7 nəfərlik qrupun rəyi mindən artıq müşahidəçinin fikirlərindən obyektiv ola bilməz
Tarix: 17.10.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Azərbaycanda keçirilmiş prezident seçkiləri demokratikliyi və şəffaflığı baxımından bütün ciddi beynəlxalq dairələrdə təqdir edilir. Bu barədə həmin qurumların nümayəndələrinin, eyni zamanda da ölkəmizdə seçkiləri müşahidə etmiş müşahidəçi əksəriyyətinin fikir və rəylərindən də çox şey məlumdur.
Eyni zamanda ATƏT DTİHB kimi seçkilərə açıq qərəzkarlıq nümayiş etdirən qurumun mövqeyi də əksər beynəlxalq müşahidəçilər, müşahidəçi qruplarının rəhbərləri və xarici KİV tərəfindən pislənilir. Hətta ATƏT PA-nın özü tərəfindən belə, adıçəkilən qurumun qərəzkarlığı ciddi tənqidə məruz qalıb. Məsələn, Monteneqronun Budva şəhərində ATƏT PA-nın sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclasında Azərbaycanda keçirilmiş prezident seçkiləri yüksək qiymətləndirilib, seçki prosesini qeyri-obyektiv qiymətləndirən ATƏT DTİHB-nin və digərlərinin mövqeyi isə tənqid olunub. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri cənab Mişel Vuazen ATƏT DTİHB-nin hesabatında əks olunan müddəaların böyük əksəriyyəti ilə razılaşmağın mümkün olmadığını, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etmədiyini bildirib.
Vuazen seçkilərin ədalətli, şəffaf və demokratik keçirildiyini deyib. ATƏT-in Parlament Assambleyasnın sessiyasında iştirak edən avstriyalı deputat Volfqanq Qrossruk isə belə bildirib: “Mən 1990-cı illərdən etibarən Azərbaycandakı seçkilərdə müşahidəçi qismində iştirak etmişəm və düzünü deyim ki, son zamanlar keçirilən seçkilərdə həqiqi irəliləyişə nail olunub. Seçkilərin texniki tərəfləri, seçki komissiyalarının formalaşdırılması və təkmilləşdirilməsi sahəsində gözəçarpacaq qədər müsbətə doğru dəyişikliklər olub. Mən şəxsən seçkilərin keçirildiyi gün olduğum məntəqələrdə hansısa mənfi hadisənin şahidi olmadım. Seçkilərdə baş vermiş saxtakarlıqlar haqda danışanda konkret faktlara söykənməliyik. DTİHB-in müşahidələrindəki qeyd və hesabatlar isə heç vaxt konkret faktlara söykənmir və həmişə kimlərinsə haçansa söylədiklərini, nələrisə əsas götürürlər. ATƏT-in təşkilat olaraq seçkiləri müşahidə etməsindəki bu ikitirəlik dayandırılmalı və yeni metodlar işlənməlidir”.
ATƏT PA-nın vitse-prezidenti Georgi Sereteli də ATƏT DTİHB-nin qərəzli olduğunu öz fikirlərində ifadə edib: “Parlament Assambleyasındakı digər həmkarlarım kimi, mən də bir çox seçki məntəqəsində oldum, Bakı və ətraf ərazilərdə yerləşən məntəqələrdə Slovakiyadan olan nümayəndə heyəti ilə birgə müşahidələr apardıq, səslərin hesablamasında da iştirak etdik. Şəxsən məndə yaranmış təəssürat çox müsbət oldu. Seçkilər yaxşı təşkil olunmuşdu, komissiyalar dəqiq işləyirdi... Başa düşürəm ki, seçkilərdə hansısa pozuntular olub, hər şeyi dəqiqliyi ilə bilmək mümkün deyil. Amma bu o demək deyil ki, bütün seçki prosesi mənfi tərzdə keçirilib. Bizdə - ATƏT PA üzvlərində Azərbaycanda keçirilmiş seçkilərlə bağlı çox müsbət təəssürat yarandı və biz bu seçkiləri növbəti irəliləyiş kimi qiymətləndiririk”.
ATƏT-in səlahiyyətli nümayəndələri, əksər müşahidəçiləri Azərbaycanda prezident seçkilərinin demokratik standartlara cavab verdiyi qənaətindədirlər. Həqiqətən də bu gün ATƏT məkanında keçirilən seçkilərin qiymətləndirilməsi ilə əlaqədar müasir dövrün reallıqlarını, yeni texnologiyaları nəzərə alan adekvat metodologiya hazırlanmalı, tətbiq edilməlidir. İstənilən ölkənin taleyini həll edən seçki prosesi obyektiv qiymətləndirilməli, hər hansı bir xarici qüvvənin və ya qrupun maraqlarından asılı vəziyyətdə olmamalıdır. Görünən odur ki, ATƏT DTİHB-nin tətbiq etdiyi köhnəlmiş metodologiya həm müstəqil dövlətlərin, həm beynəlxalq ictimaiyyətin, həm də ATƏT-in özünün rəsmi şəxslərinin, müxtəlif qurumlarının narazılığına və ciddi iradlarına səbəb olur. Necə ola bilər ki, 7 nəfərlik qrupun rəyi mindən artıq müşahidəçinin fikirlərindən daha obyektiv və üstün qəbul edilsin? Hansı məntiqlə bu kiçik qrup öz mövqeyini tanınmış siyasətçi və ekspertlərə diktə etməlidir?
Məsələyə daha dərindən yanaşdıqda belə bir həqiqət ortaya çıxır ki, bu gün beynəlxalq ictimaiyyət dünya siyasətinə təsir edən maraqlı qüvvələrin iddialarını deyil, Azərbaycan həqiqətlərini dəstəkləyir. Bu da Azərbaycanın dünya siyasətində artıq çoxsaylı dost və tərəfdaşları olan bir güc mərkəzinə, söz sahibinə çevrildiyini göstərir. Maraqlı antiazərbaycan qüvvələr öz mənfəətləri naminə beynəlxalq ictimaiyyətin ölkəmizə qarşı vahid mövqeyini formalaşdıra bilmədilər və təklikdə qaldılar. Güclü, dünyada sözü eşidilən, rəyi soruşulan, böyük hörmət və nüfuza malik, çoxsaylı dost və tərəfdaşı olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin 10 illik hakimiyyətinin məntiqi nəticəsi, bəhrəsidir.
Seçkilərin nəticələrinə şübhə ilə yanaşan bəzilərinin fikirləri isə cılız və məntiqsizdir. Məsələn, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı prezident seçkilərin ilə bağlı bildirib ki, “son 10 ildə dünyanın belə sərt mövqeyi olmamışdı... Beynəlxalq təşkilatların verdiyi bəyanatlar indidən Azərbaycan hökumətinin legitimliyini şübhə altına alır”. Görəsən M.Qəhrəmanlı “dünya”, “beynəlxalq təşkilatlar” deyəndə hansı qurumları, konkret olaraq kimi nəzərdə tutur? Bir tərəfdə Avropa Parlamenti, AŞPA, ATƏT-in rəsmi nümayəndələrinin və müşahidəçilərinin, MDB, Türk PA və digər çoxsaylı müşahidə missiyalarının müsbət rəyləri, digər tərəfdə də artıq sahibsiz qalmış ATƏT DTİHB-nin hesabatı və bu hesabata istinad edən ABŞ Dövlət Departamentinin rəyi. Bütün dünya seçkiləri təqdir edir. Kiçik bir qrup isə öz qərəzli mövqeyini beynəlxalq ictimaiyyətin yekdil rəyinə qarşı qoyur. M.Qəhrəmanlı kimiləri mövqelərinin çox zəif olduğunu görərək artıq açıqdan-açığa yalan və böhtan danışmağa başlayıblar.
Yenə neft mədənlərində səsvermə haqqında danışsaydı, müəyyən mənada onu başa düşmək olardı. Necə olsa da guya neftçilərin hüquqlarını “müdafiə edən” təşkilatın sədridir. Amma bu adam bütün seçki prosesini baş-ayaq edərək utanmadan ağzına gələni danışır. Yazıq o neftçinin halına ki, onun hüquqlarının müdafiəsi belə avantüristlərin ümidinə qala bilər.
ATƏT PA-nın uzunmüddətli müşahidə missiyasının rəhbəri Tana-de-Zulueta ATƏT-in birgə müşahidə missiyasının keçirdiyi mətbuat konfransında baş vermiş qalmaqalla əlaqədar bildirib ki, onun təcrübəsində belə hal bir dəfə Zimbabvedə baş verib. O, deyib ki, onların hesabatına ATƏT-PA-nın üzvləri də qoşulub. Günah ATƏT-in özündədir. Zimbabve səviyyəli müşahidəçini Azərbaycana göndərəndə belə də olmalıydı. Zuluetanın yeri ən yaxşı halda Afrikadır. O ki qaldı ATƏT PA-nın onların rəyinə qoşulmasına, bu xanım heç olmasa ATƏT PA müşahidə missiyasının rəhbəri Doris Barnettin fikirlərindən utanaydı. Axı xanım Barnet ortaya tam başqa mövqe qoydu və seçkilərin obyektiv keçirildiyini bəyan etdi. Anlamaq olmur ki, reallığı bu cür təhrif edən birisi necə istinad nöqtəsi ola bilər...
Bir sözlə, qeyd edilənlərdən bir daha bariz şəkildə anlaşılır ki, ATƏT DTİHB-nin seçkilərlə bağlı güman ki, antiazərbaycan dairələrinin sifarişindən doğan qərəzli mövqeyi heç bir məntiqə və fakta əsaslanmır, əksər müvafiq beynəlxalq qurumlar, xarici müşahidəçilər, xarici KİV tərəfindən kəskin tənqid olunur, həmçinin onun heç bir düzgün və obyektiv tənqidə dözümü yoxdur...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar
20.10.2019
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək
20.10.2019
Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info