Əməkdar artist Nuriyyə Hüseynova: “Dünya arenasına çıxacaq yüksək intellektli, kamil musiqiçilər yetişdirməliyik”
Tarix: 30.10.2013 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti, Azərbaycan Milli Ellimlər Akademiyasının Folklor İnstitutunun elmi işçisi, Əməkdar artist Nuriyyə Hüseynovadır:

- Nuriyyə xanım, bu gün tədris etdiyiniz muğam sənəti haqqında, gənclərin muğama olan bağlılığı haqqında nə deyə bilərsiniz? IV Muğam müsabiqəsində sizin tələbəniz çıxış edir. Münsiflər heyətinin də rəyləri gözəldir. Tələbələrinizin bundan sonrakı gələcəyini necə görürsünüz?
- Müsabiqələr çox önəmlidir. Bilirsiniz ki, indiki gənclərin çoxunun istedadı var. Sadəcə üzə çıxmaq onlar üçün bir az çətindir. Çünki insanları tanıdan və sevdirən televiziyadır. Onların da gənc yaşlarından televiziyaya gəlməsi çox çətindir. Amma bu gün dövlətimizin qayğısı sayəsində, xüsusən də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən muğam müsabiqəsi gənclərimizin həyatında mühüm rol oynayır və onların həyatını çox dəyişdirir. Yəni 2-3 ay ərzində Azərbaycan Dövlət Televiziyasının vasitəsilə bütün dünyaya yayımlanır. Okeanın o tayında da onları görürlər və sevirlər. Hər halda bu gün müasir tamaşaçının musiqi duyumu, zövqü və qiymət vermə qabiliyyəti əvvəlki dövrlərə nisbətən qat-qat üstündür. Münsiflərdən də əvvəl tamaşaçı dinləyəndə kimin hansı yerdə olacağı və bu ifaçının gələcəyi haqqında qərarı verə bilir. Çünki biz indi fərqli bir zamanda yaşayırıq. Bu çox gözəl bir işdir. Bu müsabiqəyə mənim də tələbəm qatılıb. Artıq neçə həftədir ki, gözəl nəticələr əldə edib. Mən də onunla həftədə 4 dəfə məşğul oluram. Biz saatlarla çalışırıq. Tələbəm də istedadlıdır və mənim dediklərimi qavrayır. Təbii ki, mən də sevinirəm.
-Bugünkü gənclərin avazı sizin dövrün avazına uyğun gəlirmi? Sizin fikrinizcə, bugünkü gənclər milli ruha necə kökləniblər?
- Yaşadığımız dövrdə bizim daxilimiz milli olsa da, ətrafımız milli deyildi. Çünki, biz Sovet İttifaqının tərkibində yaşayırdıq və fəaliyyət göstərirdik. Amma biz milli idik və milli ailələrdə böyüyürdük. Adət-ənənələrimizə də çox sadiq idik. Bugünkü qədər müstəqil olmasaq da, biz o dövrdə bölgələrdən seçilib gəlirdik. O dövr tamam fərqli idi. Yəni o dövrdə də dövlət bizə qayğı göstərirdi. O vaxt müsabiqə ulu öndərimiz Heydər Əliyevin dəstəyi ilə keçirilirdi. Mən o vaxt 5-ci sinifdə oxuyurdum. İlk dəfə sarayda Heydər Əliyevin qarşısında çıxış etdikdən sonra o, qərar verdi ki, bölgələrdən də uşaqlar seçilməlidir. Bununla da yaxşı sənətkarlar rayonlara, şəhərlərə ezam olundular. Mən də Naxçıvandan seçildim. Təbii ki, mənim bu cür məktəbdə oxumaq şansım çox çətin idi. Çünki, bu məktəbdə ən ali zirvədə olan tanınmış ziyalıların, şairlərin, yazıçıların, bəstəkarların uşaqları təhsil alırdı. Mən isə Ordubadın ucqar dağ kəndindən Bakıya gələn məsum, utancaq, sıxılan, çəkinən, kölgəsindən belə qorxan bir qız idim. O vaxt Heydər Əliyev təkcə mənim deyil, mənim yaşıdlarımın Bakıya gəlməsinə və bu məktəbdə təhsil almasına şərait yaratdı. Biz bütün festivallara, şəhərdaxili konsertlərə, müsabiqələrə qatılırdıq. Dövlət əhəmiyyətli konsertlərdə həmişə ön sıralarda gedirdik. Bu gün də bu ənənə davam edir. İstedadlı yeniyetmələr üzə çıxır, dövlət tədbirlərində çıxış edirlər. Yaşlarının az olmasına baxmayaraq, Azərbaycanı xarici ölkələrdə təmsil edirlər. Sadəcə fərq burasındadır ki, dövlətin, televiziyaların qayğısı, tamaşaçı alqışı indiki gəncləri yoldan çıxarır. Onlar vaxtından tez iddiada olurlar.
Heç kim sinəsinə vurub deyə bilməz ki, məndən başqa yalandır. Onu deyən insanlar sadəcə aşağı səviyyənin və geri zəkalılığın nümunəsidir. Bizi yaradan, bizə səs verən, bizi ucaldan, bizə yol açan Allahdır. İnsan gərək həmişə alnıaçıq olsun. Saxta işlərlə məşğul olmasın. Öz yaşlarına uyğun hərəkət etsinlər. Çünki, bu yaşda insan gərək diqqətli və ağıllı olsun. Heç nəyə uymasın. Bir insanın yaşadığı mühit, onun ailəsinin səviyyəsi hələ bu deyil. Amma o, istedadı ilə çox böyük yerlərə qatıla bilir. Bu Tanrının insana bəxş etdiyi bir xoşbəxtlikdir. Sadəcə bu xoşbəxtlikdən yararlanmaq və Allaha yüz dəfə dua etmək, şükür eləmək lazımdır. Biz bu gün də Aybəniz xanım Haşımova ilə birlikdə məktəbin direktoru olmuş Nazim Əliverdibəyovun məzarını ziyarət edib, “Quran” oxutdururuq. Çünki onun bizim üstümüzdə əməyi çoxdur. O vaxt Həmkarların sədri vəzifəsində çalışmış Lidiya xanım Rəsulovanın, İslam müəllimin, Şövkət xanım Ələkbərovanın xatirəsini anırıq. Biz ulu öndərimizi hər zaman anırıq. Çünki, bizə təhsili ulu öndərimiz verdi. Bir daha qeyd edirəm, o dövrdə təhsil almaq çox çətin idi. O vaxt başqa bir ab-hava var idi. Lakin bizi o zamanlar dövlətin dəstəyilə oxutdurdular. Düşünürəm ki, bir insan kimi, sənətkar kimi formalaşmağımda aldığım təhsili, yüksək mədəniyyəti, intellektual səviyyəni gələcək nəsillərə çatdırmalıyam. Ona görə də mənim dərsimin bir hissəsi muğamdırsa, bir hissəsi də mənəviyyat dərsidir. Mən onların həyatda bir insan kimi formalaşmaları üçün kiçiyə və böyüyə olan münasibəti, Vətənə və millətə olan sevgini aşılayıram. Mən çox fəxr edirəm ki, bu sənətdəyəm. Bəzi insanlar uğur qazanmadıqları zaman, ya da haqları yeyiləndə depressiyaya düşürlər. Amma mən məyus olmuram. Mən bir həqiqəti özüm üçün müəyyənləşdirmişəm ki, insan halal yolla sənətdə bu qədər yol gedə bilər. Mən hələ çox getmişəm. Çünki mənim sənətim var. Mən İncəsənət Universitetində müəllimə vəzifəsində, Folklor İnstitutunda, Bülbül adına məktəbdə çalışıram. İfaçı kimi isə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin “Qədim Milli Alətlər Ansamblı”nın solistiyəm və bu ansambl 1995-ci ildən fəaliyyət göstərir. Onun rəhbəri professor Məcnun Kərimov rəhmətə getdi. Məcnun müəllim dəyərli Azərbaycan ziyalısı idi. Mən onun adını daşıyan ansamblda 1995-ci ildən fəaliyyət göstərirəm. Bu ansambla dövlət statusunu 1995-ci ildə bizim ulu öndərimiz verdi. Mən bütün bunları ona görə sadalayıram ki, insan gərək əməyi itirməsin. İnsanın həyatında, təhsilində, sənətində irəli getməyində kiminsə əməyi varsa, onu mütləq deməlidir. Mən də bunları deməyi özümə borc bilirəm.
-Müasir gənclər sənətə yiyələndikləri zaman, dünya arenasında xalqımızı hansı musiqi janrında təmsil etməyə daha çox üstünlük verirlər? Qərb yoxsa milli musiqi...
- Siz yaxşı bir məqama toxundunuz. Bülbül adına orta ixtisas musiqi məktəbi Sovet İttifaqı dövründən fəaliyyətdədir. Azərbaycan incəsənətinə, Azərbaycan mədəniyyətinə töhfə verən ən yüksək intellektual səviyyəli, ali dərəcəli musiqiçilər bu məktəbdə təhsil alıb. Bu məktəbin ən gözəl özəlliyi odur ki, burada milli musiqi ilə bərabər Qərb musiqisi də tədris olunur. Təbii ki, bizim musiqimiz ana laylasıdır və tələbə bu musiqini eşidir. Yəni həm Azərbaycan, həm də Qərb musiqisini mənimsəyir və zamanla çox böyük musiqiçi olur. Çünki bunların ikisi birləşəndə yüksək səviyyə yaranır. Bu məktəb xüsusilə, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətindədir. Bildiyiniz kimi bizim məktəbin direktoru artıq Teymur müəllim Göyçayevdir. Teymur müəllim çox gözəl musiqiçidir. O, tərifə ehtiyacı olmayan bir insandır.
Onun məqsədi də odur ki, savadı və istedadı olan tələbələr oxumalıdır. Onlar dil bilməlidir, bir neçə alətdə çalmağı bacarmalıdır. Bir sözlə, dünya arenasına çıxa biləcək yüksək intellektual səviyyəli, yüksək mədəniyyətli, yüksək ixtisaslı kamil musiqiçi yetişməlidir. Bizim də bu məktəbdə məqsədimiz Azərbaycan övladlarını dünya arenası səviyyəsində kamil olaraq yetişdirməkdir.
Vacib deyil hansı janrda dünya arenasına çıxasan. Əsas odur xalqımızı layiqincə təmsil edəsən. Gənclərimiz fərqli arzu və istəkdə olurlar. Milli musiqiyə də üstünlük verirlər, xarici musiqi sənətinə də. Əsas odur ki, istedadını göstərə biləsən.
Bizə sadəcə “müsəlman ölkəsidir” deyib, kənardan baxmasınlar. Baxmayaraq ki, torpaqlarımızın bir hissəsi işğal altındadır, amma bununla belə sakit bir şəkildə firavan həyat yaşayırıq. Ölkəmizdə əmin-amanlıq və gözəllik var. Bütün bunlar bizi sevindirir və yeni proyektlərə imza atmağa həvəsləndirir. Hər kəs öz işində ləyaqətlə, vicdanla çalışsa, düşünürəm ki, bizim heç vaxt heç bir problemimiz olmaz.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info