Konqresmen Cim Braydenstayn:
“Biz Azərbaycan kimi dostları dəstəkləməliyik”
ABŞ-da çıxan nüfuzlu “The Hill” qəzeti Ohayo ştatından konqresmen Cim Brandenstaynın “Prezident Obama ABŞ-ın dostları ilə yaxşı davranmalıdır” sərlövhəli məqaləsini dərc edib. Ohayo ştatından olan qanunverici yazır ki, “düşmənləri ilə dostlarından yaxşı rəftar edən ölkə düşmənlərinin sayı artanda, dostları isə azalanda təəccüblənməməlidir”.
İran ilə ABŞ-ın siyasi qarşıdurmasından danışan və bu qarşıdurmanı ABŞ-Azərbaycan münasibətləri ilə müqayisə edən konqresmen yazır ki, Azərbaycan nüvə silahının yayılmasına qarşı mübarizə aparır, onun əsgərləri Əfqanıstanda antiterror koalisiyada iştirak edir. Ölkə dünyəviləşmənin parlaq nümunəsidir. Burada xristianlar ilə yəhudilər ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlarla eyni hüquqlara malikdirlər. Sonra konqresmen Barak Obama Administrasiyasının İran rəhbərliyinə münasibətini, o cümlədən builki prezident seçkiləri başa çatandan sonra Prezident B.Obamanın Prezident Ruhanini təbrik etməsini təhlil edir. Azərbaycana gəldikdə isə Dövlət Departamenti bu ölkəni tənqid edib. C.Braydenstayn yazır ki, müstəqilliyini 22 il əvvəl bərpa edən Azərbaycan Rusiya və İrandan müstəqil olan siyasət yürüdür. Azərbaycan demokratikləşmə yolunda da qətiyyətli addımlar atır. Rəsmi Bakının 2013-cü ildə Azərbaycanda prezident seçkilərinə 1400 xarici müşahidəçi dəvət etməsi də bura daxildir. Avropa Şurasının Parlament Assambleyası hesabatında bildirib ki, seçki prosesi ümumən azad, ədalətli və şəffaf olub. Adətən qətiyyətlə tənqid edən Avropa İttifaqının müsbət rəyi nikbinlik üçün səbəb ola bilər. ABŞ başa düşməlidir ki, demokratik mükəmməllik birdən-birə baş vermir. C.Braydenstayn yazır: “Biz Azərbaycan kimi dostları - enerji resursları ilə zəngin olan Xəzər dənizinin sahilində, Asiya, Avropa və Yaxın Şərqin kəsişməsində yerləşən bir ölkəni dəstəkləməliyik”. Azərbaycan İraq və Əfqanıstanda əməliyyatlara qətiyyətli dəstək göstərib. Oklahoma ştatının Milli Qvardiyası terrorizmə, nüvə silahının yayılmasına və narkotrafikə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi üçün 2002-ci ildən Azərbaycanın güc strukturları ilə əməkdaşlıq edir. Konqresmen Avropanın və İsrailin enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın töhfəsini xüsusi vurğulayıb. Amerikalı qanunverici sonda ABŞ-a müraciət edərək, müttəfiqi Azərbaycanı dəstəkləməyə çağırıb. Xatırladaq ki, Cim Braydenstayn ABŞ Konqresində Oklahoma ştatının 1-ci seçki dairəsini təmsil edir və Nümayəndələr Palatasının ABŞ Silahlı Qüvvələrinin işləri üzrə komissiyasının üzvüdür.
|