“Azərbaycanlı gənclər Qazaxıstanın ictimai-siyasi həyatında çox fəaldır”
Tarix: 05.11.2013 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Bəhruz Axundov: “Azərbaycan həqiqətlərini yerli əhaliyə çatdırmaq məqsədi ilə başqa xalqların da nümayəndələrini öz sıralarımıza cəlb edirik”

Xaricdə yaşayan soydaşlarımız arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin olması ilə yanaşı onların qarşısında azərbaycançılıq ideologiyasına əsaslanan bir sıra tarixi vəzifələr durur. Burada Azərbaycan reallıqlarının dünyaya olduğu kimi çatdırılması, eləcə də vətənə sədaqətlilik kimi meyarlar öz əksini tapıb. Bu amala sadiq qalan xaricdəki diaspor təşkilatlarımız fəaliyyətlərini daha da gücləndirirlər. Hazırda öz fəaliyyəti ilə seçilən belə diaspor təşkilatlarımızdan biri də Qazaxıstan Respublikasında Heydərçi Azərbaycanlı Gənclər Təşkilatıdır. Hazırda Bakıda qonaq olan təşkilatın sədri Bəhruz Axundovla görüşüb həmsöhbət olduq. Xatırladaq ki, B.Axundov 1984-cü ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. 1986-cı ildə ailəsilə birlikdə Qazaxıstanın Kostanay vilayətinə köçüb, orada orta məktəbi və Çeliyabinski Dövlət Universitetinin Kostanay filialının Hüquqşünaslıq fakültəsini bitirib. Ailəlidir, bir övladı var.

-Qazaxıstandakı azərbaycanlı gənclər diaspor sahəsində aktivdirlərmi?
-Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının əsası 1995-ci ildə Qazaxıstan Respublikasında atam Fəyyaz Axundovun dəstəyi ilə yaradılmış “Heydər” mədəniyyət ocağı ilə qoyulub. 10 ildən artıq fəaliyyət göstərən mədəniyyət ocağı 2007-ci ildə ortaya çıxan müəyyən çətinliklər səbəbindən öz fəaliyyətini müvəqqəti dondurmalı olub. Üç illik fasilədən sonra - 2010-cu ildə mən atamın davamçısı olaraq Qazaxıstanın Kostanay vilayətindəki həmyerlilərimizi bir araya toplayıb “Heydər” mədəniyyət ocağının əsasında Heydərçi Azərbaycanlı Gənclər Təşkilatını yaratdım. Təşkilatımızın gəncləri çox qısa müddətdə aktiv fəaliyyətə başladı və Qazaxıstan ictimaiyyətində öz sözlərini deməyi bacardılar. “Azərbaycanımızı layiqincə təmsil etmək!” Ulu öndərimizin adına layiq olmaq! - ideyalarını əldə rəhbər tutaraq gündən-günə təşkilatımızın fəaliyyətini genişləndirdik. 2012-ci ildə Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı respublika statusu əldə etdi və Qazaxıstanın on vilayətində nümayəndələrimiz fəaliyyətə başladı. Təşkilatımızın üzvləri yalnız azərbaycanlı gənclərlə məhdudlaşmır. Azərbaycan həqiqətlərini yerli əhaliyə çatdırmaq məqsədilə biz başqa xalqların da nümayəndələrini öz sıralarımıza cəlb edirik. Ancaq çox təəssüflər olsun ki, azərbaycançılıq, vətənpərvərlik, birlik ideyaları ilə yaşayan və çalışan Qazaxıstandakı Azərbaycan gəncliyinə bu istiqamətdə fəaliyyətini genişləndirməkdə yerli azərbaycanlı iş adamları tərəfindən lazım olan maliyyə dəstəyi göstərilmir. Maliyyə problemləri vətənpərvərlik, azərbaycançılıq duyğuları ilə qaynayan Azərbaycan gəncinin malik olduğu potensialı ortaya qoymaqda əngəllər yaradır.
-Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən sizin hər hansı probleminizin həll olunmasında köməklik göstərilirmi?
- 2010-cu ildə biz gənclər təşkilatımızı yaratmaq ideyası ilə gənclərimizlə birlikdə ilk dəfə, səfirliyimizə müraciət etdik. Bizim ideyamızı səfirliyimiz bəyəndi və bizə adət-ənənələrimiz, mədəniyyətimizlə bağlı lazım olan kitabları, jurnalları, filmləri hədiyyə etdilər. Səfirliyin bizə qarşı olan bu dəstəyi bizi daha çox ruhlandırdı. Bu günə qədər də Qazaxıstanda yüksək səviyyədə keçirilən bütün tədbirlərə cənab səfirimiz Zakir Həşimov bizi həmişə dəvət edir və gənclərimizə xüsusi münasibət göstərir. Bu da biz Qazaxıstanda yaşayan azərbaycanlılara bir daha Prezident İlham Əliyevin öz xalqına qarşı olan böyük məhəbbətini sübut edir. Yeri gəlmişkən, səfirimizə və səfirliyimizdə çalışan həmyerlilərimizə bizə olan gözəl münasibətə görə həmişə minnətdarıq. -Qazaxıstanda diasporumuzun nəsilləri arasında əlaqə hansı formadadır. Yəni bildiyimiz kimi, ötən əsrin 20, 30, 40-cı illərində Azərbaycandan Qazaxıstana sürgün olunmuş soydaşlarımız var. Bu gün onlar özlərini Azərbaycan diasporu hesab edirlərmi?
- Milli qeyrət, vətənpərvərlik, hər bir azərbaycanlı ailəsində valideynlər tərəfindən verilən tərbiyənin ilk bünövrəsi olmalıdır. Milli qeyrəti olmayan azərbaycanlı heç vaxt özünü azərbaycanlı hesab edə bilməz. Ötən əsrdə sürgün olan həmyerlilərimizlə biz çox sıx qardaşlıq münasibətindəyik. Onlarla münasibətdə olduğumuz zaman, onların da qəlblərinin vətən eşqi ilə döyündüyünü hiss edirik. Bizim təşkilatımızda ən çox çalışan gənclərin sırasında elə həmin həmyerlilərimizdən də var.
-Rəsmi Qazaxıstan hökuməti tərəfindən diasporumuza hansı münasibət göstərilir?
-Qazaxıstan bizim üçün qardaş xalqdır. Bizə qarşı münasibət çox gözəldir, əsasən də bu münasibət, bu qardaşlıq ulu öndərimiz Heydər Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin sıx dostluğunun nəticəsində yaranıb. Bu münasibət və qardaşlıq hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Biz azərbaycanlı gənclər bu dostluğu və qardaşlığı qorumağı özümüzə borc bilirik. Bu istiqamətdə həmişə çalışırıq ki, Qazaxıstan-Azərbaycan qardaşlığı əbədi olsun.
-Qazaxıstanın ictimai-siyasi işlərində diaspor təşkilatı olaraq fəallıq göstərə bilirsinizmi?
-Biz təşkilatımızı yaratdığımız zaman Qazaxıstanda prezident seçkiləri keçirilirdi. Azərbaycanlı gənclər yığılıb bir qərara gəldik ki, Nursultan Nazarbayevə dəstək olaq, Azərbaycan xalqının qardaş qazax xalqına olan hörmətini öz dəstəyimizlə sübut edək. Biz, Nursultan Nazarbayevin rəhbərlik etdiyi Nur-Otan partiyasının üzvü olduq və keçirilən prezident seçkilərində bir ay dayanmadan çalışdıq, lazım olan səviyyədə dəstək olduq. Onu da qeyd etmək istəyirəm ki, orada fəaliyyət göstərən mədəniyyət ocaqları arasında biz, yeganə Heydərçiləriydik ki, bu dəstəyi, Qazaxıstanın Kostanay vilayətində etdik. Sonra isə Qazaxıstanda keçirilən deputat seçkilərində biz, Nur-Otan partiyasına yenə köməyimizi əsirgəmədik, yüksək səviyyədə dəstək olduq. Bundan sonra Nur-Otan partiyasıyla sıx dostluq yaratdıq. Tədbirlərimizə onları dəvət edirik, həmçinin birlikdə dəfələrlə tədbirlər həyata keçirmişik. Gələcəkdə də bir neçə maraqlı tədbir həyata keçirməyi planlaşdırırıq. Azərbaycanlı gənclər Qazaxıstanın ictimai-siyasi həyatında çox fəaldır. Bizim Qazaxıstan ictimaiyyəti üçün əməyimiz çox olub. Ən gözəl tədbirlərdən biri Qazaxıstanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş konsertimiz oldu. Kostanay vilayətində bizdən yaxşı o bayramı qeyd edən olmadı. Biz keçirdiyimiz tədbirlərdə həmişə çalışırıq irəlidə olaq, bu arzularımız da həmişə həyata keçir. Ona görə ki, gördüyümüz işləri təmiz ürəklə, böyük məsuliyyətlə edirik. Qazax dilində keçirilən tədbirlərdə bizim gənclərimiz bütün xalqlar arasında, vilayətlər səviyyəsində, respublika səviyyəsində həmişə birinci yerləri əldə edir və müəyyən çətinliklərə baxmayaraq, bu görülən işlər həmişə bizim öz gücümüzə həyata keçirilib. Bu işləri biz həyata keçirdiyimiz zaman, çoxları, əsasən də, düşmən xalq həmişə bizim fəallığımızdan dəhşətli dərəcədə təəccüblənilər.
-Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz hansı formadadır?
- Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bizi Dünya Azərbaycanlılarının 3-cü Qurultayına və Dünya Azərbaycanlı Gənclərin Konqresinə dəvət etmişdi. Yüksək səviyyədə bizi qarşıladılar, bütün xərclər dövlət tərəfindən ödənildi. Bizə göstərilən bu gözəl münasibətə görə biz Prezidentə təşəkkürümüzü bildiririk. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova və komitədə çalışan həmyerlilərimizə də öz təşəkkürümüzü bildiririk. Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə hələ ki, heç bir tədbir həyata keçirməmişik. Bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyovla görüşlərimiz oldu. Gələcəkdə birlikdə bir neçə tədbir həyata keçirməyi və əlaqələrimizin daha da sıx olmağını planlaşdırdıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info