər başa çatandan sonra isə sosial şəbəkələrdə unikal bir sənəd yayılıb. Həmin sənəd Lalə Şövkətin mövqeyini xeyli dərəcədə aydınlaşdırmağa kömək edir. Bu məktub Lalə Şövkət tərəfindən seçkilərə düz 7 ay qalmış Kanadadakı Azərbaycan disporuna yazılan məktubdur. ALP lideri bu məktubu martın 9-da yazıb. O, həmin məktubunda bizim bütün seçki prosesi boyunca, habelə seçkilər ərəfəsində və səsvermə günü müşahidə etdiyimiz bütün hadisələri faktiki olaraq öncədən görüb və deyibmiş...
Məktubda bildirilir: “Mənim susmağımla bağlı lazım olanı son 20 ildə artıq dəfələrlə söyləmişəm. Bəzən susmağın özü təkrarlanan eyni monoloqlardan daha mənalı olur. Bu gün ucadan danışanların çoxlarının fikirlərində siz heç bir yeni söz tapa bilməyəcəksiniz. Mən bunları dəfələrlə öz vaxtında demişəm. Daha çətin vaxtlarda. Və bunlara görə təqiblərə və təzyiqlərə məruz qalmışam.
Keçən il son müsahibələrimdə mən təkrarən demişdim, əfsuslar olsun ki, son 20 ildə müxalifət qüsurlu qapalı çərçivədən çıxa bilmir və öz səhvlərini təkrarlaya-təkrarlaya gedir. Cəmiyyəti və xalqı öz ətrafında birləşdirə, konsolidasiya edə bilməyən müxalifətin birliyi olmadan, nəyəsə nail olmaq mümkün deyil. Bu - aksiomdur.
Ayrı yollar da var: xarici dövlətlərin köməyi ilə çevrilişlər və ya inqilab. Son bu iki yolu mən qətiyyən qəbul etmirəm. Niyə? Birincisi, bugünkü reallıqda, torpağımızın 20 faizi işğal altında olan zaman, atəşkəs vəziyyətində, yəni müharibə vəziyyətində olduğumuz vaxtda, hər an hərbi əməliyyatlar başlaya bilən bir zamanda Azərbaycanda hər hansı bir xaos bizim müstəqilliyimizə və dövlətçiliyimizə məhvedici zərbə vura bilər və faciəyə çevrilər. Bunlar isə mənim üçün hakimiyyətin dəyişməsindən qat-qat vacib olan məsələdir.
İkincisi, məlum olduğu kimi, "inqilabları ideoloqlar hazırlayır, fanatiklər həyata keçirir, ondan bəhrələnənlər isə əclaflar olur". Axırıncılar isə bizim siyasi arenamızda kifayət qədərdir.
Beləliklə, yeganə yol qalır - müxalifət konsolidasiyadan keçən yol. Ayrı yol sadəcə mövcud deyil. Bu, bir vurma cədvəli kimidir, şərhsizdir. Məhz buna görə mən son 20 ildə müxalifətin birləşməsinə dəfələrlə cəhd etdim.
Düzdür, mən öz görüşlərimi və danışıqlarımı siyasətçilərimiz xoşlayan kimi nümayiş və reklam etmirdim, amma əlimdən gələni edirdim. Məşhur "Beşlər" 1998-ci ildə bu cür yaradıldı. Bundan sonra "SİDSUH", "DUH", "YeS", "Azadlıq", "Qarabağ Hərəkatı" və s. yaradıldı. Və hər dəfə istinasız olaraq daxili intriqalar, qarayaxmalar, çirkin kampaniyalar, birincilik uğrunda amansız savaş dağıdıcı rol oynayırdı. Hər dəfə siyasi liderlərlə görüşlərimdə mən təkrarən onlara izah edirdim ki, sizin intriqalarınız və bir-birinizə qarşı çirkli kampaniyalarınız nəticə etibarilə bütün müxalifəti gözdən salacaq, bəsdir!
Lakin təəssüf, hər şey əvvəlki kimi davam edirdi.
Açığını deyim. Bu birliklərdə iştirak etmək mənim üçün həmişə psixoloji cəhətdən çətin olub. Ona görə ki, sadəcə keyfiyyət meyarlarına görə orada olanların çoxları mənə əks təbiətli idilər.
Bununla bərabər qeyd etdiyim çirkin kampaniyaların çoxu məhz mənə qarşı yönəlirdi. Və hər dəfə daxilimdə eyni sual ortaya çıxırdı: niyə məhz mən? Mən heç vaxt heç kimə qarşı nəzakətsizliyə yol verməmişəm. Belə azğın nifrət haradandır? Məgər məndən belə qorxurlar?
Maraqlıdır ki, Heydər Əliyevin vaxtında da bəzi tanınmış müxalif KİV-ləri mənə qarşı kampaniya aparırdı. Belə ki mənim üçün asan deyildi, yumşaq desək, məni sağdan da, soldan da vururdular, həm də çox çirkli metodlarla.
Müxalifətin əksər hissəsinin içini təfərrüatı ilə bilərək,- və inanın mənə, o, olduqca görkəmsizdir,- mən müxalifətdə olduğuma görə onların çirkli kartlarını açmağa özümə heç vaxt rəva bilməmişəm. Bu, nə mənim yolum, nə də üsulumdur. Belə çirkin üsullar məni həmişə iyrəndirirdi və mən bu yolla heç vaxt gedə bilməzdim. Mənim üçün sarsılmaz mənəviyyat meyarları var!
Moizə oxumaq asandır, lakin ehkamlarla yaşamaq çox çətindir. Və mən bəzən heyrətlənirəm ki, bütün ehkamları pozan bəzi siyasətçilər millətə necə moizə oxuyurlar.
1993-cü ildən başlayaraq Azərbaycan televiziyasında çıxış edərək dəfələrlə və ardıcıllıqla söyləyirdim ki, mənim üçün əsas mənəviyyatdır, sonra siyasət. Mənəviyyatsız siyasət həmişə və hər yerdə cəmiyyətin mənəviyyatsızlığına gətirib çıxarır. Və harada mənəviyyat yoxdursa, orada hər şey mümkündür Məhz buna görə biz bu gün yalan, riyakarlıq, ədəbsizlik, sinizm dəryasındayıq. Bunlar isə mənəvi dəyərlərin iflasına yol açdı. Burada da bir qapalı çərçivə yarandı: yalan - cəzasızlıq - zorakılıq - kriminallaşma. Kriminallaşma və deqradasiya!
Şərəf, ləyaqət, dürüstlük və alicənablıq kimi anlayışlar siyasətdə nəinki zehniyyətə, hətta böyük qüsura çevriliblər. Və bu həm də müxalifətin bir qisminə aiddir.
Bu gün prezident seçkisində öz iştirakını bəyan edənlər yaxşı anlayırlar ki, nəticə olmayacaq. Lakin bəziləri buna kifayət qədər təsirli dividentlər, həm nağd, həm növbəti parlament seçkilərində mandat şəklində alaraq, bəziləri isə buna qrantlara görə gedirlər.
Heç kim üçün sirr deyil ki, "Kapitan Qrantın uşaqları" bütün gün əlçatan KİV-lərdə görünməlidir. Ona görə ki, onların qrantları fəaliyyət monitorinqindən asılıdır. Gördüyünüz kimi, hər şey çox asan və primitivdir. Topsuz tennis oyunudur.
Və bütün bunları təfərrüatı ilə biləndən sonra hər şeydən iyrənirsən.
Deyin görüm, 2008-ci ildən nə dəyişib?
Müxalifət birlikdə mübarizə aparmaq əvəzinə daxili intriqalarını davam edir.
İndi isə birləşmək istəyirlər. Gec deyilmi, cənablar! Artıq 4 ili itirmişik. Qatar artıq gedib.
Məni tez-tez qınayırlar ki, mən praqmatik deyiləm, mən Don Kixotam, dövlət katibi postundan istefa verdiyimə görə, BMT-yə Azərbaycanın səfiri postundan, millət vəkili mandatımdan imtinama görə qınayırlar və s.Məni qınayırlar ki, mənim dürüstlüyüm mənim ən böyük qüsurumdur və buna görə partiyamın fəaliyyət üçün nə maliyyə resursu var, nə qəzeti, nə saytı, nə də ofisi.
Lakin heç nədən peşman deyiləm. Bunlar hamısı dəyərlər naminə idi. Hörmətlə, Lalə Şövkət Bakı, 9 mart, 2013-cü il”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info