“Bəstəkar olmağımda Qara Qarayevin rolu əvəzsizdir”
Tarix: 01.11.2013 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Nərgiz Şəfiyeva: “Musiqiçilərimiz hər zaman axtarışda olurlar”

Müsahibimiz bəstəkar və musiqişünas Nərgiz Şəfiyevadır. N. Şəfiyeva 1940-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1947-1957-ci illərdə Konservatoriyanın nəzdnində musiqi məktəbində təhsil alıb. 1957-ci ildə Konservatoriyaya iki fakültə üzrə-muçiqi tarixi nəzəriyyəsi və bəstəkarlığa qəbul olub. 1958-ci ildən bəstəkarlıq dərslərini Qara Qarayevin sinifində almağa başlayıb. N. Şəfiyeva bəstəkarlıq yolunda, kiçik janrlı əsərlərdən başlayaraq, yaradıcılığında simfonik əsərlərə qədər yaradıb. Simfonik orkestr üçün “Mahnı dağlarda qaldı”, Nazim Hikmətin sözlərinə “David Oystrava məktubumdur”-vokal-dialoqu, simli orkestr və bir sıra solistlər üçün əsərlər bəstələyib. 1995-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Nərgiz xanım müsahibə zamanı müəllimi, dünya şöhrətli bəstəkar Q. Qarayevlə bağlı xatirələrindən və bugünkü bəstəkarlıq sənəti haqda fikirlərini bildirdi:

- Nərgiz xanım, siz Azərbaycanın bugünkü musiqi sahəsində Qara Qarayevin incəsənətimizə yadigar qoyduğu tələbələrindənsiniz. Sizin Qara müəllimlə olan xatirələriniz yaddaşınızda hansı izlər qoyub...
- Mən Konservatoriyanın nəzdnindəki onillik musiqi məktəbini bitirdim. Bu illər ərzində mənim həyatımda bir çox hadisələr olub. Mən hətta Üzeyir Hacıbəylini də gördüm. Biz Üzeyir bəylə eyni küçədə yaşayırdıq. Uşaq yaşlarından musiqiyə çox həssaslıqla yanaşırdım. Bu həssaslıq mənim hayatımı musiqiyə kökləməyə vadar etdi.
Musiqi aləminə qovuşmağım isə 1945-ci ildə “Arşın mal alan” filmi ekranlara çıxdıqdan sonra başladı. Bu film mənə çox böyük təsir bağışladı. Mən bu filmi izlədikdən sonra sanki, vəcdə gəldim. Piano qarşısına keçib bütün mahnıları ifa etməyə başladım. Mən bu musiqilərə elə bələd olmuşdum ki, artıq “Arşın mal alan” dedikdə filmin bütün mahnıları beynimdə səslənirdi. Daha sonra “Koroğlu” operasını gördüm. Bu əsərləri izləmək, qulaq asmaq mənim musiqi obrazımı, duyğularımı birə-beş ilhamlandırdı.
Mənim bəstəkar olmağımda Q. Qarayevin rolu əvəzsizdir. Dahiyanə bəstəkar kimi onun nüfuzu böyük idi və onun musiqi dil üslubu çox təsiredicidir. Hətta 50-ci illərdən başlayaraq onun əsərlərinin musiqi intonasiyaları dövrümüzün ahənginə çevrildi. Onun parlaq “Yeddi gözəl” baleti SSRİ məkanında tarixi mərhələni təşkil edirdi. Q. Qarayev bütün tələbələrinə ata nəvazişi göstərirdi. Eləcə də mənə. O adi insan deyildi. Onu bütün SSR-i məkanında tanıyırdılar. Ona böyük etimad var idi. Q. Qarayev kimi bir şəxsdən dərs almaq, bu həqiqətən qürurvericidir.
Mən Qara müəllimin sinifində beş il oxudum. Ömrümün axırına qədər onun tələbəsiyəm. Lakin Qara müəllimin tələbəsi olmaq üçün zamana ehtiyac yoxdur. Çünki onun tələbələri heç zaman ondan əlaqələrini kəsməyiblər və sən heç bir zaman Qara müəllimdən ayrıla bilmirsən. Arif Məlikov, Musa Mirzəyev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə kimi tələbələri Qara müəllimin sinifini bitirsələr də vaxtaşırı onun yanına gəlib, ondan mənəvi qida alırdılar. Mən bunun şahidi olmuşam. İndi isə onların əsərlərini dünya orkestrləri ifa edir və əsərləri məşhurdur. A. Məlikovun “Məhəbbət əfsanəsi” baletini qeyd etmək kifayətdir ki, bir çox dünya səhnələrində tamaşaya qoyulub. Qara müəllimlə xatirələrim mənim yaddaşımda silinməz izlər buraxıb.
Hətta mən müəllimim haqqında “Q. Qarayev tələbələrinin xatirəsində” adlı kitab tərtib etmişəm. Güman edirəm ki, bu kitab zərurui bir kitabdır.
-Azərbaycan bəstəkarlıq məktəbi haqqında hansı mülahizələr edə bilərsiniz?
- Tarixi prinsip baxımından ilk növbədə Üzeyir bəyin adını çəkmək lazımdır. Çünki Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı Ü. Hacıbəylidir. Daha sonra Üzeyir bəy Qara Qarayev, Cövdət Hacıyev, Asəf Zeynallı, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Soltan Hacıbəyov, Səid Rüstəmov kimi istedadlı tələbələrinə Azərbaycan musiqisinin milli ruhunu aşıladı, milli mənliklərinə ruh verdi.
Qara müəllim sonuncu müsahibəsində Ü. Hacıbəyli haqqında belə bir fikir söyləmişdi: “O mənim milli qəlbim uğrunda mübarizə aparıb”. Başqa bir fikrində demişdi: “O elə bir lad sistemi yaradıb ki, “Koroğlu” operası kifayət edər ki, bu operanı araşdırıb, Üzeyir Hacıbəylinin musiqi dünyasının ladını təyin edəsən”.
Eləcədə bizim musiqimiz. Q. Qarayevin müdrik bir kəlamı var. “Avropa musiqisinin beş yüz ildə apardığı inkişaf yolunu, biz bircə yüz ildə apardıq”. Bəli. Bizim musiqi tariximizə nəzər salsaq görərik ki, Q. Qarayevlə bahəm, başqa yöndə Fikrət Əmirov çalışırdı. Çünki onların hərəsinin öz yolu var idi. Q. Qarayev bilirdi ki, Üzeyir bəy və ondan sonra gələn F. Əmirov kifayət qədər milli düşüncəni genişləndiriblər və öz əsərlərində büruzə veriblər. Hər dövrün öz dahisi var. O dahiləri biri-biri ilə müqayisə etmək düzgün deyil.
Yaradıcı insanların yaşayış şəraiti də onlara bilavasitə təsir edirdi. Məsələn Q. Qarayev şəhər mühitində yaşayan bir idi. Eləcə də F. Əmirov Gəncə şəhərində yaşayıb. Lakin Üzeyir bəy ümumiyyətlə lokal bir şəraitdə, 14 yaşına qədər Şuşuda yaşayıb. Muğam, el mahnıları, aşıq musiqisi. Ona görə də onun milli ruhda yaradıcılığa üstünlük verməsi, musiqi dünyasında yeni ünsürlər, yeni elementlərin olması inkişafa yol açırdı. Beləliklə, Azərbaycan musiqi tarixi həqiqətən də Ü. Hacıbəyli yaradıcılığından başlayır.
- Üzeyir bəy musiqi dünyamıza əsas nələri bəxş edib?
- Əsas faktı qeyd edim ki, bizim musiqi dünyamızda not sistemi yox idi. Söz yox ki, o zamanlar islam musiqi aləmi dağılmasaydı, biz öz yolumuzla gedəcəkdik. Lakin o hələ təcrübədə deyildi. Ancaq Üzeyir bəy öz dövrü üçün çox böyük bir iş görür. O, Avropanın not sistemindən istifadə edərək Azərbaycan musiqisini, məqam muğamlarımızı həmin not sistemində əks etdirib.
Əsas bir nüansı diqqətə çatdırmaq istərdim ki, Üzeyir bəy heç də Avropa musiqi janrına müraciət etməklə kifayətlənmirdi. Məhz özünəməxsus olan janrlardan istifadə edərək, dahiyanə əsərlər yaratmışdır. Vyanada, Strasburqda ölməz “Arşın mal alan” operettası səhnəyə qoyulub. Arzu edirik ki, bu “Koroğlu” operasına da nəsib olacaq.
-Üzeyir bəy Azərbaycanın hansı özünəməxsus musiqi janrlarına müraciət edib?
- Üzeyir bəy bir çox musiqi janrlarına müraciət edib. “Koroğlu” operasının klavirini açsaq, bütün xalq musiqisinin bütün formaları istifadə edilib. Onun yaratdığı ən gözəl musiqili qəzəlləri, Nizami Gəncəvinin sözlərinə yazılan “Sənsiz” və “Sevgili canan” milli kamera-vokal musiqimizin inciləridir. Bu çox unikal yaradıcılıqdır. Bir daha qeyd edirəm ki, “Sənsiz”, “Sevgili canan” romans deyil. Formaca romansa bənzəsə də, onun özünəməxsus quruluşu var. Üzeyir bəyin musiqi dünyamız üçün gördüyü ən böyük işlərdən biri bunlardır.
-Professional musiqiçi kimi sizcə, bu gün gənc musiqiçilər necə formalaşırlar?
- Bizim xalq o dərəcədə dəyərli millətdir ki, musiqi sahəsində keçmiş musiqi irsimizin ənənələrini davam etdirib, eyni zamanda gələcəyə yol açan cərəyanları izləyərək, avropa musiqçilərindən heç də geri qalmırlar. Ən əsası musiqiçilərimiz hər zaman axtarışdadırlar və müasir həyatla ayaqlaşırlar. Hər zaman axtarışda olurlar ki, musiqi tariximiz dünya musiqi tarixində böyük iz qoysun. Çünki, musiqi dünyamızda millətimizin milli mənafeyi qorunmalıdır.
- Nərgiz xanım, bəs siz bunlara misal olaraq kimləri nümunə göstərə bilərsiniz?
- Əlbəttə ki, bizim görkəmli qadın bəstəkarlarımızdan biri Xalq artisti, professor Firəngiz Əlizadənin, Cəlal Abbasovun, Sərdar Fərəcovun, Rauf Əliyevin, Aliyə Məmmədovanın və bir çox görkəmli bəstəkarlarımızın əsərləri dünya festivallarında,Türksoyun təşkilatçılığı altında bir çox müsabiqələrdə və baxışlarda səslənir.
- Biz sizin haqqınızda çox eşitmişik. Yaradıcılığınızla əlaqədar əsərləriniz hansı ölkələrdə səslənib?
- 60-cı illərdə Sovet İttifaqının bir çox şəhərlərində səslənib. 1962-ci ildə Azərbaycanın yeganə qadın bəstəkarı kimi Moskvada gənc bəstəkarların baxışında iştirak etdim və mükafat aldım. Hal-hazırda əsərlərim qurultaylarda, plenumlarda, konsertlərdə səslənir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info