“Yalnız diplomda psixologiya doktorusansa, bunun real psixoloji biliklərə və təcrübəyə aidiyyəti yoxdur”
Tarix: 29.10.2013 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Fərqanə Həşimova: “Psixoloqun təhsildən əlavə, istedadı, təcrübi biliklərinin olması da şərtdir”

Müsahibimiz psixoloq Fərqanə Həşimovadır. O, bizimlə söhbətində öz psixoloq fəaliyyəti barədə qısaca məlumat verməklə başladı:
- Mən hazırda psixoloq kimi “Gənclik” metrosu yaxınlığında yerləşən “İnternational Medical Center”də işləyirəm. Praktik psixoloq olaraq adıçəkilən müəssisədə pasientləri qəbul edirəm. Bildirmək istəyirəm ki, son dövrlərdə psixoloqlara müraciət halları artıb. Bu da ola bilsin ki, həyat gərginlikləri, sosial-psixoloji gərginliklər, həmçinin işdə, ailədə streslərlə əlaqədardır.
- Bugünkü psixoloqların bacarıqları və hazırlıq səviyyəsi ilə bağlı nə deyərdiniz?
- Bu barədə birinci olaraq onu demək istəyirəm ki, insan doğulandan hansısa bacarıq və istedadla doğulur. Eləcə də təhsil almaq da müxtəlif formada və dərəcədə hər insanda öz effektini göstərə bilər. Məsələn, psixoloq təhsilinə çox adam yiyələnə bilər. Amma yaxşı psixoloq kimi çox az adam özünü doğruldur, həqiqətən də effektiv psixoloji kurslar keçə bilir, pasientləri, müraciət edənləri düzgün yönəldə, onlara fəaliyyətlərini düzgün qurmağa kömək edə bilir. Bu baxımdan psixoloqun təhsildən əlavə, istedadı, təcrübi biliklərinin olması da şərtdir. Həmçinin psixoloq fəaliyyətində əsas vacib məqamlardan biri də odur ki, sənə pənah gətirənə düzgün fərdi yanaşmaya nail ola biləsən. Ümumi qəbul olunmuş nəzəri biliklərdən əlavə, bu cür düzgün fərdi yanaşma əksər hallarda daha effektiv olur. Hər bir müraciət etmiş insana düzgün diaqnoz qoymaq, onun psixoloji durumunu bütün çalarları ilə düzgün təyin etmək üçün birinci növbədə düzgün fərdi yanaşma lazımdır. Həmçinin müraciət etmiş insanın tam səmimiyyətinə nail olmaq, onun bir növ, ürəyinə girməyə nail olmaq da ona veriləcək psixoloji məsləhətlərin uğurlu olacağına şərait yaratmış olur. Amma bir məqam da var ki, psixoloqun bu cür səmimiyyətdən nə dərəcədə istifadə edə biləcəyindən də çox şey asılıdır...
- Psixoloq və peşəkarlıq – bu məqama necə münasibət bildirirsiniz?
- Peşəkarlıq hər bir sahə üçün vacibdir, amma bu, formal xarakter daşımamalıdır. Qeyd etdiyim kimi, hər kəs psixologiya təhsili ala bilər, hətta, bakalavriatı, magistraturanı, sonra da doktoranturanın hər pilləsini psixologiya üzrə bitirə və elmi dərəcə ala bilər. Amma əgər belə halda, formal “peşəkarlıq”la məhdudlaşırsansa, yalnız diplomda psixologiya üzrə doktorsansa, bunun real psixoloji biliklərə, istedada və təcrübəyə aidiyyəti yoxdur. Belə halda, sən psixoloq kimi cəmiyyətə və sənə pənah gətirən insanlara heç bir fayda verə bilməzsən. Buna görə də, həqiqi psixoloq olmaq üçün birinci növbədə, bu sahəyə həvəsin, istəyin olmalıdır. İkincisi isə bu sahədə güclü təhsilin olmalıdır. Daha sonra isə bu sahədə təcrübi biliklərini artırmalısan, daim özündə təkmilləşdirmə aparmalısan, həmçinin dünya psixologiya elmində baş verən yeniliklərdən, tədqiqat və meditasiya metodlarından xəbər tutmalısan, bu barədə mütəmadi mütaliədə olmalısan... Bütün bunlar sənin insanlara tətbiq etdiyin psixoloji bilikləri, təcrübələri müsbət mənada zənginləşdirməyə yardımçı olmalıdır.
- Bir çox hallarda müasir cəmiyyətimizdə insanlar insan psixikası ilə bağlı olan digər elmlər və ixtisaslarla psixoloqluğu dəyişik salırlar. Bu baxımdan hələ də cəmiyyətdə maarifləndirməyə bir ehtiyac duyulduğu deyilir. Siz bu barədə nə düşünürsünüz?
- Təbii ki, insanlar psixologiya ilə bağlı yaxşı maariflənməlidirlər ki, yanlış istiqamətlərə üz tutmasınlar. Ümumiyyətlə, qeyd etdiyim kimi, son onilliklərdə bütövlükdə dünya üzrə, həmçinin ölkəmizdə müxtəlif fəaliyyət sahələrində psixoloqlara, eləcə də digər əlaqədar sahə mütəxəssislərinə olan tələbatın artması tendensiyası müşahidə olunur. Məsələn, on il öncə hər hansı bir peşə sahibi qarşısına çıxan məsələlərin psixoloji aspektlərini öz qüvvəsi və təcrübəsinə əsaslanaraq həll edə biləcəyini düşünürdüsə, indi bu məsələlərin həllində elmi psixoloji, tibbi biliklərin zərurəti danılmazdır. Cəmiyyətdə psixoloqlara tələbatın artması müsbət hal olmaqla bərabər, həm də göstərilən peşə sahiblərinin üzərinə düşən məsuliyyəti də artırır. Ölkəmizdə bu sahədə olan problemlər psixoloji-tibbi xidmətin təşkili və keyfiyyəti ilə əlaqələndirilə bilər. Müxtəlif sahələrdə, məsələn təhsil sahəsində, səhiyyədə, penitensiar sahədə reallaşan tibbi-psixoloji xidmət özünəməxsus cəhətlərə malikdir. Bu sahədə çalışan mütəxəssis bir tərəfdən ümumpsixoloji elmi biliklərə, digər tərəfdən isə konkret sahənin xüsusiyyətlərindən irəli gələn biliklərə malik olmalıdır. Qeyd edildiyi kimi, hazırda cəmiyyətdə psixoloqla psixiatr, psixoterapevt və sair ixtisaslar tez-tez qarışdırılır. Bəs bu ixtisasların bir-birindən fərqi nədir? Əslində cəmiyyət nümayəndələri bir-birilərinə tez-tez bu cür suallar verirlər. Bununla bağlı olaraq deyim ki, psixologiyadan fərqli olaraq psixiatriya – psixi xəstəliklərin əlamətləri, səbəbləri, inkişafı, qarşısının alınması və müalicəsi haqqında elm olaraq psixi xəstəliklərlə yanaşı, nevrozlar və somatik xəstəlikləri zamanı əmələ gələn psixi dəyişiklikləri də öyrənir. Bu sahənin mütəxəssisi həkim-psixiatr xəstələrin müalicəsində əsasən dərman preparatlarından istifadə edir. Psixoterapiya isə psixoloji təsirlər sistemidir. Amma bəzən yanlış olaraq psixoterapiya ilə psixiatriyanı qarışıq salırlar. Halbuki bu müalicə söz və mimika, susmaq, psixi prosesləri və somatik vəziyyəti dəyişən üsullar, hipnoz və sair vasitələrlə aparılır. İnsan orqanizminin potensialını aşkar etmək üçün psixikaya təsir olunur, insanın özünə və ətraf mühitə münasibəti dəyişir, o, həyatda öz dəyərini başa düşür. Psixoterapiya – insanın həm özü, həm də dünya ilə harmoniya yaratmaq naminə keçmişin və gələcəyin psixoloji qaydaya salınmasıdır. Burada əsas məqsəd insanın öz davranışında elastik olması və müxtəlif vəziyyətlərdən çıxmağı, fəaliyyətin yeni, xeyirli yollarını tapmağı bacarmasıdır. Bu sahənin mütəxəssisi həkim-psixoterapevt, bəzi ölkələrdə isə həkim-psixoloq adlandırılır. Ümumiyyətlə, qeyd edirlər ki, psixoterapiyanın postsovet məkanında 150, dünyada isə 250 metodu qeydə alınıb. Mütəxəssislər bu metodlarla məsələni radikal və köklü şəkildə həll edirlər. Onu da deyim ki, psixoterapiya bir istiqamət kimi təbabət, psixologiya, pedaqogika, fəlsəfə, sosiologiya, politologiya, ədəbiyyat, incəsənət və sair sahələrlə əlaqəli hesab edilir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info