“Azərbaycanlıların soyqırımını əks etdirən geyim kolleksiyası üzərində çalışıram”
Tarix: 23.10.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Qalib Həsənov: “Xaricdə təhsil alan hər bir gənc savadlanmaqla yanaşı Azərbaycanın müsbət imicini formalaşdırır”

Xaricdə müxtəlif sahələr üzrə təhsil alan Azərbaycanlı gənclər var. Müsahibimiz Qalib Həsənov isə (Galib Gassanoff) İtaliyada nisbətən fərqli sahə üzrə təhsil alır. O, müsahibəyə ilk olaraq özü haqda danışmaqla başladı:

-1994-cü il oktyabrın 26-da Gürcüstanın Qardabani (Borçalı,Qarayazı) rayonunun Qaracalar kəndində dünyaya gəlmişəm. Sadə azərbaycanlı ailəsində tərbiyə almışam. Həmin kəndin orta məktəbində təhsilimi (Azərbaycan dilində) başa vurduqdan sonra Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Film (kinemotoqrafiya) Universitetinə daxil olmuşam. Məktəbin son illərində geyim mədəniyyəti və dizayn üzrə Medea Çaxava İncəsənət akademiyasinda təhsil alırdım, təhsilin səviyyəsinin aşağı olmağına baxmayaraq dəyərli məlumatlar əldə etdim. Həmin təhsil müəssisəsinin son ilində artıq Tbilisi moda həftəsinin “Gənc dizayner” (Tbilisi Faşion Week-Newcomers 2013) müsabiqəsində iştirak etməyə cəhd göstərdim, uğur əldə etdim. 1-ci yer və Polşada “Inny Wymiar Mody-Bialystok’’-da Gürcüstanın təmsili mənə həvalə olundu. Həmin il, eyni kolleksiyanı “Be Next’’ beynəlxalq moda müsabiqəsində “Be Next Faşion Design Contest-Art and Faşion days 2013’’ təqdim edərək qaliblərdən biri oldum və “Milan Haute Future Faşion Academy’’-də 1 il təhsil almaq şansı əldə etdim. Hazırda Milanda həmin müəssisədə təhsil alıram.
- Gənclərimizin xaricdə təhsil almaları Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
-Avropa ölkələrindəki təhsil səviyyəsinin və texnologiyanın inkişafı, eyni zamanda kadrların müasirliyi gənclərin xaricdə təhsil almağa daha çox can atmasına vadar edir. Bu həm də Azərbaycanın və azərbaycançılığın xarici ölkələrdə, dünyada təbliği deməkdir. Xaricdə təhsil alan hər bir gənc savadlanmaqla yanaşı Azərbaycanın müsbət imicini formalaşdırır...
- Sizi hansı səbəb bu sahəyə çəkib?
- Uşaqlıqdan incəsənəti sevirəm, rəsmlə məşğul oluram. Moda (Dəb) və dizayn incəsənətin müasir növlərindəndir. Hər bir şəxs geyimi ilə öz daxili hisslərini, kimliyini danışmadan nümayiş edə bilər, sadəcə bundan düzgün istifadə edə bilmək zəruridir. Hər bir kolleksiyanın mövzusu, hədəf nöqtəsi var. Məsələn, Azərbaycan mövzusunda hazırlanmış geyim kolleksiyası ilə mən Azərbaycanın tarixini, geyim mədəniyyətini, musiqisini və daha bir çox yönünü nümayiş edə bilərəm. Belə minlərlə mövzu var və reallıqları bu cəhətdən ictimaiyyətə çatdırmaq fərqli, yeni bir vasitədir. Məhz buna görə bu sənətdəyəm.
- Təhsilinizi bitirdikdən sonra Vətənə dönüb bu sahədə çalışacaqsınız?
- İlk növbədə qeyd edim ki, mənim iki vətənim var; Gürcüstan və Azərbaycan. Hər ikisində də bu sahə zəif inkişaf etdiyindən Qafqaz reallıqlarını Qərbə çatdırmaq üçün hansısa Avropa ölkəsində fəaliyyət daha məqsədəuyğundur.
- İtaliyada bu sahədə olan yerli dərnək və klublarla əməkdaşlıq edirsiniz?
-Təhsil və yeni layihələrlə əlaqədar bir çox qurumlarla çalışıram. İtaliyanın yeni brendlərindən olan Cristiano Burani ilə təhsil, “Camera Nazionale della Moda Italiana’’ yeni layihələr və “GQ İtaly” jurnalı ilə layihələrin mətbuatda təqdimi istiqamətində əməkdaşlıq edirəm.
-Azərbaycanda moda sənətinin vəziyyətini necə qiymətləndirirsiz?
- Azərbaycanda incəsənətin bütün sahələrindən fərqli olaraq təəssüflər olsun ki, geyim mədəniyyəti və dizayn sahəsində heç bir inkişaf hiss olunmur. Müasir həyatda bu sahəyə böyük ehtiyac var, gənclərin həyatında böyük yerə sahib olan geyim Azərbaycanda bir növ cəfəngiyyata çevrilib. Rəng və parçaların, həndəsi kəsimlərin uyğunsuzluğu Azərbaycanda bu sənətin demək olar ki, heç inkişaf etməməsinin əsas göstəricisidir.
- Sizcə, Azərbaycanda bu sahəni necə inkişaf etdirmək olar?
- Düzgün təhsil sistemi, müasir kadrlar və yaradıcı gənclər Azərbaycanda bu sahənin inkişafına töhfə verəcək amillərdəndir. Bu sahənin tam Azərbaycan dilində inkişafı vacibdir. Nədənsə bizim “intelligentlərimiz” bu və bəzi bunun kimi sahələrin rus dilində tədrisinə üstünlük verirlər. Bu da sənətin xalqa əks-təsirinə gətirib çıxarır, milliliyi və müasirliyi məhv edir. Yalnız bundan sonra ümid edirəm ki, televiziyada özünü tapa bilməyən “incəsənət xadimləri”nin, televiziya işçilərinin geyimini və zövqünü müəyyən qədər dəyişə bilərik. Məhz mətbuatda müntəzəm görünən şəxslər uşaq və gənclərə örnək, nümunə olurlar. Bu gün tragikomik vəziyyətdə olan bir çox müğənnilərin və digərlərinin xarici görünüşü müəyyən qədər müasirləşərək, mentallığımıza uyğun gəlir.
-Özünüzü gələcəyin tanınmış modelyeri kimi görürsünüzmü?
- Əgər mən bu gün özümü ən öndə gedənlərlə müqayisə etməsəm, gələcəkdə orta səviyyədə belə dayana bilmərəm. Bunun üçün ən yüksək pilləni arzulayaraq irəliləməyi vacib görürəm. Məhz buna görə, niyə də yox? Bir azərbaycanlının da bu sahədə öz sözünü deməyə haqqı və imkanları var.
- Gələcək üçün hansı planlarınız var?
-Gələcək üçün əsas planım və məqsədim öz markamı qurmaq və geyim mədəniyyəti sahəsində, müasir dəb incəsənətində yeni xətt, Qərb və Şərqin qovşağını yaratmaqdır. Azərbaycan milli atributlarindan və musiqimizdən maksimum dərəcədə istifadə edərək təbliğ etmək və dünya ictimaiyyətinə çatdırmaqdır. Hal-hazırda tarixi həqiqətlərimizi, azərbaycanlıların soyqırımını əks etdirən yeni kolleksiya üzərində çalışıram. Adı “613” olacaq bu layihə Xocalı həqiqətlərini əks etdirən geyim kolleksiyasından ibarət olacaq. Bu kimi layihələr çoxdur. Belə işlərin siyasi potensialı da müəyyən dərəcədə yüksəkdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info