Əli Babayev: “Azərbaycanlılar Marqvelaşviliyə səs verdilər”
Tarix: 29.10.2013 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Bugünlərdə Azərbaycana ən yaxın ölkələrdən sayılan qonşu Gürcüstanın da siyasi həyatında mühüm hadisə baş verdi. Gürcüstan bundan sonra yeni seçilən prezidenti Georgi Marqvelaşvili tərəfindən idarə olunacaq. Yeni prezidentin Azərbaycanla bağlı dostluq ənənələrini qoruyub saxlayacağı gözlənilir. Maraq üçün Georgi Marqvelaşvili haqqında kiçik xatırlatma verək. Yeni prezident 1969-cu ildə Tbilisidə anadan olub. 1992-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində sosiologiya üzrə təhsilini davam etdirib. Fəlsəfə doktorudur. 1992-1995-ci illərdə Marqvelaşvili dağlıq turizm üzrə ixtisaslaşan turist firmasında (bələdçi) çalışıb, sonra iş yerini dəyişərək nəşriyyatda menecerin assistenti olub. 1994-1995-ci ildə "Biznes gündəliklər" kompaniyasında marketinq üzrə departament müdiri çalışıb. 1996-1997-ci illərdə Georgi Marqvelaşvili Azad Tbilisi Universitetində fəlsəfə müəllimi kimi dərs deyib. 1995-2000-ci illərdə Milli Demokratiya İnstitutunda beynəlxalq münasibətlər üzrə mütəxəssis (proqramın məsləhətçisi) olub. 2000-2012-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunda işləyib, o cümlədən 2000-2006-cı illər və 2010-2012-ci illər arasında institutun rektoru olub. 2012-ci ilin oktyabrında Marqvelaşvili seçkilərdə qalib gələn "Gürcü arzusu" koalisiyasının rəhbəri Bidzina İvanişvilinin yeni formalaşdırdığı hökumətdə təhsil naziri vəzifəsinə təyin olunur. Qeyd etmək lazımdır ki, Marqvelaşvili heç bir siyasi partiyanın üzvü deyil. 2013-cü il fevralın 7-də Georgi Marqvelaşvili Gürcüstan baş nazirinin müavini vəzifəsinə təyin olunub. 2013-cü il mayın 11-də hakim "Gürcü arzusu" Partiyası qarşıdan gələn prezident seçkilərində Marqvelaşvilini öz namizədi gördüyünü açıqlayıb. 16 iyul 2013-cü ildə o, könüllü olaraq təhsil naziri vəzifəsindən istefa verərək seçki kampaniyasına başlayıb.
Seçki prosesinin necə sonuclanması, Gürcüstan azərbaycanlılarının siyasi fəallığı, Gürcüstan-Azərbaycan münasibətlərinin bundan sonrakı taleyi ilə bağlı suallarımızı Georgi Marqvelaşvilinin seçki qərargahının üzvü Əli Babayev cavablandırıb.
- Gürcüstanda keçirilən prezident seçkisi Avropa standartlarına uyğun şəkildə həyata keçirildi. Mən seçkiqabağı və seçki günündə 32 yerdə olmuşam. Azərbaycanlılara qarşı münasibət indi çox yaxşıdır. Əvvəllər azərbaycanlıları seçkiyə qədər sayırdılar, seçkidən sonra isə heç tanımaq da istəmirdilər. Amma bu seçkidə belə hallarla qarşılışmadıq. Köhnə hakimiyyət təbliğat aparırdı ki, guya bizim partiya hakimiyyətə gələrsə azərbaycanlıların hüquqları tapdanacaq və digər mənfi hallar baş verəcək. Bunun nəticəsində də Borçalının bəzi məntəqələrində Georgi Marqvelaşviliyə nisbətən az səs verdilər. Amma ümumilikdə Borçalıda qələbə qazandıq və Gürcüstan üzrə 67 faiz səs topladıq. Əsas odur ki, Gürcüstan azərbaycanlıları seçki prosesinə fəal qatıldılar. Ötən seçkilərdə həmişə bizi aldadıblar və ya qorxudublar, hüquqlarımızı tapdalayıblar. Hazırda bu problem demək olar ki, aradan qaldırılıb. İnsanlar sərbəst şəkildə istədikləri namizədə səs verdilər. Seçkiyə qatılan hər bir soydaşımız bu addımı böyük ümidlə atdı. Bidzina İvanişvilinin apardığı siyasətin nəticəsində bu qədər səs yığa bildik. Keçmiş hakimiyyət parlament seçkisində 40 faiz səs toplamışdı, amma indi isə onların səs faizi 17-yə düşdü. Onların reytinqi gündən-günə daha da aşağı düşür. Belə getsə bələdiyyə seçkisində onların partiyasına səs verən olmayacaq.
- Azərbaycanlıların seçki fəallığını ümumilikdə necə qiymətləndimək olar?
- Bizim Azərbaycan kəndlərinin əksəriyyəti boşalıb. Həmin kəndlərin sakinləri Azərbaycan, Rusiya, Türkiyəyə üz tutublar. Təbii ki, onlar ölkədə olmadığı üçün seçkiyə də qatılmırlar. Əvvəllər ölkəni tərk edən insanların səsləri Saakaşvili üçün hesablanırdı. Bu dəfə isə eksperiment apardıq, əhalinin sayını dəqiqləşdirdik. Nəticədə real olaraq 447 seçicisi olan kənddə 375 nəfərin səsvermədə iştirak etdiyinin şahidi olduq. Bu isə sübut elədi ki, əvvəllər ölkədə olmayan soydaşlarımızın səsindən istifadə ediblər. Bu seçkidə azərbaycanlıların kompakt şəkildə yaşadığı ərazilərdə 285 min soydaşımızdan 250 minə qədəri səsvermədə iştirak etdi.
- Sizcə, Gürcüstan-Azərbaycan münasibətləri son prezident seçkilərindən sonra hansı məcrada inkişaf edəcək?
- Azərbaycanla Gürcüstanın münasibətləri bütün dövrlərdə yaxşı olub və bu, olduqca təbii haldır. Şübhəsiz ki, iki ölkə arasındakı münasibətlər bundan sonra daha da yaxşı olacaq. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycanda da prezident seçkisi demokratik şəraitdə keçirildi. Bütün dünya da buna yüksək qiymət verdi. Gürcüstanda da prezident seçkiləri demokratik şəraitdə baş tutdu. Bundan sonra iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə təkan verəcək yeni addımların atılacağını gözləyirik. Azərbaycanla Gürcüstanın münasibətlərini heç bir qüvvə poza bilməz. Çünki ölkələrimiz arasındakı münasibətlər tarixi, strateji əhəmiyyət daşıyır və yaxın qonşuluq münasibətlərinə söykənir. Biz inanırıq ki, Saakaşvilinin pafoslu çıxışlarından fərqli olaraq Marqvelaşvili azərbaycanlılarla bağlı verdiyi vədləri yerinə yetirəcək.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info