“Musiqi dünyamda orkestr mənim alətimdir”
Tarix: 21.10.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Xalq artisti Teymur Göyçayev:
“Biz artıq bütün dünyaya sübut edə bilmişik ki, xalqımız nələrə sahibdir. Yüksək mədəniyyətə, böyük istedada, zəngin incəsənətə”

Müsahibimiz Q.Qarayev adına Dövlət Kamera Orkestrının və Gənclər Dövlət Simfonik Orkestrının bədii rəhbəri və baş dirijoru, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Respublikanın xalq artisti, prezident mükafatçısı Teymur Göyçayevdir:

-Teymur müəllim, Azərbaycanın incəsənəti üçün son zamanlar hansı işləri görürsünüz?
- Hal-hazırda mən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Gənclər Dövlət Simfonik Orkestrinin və 2010-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoruyam. Həyatım elə quruldu ki, yalnız gənclərlə çalışıram.
Mən özüm də bu məktəbi bitirdim. Aspiranturanı bitirdikdən sonra 1985-ci ildən 2001-ci ilə qədər burada müəllim kimi fəaliyyət göstərdim. 1998-ci ildə məni Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə dəvət etdilər. 2006-cı ildə hörmətli Mehriban xanımın təklifi ilə Gənclər Dövlət Simfonik Orkestri yaradıldı və bu işi də mənə həvalə etdilər. Artıq 2008-ci ildə biz Parisdə UNESCO zalında uğurla çıxış etdik. Gənclər Dövlət Simfonik Orkestri bu gün də fəaliyyət göstərir. 2010-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbinə direktor vəzifəsinə təyin olundum. Bir çox işlər görməyə çalışıram. Buranın ab-havasını Üzeyir bəy necə qoyubsa, o ab-havanı yaşatmaq istəyirəm. Çünki, bu məktəbi Q.Qarayev, T.Quliyev, F.Bədəlbəyli, F.Qasımova və s. kimi böyük sənətkarlar bitirib. Bu gün də məktəbimizin gəncləri var ki, böyük istedadla istər konsert şəklində, istərsə də müsabiqələrdə böyük uğurla beynəlxalq səhnələrdə çıxış edib, qran-pri, laureat adları alırlar. Bu bizim böyük sahəmizdir və bu istiqamətlərdə işlər görürük.

“Əksər valideynlər övladlarının musiqi təhsili üçün fortepiano ixtisasını seçir. Lakin orkestr rəhbəri olaraq bu məni qane etmir”

Onu da qeyd edim ki, bu məktəbdə bütün alətlər üzrə ixtisas fənləri keçirilir. Klassik alətlər, nəfəs alətləri, fortepiano, xalq çalğı alətləri, xanəndəlik, vokal, zərb alətlərinin dərsləri tədris olunur. Şagirdlərimizin sayı cəmi 306 nəfərdir. Lakin biz çalışırıq ki, hər qəbul imtahanlarında ən yüksək səviyyədə istedadı olan bacarıqlı uşaqları məktəbə qəbul edək. Çünki bu məktəbin təməlini Üzeyir bəy qoyub və o tələb edib ki, bu məktəbdə peşəkar musiqiçilər yetişsin. Sovet dövründə bu məktəb Konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) nəzdnində fəaliyyət göstərirdi. O zamanlar və hal-hazırda da bu məktəbi bitirən şagirdlərin əksəriyyəti ali təhsillərini musiqi sahəsində davam etdirirlər. Şagirdlərin ali təhsil üzrə bir qismi AMK, bəziləri ADMİU-ə, lakin əksər şagirdlərimiz BMA-a qəbul olurlar. Bizim məktəbdə Üzeyir bəy ilk başdan çox gözəl pillələr yaradıb. I-IV siniflər birinci pillə, V-IX siniflər ikinci pillədir. X-XI siniflərdə o şagirdlər qalır ki, peşəkarlığını musiqi üzərində qururlar.
- Bu məktəbi bitirən şagirdlər arasında musiqi üzrə deyil, humanitar sahədə təhsillərini davam etdirənlər olurmu?
- Əlbəttə olur. Bəzi abituriyentlərimiz ali məktəbə qəbul imtahanlarında testdən yüksək bal yığdıqları zaman humanitar fənnləri seçirlər. Baxmayaraq ki, musiqiçi kimi çox istedadlı gənclərdir. Bu ilin buraxılış sinifində belə bir hadisə olub. Arfa ifaçımız testdən yüksək bal toplayaraq Dillər Universitetinə qəbul olub. Baxmayaraq, musiqiçi olaraq gözəl arfa ifa edir, lakin təhsilini humanitar sahədə davam etdirir. Bu şagirdin müstəqil seçimidir. Mən rəhbər olaraq müəllimlərə belə bir tapşırıq vermişəm ki, humanitar fənnlərdə dərslər elə keçirilsin ki, şagirdə evə verilən çalışma az olsun. Şagird evdə yalnız musiqi ixtisası üzrə çalışsın. Əgər 7-8 saat musiqilə məşğul olmasan professional musiqiçi ola bilməzsən. Bu məktəbdə də oxumaq çox çətindir. Ona görə ki, musiqi və orta təhsil birlikdə tədris olunur. Bir sözlə desək, nə qədər istedadlı uşaqdırsa, bir o qədər onun üzərində zəhmət tələb olunur. Müəllim, valideyn, şagird. Üç amildən biri yoxdursa, peşəkarlıq heç bir zaman alınmayacaq.
- Professional dirijor kimi sizcə, bu gün gənc musiqiçilər arasında dirijorluq sənəti necə inkişaf edir?
- Əslində mənim ixtisasım dirijorluq sənəti deyil, skripkaçıyam. Mən skripka üzrə Zaqafqaziya laureatçısıyam. Konservatoriyanı skripka ixtisası üzrə bitirdim. Lakin mən dirijorluq sənətini ona görə seçdim ki, bu musiqi sahəsi məni daha çox özünə cəlb edir. Musiqi dünyamda orkestr mənim alətimdir. Orkestrdə musiqini daha çox qəlbimdə hiss edirəm.
Bu gün isə çox istedadlı və professional dirijorlarımız var. Məsələn, Eyyub Quliyev kimi gənc dirijorlarımız sənət dünyasında öz yerlərini tapıblar. Artıq onları peşəkar dirijor kimi beynəlxalq konsertlərə, böyük səhnələrə çıxış üçün dəvət edirlər. Bu da əlbəttə ki, bizim xalq üçün böyük fəxrdir.
- Hal-hazırda valideynlər ixtisas seçimi üzrə övladları üçün hansı sahəyə daha çox üstünlük verirlər?
- Bu gün məktəbə qəbul imtahanlarında əksər valideyn övladının musiqi təhsili üçün fortepiano ixtisasını seçir. Lakin orkestr rəhbəri olaraq bu məni qane etmir. İncəsənət xadimi olaraq indiki zamanda mən daha çox orkestr şöbəsinə üstünlük verərdim. Hal-hazırda bizdə ən çox tələb olunan musiqi ixtisasları violonçel, arfa, kontrabas, nəfəs alətləri sinfidir ki, çalışıram, tələb olunan ixtisaslara uşaqları cəlb edim.
Fortepiano ixtisası üzrə təhsil alan gənclər çoxluq təşkil edir. Lakin onların bir-ikisi karyera baxımından üzə çıxır. Bəzi valideynlərdə belə bir düşüncə var ki, violonçel aləti musiqi mədəniyyətimizə uyğun deyil. Ancaq bu aləti öyrənmək və ixtisas kimi inkişaf etdirmək ən vacib şərtlərdən biridir. Çünki, sinfonik musiqi mədəniyyətin böyük bir hissəsidir. Gərək mədəniyyət də yüksək səviyyədə olsun. Azərbaycanı dünyada tanıtdıran musiqinin ən vacib hissəsi də akademik musiqidir. Düzdür, bizim çox qədim və gözəl xalq çalğı alətlərimiz var. Lakin o bizim milli, xüsusi musiqi alətlərimizdir. Ancaq biz xarici səhnələrdə, xarici dinləyicilərin qarşısında Avropa aləti ilə Motsartın, Betxovenin əsərlərini ifa edəndə onlar təəccüblənirlər. Onlar gözləmirlər ki, biz bunu edə bilərik. Biz artıq bütün dünyaya sübut edə bilmişik ki, xalqımız nələrə sahibdir. Yüksək mədəniyyətə, böyük istedada, zəngin incəsənətə. Dövlət başçımız və xanımı çalışırlar ki, Azərbaycan mədəniyyəti bütün sahələrdə dünyada lazımi şəkildə təbliğ olunsun. Bizim xalq təkcə neftilə, iqtisadiyyat sahəsi üzrə dünyada tanınmır. Xalqımızın mədəniyyəti ən üstün sahələrdən biri hesab olunur.
- Valideynlərin uşaqlarının üzərində olan məsuliyyəti müəllim tədrisinə həm ahəng olur?
- Müxtəlif xasiyyətdə valideynlər var. Bəzi valideynlər məsuliyyətdən kənardılar. Lakin mən və müəllimlər əsas ixtisas fənndən hər hansı bir valideynin dərs zamanı iştirak etməsini tələb edirik. Şagird o zaman dərsə daha məsuliyyətli yanaşacaq. Çünki üzərində nəzarət olunduğunu görür. Əlbəttə ki, bu vacib şərtlərdən biridir. Mən öz ailəmi misal çəkə bilərəm. Mənim anam, atam musiqiçi deyildilər. Lakin anamın musiqiyə olan böyük sevgisinin nəticəsi idi ki, mən musiqiçi oldum. Mənim təhsil aldığım dövrdə anam da bir valideyn kimi lazım olduğu zaman sərt şəkildə təmbeh edirdi. Hər bir uşaqda tənbəllik ola bilər. Lakin o tənbəlliyin olmamağı üçün valideyn üzərinə böyük məsuliyyət düşür.
- İncəsənət sahəsində simfonik orkestrlərimiz Avropa səhnələrində öz sözlərini deyə bilirlərmi?
- İstər simfonik, istərsə də kamera orkestrlərimiz xarici səfərlərdə olurlar. Çox yüksək səviyyədə də qarşılanırıq. Məsələn bu il keçirilən Ü. Hacıbəyov adına beynəlxalq festivalda Q.Qarayev adına Dövlət Kamera Orkestri ifa edirdi. Zalda Roma Dövlət Opera teatrının direktoru əyləşmişdi. Konsert sonrası o bizə yaxınlaşıb ifamız haqqında xoş sözlər dedi. Onlar gördülər ki, biz həm festival çərçivəsində həm də solo konsertlə də çıxış edirik.
- Sonda ürək sözləriniz...
- Mənim ürək sözlərim ancaq sənətimlə millətimi dünyada təbliğ etməkdir. Mən nə edirəmsə, xalqım üçün edirəm. Əgər səhnədəki çıxışımı dünya tamaşaçıları alqışlayırsa, bu mənim dövlətimin dünyada tanınmasının göstəricisidir. Mən səhnəyə çıxdığım zaman sənətimi deyil, millətimin mədəniyyətini təbliğ edirəm.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info