Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
Tarix: 07.08.2020 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Ustad memar Fəxrəddin Miralay suallarımıza cavab verir:

- Fəxrəddin müəllim, mümkünsə, oxucularımıza, xüsusən də gənc memarlara özünüz haqqında danışın...

- Atam Böyük Miralayev Qazaxdakı ikiillik Pedaqoji seminariyada dərs deyirdi. Bu, məşhur Qori müəllimlər seminariyası idi ki, Müsavat hökuməti vaxtı Firudin bəy Köçərli onu Qazağa köçürmüşdü. Odur ki, indi Firudin bəydən tutmuş respublikamızın bir çox tanınmış alim və müəllimlərinin məzarları Qazaxdadır. Müharibədən sonrakı aclıq illərində Seminariyanın müəllimləri növbə ilə bir-birinin evinə yığışıb tariximizdən, ədəbiyyatımızdan maraqlı söhbətlər edərdilər. Böyük qardaşlarımla birlikdə xalçanın üstündə oturub onlara həvəslə qulaq asardıq. Hələ kiçik yaşlarımdan məndə elmə, ədəbiyyata, mədəniyyətə, tariximizə maraq oyadan həmin müəllimlər oldu.

Mənim formalaşmağımda mühüm rol oynamış digər amil Qazax seminariyasının zəngin kitabxanası idi. 30-cu illərdə Azərbaycandakı bütün çar vaxtındanqalma ictimai və şəxsi kitabxanaları yandırmışdılar. Qazax seminariyasının kitabxanası məhv ediləndə, atam həyatı ilə risk edib kitabların bir hissəsini gizlicə evə gətirmişdi. Mən rusca anlamasam da, həmin kitabların şəkillərinə baxa-baxa çox şeylər öyrəndim. Evin sonbeşiyi olmağım da mənim formalaşmağıma mühüm təsir göstərdi – hərədən nəsə öyrənməyə çalışırdım.

Ailəmiz 1961-ci ildə Sumqayıta köçdü. Orta məktəbi bitirib instituta daxil oldum. Burada da gözəl, istedadlı insanlarla ünsiyyətim yarandı və möhkəmləndi: Cahangir Məmmədov, Hacıəmi Atakişiyev, qardaşım Uğur Miralay, Sənan Salamzadə, əmim oğlu Abbas Miralay, bizdən bir kurs yuxarı oxuyan Elbay Qasımzadə və onun tələbə yoldaşları... Sonrakı illərin ən tanınmış memarları olacaq bu insanlarla və bir də Arif Aslanov, Elxan Aslanov, Valeh Hacıyev, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Əlibəy Novruzi, Mürsəl Nəcəfov və digərləri kimi müəllimlərimizlə ünsiyyətlərim memar və ziyalı kimi inkişafımda öz dərin izlərini buraxdı.

Çox güclü Tələbə Elmi Cəmiyyətimiz vardı. Az qala bütün uşaqlar rektor mükafatı alırdılar. Bizim konfranslarımıza kənardan, Akademiyadan da gələnlər çox olurdu. Dəfələrlə mərhum Xudu Məmmədov tədbirlərimizə qatılmışdı.

İnstitutu bitirdikdə təyinatımı Dağıstana, Mahaçqala şəhərinə verdilər. Amma mən Azərbaycanda işləmək istəyirdim. EA Mədəniyyət və İncəsənət İnstitutunun direktor müavini akademik Əbdülvahab Salamzadə mənim stalaktitlərə və ümumiyyətlə bərpaçılığa olan marağımı və bacarığımı öyrəndikdə “Bərpaçı”ya işə düzəlməyimə yardımçı oldu. Sonra iş elə gətirdi ki, 1992-2000-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifəsində çalışdım. Həmin illərdə iki prezidentin rəhbərliyi altında işləmişəm. Hər ikisinin mənə böyük hörməti olub. Onları indinin özündə də sayğı ilə anıram.

Komitə sədri olduğum illərdə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunu yaratdım. Professor Cəfər Qiyasi onun birinci direktoru oldu. Komitə ləğv olunandan sonra mən də həmin İnstitutda işə götürüldüm və təqaüdə çıxana qədər orada çalışdım. İndi təqaüddəyəm, amma memar kimi fərdi çalışmalara davam edirəm. 2017-ci ildən Əməkdar memaram, Memarlar İttifaqının rəhbərliyi sağ olsun, məni İttifaqın nüfuzlu “Ustad memar” şəhadətnaməsinə layiq görüb.
Memarlıq həyatım haqqında düşünəndə, 1983-cü ildə Parisdə fərdi xəttatlıq sərgimin baş tutmasını məmnuniyyətlə xatırlayıram. O zaman sərgi güclü rezonans doğurmuşdu.

- Memarlığın həm elmi-tədqiqat, həm də praktik qolları ilə məşğul olursunuz. Lakin, bunların hər ikisini birləşdirən bir xətt aydın görünür: tarixi milli memarlıq ənənələrinin yaşadılması. Sizcə, buna yetərincə nail ola bilirikmi?

- Bu, memarlığın əməliyyəsi və nəzəriyyəsi ilə bağlıdır. Hələ “Memarlıq nəzəriyyəsi” deyilən kitab nəşr olunmayıb. Hamı “memarlığın tarixi” ifadəsini işlədir. Çünki belə hesab edirlər ki, memarlığın praktikası və bir də tarixi var. Amma əslində memarlığın nəzəriyyəsi də mövcuddur. Hər halda olmalıdır. Çünki hər şey tarix deyil. Məsələn, bizim institutda “Memarlıq kompozisiyası” kafedrası vardı, bizə bu dərsi deyirdilər. Həmin o kompozisiya özü memarlığın nəzəriyyəsi idi. Daha doğrusu, nəzəriyyələrindən biri idi. Axı nəzəriyyəni bilmədən nəsə eləmək olar, amma klassik, ənənəvi və ya milli memarlıq yarada bilməyəcəksən. Çünki sən onların meyarlarını bilməlisən.

Mən memarlığa ruhani elm kimi baxıram. Çünki memarlıq eynilə insan kimi antropomorf varlıqdır. Məsələn, Korbüzyenin “Modulor”u insan fəlsəfəsi üzərində qurulub. Əsl memarlıq – Allah tərəfindən təqdir olunmuş memarlıqdır. Necə ki, Allah öz xəlq etdiklərini cisimdən və candan, yəni materiyadan və ruhdan yaradır, memarın da bacarığı bundadır ki, öz əsərinə ruh “üfürə” bilsin. Bu “ruh” dediyimizin içərisində ənənə, cürbəcür kompozisiya fəndləri – proporsiya, miqyas, nüans, işıq-kölgə effektləri və s. var. İnsanlar illərlə, yüz illərlə bir-birindən faydalanaraq milli mədəniyyət qururlar. Memar həm öz milli memarlıq irsini, həm də digər, xüsusən də qohum xalqların analoji irsini öyrənməlidir ki, onun yaratdığı əsər milli, özününkü olsun, öz “dili” olsun. Hər xalqın memarlığının öz “bədiidili” var. Sən bu dili bilməsən, həmin “dildə” heç nə yarada bilməzsən. Stalin dövründə Mikayıl Useynov, Sadıq Dadaşov, Həsənağa Məcidovun və başqalarının milli memarlıq ənənələrindən geniş istifadə etməklə yaratdıqları binalar dediyimiz o təqdir olunan memarlıq nümunələrindəndir və bu gün də şəhərimizə yaraşıq verməkdədir. Son 20-25 ildə də buna cəhd göstərilir, lakin əfsuslar olsun ki, hələ də buna tam nail ola bilməmişik. Avropa klassikası üzərində tikilib milli memarlıq elementləri ilə süslənmiş, tağlar və günbəzlərlə “zənginləşdirilmiş” binalar milli memarlıq nümunəsi sayıla bilməz axı!.. Üslubların, elementlərin qarışdırılması və s. bu kimi hallar həm milli və həm də Avropa ənənəsini bilməməkdən irəli gəlir.

-Milli miniatürlər üzərində apardığınız çox maraqlı araşdırmalardan məscidlərin, qala bürclərinin və s. bərpa layihələrində nə dərəcədə yararlanmısız?

-Miniatür Çindən gəlmə mədəniyyətdir. Onu Azərbaycana, Təbrizə gətirən uyğur rəssamlarının adları da məlumdur. Bunların gətirdikləri miniatür çəkimi tərzi Çin manerasıdır. Buludlar, ağacların qabıqları, suların axışı, və s. “çincədir”. Azərbaycanın ən sevilən və çoxişlənən naxış motivi “xətayi”dir. “Xətay” Çinin türklər yaşayan ərazisinin adıdır. Xətayi kompozisiyalarının Çin təsiri altında yaranmaları şübhəsizdir. Farfora çini, emala mina, minayi deyirik ki, bu da Min sülaləsinin zamanındakı arakəsmə emalının adıdır. Təbrizli ustalar sonradan Qəzvin, Herat və Şirazda da bu sənəti yayıblar. Yəni bu şəhərlərdəki miniatür sənəti Təbriz məktəbinin davamıdır.

Miniatür yaradıcılığında bir çox sahələrə aid son dərəcədə dəqiq, çoxsaylı material var. Biz miniatürə baxanda çox vaxt deyirik ki, bu əsərlər simvolizmlə doludur. Halbuki miniatürlərdəki fotosurət dəqiqliyi ilə işlənmiş, realist səpkiyə heyrətlənməmək mümkün deyil. Mənim miniatür tədqiqatlarım iki şaxədən ibarətdir:

1. Azərbaycanın burada təsvir olunmuş bilinməyən memarlığının üzə çıxarılması. Bizdə tarixən Avropadakı kimi realist rəssamlıq olmadığından, həmin memarlığın təsvirləri bugünümüzə qədər gəlib çatmayıb. Odur ki, mən miniatürü bu mənada orta əsrlərə aid mənbəyə çevirmək qərarına gəldim. Minlərlə miniatürdən külli miqdarda naxışlar, başmaqlıqlar, fəvvarələr, balkonlar, pəncərələr, pərdələr, hətta qapı cəftələri, taqqıldaqları, interyerlərdən isə son dərəcə realistcəsinə işlənmiş birrəngli, Avropada “heyvani üslub” adı verilmiş divar rəsmləri toplamışam. Miniatürlər bu cür nümunələrlə doludur. Bunları ona görə yığmışam ki, bizim o zamankı memarlığımız barədə təsəvvür yaransın. Topladıqlarımın hamısını ən yüksək səviyyədə Autocad kompüter proqramında işləmişəm;

2. Miniatürlərimizdə perspektivin verilməsi məsələsinin araşdırılması. Çünki bu məsələ müxtəlif dövrlərdə və ölkələrdə ayrı-ayrı şəkildə həll olunub. Bunun bizdə necə həll edilməsi məni çox düşündürürdü. Digər tərəfdən qəti əminəm ki, orta əsrlərdən üzü bəri müsəlman ölkələrində layihələr elə miniatürlər formasında olub. Çünki indiyədək heç bir müsəlman ölkəsində memarlıq çertyoju-layihə tapılmayıb. Miniatür indi 3D deyilən üsulun ulu babasıdır. Yəni miniatür göstərmə, nümayiş üçündür. Layihə miniatür şəklində yaradılandan sonra onun ayrı-ayrı hissələri modul prinsipi ilə böyüdülərək yenidən işlənir, naturaya çevrilirdi. Miniatürlər orta əsr layihələndirmə üsullarının, materialların, alətlərin və s. tədqiqi baxımından çox maraqlı mənbədir.

Son məqsədim itmiş memarlığımızın tam bankını-külliyyatını, memarlıq detallarının arxivini yaratmaq, bir də şərqin türk-müsəlman layihələndirmə üsullarını aşkara çıxarmaqdır. Çünki biz həmin üsulları unutmuşuq. Bu mənada nail olduqlarım az deyil və ömür vəfa qılarsa, bunları nəşr etdirməyi arzulayıram. Mənim çatdıra bilmədiklərimi isə gənclərimiz həyata keçirər və dünya mədəniyyətindəki layiqli yerimizi özümüzə qaytararlar.

-Bəzən elə olur ki, milli memarlıq elementlərindən istifadə adı altında bu və digər şərq-müsəlman memarlığına xas nümunələrdən istifadə olunur. Belə “özününküləşdirmələrə” çox vaxt hətta məşhur tarixi-memarlıq abidələrimizin bərpası zamanı da yol verilir. Sizcə, belə halların aradan qaldırılması üçün ilk növbədə hansı tədbirlər görülməlidir?

- Bakıdakı Şirvanşahlar sarayında Niyazi Rzayevin rəhbərliyi ilə təmir-bərpa işləri aparıldı. Dünyanın bəlkə də ən gözəl işlimi naxışlarının burada əhəng daşı ilə çox gözəl uyumda olmasına baxmayaraq, ürək ağrısı ilə deyim ki, Niyazi müəllim Şirvan naxışlarını kənara qoyaraq Taxt zalında Şirvan memarlığına dəxli olmayan, bizə yad mədəniyyətlərin naxışlarından istifadə edib. Çünki bizim bu sahədə kitablarımız olduqca azdır.

Naxışlar və stalaktit sahəsində hələlik ərəb, fars, türk memarlığına dair kitablar daha çoxdur və ona görə də bunlardan Şirvanşahlar sarayında istifadə etməkdə heç bir maneə görülməyib. Sarayın içərisində verilmiş stalaktitlərin çoxu bizə yaddır. İmkan olsaydı, oranı söküb yenidən qurardıq. Çünki həmin yad stalaktitlər bizim adımıza ləkədir. Bu cür hallar nədən irəli gəlir? Səbəb – lazımi ədəbiyyatın yoxluğudur.

Sizə gözümüzün qarşısında baş vermiş daha bir bu cür eybəcərlikdən danışım. Elçin Tofiq oğlu Əliyev “Azərbaycan memarlıq elementləri” adlı kitab hazırlamaq istəyirdi. Bizsə bilirdik ki, Azərbaycan memarı Xəlil Cəfərov artıq belə bir kitab hazırlayıb. Onlar birgə işləməli idilər. Daha doğrusu, Xəlil müəllim kitabı ona verib demişdi ki, çapa hazırlasın. Elçin Əliyev isə kitabı necə var, aparıb öz adı ilə çap etdirib! Azərbaycan Memarlar İttifaqında bu məsələyə baxıldı. Kitabı araşdıranların arasında AMİ Etika Kollegiyasının üzvü kimi mən də var idim. Bu adamın qara əməli tamamilə sübut olundu. Əlbəttə, plagiat pis şeydir. Kitabda xeylisayda ərəb naxışıAzərbaycannaxışıkimitəqdimolunmuşdu. Nə yaxşı ki, həmin kitab yığışdırıldı. Bu, Azərbaycan mədəniyyətinə qarşı xəyanət idi ki, Elçin Əliyev bunu elədi. Nə yaxşı ki, həmin kitab məhv edildi. Yoxsa gənc memarlarımız ondan istifadə edərək səhvlər buraxacaqdılar. Axı, yuxarıda dediyim kimi, hazırda ölkəmizdə bu cür ədəbiyyat qıtlığı var... Nə yaxşı ki, ədalət öz yerini tapdı və Xəlil Cəfərovun haqqı özünə qaytarıldı. Ümumiyyətlə, özününküləşdirmək bizə yaraşan iş deyil. Bununla ermənilər məşğul olur. Ona görə də bütün dünya onlara gülür.

Mənə elə gəlir ki, memarlığa dair bu cür kitablar buraxılanda mütləq Memarlar İttifaqında onun müzakirəsi keçirilməlidir. Və yalnız bundan sonra həmin kitab nəşrə getməlidir. Əlbəttə, bu, senzura deyil. Amma belə strateji məsələlərdə Azərbaycan xalqı pis vəziyyətə düşməsin deyə, bu işə Memarlar İttifaqı səviyyəsində kollektiv nəzarət olmalıdır. Özbaşınalığa yol vermək olmaz.

- Necə fikirləşirsiniz: milli memarlıq irsimizin naxışlar, medalyonlar, stalaktitlər və s. bu kimi elementlərinin müasir layihələrdə savadlı şəkildə, peşəkarlıqla, uğurla tətbiq edilməsi üçün ilk növbədə hansı tədbirlər həyata keçirilməlidir?

- Bu suala cavab vermək çətindir. Niyə? Çünki memarlıq, müəlliflik hüququ və s. haqqında qanunlar var. Həmin qanunlarla memarların hüquqları və memarlıq əsərləri qorunur. Hazırda bizim məşhur memarlarımız var ki, modernin müxtəlif sahələri ilə - avanqardla, minimalizmlə və s. məşğuldurlar. Onlara demək olmaz ki, layihələrində stalaktitdən də istifadə elə. Əslinə qalanda stalaktit bu zamanın elementi deyil. Stalaktit – yalnız formayaradıcı keçid elementidir. Ən çox tağlı-tavanlı sistemlərdə yer alır. Bu gün nə tağ-tavan, nə də günbəz qurulur. Memarlıq dəyişib. Hazırda binalar tir və sütunlardan qurulur. Və burada stalaktitə və ya naxışa elə bir ehtiyac da qalmır. İndi binanın estetik görkəmini son dərəcə dəyişə bilən çoxsaylı müasir materiallar var. Orta əsrlərdə naxışlar və stalaktitlərlə binaları bəzəməyə, daha görkəmli etməyə çalışırdılar. Amma indi o qədər bəzək üsulları və materialları var ki, köhnə üsullara ehtiyac yoxdur.

Sadəcə, bu sənəti unutmamaq lazımdır. Azərbaycanda tarixən 200-dək daş şəbəkə növü olub, halbuki hazırda bunların yalnız 2-3-dən istifadə olunur. Taxta şəbəkə üzrə bu gün ölkədə cəmi üç nəfər usta var. Xəttatlığı, naqqaşlığı, stalaktitləri, bunların həm konstruktiv, həm də həndəsi qurulma mexanizmini bilmək gərəkdir. Bunların dövrü getsə də, naxış, şəbəkə, stalaktit, monumental xəttatlıq və s. haqqında mükəmməl bilgilərə malik bərpaçı-memarlarımız həmişə olmalı və gənclərə də bunu öyrətməlidirlər ki, ənənə zənciri qırılmasın. Sonrası da deyək ki, lap əlli-yüz il bundan sonra da milli üslubda bina yaratmaqla bağlı sifariş gələ bilər. Tutaq ki, kimsə milli görünüşlü teatr binası inşa etmək istəyir. Memar milli üslubu, onun prinsiplərini bilməsə həmin layihəni işləyə bilməz. Yəni bəzən elə bir sifariş gəlir ki, bunu etmək məcburiyyəti qarşısında qalırsan. Bilməyib, məşğul olanda isə çox vaxt cəfəngiyat alınır.

- Bu yaxınlarda AMEA Rəyasət Heyətinin binası üzərindən onun kiril hərflərlə yazılmış adının götürülməsi, ya da Türkiyədəki Aya Sofyanın məscid kimi istifadə olunması ilə bağlı qərarın verilməsi... Sizcə, memarlıq abidələrinin görünüşünün və təyinatının dəyişməsi ilə bağlı bu cür qərarlar necə qəbul edilməlidir?

-Əvvəlcə akademiyanın Rəyasət Heyətinin binasının üzərindəki hərflərin dəyişdirilməsi barədə. Həmin binanın əsl adı “İsmailiyyə”dir. Sovet vaxtı onu akademiyaya verdilər. Binanın üzərindəki kiril hərfləri də yersiz idi, latın hərfləri də yersizdir. Mənə qalsa, binanın üzərində lap əvvəldən nə yazılmışdısa, onu bərpa edər, onun AMEA RH-nə aid olduğunu bildirən lövhəni isə bürüncün üzərində yazaraq insanların görə biləcəkləri bir yerdə, səkinin kənarında yerləşdirərdim.

Aya Sofyaya gəldikdə isə, onunla bağlı mənim iki fikrim var. 1452-ci ildə Sultan Mehmad Fateh İstanbulu tutanda Aya Sofyanı məscidə çevirdi. Sonra Mustafa Kamal onu muzey elan elədi. İndi də Rəcəb Təyyib Ərdoğan yenidən Aya Sofyanın məscidə çevrilməsi qərarını təsdiqlədi. Onun buna haqqı var idimi? Bəli, çünki türklər bu şəhəri alanda az da olsa qan tökmüşdülər. Çünki o zaman İstanbul İtaliyadan gəlmiş Venesiyalılar və Genuyalıların əlində idi – şəhərdəki bütün ticarətə o zamankı adları ilə desək, venediktlilər və genuezlər nəzarət edirdilər. Və tarixən türkmənlərlə bizanslılar dostluq, qohumluq münasibətində olublar. Onları italiyalıların əlindən qurtarmağı da kayılardan elə bizanslıların özləri istəyiblər. Bu mənada Aya Sofya eyni dərəcədə elə türklərin də malıdır. Digər tərəfdən isə Aya Sofyanın məscidə çevrilməsinə ehtiyac olmasa da bu, siyasi qərardır və düşünürəm ki, türk qardaşlarımızın yanında olmaq bizim borcumuzdur.

- Memarlıq və plagiat. Dəfələrlə bu məcrada mənəvi və maddi zərərlərə uğradığınızdan xəbərdarıq. Ustad memar kimi bu cür təzahürlərin aradan qaldırılması haqqında heç düşünmüsünüzmü?

- “Plagiat” dedikdə mənim yadıma ilk olaraq 1985-ci ildə “Bakı” axşam qəzetində çıxan bir yazı düşür. Həmin vaxt mən Opera və Balet teatrında aparılan bərpa işləri ilə məşğul idim. Baxdım ki, mənim yanımda çalışan əməkdaş – həmkarımız Rafiq Pavlov (sonradan İsrailə köçdü) müəllif kimi müsahibə vermiş və teatrda aparılan bərpa işləri barədə danışmışdı. Qəzetdə onun şəkli də verilmişdi. Çox əsəbiləşdim. Axı həmin bərpa layihəsinin müəllifi mən idim və nə üçünsə qəzetdə gedəcək yazıdan xəbərim olmamışdı. Rəhbərlik qarşısında məsələ qaldırdım və “təşəbbüskar” həmkarım cəzalandırıldı. Mən ilk dəfə orada gördüm ki, gözün baxa-baxa müəlliflik hüququnu necə əlindən alırlar. Sonra belə bir iş Bibiheybət məscidinin bərpa işlərini apararkən qarşıma çıxdı – məscidin bərpası ilə bağlı smeta cizgilərini tərtib eləmiş adını çəkmək istəmədiyim adam hər yerdə özünü bərpa layihəsinin müəllifi kimi təqdim eləməyə başladı. Axı hamı bilir ki, layihə cizgiləri başqa şeydir və onun da müəllifi mənəm!

Daha sonra xatırlayıram ki, Elçin Tofiq oğlu Əliyev gərək ki, adı “Azərbaycan memarlığı-2010” olan rusca bir kitab çıxarmışdı. Orada mənim layihələndirib tikdiyim daxili həyətli gözəl bir bina başqa bir memarın adına çıxılmışdı. Etirazımı bildirəndə üzrxahlıq edib dedilər ki, səhvən olub. Ancaq Elçin özü də bu plagiatda iştirak etmiş oldu, çünki ən azından gərək yoxlayaydı. Plagiat çox üzücü şeydir...

Müəllif hüquqları qanunla qorunur. Amma öz hüquqlarının qorunması qayğısına ilk növbədə müəllif özü qalmalı və sonra da ondan faydalanmalıdır. Bu məsələyə etinasız yanaşma insanın özünə ziyan vurması deməkdir. Mənim də başıma belə işlərdən az gəlməyib. İndi Bakıdakı qızılı rəngli nəhəng fəvvarələrin müəllifi mənəm. Doğrusu, mən bunları qranitdən layihələndirmişdim. Amma mənə dedilər ki, fəvvarələrin qızılı rəngdə olması məsləhət görülüb. Layihədə dəyişiklik etməli oldum və üç ədəd fəvvarə hazırlanması üçün Çinə sifariş verildi. Bunlardan biri AMEA-nın əsas binasının önündə, biri Hüseyn Cavid bağında, üçüncüsü də Sahil bağında elə çinlilərin özləri tərəfindən quraşdırıldı. Amma mən müəllif kimi müqavilə bağlamamışdım deyə, rəsmən müəllif hesab olunmurdum. Bir neçə il əvvəl Gəncəyə dəvət edilmişdim və gördüm ki, həmin fəvvarələrdən biri burada quraşdırılıb. Sonradan eşitdim ki, pakistanlılar da belə bir fəvvarə sifariş veriblər. Ehtimal edirəm ki, çinlilər mənim müəllifi olduğum fəvvarədən ən azı 10-15 ədədini dünyanın müxtəlif müsəlman ölkələrinə satıblar. Çünki həmin fəvvarələrin üzərini yalnız yaxından görünən işlimi naxışlarla süsləmişdim. Müəlliflik şəhadətnaməm olmadığından mən onları məhkəməyə verə, hüququmu tələb edə bilmədim. Mən zamanında ayrı-ayrı şəhərlər və hətta ölkələr üçün çoxsaylı naxışlar tərtib eləsəm də, bunları sənədləşdirməmişəm. Memarlarımız bu məsələlərə diqqət yetirməlidirlər, çünki dünya dəyişib, qloballaşıb...

Plagiatla bağlı ən böyük zərərlər isə mən yuxarıda bir neçə yerdə haqqında danışdığım Elçin Tofiq oğlundan dəyib. Bir neçə il əvvəl o, Saraydakı evimə gəlib bildirdi ki, Zirədə böyük bir məscid tikilir. Təklif etdi ki, layihə hazırlayım. Hazırladım və cizgiləri götürüb getdi. Sonra eşitdim ki, eyni təklifi daha bir neçə memara edib və onların da layihə variantlarını alıb aparıb. Bir müddət sonra Elçin Əliyev bəyan etdi ki, sənin layihən bəyənilməyib. Öyrəndim ki, digər memarlara da eyni sözü deyibmiş. Adını memar qoymuş bu şəxs hər birimizin layihəsindən müəyyən hissələri götürüb birləşdirdi və... özü adından layihə “hazırlayaraq” sifarişçiyə təqdim elədi! Bunu o, öz “layihəsini” mənə göstərəndə başa düşdüm, amma üstünü vurmadım. Bir qədər sonra E.Əliyev yenə yanıma gəldi və bu dəfə məscidin içinin tərtibatını eləməyi təklif etdi. Razılaşdım, hətta qiymət də danışıldı. Həmin ərəfədə mən özümün fərdi ornament sərgimi keçirməyə hazırlaşırdım. Buna görə vatman kağızlarda akvarellə 30-dək ornament çəkmişdim. Elçin Əliyev sifarişçiyə göstərmək adı ilə bunları istədi. Mən də, birlikdə işləyəcəyik deyə, etiraz bildirmədim. Ornamentləri apardı. İki ay keçdi. Nəhayət gəlib dedi ki, sifarişçi ancaq günbəzi naxışlı etmək istəyir. Tələbələrimi göndərdim, onlar da gedib həmin işi gördülər və zəhmət haqqını da özləri aldılar. Mən isə nə qədər çalışsam da, sərgi üçün az qala zərgər dəqiqliyi ilə işlədiyim ornamentləri geri ala bilmədim. Elçin Əliyev müxtəlif bəhanələrlə onları mənə qaytarmadı. Yəni bu məscid əhvalatından yeganə “qazancım” aylarla işlədiyim akvarellərimin əlimdən çıxması oldu. Beləcə sərgim də baş tutmadı. Bundan sonra o, bir neçə kitab təklifi ilə də yanıma gəldi, məni aldadıb külli miqdarda zərərə salmaq istədi, amma yoldaşlarımın məsləhəti ilə az miqdarda zərərlə qurtula bildim. Düşünürəm ki, belə hərəkətlər nəinki memar və ziyalı, ümumiyyətlə insan adına yaraşmayan hərəkətlərdir...

-Son illərdə Azərbaycan Memarlar İttifaqı özünün 84 illik tarixinin ən coşqunlu çiçəklənmə dövrünü yaşayır. Lakin nə yazıq ki, hamı tərəfindən qəbul və təqdir edilən bu inkişafı gözü götürməyənlərə də rast gəlinir. Siz belə hallarla rastlaşmısınızmı?

-Mən faktiki olaraq akademik Mikayıl Useynovdan bəri Memarlar İttifaqının bütün sədrlərini görmüşəm. Açığını deyim ki, onların heç birinin rəhbərliyi dövründə bu təşkilat qənaətbəxş fəaliyyət göstərməyib. Azərbaycan Memarlar İttifaqı yalnız akademik Elbay Qasımzadənin 2012-ci ildə İdarə Heyətinə sədr seçilməsi ilə özünün inkişaf dövrünə daxil oldu, memarların əsl evinə, onların cəsarətlə, ərklə üz tutduqları doğma evinə çevrilə bildi. Elbay müəllim Memarlar İttifaqının simasını özünə qaytardı. Onun bu vəzifədə işə başlamasından dərhal sonra ilklər paradına start verildi: İttifaqın tarixində ilk dəfə olaraq memarlıq jurnalının nəşrinə başlandı. İlk dəfə olaraq biz təcrübəli memarlar gənclərə ustad dərsi keçmək üçün dəvət olunmağa başladıq. İlk dəfə olaraq çoxlu sayda memarlar dəstə-dəstə dövlət mükafatlarına, təltiflərə layiq görüldülər. İlk dəfə olaraq bəzi yaşlı memarlarımıza Prezident təqaüdləri verildi. İlk dəfə olaraq təqaüdə çıxmış qocaman memarlara AMİ-nin aylıq maddi yardımlarının verilməsinə başlandı. İlk dəfə olaraq istedadlı memar tələbələrə təqaüdlər ayrıldı. Memarlar İttifaqında korifey memarlarımızın xatirə gecələrinin keçirilməsi ənənəsinin əsası qoyuldu. İttifaqın tarixində ilk dəfə olaraq qısa müddət ərzində memarlıq irsimizə dair üç dildə 25 adda kitablar tərtib və nəşr olundu. Özü də bu kitabların nəşrinə hamiliyi dövlət başçısının özü etdi! İlk dəfə olaraq Bakı nüfuzlu beynəlxalq memarlıq müsabiqəsinin ünvanı oldu və az qala bütün dünya ölkələrindəki memarları əhatə edən bu ənənə indi də davam edir. İlk dəfə olaraq memarlarımız Azərbaycanın ayrı-ayrı bölgələrində böyük uğurla silsilə tədbirlər keçirməyə başladılar. İlk dəfə olaraq Azərbaycandan Beynəlxalq Memarlıq Akademiyasına çoxsaylı prosessorlar, akademiklər seçilməyə başladı. İlk dəfə olaraq Beynəlxalq Memarlar İttifaqı Azərbaycanı, Bakını özünün tez-tez tədbirlər keçirdiyi ünvanlar sırasına daxil etdi. İlk dəfə olaraq Azərbaycan Memarlar İttifaqı BMİ-nın Konqreslərində mütəmadi olaraq çoxsaylı nümayəndə heyətləri ilə iştirak etməyə başladı. İlk dəfə olaraq çoxsaylı xarici qonaqlarımızı Azərbaycan Respublikasının möhtərəm Prezidenti və digər dövlət və hökumət rəsmiləri qəbul etməyə başladılar. İlk dəfə olaraq Memarlar İttifaqı işğal olunmuş Azərbaycan torpaqlarında vandalizmə məruz qalan tarixi-memarlıq abidələrimizin vəziyyəti barədə beynəlxalq səviyyə öz haqq səsini ucaltmağa başladı. İlk dəfə olaraq BMA-nın regional mərkəzi açıldı və onun ünvanı Bakı oldu və s...

Bütün bunlar ilk növbədə Elbay Qasımzadənin genişmiqyaslı düşüncə tərzinin bəhrələridir. Onun daha bir müsbət xüsusiyyəti – insanlara, xüsusən də gənclərə inanması, onlara öz bacarıqlarını göstərə bilmək üçün meydan verməsidir. Məhz elə buna görədir ki, bəzi qocaman memarların qarşı çıxmalarına baxmayaraq, zamanında o, Elçin Tofiq oğlu Əliyevə etimad göstərdi, onu İttifaqda özünün məsul katibi və faktiki olaraq müavini postuna gətirdi. Amma çox keçmədi ki, bu adam göstərilən etimada rəğmən həm öz həmkarlarını, həm də ona inanmış sədri aldatmağa, altdan-altdan öz şübhəli şəxsi faydaları üçün çalışmağa başladı. İş o yerə çatdı ki, memar həmkarlarından pul qoparmaqla kifayətlənmədi və hətta onların kitablarını öz adına çıxdı... Nəticəsi də məlumdur: Elbay Qasımzadə nə qədər buna qarşı olsa da, memarlar yığışıb kollegial qaydada onun əməllərini müzakirə etdilər, qətiyyətlə pislədilər. Və o, məcbur olub AMİ-nin məsul katibi vəzifəsini tərk etməli oldu. Onun İttifaqın üzvü kimi saxlanılmasında israr edən sədrin bu humanistliyinin “əvəzini” isə xidməti kompüterindən bütün məlumatları silməklə və hətta idarəyə məxsus, təqribən yüz manat dəyəri olan xarici yaddaş diskini mənimsəməklə cavab verdi. Daha pisi isə odur ki, Azərbaycan Memarlar İttifaqının üzvü olan Elçin Əliyev bu gün də üzvü olduğu təşkilatı və onun rəhbərini qaralamaq üçün bəhanələr axtarır, bunlar olmadıqda isə onları özündən uydurur, cəfəng iddialarla gündəmdə qalmağa çalışır. Bunu isə hamı görür – memarlar da, sadə vətəndaşlar da və dövlət və hökumət rəhbərliyi də. Görəsən doğrudanmı Elçin Əliyev elə bir “ekstrasensor” qabiliyyətə malikdir ki, AMİ-nin yüzlərlə üzvünün görmədiyini görür, eşitmədiyini eşidir? Ən pisi isə odur ki, belə acı nankorluq gənclərimizə mənfi örnək olur...

- Memarlığın olduqca çətin, çoxlarının uzaq durduğu tarixi irs və ənənələrin dirçəldilməsi və bərpası kimi sahələri ilə məşğul olan memarlarımızdansınız. Bu sahə ilə maraqlanan gənclərə və jurnalımızın oxucularına hansı arzularınız var?

- Gənclərlə işləməyi həmişə xoşlamışam. O vaxt İçərişəhərdə geniş emalatxanam vardı. Oraya həmişə istedadlı gənc memarlar gəlirdilər. Onlarla layihələr, diplom işləri üzərində çalışırdıq. Başqalarından fərqli olaraq, biz diplom işinin hazırlanmasına sentyabr ayından başlayırdıq ki, dərs ilinin sonunadək ortaya keyfiyyətli iş qoymaq mümkün olsun. İndi üzdə olan gənc memarların əksəriyyəti ilə işləmişəm, ya da ən azından yanıma məsləhətə gəliblər. İndi də tez-tez görüşürük. Və artıq onların əksəriyyəti püxtələşmiş mütəxəssisdirlər, hamısı da xətrimi istəyir. Fəxr edirəm ki, onların inkişafında az da olsa əməyim var. Mən onlara və memar olmaq istəyən bütün gənclərimizə azalmayan həvəs və çalışqanlıq, daim öyrənməyi və öyrətməyi arzulayıram. Belə olarsa, biz milli memarlıq irsimizdən uzaqlaşmaq və həm də müasirliklə ayaqlaşmağı bacararıq!

“Memar” elmi, analitik-informasiya jurnalı




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək
24.09.2020
“Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
23.09.2020
Heydər Əliyev Fondu ilk gündən dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir
21.09.2020
Kitabxanaçılıq-informasiya fakültəsi yeni tədris ilinə necə hazırlaşıb?
16.09.2020
“Azərbaycan öz məmləkətimizdir“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info