“Bizdə sığorta mədəniyyəti və ənənəsi hələ formalaşmayıb”
Tarix: 05.11.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Aqil Bəşirov: “Azərbaycan istehlakçısı imkanından asılı olmayaraq öz həyatını və əmlakını belə, könüllü sığortalamaq istəmir”

“Sığorta xidmətləri haqda maarifləndirmə, məlumatlandırma və təşviqat işi demək olar ki, yox səviyyəsindədir”

İnsanların birbaşa təbiətə müdaxiləsi və onun resurslarını amansız istismarı qlobal iqlim dəyişikliyinə səbəb olub. Bütün dünyada sel, daşqın və yanğın indi sanki adi hala çevrilib. Günü-gündən inkişaf edən əksər dünya ölkələrində isə təbii fəlakətlər daha çox baş verir, qaçılmaz hal alır. Bu gün dünyada əsas müzakirə mövzularından biri də məhz bu qaçılmaz problemlərdən sonra insanlara dəyən zərərlərin ödənilməsidir. Təbii fəlakətlərdən heç kimin və heç nəyin sığortalanmadığı isə məlum məsələdir. Belə olan halda insanlar öz həyatlarını, daşınan və daşınmayan əmlaklarını, biznesini, fermerlər isə təsərrüfatlarını sığortalamaqda maraqlı olmalıdır.

Azərbaycanda da bu problem son günlərdə bir daha gündəmə gəldi. Sumqayıtda yerləşən "Karvan" ticarət mərkəzində baş vermiş yanğınla bağlı sahibkarlara dəymiş ziyan təxmini müəyyənləşəndən sonra məlum oldu ki, bu ziyan sahibkarların hamısına ödənilə bilməyəcək. Səbəb isə sadədir-sahibkarlar sığortadan istifadə etməyiblər. Ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahiblərinin əksəriyyəti onlara məxsus obyektləri sığortalamadığından dəyən ziyanın böyük olacağı ehtimalı daha da artdı.
Mağazalarını vaxtında sığortalamayan sahibkarlardan fərqli olaraq, sığortalanmış obyektlərin sahiblərinə onlara dəymiş ziyan sığorta şirkətləri tərəfindən tam şəkildə ödəniləcək.
Ölkənin əsas sığorta şirkətlərindən birin də məsləhətçi və baş ekspert vəzifəsində çalışan Aqil Bəşirov sözügedən məsələ ilə bağlı “Palitra”ya danışaraq sığortanın nəinki sahibkarlar, ümumilikdə heç bir biznes fəaliyyəti ilə məşğul olmayan vətəndaşlar arasında da mühüm əhəmiyyət kəsb etdiyini dedi. Ekspert deyir ki, inkişaf etmiş ölkələrdə sığorta problemi demək olar ki, az qalıb: “Sığorta məsələləri ilə bağlı bu gün ölkəmizdə maarifləndirmə problemi var. Hesab edirəm ki, KİV bu işdə kifayət qədər aktiv deyil. Qəzetinizin məhz bu yöndə məsələni işqılandırması təqdirəlayiq haldr. Azərbaycanın müstəqilliyi yeni əldə etmiş ölkələr sırasında olduğunu nəzərə alsaq bir sıra sahələrdə olduğu kimi bi sahədə də boşluqlar çox oldu. Bu gün də deyə bilmərik ki, sığorta mədəniyyəti tam formalaşıb və bu işdə ciddi islahatlar həyata keçirilib qanun layihələri hazırlanıb. Amma istənilən halda bu gün vətəndaşlarımızı üçün kifayət qədər geniş imkanlar açılıb ki, sərfələi sığorta təkliflərində yaralansınlar. Təəssüf hissi ilə deyə bilərəm ki, bu imkanlara baxmayaraq Azərbaycan istehlakçısı imkanından asılı olmayaraq öz həyatını və əmlakını belə, könüllü sığortalamaq istəmir. Bu fikrim bu günlərdə “Karvan” ticarət mərkəzində baş verən yanğından sonra öz təsdiqini bir daha tapmış oldu”.
Ekspert deyir ki, Azərbaycanda zaman-zaman bu cür və digər təbii fəlakətlər baş verib ki, burada da əsas yük dövlətin boynuna düşüb. Amma vəziyyət başqa cürə də ola bilərdi: “Məsələn 2010-cu il Kür daşqınları və ya Zaqatalada baş verən zəlzələdən sonra yaranmış vəziyyət sığorta məsələsinin nə qədər önəmli olduğunu ortaya çıxarmış oldu. Dövlət büdcəsindən böyük vəsaitlər xərclənməsinə baxmayaraq, hər iki təbii fəlakətin fəsadları tam şəkildə aradan tam qaldırılanmadı. Doğrudur dövlət böyük ölçüdə öz vətəndaşlarına yardım etdi, xeyli sayda evlər obyektlər tikilib təhvil verildi, insanların maddi zərərləri kifayət qədər ödəndi. Amma zənnimcə hər iki təbiət hadisəsinin aradan qaldırılması üçün bir neçə il vaxt, həm də əlavə vəsaitlər tələb olundu. Çünki insanlar nəinki evlərini heç bizneslərini belə, sığorta etməmişdilər.”
Qeyd edək ki, sığorta xidmətlərinin ölkəmizdə populyar olmamasına ekspertlərin rəyi müxtəlifdir. Bəziləri hesab edir ki, buna əhalinin maddi rifahı imkan vermir, digərləri isə vətəndaşların sığorta ilə bağlı kifayət qədər maraqlı olmaması ilə izah edirlər. Ekspert deyir ki, istənilən halda sığorta ən vacib amilə çevrilməlidir: “İnandırıcı deyil ki, Azərbaycan vətəndaşının ildə bir dəfə əyalətlərdə 25 manat, Bakıda isə 50 manat verib öz evlərini yanğından, təbii fəlakətdən (hətta icbari olduğu halda belə) sığortalamağa gücü çatmır. Axı vətəndaşlarımız 1 toy məclisinə və ya ad gününə bundan çox pul xərcləyir. Bir ildə belə tədbirlərin sayı 5-dən aşağı olmur. Sığortaçılara inamsızlığa gəlincə, bu məsələ də özünü tam doğrultmur. Çünki təcrübə göstərir ki, vətəndaş özü hüququnu bildiyi və tələb etdiyi halda ona nail ola bilir. Ən azı zərərlər üzrə ödənişlərin rəsmi statistikası da bunu təsdiq edir. Hər il olan statistikaya baxanda görürsən ki, sığortaçıların kənd təsərrüfatı məhsulları üzrə zərərinin ödənişi hətta sığorta yığımını üstələyib”.
Aqil Bəşirov onu da bildirdi ki, 2013-cü ilin birinci rübündə sığorta xidmətinin bəzi növləri üzrə göstəricilərilə tanış olduqda aydın olur ki, sürücülərin mülki məsuliyyətinin icbari sığortası üzrə yığım nəinki avtomobillərin sığortası üzrə yığımdan, hətta daşınmaz əmlakın icbari sığortası yığımından da böyükdür: “Bu göstəricilərin ilin sonuna kimi müsbət istiqamətdə dəyişdiyini nəzərə alsaq təbii ki, ürəkaçan mənzərənin yarandığını deyə bilərik. Məlumdur ki, birinci göstərici sırf DYP orqanlarının səyi nəticəsində əldə olunur. Amma vətəndaşlarımız öz avtomobillərini könüllü sığortalamaq haqqında fikirləşmirlər. Bu xidmət növü üzrə toplanan 27,3 mln. manat vəsaitin böyük hissəsi isə əlbəttə, kreditlə satılmış maşınların hesabına formalaşıb. Deməli, bu xidmətin də populyar olması sırf bankların öz risklərini sığortalamasından irəli gəlir. Rəqəmlər göstərir ki, çox cüzi sayda kəndli və fermer də öz məhsullarını sığortalayır. Tibbi sığorta üzrə yığım isə 37 mln. manat ətrafında olduğu deyilir. Amma bu xidmət növü üzrə yığımın az olması ölkədə tibbi sığorta haqqında qanunvericiliyin işləməməsindən qaynaqlanır”.
Mütəxəssis qeyd edir ki, Azərbaycanda əhalinin sığorta xidmətlərinə lazımınca maraq göstərməməsinin əsas səbəbi sığorta mədəniyyətinin və ənənəsinin hələ formalaşmamasıdır. Bu məsələdə isə məhz sığorta şirkətlərinin məsuliyyəti böyükdür: “Azərbaycanda hazırda 30-a yaxın sığorta şirkəti fəaliyyət göstərsə də, onların bazarda müştəri uğrunda mübarizəsi hiss edilmir. Azərbaycanda bu gün də əhalinin böyük hissəsi öz əmlakını icbari qaydada sığortalamadığına görə məsuliyyət daşıdığından xəbərsizdir. Bir daha qeyd edirəm ki, bu gün sığorta mövzusu mətbuatda ən az hallanan mövzulardan biridir. Sığortaçılar və tənzimləyici dövlət qurumları KİV-də maarifləndirmə və məlumatlandırma işi aparmaq haqqında ümumiyyətlə düşünmür. 4-5 sığorta şirkəti istisna olmaqla, geridə qalanlar mətbuatda çox nadir hallarda görünürlər. Bəzi şirkətlər haqqında məlumatlara isə aylarla rast gəlinmir. Məlumatların məzmununa gəlincə, bunlar əsasən onların reytinqləri, maliyyə hesabatları və öz cari fəaliyyətləri ilə bağlı olur. Sığorta xidmətləri haqda maarifləndirmə, məlumatlandırma və təşviqat işi demək olar ki, yox səviyyəsindədir. Reklamlara gəlincə, yenə də 4-5 şirkət istisna olmaqla, yerdə qalan şirkətlər susmağa üstünlük verirlər. Sosial reklamlar TV və radio dalğalarda yox səviyyəsindədir, bu istiqamətdə verilişlərə də olduqca nadir hallarda rast gəlmək mümkündür”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info