“Xəzər İnşaat Həftəsi” dünyanın 32 ölkəsindən 490 şirkəti bir araya gətirəcək
Tarix: 22.10.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Xəzəryanı regionun inşaat sahəsində ən böyük tədbiri - “BakuBuild 2013” 19-cu Azərbaycan beynəlxalq inşaat sərgisinə start verildi. Sərgi ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon bildirdi ki, bu sərgi ölkədə keçirilən ən böyük sərgilərdən biridir.
Bu il sərgi meydançası üzrə 20% artım nümayiş etdirən “Xəzər İnşaat Həftəsi” dünyanın 32 ölkəsindən 490 şirkəti bir araya gətirəcək. Cari ildə “BakuBuild” sərgisinin vizit kartı öz ölkələrinin ticarət-sənaye palataları və dövlət strukturlarının dəstəyi çərçivəsində iri milli qruplarla iştirak edən şirkətlərdir, belə ki, builki sərgidə Almaniya, Yunanıstan, İtaliya, İran, BƏƏ, Portuqaliya və Finlandiyadan yeddi milli qrup iştirak edəcək. İtaliyanın Breşiya və Milan şəhərləri, eləcə də Novara vilayətinin sahibkarlarından ibarət qrup sayca çoxluq təşkil edir (67 şirkət). “Dubai Exports” təşkilatının kurasiyasında olan BƏƏ milli qrupu sərgidə ilk dəfə iştirak edir. Həmçinin, sərgidə Türkiyə sahibkarlarının kollektiv iştirakı da təşkil olunacaq. Çin şirkətləri isə bu il daha geniş meydançada təqdim olunurlar.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev isə bildirdi ki, ölkəmizdə inşaat sahəsində görülən işlər, inkişaf bu istiqamətdə texniki imkanlarla da bağlıdır: “Sərgidə çoxsaylı xarici şirkətlərin iştirakı onların ölkəmizə olan marağından xəbər verir. Bu gün ölkədə tikinti-quruculuq işləri sahəsində zaman keçdikcə nizam-intizam yaranıb ki, bu da ərazi planlaşması ilə əlaqədardır. Hazırkı sərgi də inşaat sektoruna öz töhfəsini verəcək”.
“BakuBuild” sərgisinin meneceri Maya Qafarlı bildirdi ki, sözügedən şirkətlər ziyarətçilərə ən müasir və qabaqcıl inşaat texnologiyalarını, tikinti materiallarının geniş çeşidini, eləcə də santexnika və tikinti-inşaat texnikasını təqdim edəcəklər. Sərginin builki ekspozisiyasına həm açıq meydançalar, həm də qapalı ərazilər üçün nəzərdə tutulmuş idman inventarı və uşaq meydançaları, habelə mebel əşyaları daxildir. Şəhər dekorasiyasında tətbiq olunan işıqlandırma və səs avadanlıqları isə “BakuBuild 2013” sərgisinin yeni bölümünü təşkil edəcək. Öz məhsullarını Xəzər regionunun bazarına çıxarmaq üçün “BakuBuild” sərgisini başlanğıc platforma kimi seçən debütantlar isə ümumilikdə bütün iştirakçıların 50%-ni təşkil edirlər. “BakuBuild 2013” sərgisində sponsorların tərkibi də genişlənib, belə ki, bu il sərginin “Qızıl” sponsoru qismində “Norm” şirkəti çıxış edir. Həmçinin, “Holcim Azerbaijan” və “Emirates Steel” şirkətləri də sərginin sponsorları qismində iştirak edirlər. Bildirildi ki, bu il yerli iştirakçıların da sayı artıb və onlar sərgi meydançasının 38%-ni tutur. Belə ki, sərgidə Azərbaycan şirkətləri tikinti materialları və inşaat xidmətləri üzrə çoxşaxəli yerli istehsal sənayesini nümayiş etdirəcəklər. Yerli şirkətlərin daimi tərkibi bu layihənin onlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir. Bu şirkətlərin arasında “Akkord”, “Azbentonit”, “Baku Steel Company” (Bakı Polad Zavodu), “Basf Caspian”, “Enilik”, “Holcim Azerbaijan”, “Gilan Holding”, “Mətanət A”, “Mr. Fix” və digərləri var.
Sərgi çərçivəsində əsas diqqət eksklüzivlik və innovasiyalara yönəldilib. Bu ilin yenilikləri sırasında unikal santexnika nümunələri, yeni plastik profillər, üzlük plitələri, çoxfunksiyalı şüşə-paketlər, dam və hidroizolyasiya materialları, kabel məhsulları, quru qarışıqlar, LED lampalar, şvellerlər, yeni dizayna malik səyyar kompressorlar, yeni sement növləri, məsaməli beton bloklar, lak-boya örtükləri, yeni nəsil cilalama diskləri, müxtəlif növ lövhələr, izolyasiya sistemləri, tikişsiz borular, müasir istilik və səs izolyasiya materialları, naxış (bəzək) materiallarının geniş çeşidi, metal konstruksiyalar, taxta-şalban evlərin tikintisi və digər məhsul və xidmətlər yer alır.
Ənənəvi olaraq, sərgini müşayiət edən işgüzar proqrama təqdimat mərasimləri, seminarlar və ustad dərsləri (“master-klasslar”) daxil olacaq. 24-25 oktyabr tarixində “Dubai Export” şirkətinin təşkilati dəstəyi ilə Dubay və Azərbaycan sahibkarlarının biznes-forumu təşkil olunacaq. 25 oktyabr tarixində isə Xəzər-Avropa İnşaat Klubunun “Regionda inşaat sənayesinin perspektivləri və inkişafı” mövzusunda 3-cü iclası keçiriləcək. İclas çərçivəsində şəhərsalmanın planlaşdırılması, tikintinin keyfiyyəti və özünütənzimləmə, tikilmiş ərazilərin inkişafı və tarixi mərkəzlərin qorunub saxlanması kimi məsələlər müzakirə olunacaq.
“BakuBuild” sərgisi ilə eyni meydançada “Aqua-Therm Baku 2013” 5-ci Yubiley Beynəlxalq “İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” sərgisi və “CIPS Caspian 2013” 6-cı Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” sərgisi keçiriləcək. “BakuBuild 2013” sərgisi İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” MMC çıxış edirlər. Sərgi 26 oktyabr tarixində öz işini başa vuracaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info