“Azərbaycan və Fransa arasında mədəni körpü kimi fəaliyyət göstərirəm”
Tarix: 18.10.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Təranə Paris Baku: “Sənətçi kimi Azərbaycanı tanıtmağa, onun reallıqlarını Fransa kimi mühüm ölkədə yaymağa çalışıram”

Fransada yaşayan azərbaycanlı vokal ifaçısı Təranə Paris Baku ilə (Təranə Allahverdiyeva) müsahibəni təqdim edirik.

-Təranə xanım, öncə özünüz haqda məlumat vermənizi istərdik.
-Mən Fransada yaşayan azərbaycanlı müğənni-sənətçiyəm. Özüm Laçında anadan olmuşam, Şuşada böyümüşəm. Elə ilk musiqi təhsilimi də Şuşada almışam, şəhərin uşaq xorunda oxuyurdum. Qarabağ müharibəsi başladıqdan sonra qaçqın düşən ailəmiz Bakıda məskunlaşdı. Hazırda Fransada öz sənətimlə Azərbaycan və Fransa arasında mədəni körpü kimi fəaliyyət göstərirəm.
- Necə oldu ki, Parisə getməli oldunuz?
- Uşaqlıqdan ən böyük arzum Sarbon Universitetində təhsil almaq idi. Ümumiyyətlə, ailəmizdə xarici dillərə sevgi və maraq vardı, bu da hər halda fransız dili müəlliməsi olan anamdan qaynaqlanırdı. Bakıda Xarici Dillər Universitetində İngilis dili tərcüməçilik fakültəsini bitirəndən sonra Fransada Sarbon Universitetinin Xarici dillər; media və kommunikasiya fakültəsinə qəbul olub, fərqlənmə diplomu ilə başa vurdum. Daha sonra musiqi təhsili aldım. Viktor Hüqonun doğma şəhərində - Bezansonda milli konservatoriyanın və Parisin tanınmış “Manufacture Chanson” məktəbinin məzunu oldum. On ildən artıqdır ki, Fransadayam, həyat yoldaşım Erik Monbarbyula da burada tanış olub evlənmişik. Ulduza və Leyli adında iki qızımız var.
- Parisdə musiqi ilə məşğul ola bilirsinizmi?
- Fransanın çox şəhərlərində, xüsusi ilə də Parisdə mədəni həyat çox zəngindir. Mən müxtəlif proqramlarda, məclislərdə, beynəlxalq festivallarda iştirak edirəm. Peşəkar musiqiçilərlə, qruplarla bir yerdə işləyirik. Tez-tez Fransadan kənara da çıxırıq. Bakıda gənc vokalçılar caz-festivalının laureatı olmuşam, İngiltərədə konsertlər vermişəm. 2011-ci ildə Moskvada fransız şansonunun ən yaxşı ifaçıları festivalına Fransadan fəxri qonaq kimi dəvət olunmuşdum. “Tarana Colors” adlı ilk albomum işıq üzü görüb. Bu ilin aprelin 6-da doğma Bakıda -Jazz Centerdə ilk konsertim oldu və burada həmin albomdakı musiqiləri ilk dəfə dinləyicilərə təqdim etdim. Albomda məşhur fransız kompozisiyaları Azərbaycan dilində səslənilir.
- Fransa ermənilərin nisbətən çox və aktiv olduğu ölkələrdən biridir. Belə bir yerdə yaşamaq sizə çətin deyil ki?
-Fransada çox güclü erməni lobbisi var. Nə qədər çətin olsa da, məncə, elə məhz burada Azərbaycanı tanıtmalıyıq, məhz burada Qarabağ həqiqətini çatdırmalıyıq. Mən sənətçiyəm, mənim silahım sənətimdir. Bu çox mənalı və dəyərli mübarizədir. Çünki musiqi universal dildir və hamıya təsir edə bilir.
- Olubmu ki, ermənilər sizə təhlükəli vəziyyət yaratsın və ya hər hansı təxribatlar törətsinlər?
-Yox, şükür, belə hallar olmayıb.
-Fransadakı Azərbaycan diasporunu güclü hesab etmək olarmı?
-Onu demək istəyirəm ki, son illərdə Azərbaycan Fransada özünü tanıtmağa başlayır. Bu işdə millət vəkili Mehriban Əliyeva və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çox böyük xidmət göstərirlər. Bunlarla kifayətlənmək lazım deyil. Qarabağ hələ də işğal altındadır. Azərbaycan barədə hələ də məlumat azlığı var, görüləsi iş çoxdur…
- Fransada Azərbaycan diasporu ilə əlaqələriniz varmı?
- Bir azərbaycanlı, həm də Qarabağdan olan azərbaycanlı kimi çalışıram, vətənimin üzləşdiyi problemləri fransız xalqına çatdırım. Gördüyüm işlərlə Azərbaycanı tanıtmağa, onun reallıqlarını Fransa kimi mühüm ölkədə yaymağa çalışıram və bu istiqamətdə işləyən insanlara dəstək oluram. Məsələn, Parisdə Azərbaycan Evi adlı təşkilatda mədəni məsələlər üzrə məsləhətçi kimi fəaliyyət göstərirəm. Güc birlikdədir, məncə, harada yaşamağımızdan asılı olmayaraq beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərini çatdırmaq üçün bir olmalıyıq. Azərbaycanın təcavüzə məruz qaldığını, torpaqlarının işğal olduğunu beynəlxalq ictimaiyyət bilməlidir.
- Azərbaycanın təbliği baxımdan hansı addımlar atırsınız?
-Mənim qızlarımın pasportda iki adı var: Ulduza Şuşa və Leyli Şuşa. Məncə, bu bir növ Qarabağı yaşatmaqdır, Qarabağı unutmamaqdır və unutdurmamaqdır. Bilirsiniz, Fransada olan situasiya mürəkkəbdir. Burada erməni mənşəli fransızlar çoxdur. Onlar heç zaman Ermənistanda olmayıblar. Qarabağ barədə heç bir doğru məlumatları yoxdur, bildikləri də yalan məlumatlardır. Bir qrup erməni çox fəal işlər görür və yalan məlumatlar yayır. Mən Qarabağ müharibəsi barədə kimdənsə eşitməmişəm, müharibənin şahidi olmuşam. Mən sadəcə olaraq həqiqəti çatdırıram və üstəlik sənətçi olmağım, məncə, hər hansı həqiqəti çatdırmaq üçün ən diplomatik yoldur.
- Vətəndən ötrü qəribsəyən vaxtlarda nə edirsiniz?
-Musiqiyə qulaq asıram, şeir yazıram. Şuşadan qalan xatirələr və şəkillərdir...
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info