İnternet insanlarda hafizə zəifliyi yaradır
Tarix: 05.11.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Psixoloq Tünzalə Verdiyeva: “Həqiqətən də bir arxayınçılıq hökm sürür və heç kəs özünə əziyyət vermək, öz beyninə, yaddaşına hansısa informasiyanı yazmaq istəmir”

İnformasiya Kommukasiya Texnologiyalarından (İKT) istifadə bu gün insanların gündəlik həyat tərzinə çevrilib. Bu sahədə müasir texnologiyalardan yararlanmaqla onlar öz işini asanlaşdırırlar. Lakin mütəxəssislərin fikrincə, İKT-dən istifadənin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Məsələn, kompyuter qarşısında çox əyləşməklə onurğa əyriliklərini yaranması, mobil telefonlardan istifadə ilə artıq şüanın qəbul edilməsi və s. kimi fikirlər bildirilir. Bundan başqa alimlər belə qənaətə gəliblər ki, insanların adlar, tarixlər, hadisələr haqqında özü fikirləşmək, xatırlamaq əvəzinə internetə müraciət etməsi ilə yaddaşın itməsi, zəifləməsi müşahidə olunur.

İnternet xarici
yaddaşa çevrilib


Amerikalı psixoloq Betsy Sparrow ilk dəfə olaraq internetin insan yaddaşına təsirini araşdırıb. Həmin araşdırmanın nəticəsi “Science” jurnalında dərc edilib. Betsy Sparrow hesab edir ki, insanlar həmin informasiyanın kompyuterin yaddaşında saxlandığına əmin olduqda, o zaman diqqət yetirmir və öz beynində az yadda saxlayır. Monreal İnstitutunun nevrologiya üzrə professoru Alain Dagher isə bildirib ki, əgər insanlar bir alış-veriş edərkən onu siyahıya yazıb, sonra ona baxıb asanlıqla xatırlayırlarsa, internet də belədir. Alain deyir ki, 10 ildir ki, həkim kimi bu sahədə lazım olan infomasiyanı internetdən alır. Bu da onun tibb praktikasını dəyişdirib.
Ümumiyyətlə, amerikalı alimlər məlumat əldə etmək üçün davamlı internetə müraciət edən insanlarda hafizə zəifliyi yarandığını bildiriblər. Aparılan araşdırmara görə, insan beyni məlumatı mühafizə etmək əvəzinə, diqqəti ona çata biləcəyi ünvana yönəldir. Bu vəziyyətdə internet xarici yaddaş vəziyyətinə gəlir. İnternetdəki axtarış isə artıq bir barmaq toxunuşu qədər asanlaşıb. Bu gün internetdə istədiyin bir kitab, sevdiyin bir yazıçının həyatı, məşhur bir aktyorun filmlərini və s. əldə etmək mümkündür. Artıq insanlar elmi araşdırmalar üçün də kitabxanalara qapanıb günlərini sərf etmək məcburiyyətində deyillər. Bəs bu cür asanlıq xatırlama bacarıqlarını zəiflədirmi? Kolumbiya, Madison Visconsin və Harvard universitetinin araşdırmaçılarının yaydıqları hesabatda insanların internet sayəsində hafizələrinə daha az ehtiyac duyduqlarını müəyyənləşdirib. İnsan beyni artıq məlumatı hafizəyə yükləmək yerinə, harada tapabiləcəyinə diqqət yönəldir və məlumat yerinə, məlumat qaynaqlarını ağlında saxlayır. Bir sözlə, insanlar internetdən bir növ xarici yaddaş olaraq istifadə edir. İnsanların öz hafizəsini kənarlaşdırıb xarici yaddaşdan istifadə edəcəyi fikri ilk dəfə 1985-ci ildə Daniel Veqner tərəfindən bildirilib. Amerikalı psixoloq önə sürdüyü tezislə internetin asanlıqları ilə bağlı hələ 30 il əvvəl fikir bildirib. Veqner “Transaktiv yaddaş” ifadəsi ilə artıq insanın bioloji quruluşu xaricində işləyən məlumat toplama vasitələrinin varlığından bəhs edir. Beləliklə, Betsy Sparrow, Jenny Liu və Daniel Veqnerin apardığı ortaq araşdırma yeni texnologiyaların inkişafının insan hafizəsinə nə kimi təsirləri olduğu araşdırıblar. Aparılan 3 fərqli təcrübənin nəticələrinə görə, məlumat əldə olunsa da insanlar kompyuterin yaddaşına öz hafizələrindən daha çox güvənirlər. Daha sonra asanlıqla əldə edilə biləcək bir məlumat, elektronik mühitdə asanlıqla yayıla bilir. Eləcə də insanlar xarici mənbədən asanlıqla əldə edəbiləcəklərini düşündükləri məlumatları daha tez unudarkən, yenidən əldə edilməsi çətin olan məlumatları daha çox ağlında saxlayır. Elektron şəkildə saxladıqları məlumatların harada saxlandığını yaxşı bir şəkildə xatırlayarkən, saxlanılan şeyin xüsusiyyətini hafizələrində daha az saxlayır. Bu nəticələrlə bağlı, insan-kompyuter təsiri ilə əlaqədar araşdırmalar aparan türk mütəxəssisi İlker Köşe bildirib ki, sürətlə dəyişən texnologiyalar hazırda məlumata olan ehtiyacı, yetişmək sürətini, mühafizə şərtləri kimi bir çox faktorlara dərindən təsir edib. Bu nəticələr bizim indiyə qədər ətrafımızdan, ailəmizdən, kitablardan və s. qaynaqlardan öyrəndiyimiz məlumatlara göstərdiyimiz davranışdan fərqli bir davranış nümayiş etdirdiyini göstərir. İnternetin digər əlaqə vasitələrinə nəzərən davamlı və altenativ məlumat təqdim etməsi bu texnologiyanın digər vasitələr arasında bir addım öndə olmasına yol açır. Beləliklə, texnologiya irəlilədikcə məlumat istehlakı artır. Ancaq məlumatın xüsusiyyəti, artan bu böyüklük qarşısında azalır. Professor Lütfü Hanoğlu bildirib ki, bu səbəblə insan hafizəsi də həmin məlumatlar arasında son məqsədinə çatmaq üçün ən önəmli qismləri saxlamağı tərcih edir. Bu gün dünyada ən çox istifadə edilən axtarış sistemi “Google” istənilən məlumatı tapmaqda insanlara kömək edir. Nevropotoloq L.Hanoğlu bildirib ki, artıq insanlar interneti şəxsi məlumat bankı kimi istifadə edir. Beləliklə, “Google” insan beyininin “xarici diski” adını alıb və insanlar bir şeyi əzbərləyərək yadda saxlamaq yerinə, onu “Google” ilə xatırlamağa üstünlük verirlər. Bəzi mütəxəssislərin fikrincə, internetin bu məqsədlə istifadə edilməsinin əsas səbəblərindən biri ensiklopediya, xəritə və lüğət kimi əsas qaynaqların internetdə öz əksini tapmasından qaynaqlanır. Araşdırmalar tənicəsində beyin-kompyuter-internet əlaqələrinə başqa aspektdən yanaşaraq belə nəticəyə gəlinib ki, zehinlərin get-gedə tənbəlləşdiyi bir dövrdə, internetin də bu vəziyyətə çox böyük bir zərbə vurmasıyla birlikdə insanlar bir az da dayazlaşa bilər. Gələcəyin bəlkə də ən böyük təhlükəsi budur.

“Bu gün şagirdlərmiz belə, lazım olan
informasiyanı internetdən alırsa,
bunun nəticəsi daha ağır olacaq”


Psixoloq Tünzalə Verdiyeva isə qəzetimizə bildirdi ki, bu gün insanın həyat və fəaliyyətini kompyutersiz və mobil rabitəsiz təsəvvür etmək çətindir, kompyuter həyatımızın bütün sahələrində ən yaxşı köməkçimizdir: “Birincisi, vaxt itkisinin qarşısını alır. Bizə lazım olan hər hansı bir mövzuda informasiyanı əldə etmək üçün axtarış saytlarına müraciət edərək və istədiyimiz informasiyanı qısa müddətdə əldə edə bilirik. Bu da insanlarda bir asılılıq yaradır. Eyni zamanda insanlarda bir arxayınçılıq da yaradır. Məsələn, mən tələbələrə fikir verirəm ki, onlar hətta mühazirələrdə qeydlər aparmaq istəmirlər. Niyə qeyd etmək istəmədiklərini soruşanda bildirirlər ki, bu məlumatı müxtəlif axtarış saytlarında axtarıb tapacam, özümə əziyyət vermək istəmirəm. Yaxud da hamının mobil telefonu var və onun vasitəsilə də internetə daxil olmaq imkanı var. İstənilən vaxt, istənilən yerdə internetə daxil olub istədiyi məlumatı əldə edir. Bu tendensiyaya son vaxtlar aşağı sinif, hətta yuxarı sinif şagirdləri arasında belə rast gəlmək olur. Şagirdlər, tələbələr, doktorantlar, ümumiyyətlə, kimin İKT-dən istifadə bacarığı varsa bu işə əl atır”. Psixoloq bildirdi ki, ancaq bu prosesin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də özünü göstərir: “Həqiqətən də bir arxayınçılıq hökm sürür və heç kəs özünə əziyyət vermək istəmir, öz beyninə, yaddaşına hansısa informasiyanı yazmaq istəmir. Hətta tələbəyə deyəndə ki, hansısa bir hadisəni təkararlayasınız yaddaşınızda qalsın, o zaman tələbə artıq informasiyanı beynində saxlamaq istəmədiyini deyir. Guya ki, insanlar hadisəni hərtərəfli oxuyanda ona ixtiyari diqqət yetirib yadında saxlayanda, guya çox informasiya insanda yaddaş pozğunluğuna gətirib çıxarır. Bu da hardasa mənfi təbliğatın nətinəsidir. Amma mənə elə gəlir ki, bu İKT-dən istifadə edərək qısa müddətdə lazımi, daha çox inormasiyanın alınması insanda bir arxayınçılıq yaradır. Qısa müddətdə əziyyətsiz əldə edilən məlumat qısa müddətdə də yaddan çıxır. Məsələn, tələbə imtahana hazırlaşır, yüksək bal alır və imtahandan 10 gün sonra müsbət bal aldığı fəndən suala cavab verə bilmir. Deməli, o məlumat onun özününkü deyil, deməli yaddaşına yaza bilmədi. Ona görə də bu sahədə araşdırma aparan alimlərin fikirlərini dəstəkləyirəm”.
Psixoloqun fikrincə, insan oxumalıdır, oxuduğunu həyatda tətbiq edərək, biliyini bacarığa çevirməli, özünüküləşdirməlidir: “Belə olanda bu məlumat beyinə həkk olunur. Əgər bu gün şagirdlərmiz belə lazım olan informasiyanı internetdən alırsa bunun nəticəsi daha ağır olacaq. Çünki bugünkü orta yaşlı nəslin nümayəndələri uşaq olarkən internet olmayıb, onlar oxuyub, öyrəniblər, həyatda gördüklərini əxz ediblər. Onlarda belə bir arxayınçılıq olmayıb, yalnız özlərinə güvəniblər. Amma bugünkü gənclərin belə asanlıqla informasiya əldə etməsi gələcəkdə məlumatlılıq səviyyəsi, yaddaşlarında olan informasiya olduqca məhdud olacaq. Bəlkə də bu gün özünü o qədər də büruzə vermir, amma 10-20 ildən sonra bunun acı nəticəsi ilə qarşı-qarşıya qalacağıq. Zəhmətsiz əldə olunan informasiya elə qısa müddətdə də yaddan çıxır”.
İKT üzrə mütəxəssis Vahid Qasımov isə bildirdi ki, insanların daha çox internetə müraciət etməsi ilə beyində tənbəllik yarana bilər: “Amma bu, sadəcə internetlə bağlı deyil, bu, ümumiyyətlə bütün yeni texnologiyalara aiddir. Kitablar çıxanda insanlar kitablara etibar edib her şeyi yaddaşında tutmamağa başladılar. İndi isə kitablar əvəzinə internetdir. İndi sadəcə insanlar yadda saxlamağa ehtiyac duymur. Düşünmək isə həmişə lazımdır, ən azından axtarış kriteriyalarını vermək üçün belə fikirləşməyə ehtiyac duyulur. Yəni, nə haradadır bilməyə bilərik, amma onu axtarmaq üçün əqli enerji sərf etmək lazımdır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info