Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
Tarix: 01.06.2020 | Saat: 11:06:00 | E-mail | Çapa göndər


Ailə xoşbəxtliyinin ən böyük göstəricisi olan uşaqlar sabaha aydın gözlərlə baxmağımızın təminatçısıdır. Həyatda ən saf qəlbə məxsus olan şəxslər elə məhz uşaqlardır. Hətta deyiblər ki, uşaqlıq saflığını itirməyən insan böyük insan sayılır. Uşaq elə bir qüvvədir ki, o, ailənin dayağına çevrilir, xoşbəxtlik cücərtilərinin möhkəmlənməsinə yol açır. Bu xoşbəxtliyin daha uzunömürlü və sağlam olması üçün əlbəttə ki, uşaqları qorumaq, onların hüquqlarının müdafiəsi yolunda çalışmaq lazımdır. Gələcəyimiz olan uşaqları haqsızlıqdan, ədalətsizlikdən, bütün təhlükələrdən qorumaq bəşəriyyəti narahat edən əsas məsələdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Hər bir ölkə uşaqları qorumağı, onları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunur, beynəlxalq forumlar, tədbirlər, konfranslar həyata keçirilir. Uşaq hüquqlarının beynəlxalq miqyasda qorunması üçün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra həmin gün “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi tarixə düşmüşdür. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da bu gün artıq 70 ildir ki, ənənə halını alaraq, hər il qeyd edilir.
Hazırda ölkəmizdə 2 622 400 uşaq var. Uşaqların sağlamlığının qorunması, keyfiyyətli təhsil alması, onların zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunması, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılır, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılır. Müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu siyasətin uğurlu fəaliyyəti üçün daha ciddi addımlar atılmışdır. Azərbaycan 1992-ci ildə BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya"nı ratifikasiya etmişdir. Uşaq fəlsəfəsini mərkəz ideyası kimi ortaya qoyan Konvensiya dövlətimizin qəbul etdiyi ən əhəmiyyətli beynəlxalq sənədlər siyahısındadır. Bu Konvensiyanı ratifikasiya etməklə, dövlətimiz bütün uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların qayğısına qalmaqda qərarlı olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan Hökuməti Konvensiya üzrə BMT-nin Uşaq Hüquqları Komitəsinə dövri məruzələr təqdim edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları əsasında 2012 və 2017-ci illərdə dövri məruzələrin hazırlanması üçün işçi qrup yaradılmış və işçi qrupa rəhbərlik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan eyni zamanda, müvafiq Konvensiyanın iki əlavə protokoluna, eləcə də “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair”, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına (Lanzarotta) və digər Konvensiyalara da qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır.
Uşaqlara dövlət qayğısının göstərilməsi, uşaq hüquqlarının xüsusi diqqət mərkəzində olması dövlət siyasətinin nə dərəcədə reallaşmasından və əhəmiyyətindən xəbər verir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə uşaq siyasətinin daha güclü təməllər üzərində qurulması və həyata keçirilməsi üçün fəaliyyətinin mühüm istiqamətlərini bu məsələyə yönəltmişdir. “Uşaqlara qayğı hər bir vətəndaşın borcudur” deyən Heydər Əliyev həmişə qızıl vaxtından ayıraraq böyük zövqlə uşaqların bayram şənliklərində, tədbirlərində iştirak edərək onların qayğısına qalırdı. Ulu Öndər dövlət siyasətinin əsas qollarından sayılan uşaq siyasətinin inkişafını təmin etmək üçün beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, ölkə səviyyəsində mühüm qanunun qəbul edilməsini önəmli hesab etmiş, vahid qanunvericilik bazasının formalaşmasında mühüm rol oynamışdır. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və bu hüquqların müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə qəbul edilən “Uşaq hüquqları” haqqında Qanun Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir, ailə, cəmiyyət və uşaq münasibətlərinin əsas istiqamətlərini tənzimləyir. 2009-cu ilin dövlətimiz tərəfindən “Uşaq ili” elan edilməsi bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsinə, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin uşaq problemlərinin həllinə yönəldilməsinə xidmət etmişdir. Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi çox vacibdir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılır və bu monitorinq nəticəsində tövsiyələr hazırlanır.
“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “2018-2028-ci illər üçün Azərbaycan Respublikasının “Milli Uşaq Strategiyası” layihəsi tərtib edilmiş və Hökumətə təqdim edilmişdir. Eyni zamanda “Uşaq Məcəlləsi” layihəsi hazırlanmışdır və hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. 17 qlobal məqsədi, 169 hədəfi əks etdirən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində 35 hədəf bilavasitə uşaqların inkişafı ilə bağlıdır. Belə ki, dünyada hələ də təhsil və səhiyyə xidmətlərinə çıxış imkanı olmayan, ərzaq çatışmazlığından, münaqişələrdən və böyüklərin sui-istifadəsindən əziyyət çəkən milyonlarla uşaq var. Dünyada baş verən münaqişələr nəticəsində minlərlə uşaq valideynsiz qalır və amansızcasına qətlə yetirilərək hüquqları tapdalanır.
Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, torpaqlarımızın işğalı nəticəsində uşaqlarımız doğma ev-eşiklərindən didərgin düşmüş, azad və sərbəst yaşamaq hüquqları pozulmuşdur. Azərbaycan uşaqlarının hüquqlarını amansızcasına pozaraq, onları öz doğma yurd-yuvasından didərgin salmış təcavüzkar Ermənistan Respublikası hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq işğal etdiyi əraziləri azad etmək istəmir. Bu hərbi münaqişə zamanı 175 uşaq qətlə yetirilmiş, yaralanan uşaqların sayı isə yüzlərlə olmuşdur. Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olmuşdur, 66 uşaq itkin düşmüş, 29 uşaq isə hələ də girovluqdadır. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Atəşkəs dönəmində 34 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan 14-ü həlak olmuş, 20-i isə yaralanmışdır.
Bu gün biz uşaqların yetişdirilməsində və qorunmasında valideynlərin böyük rol oynadığını qeyd edirik. Şəxsiyyətin ahəngdar və hərtərəfli inkişafı üçün hər bir uşağa ailə qayğısı, valideyn istiliyi, diqqət, sevgi və anlayış lazımdır. 1 iyun tarixi 2012-ci ildə BMT Baş Assambleyasının 66/292 qətnaməsi ilə həm də Ümumdünya Valideynlər Günü kimi qeyd olunur. Bu məqamda valideyn məsuliyyəti məsələsini vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Ali Qanunu olan Konstitusiyada da qeyd edildiyi kimi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur, bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Təssüflər olsun ki, bəzən valideynlər bu məqamı unudurlar. Nəticədə valideynlik vəzifələrinin yerinə yetirilməməsi, valideynlik hüquqlarından sui-istifadə, etinasızlıq, laqeydlik kimi hallar baş verir. Bəzən valideynlər, yanlış olaraq, övladlarını çox istədiklərini əsas gətirsələr də bununla bir araya sığmayan üsullardan istifadə edir, tərbiyə məqsədi ilə övladlarına qarşı fizki cəza, təhqir, nəzakətsiz davranış kimi hallara yol verirlər. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Hər bir valideyn anlamalıdır ki, uşaq böyüdüb tərbiyə etmək onlardan böyük təmkin, diqqət və sevgi tələb edir. Bu məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilərək, valideyn məsuliyyəti artırılmışdır.
Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daim uşaq və gənclər üçün yaradılan imkanlar genişləndirilir. Bu imkanların reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir, təmir edilir. Dövlət tərəfindən mütəmadi olaraq qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq iştirakçılığına yönəlmiş genişmiqyaslı tədbirlər və bu istiqamətdə görülən işlər gücləndirilməkdədir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olur. Mehriban xanımın təşəbbüsü ilə xüsusilə həssas təbəqədən olan uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması, kimsəsiz, fiziki sağlamlığında problemi olan uşaqların sosial-psixoloji reabilitasiyası üçün resurs mərkəzinin yaradılması, bu uşaqların gələcəkdə məşğulluğunun təmin edilməsi, eləcə də müxtəlif peşələrin öyrədilməsi istiqamətində önəmli layihələr həyata keçirilir. "Yeniləşən Azərbaycana yeni məktəb" çərçivəsində yüzlərlə təhsil ocağı tikilib istifadəyə verilmişdir. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramları, eləcə də “Məzun Evi Sosial” Müəssisəsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.
Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi sahəsində demək olar ki, hər il qəbul edilən yeni hüquqi sənədlər bu sahənin inkişafı prosesini daha da sürətləndirir. “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanunların qəbul edilməsi, təhsil qanunvericiliyində, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı qanunvericilikdə yeni təminatların təsbit edilməsi, sosial təminatın gücləndirilməsi dövlətin uşaqlara olan diqqətinin nəticəsidir. Zaman keçdikcə uşaq hüquqları anlayışı da dəyişir, yeni çağırışlar, hədəflər ortaya qoyulur. Bu gün ən ciddi məsələlərdən biri uşaqların kiber mühitdə təhlükəsizliyi məsələsidir. Uşaqlar kompüter yeniliklərini – sosial şəbəkələri, onlayn oyunları, müxtəlif proqramları sürətlə mənimsəyir. Nəzərə alsaq ki, bu gün internetdə xeyirli məlumatlarla bərabər, bir sıra müxtəlif ziyanlı informasiyalar da mövcuddur. Uşaqlar valideynlərinin diqqətindən yayınaraq şiddət, müxtəlif pis vərdişlər aşılayan videolara asanlıqla çıxış əldə edirlər. Bu isə onlarda hələ kiçik yaşlardan aqressiya, şiddətə meyillilik və mənəvi travmalara səbəb olur. Əsas təhlükələrdən biri onların cinayətkarların hədəfinə düşməsidir. İnternetdən, mediadan gələn zərərli informasiyalardan uşaqların qorunması üçün Komitə olaraq, tərəfimizdən internetdə uşaq hüquqlarının müdafiəsi məqsədilə milli qanunvericilk bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır, maarifləndirici tədbirlər keçirilir, təhlükəsizlik proqram sistemləri yaradılır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Komitə tərəfindən hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun bu il qüvvəyə mindi. Qanun layihəsində uşaqlar üçün zərərli informasiyanın növləri müəyyənləşib. Qanunun müvafiq bəndinə əsasən, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri kimi BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü, Kapital Bankın dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqramını (kidsafe) qeyd edə bilərik. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir.
Daha gözəl gələcək üçün uşaqları həyatımızın mərkəzinə qoyaraq, dünyaya onların gözü ilə baxmalıyıq. Əgər bunu edə bilsək, o zaman onları daha təhlükəsiz cəmiyyətə əmanət edə bilərik. Uşaqları əhatə edən erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması üçün maarifləndirmənin gücləndirilməsi, valideyn himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun təmin edilməsi, eləcə də məişət zorakılığının və insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində Komitə tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Köməyə ehtiyacı olan, zorakılıqdan əziyyət çəkmiş uşaqlarla mütəmadi işlərin aparılması olduqca vacib məsələdir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qrupları eyni zamanda, profilaktiki işi təşkil edir, zərərçəkmiş uşaqlara lazımi psixoloji və hüquqi yardımlar göstərir. Komitənin regionlarda fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailələrə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Hər il Mərkəzlərə təqribən 3 minə qədər müraciət edilir. Müraciətlərin 50%-i Mərkəzlərin köməyi ilə təmin olunur, digərləri isə aidiyyəti orqanlarla əlaqələndirilir. Ötən il müxtəlif mövzularda dair keçirilən tədbirlərdə 17 minə qədər şəxs iştirak etmiş, Mərkəz xidmətlərindən 6 minə qədər şəxs faydalanmışdır. Ümumilikdə isə il ərzində Mərkəzlərin fəaliyyətindən bəhrələnənlərin sayı 20 mindən artıq olur.
Bu gün uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdən sayılır. Bu istiqamətdə 2009, 2011, 2014 və 2017-ci illərdə keçirilən Ümumrespublika Uşaq Forumlarının xüsusi rolu vardır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə UNİCEF-in birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Uşaq Forumları uşaqların hərtərəfli inkişafı, elmi-mədəni biliklərə yiyələnməsi, liderlik keyfiyyətlərinin formalaşması üçün stimul olmuşdur. Forumlarda idarəetməni uşaqlar həyata keçirir, onları düşündürən bütün məsələlər barədə müvafiq dövlət rəsmiləri ilə dialoq qurur, öz problemlərinin həlli ilə bağlı aidiyyəti dövlət orqanlarına təkliflərlə çıxış edirlər. Forumlarda bütün regionlardan ümumilikdə 350-dən çox uşaq iştirak edərək, öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Komitənin təşəbbüsü ilə uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması ictimai fəallığının artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi, iştirak hüququnun təmin olunması istiqamətində icra edilən layihələrdən biri də “Uşaq Səfirlər Məclisi”nin yaradılmasıdır. Məclis üzvləri olan uşaqlar tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələrin aparılması, onların həlli istiqamətində təkliflərin irəli sürülməsi nəzərdə tutulmuşdur.
Uşaqların əməyə cəlb edilməsi, dilənçiliyə məcbur edilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə araşdırma və təhlillər aparılır. İcra edilən layihələrdən biri kimi UNİCEF ilə birgə uşaqların dilənçiliyə cəlb edilməsinin qarşısının alınması, onların təhsil, səhiyyə və sosial xidmətlərə çıxış imkanlarının artırılması məqsədilə 2018-ci ildən Qazax və Ağstafa rayonlarında reallaşan layihəni qeyd edə bilərik. Layihə çərçivəsində 3 ay müddətinə 4 sosial işçi Qazax və Ağstafa rayonu icra hakimiyyəti orqanı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın fəaliyyətinə cəlb edilmişdir. Sosial işçilər regionda baxımsız, aztəminatlı, qaraçı ailələrdən olan uşaqların ilkin sosial, psixoloji və hüquqi ehtiyaclarını qiymətləndirmiş, İcra Hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyanın müvafiq sahədə işinə dəstək vermiş, uşaqların küçə həyatına, uşaq əməyinin istismarına məruz qalmasının səbəbləri araşdırılmış, onların hüquqlarının müdafiəsi məqsədilə fərdi şəkildə qayğı və inkişaf planları hazırlanmış, müvafiq xidmətlərə cəlb edilmişdir.
Bu gün bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası bir çox sahələrdə çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün virusla mübarizə aparır, digər tərəfdən isə bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər içərisindədir. Bütün bu hadisələrin fonunda narahatedici məqamlardan biri də ailədaxili münaqişələrin, məişət zorakılığı hallarının baş verməsi və bundan da uşaqların əziyyət çəkməsidir. Beləliklə, uşaqların hüquqlarının böhran vəziyyətində də dayanıqlı şəkildə müdafiəsini təmin etmək günümüzün ən vacib məsələlərindən birinə çevrilməkdədir. Pandemiya dövründə bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirildi, kampaniyalar elan edildi. Qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən başladılan qanvermə aksiyasına Komitə də fəal şəkildə qoşuldu və bu prosesdə bir çox təşkilatların, vətəndaşların könüllü olaraq iştirakı xalqımızın nə qədər humanist və yardımsevər olduğunu sübut etdi.
Sosial izolyasiya və karantin dövründə Komitə tərəfindən uşaqları maraqlandıran və əhatə edən bir sıra məsələlər üzrə onlayn müzakirələr təşkil edildi. "Həyati bacarıqlara yiyələn!", “Uşaqların asudə vaxtının səmərəli təşkili”, “Uşaqların internet təhlükəsizliyi və onun təmin olunması yolları”, “Uşaq və gənclərin uğurlu ixtisas və peşə seçimi”, “Pandemiya dövründə ailələrdə yaranan psixoloji problemlər və onların həlli yolları”, “Karantin vəziyyətində sağlamlıq imkanları məhdud uşaqların psixoloji reabilitasiyası”, “Uşaqların inkişafında oyunun vacibliyi”, “Ailədə uşaqlarla uğurlu ünsiyyət və birgə fəaliyyətin vacibliyi”, “Ailə və mədəniyyət” mövzularında Komitənin rəsmi “Facebook” səhifəsində Komitənin əməkdaşları və dəvət olunmuş ekspertlər tərəfindən canlı yayım formasında təlimlər, onlayn vebinarlar və müzakirələr təşkil edildi. Təlimlərə edilən geri dönüşlər və sosial şəbəkə istifadəçiləri tərəfindən gələn rəy və təkliflərdən mövzuların aktuallığı və marağa səbəb olması müəyyən edildi.
Uşaqları yalnız dünyaya gətirmək deyil, onları həm də gələcəyin layiqli vətəndaşları kimi böyüdərək formalaşdırmaq cəmiyyətin, dövlətin və ailənin borcu və vəzifələridir. Bu prosesdə iştirak edən hər bir valideyn övladını vətənpərvər, millətə və dövlətçiliyə şərəflə xidmət edəcək şəkildə tərbiyə etməlidir. Buna nail olmaq üçün də xüsusən valideynlərin maariflənməsi işi davam etdirilməlidir. Bu məqamda medianın da üzərinə böyük yük və məsuliyyət düşür. Çünki hamı üçün əlçatan və vizual olan kütləvi informasiya vasitələri uşaqlara və böyüklərə daha çox təsir etmək gücünə malikdir. Uşaqlarla bağlı daha çox veriliş və proqramların hazırlanması və nümayiş etdirilməsi müasir dövrün tələb etdiyi əsas məsələlərdəndir. Uşaqların sağlam və xoşbəxt böyüməsi həmişə aktual olmuşdur, lakin qloballaşma dövründə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm, zorakı ekstremizm və pandemiyaların fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Əlbəttə, uşaq hüquqlarının müdafiəsi yalnız bir dövlətin deyil, beynəlxalq birliyin, vətəndaş cəmiyyətinin, həmçinin siyasi və sosial qüvvələrin birgə səyləri nəticəsində mümkündür. Əgər ailə dövlətin kiçik modelidirsə, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmin edilməsi həm valideynlərin, həm dövlətin, həm də cəmiyyətin qarşısında duran əsas məqsəddir. Azərbaycanda həyata keçirilən dövlət proqramları, layihələr, tədbirlər uşaqların müdafiəsi sahəsinə uğurlu töhfələr verir və bu istiqamətdə fəaliyyət daha da güclənməkdədir.
Gələcəyimizin qarantı olan ən qiymətli xəzinəmiz - övladlarımızı vətənini, millətini sevən, vətəni üçün çalışan bir şəxsiyyət kimi yetişdirmək, həyatın bəxş etdiyi çətinliklərin öhdəsindən gəlməyi bacaran, özünəinamlı, özü qərar verə bilən, təşəbbüskar, geniş düşüncəli, fədakar və istedadlı bir gənc kimi yetişmələrini təmin etmək bizim ümumi vəzifəmiz və məqsədimizdir.

Bahar Muradova

Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər üzrə fəlsəfə doktoru














 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info