Biz bunu bacardıq
Tarix: 04.08.2020 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


BDU məzunları təssüratlarını bölüşür

Tədris ilinin sona çatması buraxılış kursunun tələbələri üçün sevincli, bir o qədər də kədərli anlar yaşadır. Neçə illər ərzində çəkdikləri əziyyət, yuxusuz gecələr, gərgin imtahan sessiyaları geridə qalır. Tələbəlik insanın gənclik çağının maraqlı, parlaq, unudulmaz illəri olduğu üçün ondan ayrılmaq çətin olur. Sona çatan tələbəlik illərinin acılı-şirinli günləri əlçatmaz bir xəyala dönür. Amma necə deyərlər, hər son bir başlanğıcın əvvəlidir. Necə ki, artıq məzunlarımız yeni həyata qədəm qoyur, onlar üçün yeni qapılar açılır. İnanırıq ki, məzunlarımız özlərini bir fərd kimi dərk etdikləri, gələcək uğurlarının təməli qoyulduğu Bakı Dövlət Universitetində gənclik dövrlərinin ən gözəl illərini yaşadılar, BDU isə xatirələrində ən doğma, ən əziz bir məkan kimi qalacaq.
Məzunlarımızın Bakı Dövlət Universitetində əldə etdikləri bilik və bacarıqlar, sosial fəaliyyətləri, iştirakçısı olduqları yarışlar, tələbə təcrübə proqramları, gələcək planları, abituriyentlərə tövsiyələri və BDU məzunu olmağın onlarda yaratdığı hisslər barədə fikirlərini, təəssüratlarını öyrəndik.
Kimya fakültəsinin ingilis bölməsindən məzun olan Mətanət Məmmədova deyir ki, Bakı Dövlət Universitetinin məzunu olmaq olduqca qürurverici hissdir. Dörd illik təhsil müddətində ən böyük dəstəkçiləri olan müəllimləri tərəfindən ixtisaslarını öyrənməklə yanaşı, ingilis dilinə də akademik səviyyədə yiyələniblər. Müəllimləri, tələbə yoldaşları ilə bağlı gözəl xatirələrinin çox olduğunu söyləyən Mətanət, bütün müəllimlərin onunçün dəyərli, kimya ixtisasına yiyələndiyi üçün məhz onlara borclu olduğunu bildirdi. Mətanətlə söhbətimiz zamanı hər imtahan öncəsi tələbə yoldaşlarının “Biz bunu da bacararıq” deyərək bir-birilərinə dəstək olmalarını, motivasiya etdiklərini də öyrəndik. BDU-da yaşadıqlarının olduqca gözəl və özəl olduğunu deyən məzunumuz, bunları heç vaxt unutmayacağını dedi. O, yaxın gələcəkdə özünün və qrup yoldaşlarının ixtisaslarına uyğun iş tapıb, ailələrinə və Vətənə yararlı olacaqlarına ümidli olduğunu da bildirdi. Bakı Dövlət Universitetinin məzunu olmağın sevincini yaşayan Mətanət, “Dörd ilinizin unudulmaz, xoş xatirələrlə dolu bir şəkildə keçməyini istəyirsinizsə, sevdiyiniz ixtisası öyrənin" deyərək abituriyentlərə səsləndi. Həmçinin onları daima öyrənməyə, çalışmağa, yeniliklərdən xəbərdar olmağa çağırdı.
Hüquq fakültəsinin məzunu olmaqla xəyalları gerçək olan Nərmin Xəlilzadə təhsil aldığı müddət ərzində müəllimlərinin ona verdikləri biliklərlə yanaşı, oxuduğu fakültəni, çalışacağı peşə sahəsini də sevdirdiklərini deyir. O, dövlət orqanlarında fəaliyyət göstərən professor-müəllimlərlə tanış olmağın, onların təcrübələrini və məsləhətlərini dinləməyin hədsiz qürurverici olduğunu bildirdi. Nərmin deyir ki, Bakı Dövlət Universiteti ona bilik əldə etməklə yanaşı, möhkəm dostluqlar və unudulmaz xatirələr də qazandırıb. Xatirələrindən birinin BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Korrupsiya və iqtisadi cinayətlər idarəsinin, BDU-nun Hüquq fakültəsinin və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin birgə təşkilatçılığı ilə Hüquq fakültəsində təşkil olunmuş “Korrupsiyaya qarşı mübarizə” sahəsində tədris seminarında iştirakı olub. Məzunumuz BDU-da təhsil aldığı müddətdə yüzlərlə namizəd arasından seçilərək Çinin Tsinxua Universitetinin yay məktəbində iştirak etmək şansı da qazanıb. Universitet daxilində ELSA və Tələbə Həmkarlar Təşkilatının üzvü olub. Yorulmadan öz üzərində işləyən Nərmin, Universitetdə təhsil alması ilə bərabər, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Cinayət kollegiyalarında üç ay müddətinə könüllü xidmət göstərib, fəaliyyətini fərqlənmə ilə başa vurub. Söhbətimiz zamanı öyrəndik ki, Nərmin son aylarda istehsalat təcrübəsində olduğu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Akademiyasında, Nərimanov rayon Məhkəməsi və Nizami rayon Prokurorluğunda fəaliyyət göstərərək bilik və təcrübəsini daha da zənginləşdirib. Onunla bir az da gələcək planlarından danışdıq. Bildirdi ki, hazırki planı Azərbaycan Diplomatik Akademiyasının magistratura pilləsinin “Dövlət idarəetməsi” ixtisasında təhsilini davam etdirməkdir. Başlıca hədəfinin isə respublikamızda fəaliyyət göstərən dövlət orqanlarında ədalətlilik prinsipi əsasında, əlindən gələnin ən yaxşısını edərək çalışmaqdır. Nərmin abituriyentlərə ixtisas seçimində ailələrin, böyüklərin məsləhətlərini dinləyib yekun qərarı özlərinin verməsinin vacibliyini vurğuladı. Bildirdi ki, sevdiyi işi görən insanların iş həyatında qazandığı uğurların daha çox olması dəfələrlə müxtəlif təcrübələrlə sınanıb və sübut olunub. O, abituriyentlərə həm də özlərini xəyallarındakı işin sahibi kimi təsəvvür etməyi tövsiyə etdi. Bildirdi ki, bu onlara motivasiya verəcək və uğura aparacaq.
Jurnalistika fakültəsinin məzunu olan Elbrus İbrahimov BDU-nun ona ilk növbədə dəyərli insanlarla tanışlıq qazandırdığını, universitetə qəbul olunduğu gündən məzun olanadək yeni biliklər öyrəndiyini dedi. Həmsöhbətimiz II kursda oxuyandan həm də çalışmağa başlayıb, BDU TV onun üçün ilk təcrübə yeri olub. Səs redaktorluğu ilə başlayan təcrübə xəbər aparıcılığına qədər yüksəlib. Daha sonra nitq təlimçisi kimi fəaliyyət göstərib, hazırda isə ARB TV-də çalışır. Universitetə qəbul olanadək insanlarla ünsiyyət qurmaqda çətinlik çəkdiyini deyən Elbrus, universitetə daxil olduqdan sonra qrup yoldaşları və digər insanlarla ünsiyyət qurma bacarığının formalaşdığını bildirdi. Məzunumuz gələcək planlarından danışarkən, əsas məqsədinin ölkə xaricində magistratura təhsili almaq, özünü inkişaf etdirib, şəxsi şirkətini yaratmaq olduğunu söylədi. Abituriyentlərə tövsiyə olaraq, istəmədikləri ixtisasda oxuyub, həyatlarının dörd ilini boş yerə hədər vermək əvəzinə, özlərini hansı sahədə görmək istəyirlərsə, o sahə üzrə təhsil almağı qarşılarına məqsəd qoysunlar dedi. BDU məzunu olmasının qürurunu yaşayan Elbrus, BDU-nun həyatındakı yerinin əvəzsiz olduğunu vurğuladı.
Kitabxanaçılıq-informasiya fakültəsindən məzun olan İzzət Mikayılzadə gənc yazıçıdır. Universitetdə oxuduğu müddətdə ədəbiyyat adına işlər görməyə çalışıb. İşlərdən biri kimi 2019-cu ildə onun rəhbərliyi ilə reallaşan "Müharibədən sözə, sözdən sülhə" adlı lahiyədir. İzzət deyir ki, bu layihəni Tələbə Həmkarlar İttifaqının, dostlarının və müəllimlərinin dəstəyi ilə həyata keçirib. Universitet qəzetində hekayələri, yazıları dərc olunub. İzzət tələbəlik illərində əldə etdiyi uğurlardan danışarkən, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş "Ulu Öndər Heydər Əliyev - Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu" adlı publisistik məqalə müsabiqəsində II yerə layiq görüldüyünü də bildirdi. Gələcəklə bağlı xəyallarının çox olduğunu deyən məzunumuz ilk növbədə redaktor kimi işləyib təkmilləşmək istədiyini, hekayələrindən ibarət ilk kitabını nəşr etdirməyi, müxtəlif xarici dillər öyrənməyi arzu edir. Məzunumuz təcrübələrindən yola çıxaraq, abituriyentlərə dil bacarıqlarını inkişaf etdirməyi, oxuduqları peşəni sevməyi tövsiyə etdi. BDU-nun ona ailə kimi dostlar, dost kimi müəllimlər qazandırdığını vurğulayan İzzət Bakı Dövlət Universitetindən məzun olmağın sevincinin böyük olduğunu deyib, universitetin istənilən yerdə adı çəkiləndə bir addım öndə olmağın üstünlüyünə diqqət çəkib.
Ekologiya və torpaqşünaslıq fakültəsinin məzunu Ramid Afizov Bakı Dövlət Universitetinə qəbul olunmasını həyatının yeni başlanğıcı, dönüş nöqtəsi hesab edir. Deyir ki, BDU sayəsində professor və akademiklərin mühazirələrini dinləmək şansı qazanıb, təzə dostlar, yeni tanışlıqlar əldə edib. Ramidin sosial fəaliyyəti I kursdan öz təsirini göstərib. 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarında komanda rəhbəri olub, təcrübə qazanıb. II kursda Tələbə Gənclər Təşkilatının Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədr müavini, III kursda isə təşkilatın fakültə sədri olaraq fəaliyyət göstərib, sosiallaşma bacarıqlarını inkişaf etdirib. BDU-nun 100 illiyinə həsr olunmuş Enactus2019 komandasında yeganə fakültə təmsilçisi olub, proqram çərçivəsində "Siqaret çəkmə, ağac ək" devizi altında keçirilən fləşmobun ideya rəhbəri, təşkilatçısı olub. Məzunumuz deyir ki, Enactus Azərbaycan tərəfindən sertifikatla təltif olunmağım, universitet miqyasında özümü doğrultmağıma şərait yaradıb. Doğma Universitetindən ayrılarkən Ramid həm təəssüf hissi keçirir, həm də flaqman ali təhsil ocağından məzun olmağın sevincini yaşayır.
Tarix fakültəsinin məzunu olan Lalə Əsgərova hədəflərinə doğru irəlilədiyi yolda Bakı Dövlət Universitetinin misilsiz bir vasitəçi olduğunu deyir. Məzunumuz Bakı Dövlət Universitetinin mövcud olduğu 100 il ərzində xalqımızın maariflənməsində, milli təfəkkürünün formalaşmasında oynadığı müstəsna roldan danışdı, tələbələrin inkişafı üçün ziyalıların, görkəmli pedaqoqların iştirakı ilə mütamadi olaraq tədbirlərin təşkil edildiyini bildirdi. Lalə 2017-ci ildə Bakı Dövlət Universitetində keçirilən "Azərbaycanda türk xalqları tarixinin tədqiq və tədrisi məsələləri" Respublika elmi-praktik konfransında iştirak edib. Bununla yanaşı “Türk dünyası gənc tədqiqatçılar dərnəyinin araşdırmaları" adlı jurnalda üç məqaləsi çap edilib. Lalə universitet seçimi edəcək abituriyentlərə məhz Bakı Dövlət Universitetini seçib, təhsillərini burada davam etdirməyi məsləhət gördü. Gələcəyə gedən yolda özünə bələdçi kimi Bakı Dövlət Universitetini seçdiyini deyən Lalə, magistratura təhsilini də BDU-da alacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Məktəb direktoru olmaq istəyənlər üçün təlimlər keçiriləcək
21.09.2020
I-IV siniflər üzrə 7 868 şagirdin valideyni övladını məktəbə göndərməkdən imtina edib
21.09.2020
Təhsil Nazirliyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyi ilə bağlı açıqlama yayıb
21.09.2020
Xaricidə təhsildə ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi qaydalarında dəyişiklik edilib
21.09.2020
UNEC-də yeni kafedra və laboratoriyalar yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info