Pullu “like”lar, yoxsa internet fırıldağı?
Tarix: 18.10.2013 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


XXI əsrin hadisəsi, internet fenomeni hesab edilən sosial şəbəkələr sosial qarşılıqlı əlaqələr, sosial obyektlər və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur. Bu gün dünyanın müxtəlif yerlərindən minlərlə internet istifadəçiləri könüllü olaraq, öz vaxtlarını, təcrübə və biliklərini sosial şəbəkələrdə informasiya mübadiləsinə sərf edirlər. Beləliklə, sosial şəbəkələr çox nəhəng bir informasiya resursudur ki, bu layihələrə dünyanın müxtəlif dillərində insanlar, hadisələr, məhsullar, təşkilatlar və s. haqqında külli miqdarda məlumatlar daxil edilir. İnternet istifadəçilərinin çox hissəsi bu informasiyalardan istifadə etməklə ona etibar edirlər. Eləcə də sosial şəbəkə istifadəçiləri təqdim etdikləri öz məlumatlarını, informasiyalarını başqalarının da “bəyən”məsini istəyirlər.
Məsələn, hər hansı bir xəbər saytının “Facebook” da səhifəsini “like” edərək “bəyən”ənlərin sayı ilk baxışda veb-resursun populyarlığını göstərməlidir. Ancaq hər zaman belə olmur və bu proses ölkəmizdə də müşahidə olunur. Belə ki, son vaxtlar qəzetimizin “Facebook” səhifəsinə daxil olan müraciətdə bizə müəyyən məbləğ müqabilində “like” təklif edilir. Maraq doğuran isə odur ki, əgər hər hansı bir tərəf öz səhifəsini müəyyən məbləğ müqabilində “like” etdirirsə, o zaman digər tərəfin hüquqları tapdanmırmı?

Süni “populyarlaşdırma” kim
tərəfindən və necə həyata keçirilir?


Bu gün mövcud vəziyyət bir sıra dünya ölkələrində də müzakirə mövzusudur. “BBC News”un məlumatına görə, Britaniya teleradiokorporasiyası mövzu ilə bağlı araşdırma aparıb. Məlum olub ki, “Facebook”da bir çox kütləvi informasiya vasitələri və şirkətlər “like” saxtakarlığı ilə məşğul olur, səhifəni bəyənənlərin sayını saxta profillər hesabına artırır və bununla da populyar olduqlarını iddia etməyə çalışırlar. Şirkətlər də eyni addımları atır və onların arasında “Facebook”da reklam olunmaq üçün böyük məbləğ ödəyənlər də var. Məşhur kompyuter təhlükəsizliyi şirkəti olan “Sophos”un eksperti Qrehem Klelinin bildirib ki, “Facebook” da istənilən səhifəni “bəyənən”lərin sayını süni şəkildə artırmaq üçün spam texnologiyalarından istifadə etmək çətin deyil: “Bəzən kompyuter arxasında oturmuş bir adamın minlərlə profili olur və o, “like” funksiyasından istifadə edərək pul aldığı şirkətin, ya da media strukturunun “Facebook” dakı səhifəsini süni şəkildə “populyarlaşdırır”. Bu işlə məşğul olan şirkətlər və insanlar az deyil.” BBC-nin özü də bu məqsədlə araşdırma aparıb. Belə ki, saxta, əslində mövcud olmayan “VirtualBagel” şirkəti üçün “Facebook” da səhifə yaradıblar. Sonra isə onlar “like” təklif edən şəxslərdən birinə müraciət ediblər. Cəmi bir neçə saata olmayan şirkətin boş səhifəsini 1600 nəfər “bəyənib”. Həmin səhifəni bəyənənlərdən biri guya Madriddə yaşayan “Ahmed Ronaldo”olub. “Facebook”un texniki dəstək servisindən bildirilib ki, sosial şəbəkədə səhifələrin administratorları “like” düyməsini basanların adlarını və profillərini asanlıqla görə bilirlər. Onların sözlərinə görə, istifadəçilərin çox az qismi saxta profillərdən istifadə edirlər: “ Ümumiyyətlə, saxta profillər “Facebook” qaydalarına ziddir və bununla mübarizə aparır, profilin saxta olduğunu görən kimi bağlayırlar. Son hesablamalara görə, 900 milyon “Facebook” istifadəçisi arasında 45 milyon akkaunt saxtadır və biz onları bağlamışıq. Amma BBC əməkdaşlarının apardığı araşdırmaya görə, cəmi bir günə 4 min saxta profil yaradaraq olmayan şirkətin səhifəsini “bəyəniblər” və bu minvalla saxta profili populyarlaşdıraraq, onu minlərlə “like” sahibi ediblər.
“Sophos” ekspertləri bildiriblər ki, “Facebook”da səhifəsini bəyənənlərin sayı ilə də qürrələnən media strukturları arasında saxtakarlar az deyil. Belələri ya saxta profil açaraq səhifələrini “populyarlaşdırır”, ya da “like”ları satın alırlar. Məsələn, bir səhifəni on minlərlə istifadəçi bəyənib, amma o sayt və ya qəzetin oxucularının sayı on, bəzən yüz dəfələrlə azdır.

Saxta “like”lar səmərəsiz
iş hesab edilir


Mövcud vəziyyətlə bağlı ölkəmizdəki mütəxəssislərin də fikirləri müxtəlifdir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, sosial şəbəkələrdə belə hallar var və bununla tez-tez rastlaşılır: “Düşünürəm ki bu, reklamla bağlı işlərdir və bunun hansısa mənfi tərəfini görmürəm. Əgər insanlar hansısa bir saytın reklamı üçün müəyyən dəstək verirlərsə, bu normal bir haldır. Əsas odur ki, faydalı saytların reklamının artırılmasına diqqət yönəldilməsi daha faydalı olardı, nəinki faydasız saytların. Burada qeyri-adi bir hal yoxdur. Məsələn, siz öz resursunuzu əziyyət çəkərək, oraya faydalı informasiyalar yerləşdirərək, yaxşı müzakirələr açaraq auditoriya toplayırsınız və bu, normaldır. Amma elələri var ki, auditoriyaları süni üsullarla, metodlarla əldə edirlər. Mən düşünmürəm ki, bu auditoriya dayanıqlı olacaq. Əgər o resurs faydasızdırsa, əhəmiyyətsizdirsə, nə qədər “like” yığsa da müəyyən mərhələdən sonra o auditoriyadan əsər-əlamət qalmayacaq. Auditoriyanı saxlamaq üçün gərək əziyyət çəkəsən, faydalı informasiya yerləşdirəsən və auditoriya ilə işləyəsən”.
Azərbaycan İnternet Birliyinin rəhbəri Qalib Qurbanov isə deyir ki, hər hansı bir məlumatı “bəyən”mək üçün sosial şəbəkədə olan pəncərələr heç bir qayda ilə tənzimlənmir, qeyri-rəsmi yaradılmış işarələrdir: “Kimsə bunu biznesə çevirirsə, bu düzgün deyil. Əgər bu Azərbaycanda yerləşirsə, bu məsələni araşdırmağa ehtiyac var. Hazırda bunu qadağan edən elə bir üslub, praktika yoxdur. Bunun kim tərəfindən tətbiq edildiyi aşkarlanarsa ona qınaq kimi cavab verilməlidir. İnternet açıq məkandır, burada qanun pozuntusu yoxsa, hər bir fəaliyyət növü qəbul olunur. Bu fəaliyyəti qadağan edən heç bir qanun yoxdur”.
İnformasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu bildirdi ki, bu gün belə təklifləri qəbul edib, pulla öz səhifəsini “like” etdirənlər var. Bunu saxta yolla etdiklərini deyən ekspertin sözlərinə görə, müxtəlif proqramlarla səhifəni “bəyən”ən insanların sayını artırırlar: “Bu, adətən həmin insanların razılığından kənar edilir, amma “like” edənlərə Azərbaycan istifadəçilərini daxil etmək mümkün deyil. Bunu müxtəlif proqramların köməyi ilə edirlər. Bəziləri bunu başqalarının hüquqlarının pozulması kimi qiymətləndirir. Çünki bu proqramlar sizin icazəniz olmadan sizi səhifələrin “bəyən”əninə, üzvünə çevirir. Məsələn, bəzi özünü reklam etmək istəyən işbazlar bu yolla səhifələrini 100 minlərlə “like”a çatdırıb. Amma bu, saxta oldugu üçün səmərəsiz iş hesab edilir. Məsələn, 100 min “bəyən”əni olan bir səhifə bir an içində 50 minə düşür. Məncə belə səhifələri “Facebook” istifadəçiləri şikayət etməklə bağlatdırmalıdırlar. Əgər sizin iradənizdən kənarda hansısa bir səhifəni bəyənmisinizsə, o səhifəni silin və şikayət edin. Bəziləri bunu reklam, bəziləri sadəcə biznes hesab etsə də, xeyir, bu həm “ Facebook” istifadəçilərinin huquqlarının pozulması, həm də fırıldaqçılıqdır. Belə səhifələr şikayət olunmalıdır, nə qədər şox şikayət olsa, bu səhifələr “Facebook” tərəfindən bağlanacaq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info