“Bu aləti yerə qoydunsa, sənin deyil”
Tarix: 28.10.2013 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


Xalq artisti Firuz Əliyev: “Azərbaycan musiqi sənəti bütün dünyaya bəllidir. Ona görə də bu günün gənclərini, musiqi sənətini milli ruhda xüsusi tədris edirik ki, xalqımızın kimliyini dünyaya qüsursuz təbliğ edə bilsinlər!”

“Bir xalqın dünyada təbliğ olunması üçün onun milli dəyərlərinin tanınması əsas şərtdir”

Müsahibimiz görkəmli tarzən, Azərbaycan Milli Konservatoriyasının dosenti, Xalq artisti Firuz Əliyevdir. Firuz müəllim qəzetimizə müsahibəsində tədris etdiyi tar sənəti barədə məlumat verdi:

- Firuz müəllim, tədris etdiyiniz tar sənətinin bugünkü gənc nümayəndələrindən razısınızmı? Onların sənət dünyamızda gələcəklərini necə görürsünüz?
- Bəli, əlbəttə qane edir. Bizim keçmişdə və bu gündə yaxşı sənətkarlarımız var. Məsələn, klassik tarzənlərimizə misal olaraq Hacı Məmmədov, Əhsən Dadaşov, Həbib Bayramov, Əliağa Quliyev, Sərdar İbrahimov kimi bir çox tarzənlərimiz olub. Bu gün isə respublikanın xalq artistləri Vamiq Məmmədəliyev, Möhlət Müslümov kimi böyük sənətkarlar tar sənətini yaşadırlar. Biz də tələbə olduğumuz zaman öz sənətimizi onlardan öyrənmişik. Bu gün isə gənclər bizdən öyrənirlər.
Hal-hazırda mən Azərbaycan Milli Konservatoriyasında çalışıram. Burada tədris çox yüksək səviyyədə keçirilir. Biz hətta tələbələrə muğamlarımızı, təsniflərimizi və qədim rəqslərimizi xüsusilə öyrədirik. Çünki, Azərbaycan musiqi sənəti bütün dünyaya bəllidir. Ona görə də, bu günün gənclərinə, musiqi sənətini milli ruhda tədris edirik ki, xalqımızın kimliyini dünyaya qüsursuz təbliğ edə bilsinlər! Məsələn, əgər əvvəllər musiqi ağızdan-ağıza gəzirdisə, indi texnologiyanın inkişafı sayəsində hər hansı bir mahnını internet vasitəsilə, səsyazma vasitəsilə əldə etmək mümkündür.
Əlbəttə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən muğam müsabiqələri də xanəndəlik sənətinin inkişafında çox böyük rol oynadı. İncəsənət aləmində bu cür işlərin rolu xüsusidir. Çünki, biz artıq müasir cəmiyyətdə yaşayırıq. Gənclərin cəmiyyətimizdə inkişafları da fərqlidir. Daha çox inteqrasiyaya üstünlük verirlər. Düzdür, inteqrasiya müstəqil bir dövlət üçün labüddür. Lakin bir xalqın dünyada təbliğ olunması üçün onun milli dəyərlərinin tanınması əsas şərtdir. Əlbəttə ki, bu gün muğam festivallarının respublika üzrə gənclər arasında keçirilməsi təqdirəlayiqdir. Bunun üçün Heydər Əliyev Fondunun rolu əvəzsizdir.
Bu günün gəncləri daha çox xarici ritmlərə meyil göstərirlər. Hərdən tarda elə əsərlər ifa edirlər ki, mən heyrətlənirəm. İstedadlı gənclərimizi görüb qürur duyuram. Gənclər əsas onu bilməlidirlər ki, tar alətini ifa etmək çətindir. Bu aləti yerə qoydunsa, sənin deyil. Çünki tar sinədə durmağı sevir. Mən çox istərəm ki, gənclərimiz sevdikləri tar sənətini layiqincə yaşatsınlar.
- Gənc tarzənlər milli dəyərlərə necə üstünlük verirlər?
- Müsabiqələrdən də göründüyü kimi 18 yaşında gənclər qızlar muğam ifa edirlər. Düşünürəm ki, bu dövrdə gənc qızın muğam ifa etməsi böyük bir işdir. Eləcə də gənc tarzənlərin yüksək istedadla ifa etmələri. Yəqin ki, bu bizim qanımızdadır. Dövlətimiz də sağ olsun ki, böyük qayğı göstərir. Şübhəsiz ki, muğama və başqa sahələrə olan bütün qayğılar da göz qabağındadır. Gənclər də dövlətin göstərdiyi bu qayğıdan ilham alaraq milli dəyərlərə daha da bağlanırlar.
- Azərbaycan incəsənətində kifayət qədər tarzənlərimiz var. Amma qadın tarzənlərimiz azdır. Gələcəkdə qadın tarzənlərin yetişməsinə güman var?
- Mən ilk musiqi təhsilimi Maştağada, musiqi məktəbində Novruz Aydəmirovanın sinifində aldım. Asəf Zeynallı adına musiqi texnikumunda oxuduğum zaman ixtisas müəllimim Xalq artisti, gözəl xanım Ceyran Haşımova olub. O vaxtlar Ceyran xanım “Lalə” Qızlar Ansamblının rəhbəri idi. Vaxtilə bizim çox gözəl qadın tarzənlərimiz olub. Onlardan ikisi mənim müəllimlərim olub. Onların musiqi dünyasında yerləri tamam başqadır. Bu gün isə mənim tanıdığım bir neçə gənc qız tələbəmiz var ki, çox gözəl tar ifa edirlər. Çünki, tar çalmaq qız üçün həqiqətən çətindir.
- Tar sənətinə, tara olan sevginiz bilmək istərdik.
- İfaçı olmaq çətindir. 5 il tar sinfində oxumaq, Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olmaqla bilinməz ki səndən necə ifaçı olacaq. Səmimi sözümdür. Konservatoriyaya qəbul olan tələbələr var ki, neçə il burada oxuyurlar. Lakin mən onların bəziləri üçün deyə bilirəm ki, ondan ifaçı ola bilər. Əlbəttə bir müəllimin dediyini əzbərləməklə ifaçı olunmur. Bu sənətdir. İfaçılıq isə çox çətin sənətdir. Musiqiyə sevgi və həvəs insanın içindən gəlməlidir. Çox sevinirəm ki, tələbələrim mənim dediyimdən başqa əlavələr də etsinlər. Bu, mənim üçün daha böyük qürurdur.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info