Filosoflar oteli-VIDEO
Tarix: 14.07.2020 | Saat: 00:02:00 | E-mail | Çapa göndər



“Filosoflar heç din xadimi öldürməmişdir, halbuki din xadimləri çoxlu filosof öldürmüşdür”




Fransa, Paris 1749.

Saat: 7:30, Latın bölgəsi, Rue de I Estrapade küç, ev 20
Dinə, dövlətə və krala qarşı olduğu hesab edilən Deni Didro 6 aydır ki, polis tərəfindən təqib edilirdi.


Deni Didro? (Denis Diderot)
Ailəsinin ən böyük arzusu olan kilsə həyatından imtina edən, gələcəyin yazıçısı, filosofu və dramaturqu...
Didronun atası Didiye, maddi vəziyyəti yerində olan, Lanqrda bıçaqçı dükanı işlədən biri idi. Ölümündən sonra oğluna iki yüz min frank miras qoymağı düşünən ata, uşaqlarını yüksək mövqeydə görmək istəyirdi. Lakin həmin dövrdə burjuaziyanın yolundan getməyin tək istiqaməti var idi. Oğlan uşaqlarını rahib olaraq yetişdirmək, qızlarını imkanlı monastra yerləşdirmək... Yaşlı adam bu yoldan gedərək oğlanları Deni və Didieri cezvit kollecinə (XVI əsrdə mövcüd olan İsa dərnəyi ), qızını isə bir monastra yerləşdirdi. Deni sonraları La Religieuse adlı romanında bacısının başına gələnləri izah edirdi. Ehtimal olunur ki, rahibə bacısının monastrda ölümü onu dindən uzaqlaşdırmışdı. Balaca qardaşı isə Lanqr kafedralının seçilən rahiblərindən birinə çevrilmişdi. Lakin illər boyu qardaşı Didronun dinsizliyi, onun önünə gətirilirdi. Qəribəsi atasının rahib kimi görmək istədiyi oğlu materialist olmuşdu. (Materialistlər təbiətdə və kainatda olan bütün hadisələrin maddə və onun törəmələri olduğunu və var olan hər şeyin fizika qanunları çərçivəsində baş verdiyini önə sürürdülər.1 )

1729-cu ildə ailəsi Denini Parisin Arkur kollecinə göndərir. 1732-ci ildə isə Paris Universitetinin incəsənət fakültəsində magistr elmi rütbəsi alır. Lakin Parisə gəldikdən sonra qədimi dillərə və riyaziyyata olan marağı, onu dindən, teologiyadan uzaqlaşdırır. Atasının etirazlarına baxmayaraq rahib olmayacağını təkidlə dilinə gətirirdi. Qızı de Vendeulun yazdığına görə Deni atasına, “Adam öldürməyə niyyəti olmadığı üçün həkim olmaq istəmədiyini, vəkil olmağı isə könül rahatlığı ilə qəbul edə biləcəyini, lakin bütün ömrü boyu başqalarının işlərini görməkdən diksindiyini” deyirdi. Atası ona ultimatum göndərərək Lanqra geri dönməyini istədi, əks halda artıq pul göndərməyəcəyini bildirdi. Sizcə o nə cavab verdi ? Əlbəttə ki, geri dönməyəcəkdi. Parisdə qaldı. Bu hadisə 1733-1734 – cü illərdə baş vermişdi. Bundan sonra Deni Didreonun əsl həyatı başlayır. Tavan arasında qapısı hər kəsə açıq bir otaqda, əynində köhnə geyimdə yaşayırdı. Anası on il ərzində oğluna biraz pul göndərmək imkanına sahib olmuşdu. Didro riyaziyyat, daha sonraları ingilis dilindən dərslər verir, bəziləri üçün yazılar və nitqlər hazırlayaraq həyatını keçindirirdi. Bu illərdə o Antuanetta Championla tanışdı. Ailələrinin razılığı olmadan isə 1743 – cü ildə gizlincə evləndilər. Hazırladığı yazılarından və tərcümələrindən daimi qazanc gəlməyə başlamışdı. İngilis dilindən üç cildlik T.Steniananın “Yunan tarixi” kitabını tərcümə etdi. Bundan sonra isə Buffonun ön söz yazdığı və idarəsində olan iki dostu ilə altı cildlik R. Ceymsin “Tibb ensiklopediya lüğəti”nin tərcüməsini etdi. Böyük ehtimalla geniş ensiklopedik lüğətin hazırlanmasına da elə bu dövrdə qərar verir. Bir müddətdən sonra isə tərcümə işini ərtələyərək, öz xarakterini ifadə edən əsərlər yazmağa başlayır. Onun düşüncələri ideoloji liderlik edən burjuaziyanın inkişafına uyğun olaraq formalaşmışdı. Həqiqətən də XVIII əsrin ilk və ikinci yarısında siyasi həyatın nəbzi şiddətlə vururdu. Bu xüsusən də özünü katoliq kilsəsinin dünyagörüşünə yönələn dağıdıcı tənqidləri üzə çıxarırdı. Müasir böyük fikir və siyasət adamının dediyi kimi:

Allahın tənqidi, dünyanın tənqidi, dinin tənqidi, hüququn tənqidi, katoliq teologiyasının tənqidi və siyasətin tənqidi....

Deni Didro 1749 – cu ildə “Korlar haqqında məktub” əsərini yazdı. Bu kitab materialist fəlsəfənin ilk təməli sayıla bilərdi. Parisin kafe və salonlarında əldən-ələ gəzən bu kitabın müəllifi bəlli olmadığı üçün polis tərəfindən axtarılırdı. “Fəlsəfi düşüncələr” kitabı isə heç bir dinin digərindən fərqli düşüncələr ortaya qoymadığını müdafiə etdiyi üçün Paris küçələrində yandırılmışdı.

31 iyul 1749 – cu ildə Deni polis tərəfindən sorğuya alınır. Ona qarşı yönələn heç bir günahlandırmanı qəbul etmir. “Korlar haqqında məktub” un və digər kitabların ona məxsus olduğunu inkar edərək, and içir. Lakin polis, Deninin nəşriyyatçısı Durandı sorğuya aldı və ehtimal olunur ki, təzyiq nəticəsində Durand kitabların Deniyə məxsus olduğunu etiraf edir. Polisin təzyiqləri artmağa başlamışdı, əgər razılığa gəlməsə yoldaşına Nanettə onu aldatdığı deyiləcəkdi. Üstəlik balaca oğlu xəstələnmişdi və nəşriyyatdan gələn aylıq da dayandırılmışdı. Yuxusuz gecələr keçirən Deni, qorxu və kabusla dolu gecələrdən sonra nəhayət etiraf edir.

Noyabr ayında azadlığa buraxılan Deni Didro təkcə Fransada deyil bütün Avropada məşhur olmuşdu.

Bəs niyə bu kitablara görə təqib edilirdi?

“Fəlsəfi düşüncələr” kitabını deist olan Deni qələmə aldığı halda, “Korlar haqqında məktub”u yazanda Deni artıq ateist idi. Bütün bu fəlsəfi göstərişin, korluq ilə görmə qabiliyyəti üzərinə təsis edilmiş söhbətlərin arasında, yer üzü və təbiət haqqında bilgilər gizlənmişdi. Kitabda insan da daxil olmaqla bütün inkişaf etmiş canlıların zamanın başlanğıcından bəri “mədəyə və bağırsağa, ümumiyyətlə heç bir formaya malik olmayan türdən əmələ gəldiyi fikrini irəli sürürdü. Öz başına var ola bilən və varlığını uzun müddət qoruyan orqanizmlər bir-birini əvəz edərək yer kürəsində yaşayırdı. Burada Tanrı yox idi. Burada Yaradan yox idi. Deni Didroya görə canlılar Tanrı tərəfindən yaradılmamışdır. Onlar müəyyən canlı orqanizmlərin təkamülü nəticəsində ortaya çıxmışdır. Bəs necə oldu ki, gələcəkdə rahib olma ehtimalı olan bu gənc ateist olmuşdur? Deni buraya gələndə, Paris onu düşüncəli insanları, kitabxanaları, kafelərı, fəlsəfi və metafizik söhbətləri ilə heyran buraxmışdı. Bitmək bilməyən acgözlüklə əldə etdiyi kitabları mütaliə edir, söhbətlərə qoşulurdu. Topladığı kitablarla özünə möhtəşəm kitabxana qurmuşdu. Bu dövrdə Fransanda, xüsusən də Parisdə Trembleyin kəşf etdiyi, öz-özünü yeniləyən poliplər haqqında söhbətlər geniş sürətdə yayılmışdı. Bundan öncə kəpənəyin qanadlarındaki naxışları və gözün quruluşunda tanrının varlığını isbatlamağa çalışan Deni artıq bu hadisədən sonra biologiya ilə maraqlanmağa başlamışdı. Təbiətlə bağlı kitabları alır və doymaz bilməyən həvəslə mütaliə edirdi. Xüsusən də Parisin Jardın du Roi adlı botanik baxçalarının kitabxanasından kitablar kirayəyə götürərək mütaliə etməyə davam edirdi.

Ailəsindəki problemlər davam edirdi. 1950-ci ildə Nanette yenidən hamilə idi. Təəssüflər olsun ki, dörd yaşlı oğlu iyul ayında yüksək qızdırmadan vəfat etmişdi. Ondan sonra dünyaya gələn oğlan uşağı da növbəti ilə sağ çıxa bilməmişdi.

O, həbsdən çıxdıqdan sonra gələcəkdə ömürlük dostu ilə Paul Thiry Baron d,Holbachla tanış olur. Holbach yarı alman, yarı fransız, yeni evli, ağıllı, həddindən artıq imkanlı və çevrəsi geniş olan biri idi. O, rue Rolyalda yerləşən çərşənbə və bazar günü axşamları Parisin ən maraqlı simalarının bəzilərinin qatıldığı, ziyafətlər təşkil etdiyi, altı mərtəbəli, zərif və geniş evdə yaşayırdı. Onlar tanışanda Holbach 30, Deni 40 –lı yaşlarında idi. Baron Holbachın “Filosoflar oteli” adlanan evi təkcə möhtəşəm fikirli insanların toplaşdığı məkan yox, həmçinin Ensiklopediyanın hazırlandığı yer idi. Filosoflar otelinin məqsədi xalqdan gizlədilən bilgiləri, onlara çatdırmaq idi. Deni Didro informasiya fabrikinin əsas maşını idi. O, “fəlsəfəni sürətli şəkildə insanlar arasında yaymalıyıq. Fəlsəfəçilərin irəli getməsini istəyiriksə əgər, bu gününki filosofların səviyyəsinə çatdırmalıyıq onları” deyirdi.

Fəlsəfi və ədəbi düşüncələri


Deni Didro materiyanın məhv olması və yaşaması ideyasını müdafiə edirdi. O, insanı duyğulara önəm verir, ağılı hakim, duyğuları isə onun şahidləri adlandırırdı. Ağılla hisslər eyni deyil. Onlar dialektik vəhdətdə olmalıdır deyirdi. Onun fikrincə, cəmiyyət xalqa lazımı tərbiyə və təhsil vermədiyi üçün xalqın içərisindəki istedadlar məhv olurdu. Didro göstərirdi ki, tərbiyə və təhsil insanların əxlaqlı, ləyaqətli, mədəni, həssas şəxsiyyətlər kimi formalaşdırır. Tərbiyə nəticəsində belə kölələr özlərini gözəl hiss edir, köləlik üçün doğulmadıqlarını dərk edirlər. O, məktəblərdə riyaziyyat, fizika, kimya, astronomiya kimi real fənlərin tədris edilməsini tələb edirdi7.

Didro əsərlərində və çıxışlarında xalqa xidmət etməyi məsləhət görürdü. Klassistlər sənətin insana xidmətini qəbul etmirdilər və bunu sənətin ölümü kimi izah edirdilər. Didro isə bildirirdi ki, sənətkar xalqa xidmət etməlidir7.

Ensiklopedik fəaliyyəti.

1740 – ci ildən ensiklopediya hazırlamaq istəyi onu, belə bir iş görmək istəyən Le Breton və Dalamberlə tanışlığına sövq edir. Durand 1750-ci ildə Ensiklopediyanı tanıtan səkkiz min kitabça nəşr etdirir və 1751-ci ildə ilk cild yayıma buraxılır. 1751-ci ilin aprel ayında ensiklopediyanın 1002 ədəd abonesi var idi. İlin sonunda bu say 2119 və zamanla 4000 qədər yüksəlmişdi. Ensiklopediyanın hazırlanmasında təkcə Deni Didro deyil, həmçinin Volter, Ş.L.Monteskyö, J.J.Russo və.s mütəfəkkirlər iştirak etmişdir. Deni Didro həyatının iyirmi ilini ensiklopediyanın hazırlanmasına sərf etmişdir. İkinci nəşrdən sonra rahiblər etirazlara başlayaraq kraldan, ensiklopediyaların toplanması istəklərini irəli sürdülər. Həvəsdən düşməyən Deni ildə bir cild hazırlayırdı. Bu illər ərzində şəxsi əsərlərinə az yer verməyə başlamışdı. Bu dövrlərdə artan təzyiqlər ilk öncə Dalamberi daha sonra Volteri işlərdən uzaqlaşdırdı. Deni Didronun etirazları bitmək bilmirdi. Qızı Xatirələr kitabında atasının bu işi buraxmaq istəyi ilə bağlı yazırdı. Deni Didro 1764 – cü ildə Le Bretona bunları yazırdı: “ Siz məni iki il alçaqca aldatdınız. Zamanlarını sizə vermiş, iyirmi namuslu insanın əməyini öldürdünüz yaxud yaşlı bir heyvana öldürtdünüz. Onlar, gecə-gündüz yaxşılıqdan və həqiqətdən başqa bir şey düşünmədən çalışmışdılar. Tək ümidləri fikirlərinin yayıldığını görmək, layiq olduqları təqdirləri toplamaqdan ibarət idi. Sizin haqsızlığınız və nankorluğunuz onları bundan da məhrum etmişdir”.

1772-1775 – ci illər aralığında Deni özünü tamamilə ensiklopediyanın hazırlanmasına həsr etmişdi. 25 il ərzində Ensiklopediyanın 35 cildi bilavasitə onun rəhbərliyi ilə hazırlandı. Onun 6000 – dən çox məqaləsi ensiklopediya daxilində nəşr edildi. Başqa fəaliyyətlərə az vaxt ayırmasına baxmayaraq şah əsərlərini elə bu dövrdə hazırlamışdır.

Bu dövrlərdə Rusiyada sərt köləlik sistemi mövcüd idi. II Ekaterina Avropada özünə maraq toplamaq üçün, xüsusən də Fransada filosoflarla dostluq qurmağa çalışırdı. Deni Didroya isə ayrıca maraq göstərirdi. Artıq 60 – lı yaşlarında olan Deni Didro qızını evləndirmə ərəfəsində olduğu üçün kitabxanasını satışa çıxarmışdı. ( Qızına, anası və bacısının xatirəsinə əsasən Anjelika adını vermişdi.) Parisdə dostu, D.A Qolisin II Ekaterinaya kitabxananı almağı tövsiyə etmişdi. Kraliçə tövsiyəni qəbul edərək, kitabxananı 15.000 franka alır. Lakin böyük təvazökarlıq göstərərək ölümünə qədər kitabxanadan istifadə etməsi ilə yanaşı ayda 1000 frank maaşla onu kitabxanaçı təyin edir. Bu kitablar Parisdə kirayə bir evə köçürülür və Fransada böyük səs gətirir. Lakin II Ekaterina Deni Didronun ölümündən sonra kitabxananı ( 1785 ) Sankt Peterburqa Ermitajın zallarından birinə yerləşdirir. Ancaq vahid bir toplu olaraq bu kitabxana Rusiyanın çoxsaylı kitab qurumlarına səpələndiyi üçün bizə gəlib çatmayıb.

1773-cü ildə Deni Didronun Sankt Peterburqa səfəri baş tutur. II Ekaterina onu böyük məhəbbətlə qarşılayır. ( və ya belə görünmək istəyirdi.) Didronun onun haqqında düşüncələrinə nəzər yetirsək əgər, kraliçanı “Kleopatranın cazibəsi və Brutusun ruhu ilə birləşib” deyə mədh etmişdi. Deni Didro heç nədən çəkinmədən öz fikirlərini sarayda səsləndirirdi. Kraliçə isə səmimiyyətlə bunu qarşılayırdı. Sonradan çıxışlarına nəzər yetirsək əslində inqilabçı filosofa qarşı antipatiyasının olduğunu görə bilərik. “ Onunla uzun-uzun söhbətlər edirdik. Amma bunu faydalanmaqdan çox, maraq duyduğum üçün edirdim. Əgər onun dediklərini dinləmiş olsaydım imperiyada hər şey alt-üst olardı.” Əslində Didro bunu hiss etmişdi və “ Filosofla hökmdarın gözü başqa, başqa görür” şəklində ifadə etmişdir.

Zaman keçdi və artıq Deni Didro yaşlı adam idi. “Demək olar heç evdən çıxmıram. “Çıxdığımda isə bu ana qədər durğun olmayan, sərt dalğalarla örtülü olduğunu heç görmədiyim dənizə gedirəm. Ucu bucağı olmayan düzənlik və mırıltılar insanı xəyala sürükləyir, orada gözəl xəyallar qururam” deyə yazdı.

Deni Didro 19 fevral 1984-cü ildə qan qusaraq yatağa düşür. Onun bu halını fürsət bilən məhəllə rahibi, onu dinə gətirmək üçün başucuna gəlir. Çünki, rahib neçə-neçə filosofun son nəfəsində imana gəldiyini görmüşdü. Filosof rahibi gülərüzlə qarşılayır. Dostca danışırlar. Rahib ölmək üzrə olan Deni Didrodan indiyə kimi yazdıqlarının yanlış olduğunu deyərsə ağrı-acısı azalar deyə bundan istifadə etməsini istəyir. Lakin rahibə:

- “Bəlkə, rahib əfəndi, amma belə bir şey etmiş olsam, yalan danışmış olaram.” deyir.

Qızının xatirələrinə əsasən ölümündən bir gün əvvəl dostları ilə danışarkən sözün fəlsəfəyə haradan gəldiyi soruşulur. O, fəlsəfəyə getmək üçün ilk yolun imansızlıqdan keçdiyini ifadə edir.

Sabahı gün 31 iyul 1984-cü ildə Deni Didro bir az həkimi ilə söhbətləşir. Lakin hər kəs süfrəyə əyləşdikdə, yoldaşı ona səslənir. Amma səs gəlmir. Deni Didro artıq həyatda deyildi.

Deni Didro 1784 – cü ildə, inancını dəyişməyə heç bir cəhd etmədən öləndə, qızı əlli rahibin nəzarətində, Filosoflar otelindən bir neçə küçə irəlidə yerləşən Saint-Roch kilsəsində onu dəfn etdirir. Bunu uzun müddət idi ki, düşünürdü. Qırx il öncə Hemeryə, öldükdən sonra ailəsinin istəyinə uyğun dini rituallarla dəfn edilməsinə icazə verəcəyini demişdir. Le Mercurenin qeydlərinə əsasən, cənazəyə seçilmiş insanlar, akademiklər, yazarar qatılmışdı. Deni Didronun ölümünə olan bu maraq xalqın ancaq şəhzadələrə olan marağı ilə müqayisə edilə bilərdi. Son mənzilinə küçələrdə, pəncərələrdə və hətta evlərin üzərindən belə onu izləməyə iyirmi min yaxın insan gəlmişdi.

Bizə, möhtəşəm əsərlər və fikirlər toplusunu buraxaraq, elm və fəlsəfə dünyasını tərk edən filosofun əsərlərinin bir hissəsini sizə təqdim edirəm.

Əsərləri:
Religieuse ( Rahibə, 1760 )
La Neveu de Rameau ( Ramonun qardaşı oğlu, 1762-1779, Goethe alman dilinə tərcümə edib )
Jacque Le Fataliste ( Fatalist Jak və onun ağası, 1773 )
Paradoxes sur le Comedian
Nigahdankənar oğul və ya xeyirxahların sınağı ( 1757 )
Ailənin banisi ( 1758 )
Alleya, yaxud şəkkakın gəzintisi ( 1747 )
Cüzi olmayan xəzinə ( 1748 )
Ağ quş ( 1948 )
Müsahibə
Dramatik əsər haqqında mühakimə
Zahidə və.s

Lamiyə Miryaqubova






 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
10.08.2020
Tyanada 4-cü əsrə aid səkkizbucaqlı kilsə aşkarlandı
10.08.2020
Norveçdə yaşayan azərbaycanlı modelyerin kolleksiyası Antalyada təqdim olunub
10.08.2020
Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir
09.08.2020
Portuqaliya təqaüdçülərini yenidən işə çağırır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info