İspaniyanın “Materia” qəzeti: “İnsanın ən qədim əcdadı biz bildiyimiz deyilmiş”
Tarix: 21.10.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


İki milyon il öncə, “Homo erectus” kiçikhəcmli beyinlə, amma artıq ətdən istifadə etməklə ilk hominid olub

İspaniyanın “Materia” qəzeti qədim insanlar və onların müasir insanlarla qohumluq əlaqələrinə dair maraqlı yazı yazıb. Beləliklə, qəzet qeyd edir: “2005-ci ilin avqustunda Avropadan Asiyaya gedən bir məkanda ortayaşlı bir şəxs öz həyatında ən böyük xəzinəni tapdı. Gürcüstanın Dmanisi əyalətində Georgi Nioradze kəllənin yuxarı hissəsini aşkara çıxarıb. Tezliklə arxeoloji qazıntılar aparmaq üçün ona digər arxeoloqlar da qoşuldular. Qazıntılar nəticəsində kəllənin digər hissəsi də tapıldı.

“Xatırlayıram ki, biz necə tədricən rekonstruksiya apardıq. Kəllənin qaşları düyünlənmiş halda idi, mən heç vaxt bu cür kəllə ilə qarşılaşmamışdım”. Bu barədə ispaniyalı paleontoloq Mariya Martinon-Torres qeyd edir. O, 2005-ci ilin yayında Dmanisidə olub. O, tezliklə belə bir tapıntıya nail olub: demək olar ki, toxunulmamış, yaxşı salamat qalmış bir insan əcdadının kəlləsi. Hesab edilib ki, bu insan əcdadı 1 milyon 800 min il bundan öncə yaşayıb: “Adi ritualdan - yeri əcdadlara bac vermək üçün şampan şərabı ilə sulayandan sonra qiymətli tapıntını paytaxta aparıblar, bizdə isə onun sonrakı taleyi ilə bağlı narahatlıq yaranıb. Kimsə ən qədim və yaxşı mühafizə olunmuş hominid kəlləsi barədə məlumat verməyib, heç bir elmi jurnal tapıntıya toxunmayıb”.
“Biz öz kiçik əhatəmizdə həmin kəllənin mövcudluğunu bildik, amma bəzən özlüyümdə əmin olmaq üçün öz həmkarlarımdan da soruşdum: sən də bunu gördün, elə deyilmi?” - deyə Martinon-Torres xatırlayır.
İndi bu tapıntıdan 8 il keçəndən sonra, Dmanisidən olan kəllə ilk dəfə ən avtoritetli elmi jurnallardan biri olan “Science”ə çıxır. O, bununla özünə haqqı çatan diqqəti qazanır. Kəllə və onunla bağlı digər qalıqlar “dikyeriyən insan”a - “Homo erectus”a məxsusdur. Onların nəsilləri isə bir çox ekspertlərin fikrincə, bütün indiki insanlar sayılır. Bu qalıqların mövcudluğu faktının özü yenidən belə bir məsələyə dönməyə məcbur edir: biz kimik və hardan gəlmişik?
“Bu ən qədim və indiyə qədər tapılmış insan əcdadları kəllələri arasında ən yaxşı saxlanılan kəllədir” - bunu isə arxeoloji qrupun iştirakçısı, Gürcüstan Milli Muzeyinin əməkdaşı David Lordkipanidze bildirir. O qeyd edir ki, oxşar kəlləni ancaq Syerre-de-Atapuerkedə görmək olar ki, bu da çox sonrakı dövrün - 400 min ilin qalığıdır.
Bu insan əcdadı kim olub? Onun bədən quruluşu göstərir ki, o, kişi cinsinə mənsub olub və azdiqqətçəkən xarici görünüşü olub. O, metryarımlıq boya malik olub. Onun beyni çox kiçik olub - 546 kubsantimetrlik. Bu ölçü isə müasir insan beynindən iki dəfədən də çox azdır. Onun üzü isə çox böyük, gərilmiş, tam meymunsifət və iri dişli, həmçinin qaşaltı qövsləri qabarıq olub. Onun bədən quruluşu Dmanisidə yaşamış digər dörd “Homo erectus”la müqayisədə nadir bədən quruluşu idi. Bu kəllənin öyrənilməsi nəticəsində ekspertlərin gəldiyi qənaət isə olduqca təəccübləndiricidir: bəşəriyyətin ilk nümayəndələri, yəni bizim insan nəslinin ilk təmsilçiləri məhz bir tipə aid olublar. Lordkipanidze deyir: “Bu, müasir insanların bir neçə irqə aid olması kimidir, amma onlar bununla bərabər, bir görünüşə və növə aiddirlər”.
Bu nəzəriyyəyə əsaslansaq, “dikyeriyən insan” qeyri-adi yol qət edib. İki milyon il öncə, kiçik “Homo erectus” kiçikhəcmli beyinlə, amma artıq ətdən istifadə etməklə, bəşəriyyətin beşiyini tərk edən ilk hominid olub.
O, od əldə etməyi bacarmayıb, cəmdəklə qidalanıb, daha güclü və cəld yırtıcılarla toqquşmada isə çox vaxt qurbana çevrilib. Amma hətta yeni və düşmən bir məskənə düşəndə belə, “Homo erectus” gücü ilə ayaqda durmağı və yaşamaq, yeni qitələr - Asiya və Avropanı qazanmaq üçün lazımi sosial qurum yaratmağı bacarıb. Dmanisidə kəlləni tapanlar hesab edirlər ki, “Homo erectus” yüz min illərlə dəyişilmədən və müxtəlif növlərə bölünmədən yaşayıb. Yəni o, dərrakəli insanın - “Homo sapiens”in ləyaqətli sələfidir.
İndiki məqama qədər bizim mənşəyimizin tarixi ilə bağlı ümumi qəbul edilmiş nəzəriyyələr tamamilə başqa cür olub. Hominidin qalıqlarını taparkən, adətən yeni növün izhar olmasından danışıblar. “Bacarıqlı insan”la - “Homo habilis”lə də belə olub, bu isə “Homo erectus”dan daha primitiv olub və Keniya meşələrində yaşayıb. Yaxud da “işləyən insan”la - “Homo erectus”un afrikalı növü olan “Homo ergaster”lə də belə olub. Həmçinin bir çoxlarının fikrincə, insanın genealoji ağacından “Homo habilis”lə birgə kənarlaşdırılması iddia edilən “Homo rudolfensis”lə də bu cür baş verib.
Yeni kəllə isə bütün bu növləri birləşdirir. Dmanisidən olan kişi fərd öz həmcinslərindən kifayət qədər böyükdür, onun üz cizgiləri daha nəzərəçarpan və primitivdir, beyni isə balacadır. Amma bununla belə, Dmanisidəki kəllənin anatomik cizgiləri bu və ya başqa növün daxili variasiyaları müstəvisində sıralanmış olur. Eyni şey onun “Homo rudolfensis”lə, “Bacarıqlı insan”la, “İşləyən insan”la müqayisəsində də özünü göstərir. Bütün onlar bir növə aiddir və onlar arasındakı fərqlər indiki hominidlər arasındakı fərqlərdən çox deyil.
Lordkipanidze deyir ki, ən sonunda onların hamısı “Homo” cinsinə aiddirlər. Amma eynilik və vahid cins haqqında indiki tezis - bizi əcdadlarımızla yaxınlaşdıran nəzəriyyə hamısı üçün inandırıcı deyil.
Martinon-Torres deyir ki, razılaşmaq çətindir ki, milyon il ərzində yeganə transkontinental cins mövcud olub və heç bir dəyişikliyə uğramayıb. Bu, ancaq o zaman mümkün olardı ki, bioloji inkişaf dayanaydı.
Martinon-Torresi deyir ki, öz qaşqabaqlı görünüşü və dişləri ilə təəccübləndirən həmin kəlləni hansısa növə aid etmək əlverişli deyil və onlardan çox fərqlənir. Ekspert hesab edir ki, ola bilsin, Dmanisidən olan bu fərd və digər hominidlər həqiqətən də həmin ərazidə yaşayan və mövcudluqları arasında 10 min il zaman fərqi olan iki qrupa aid olublar: “Məhz bu nəticəyə Dmanisidə süxurların dərəcələrini ölçən ispan arxeoloqları gəliblər. Digər ispan tədqiqatçıları göstəriblər ki, Dmanisidə tapılan daş silahlar bir-birindən xeyli fərqləniblər. Ona görə də onların hamısını hansısa bir qrupa aid etmək mümkün deyil”. Maks Plank adına Təkamül Biologiyası İnstitutunun əməkdaşı Fred Spur isə bu barədə belə zarafat edir: “Oxşar klassifikasiya əgər doğru olsaydı, əhəmiyyətli dərəcədə insanların həyatını yüngülləşdirərdi”. O da hesab etmir ki, “Homo” cinsinin bütün nümayəndələri bir qrupa aid olub. 2007-ci ildə Spur Keniyada tapılmış daha iki “bacarıqlı insan” (Homo habilis) kəlləsini təqdim edib. O və işçi kollektivi göstəriblər ki, bu hominidlər “Homo erectus”dan fərqlənirlər. Spur hesab edir ki, Lordkipanidze tərəfindən afrikalı kəllələrlə gürcüstanlı kəllələrin müqayisəsi kifayət qədər səthidir: “Detallı araşdırma aparanda fərqləndirmək olur ki, Dmanisidən olan kəllə “dikyeriyən insan”ın təkrarolunmaz cizgilərinə malikdir. O cümlədən, kəllənin bir neçə kənar və arxa hissəsi, xüsusən də önə çıxan qaşaltı qövslər bu baxımdan qeyd edilə bilər”.
Qriqori Nioradze və onun Dmanisidə qazıntı aparan qrupunun üzvləri kəlləni yerdən çıxarmağa nail olanda, güclü yağış yağıb. Kataloniya İnsanın Paleoekologiyası və Sosial Təkamülü İnstitutunun əməkdaşı, həmin qrupun üzvü olan Jordi Aqusti qeyd edir: “Bu, mistik bir məqam idi. Tədqiqatçılardan biri kəlləni yerdən çıxardı və elə bu zaman yağış-tufan qopdu və bütün ətrafı su basdı”.
Aqustinin fikrincə, Dmanisidən olan hominidlər özlərində yalnız “dikyeriyən insan”ın inkişafının keçid mərhələsini təcəssüm etdirirlər. Eləcə də bütün alimlər onunla razılaşırlar ki, müasir insan öz başlanğıcını məhz “Homo erectus”dan götürür.
Nə zamansa Asiyada, ya da Avropada yaşamış bu hominidlərin müəyyən populyasiyası Afrikaya qayıdıblar və nəticədə beyin fəaliyyəti və sosial təşkilat dünyaya “Homo sapiens”i, yəni müasir insanı bəxş edib. Bu inkişaf yolu xeyli dərəcədə İspaniya vasitəsilə baş verə bilər. Orada - Syerre-de-Atapuerkedə “sələf insan” (Homo antecessor) - “Homo erectus”la “Homo sapiens” arasında aralıq növ yaşayıb. “Homo antecessor” müasir insana kifayət qədər bənzər olub. Onlar inkişaf sürüsünün keçid mərhələsi olublar. Bu barədə danışan Spur qeyd edir ki, bunu sübut etmək üçün daha bir unikal kəllə tapmaq lazımdır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info