Dağ turizmini inkişaf etdirməklə ölkəyə daha çox turist cəlb edə bilərik
Tarix: 06.11.2013 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Qəbələ və Qusarda olan infrastruktur ekstremal dağ turizmini müasir standartlar səviyyəsində inkişaf etdirməyə imkan verir

XX əsrin sonlarından etibarən inkişaf etmiş ölkələrin turizm bazarında struktur dəyişiklikləri baş verib. Zaman keçdikcə insanlar aktiv istirahətə üstünlük verirlər ki, nəticədə də turizm idmanın ayrı-ayrı növlərini (ekstremal) özündə birləşdirir. Ekstremal turizmin inkişafı da bu idman növlərinin tarixi ilə sıx bağlıdır. Ekstremal turizmdə müəyyən risk və təhlükələr olsa da, bu, nəticə etibarilə əsrarəngiz bir istirahət deməkdir.

Dünya turizm bazarının 10 faizi
ekstremal turizmin payına düşür


Turizm üzrə mütəxəssis, Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalovun sözlərinə görə, bu gün dünya turizm bazarının 10%-i ekstremal turizmin payına düşür: “Ekstremal turizmin dağ növlərinə alpinizm, speleoturizm, buzadırmanma və qayayadırmanma, dağ velosipedində hərəkət, dağ xizəkçiliyi və snoubordinq aiddir. Dağ xizəkçiliyi daha çox təbii şəraitdən asılıdır. Bu turizm istiqamətinin inkişafı üçün ilin 4-5 ayında qalın qar örtüyünün olması vacib şərtdir. Ərazinin hündürlüyü və relyef xüsusiyyətləri, dağ xizəkçilik dövrünün hava şəraiti, landşaftın müxtəlifliyi, uçqun və sel təhlükəsinin olmaması və s. dağ-xizəkçilik istirahətinə cazibədarlıq verən amillərdir”. Dağ xizəkçilik kurortlarının üzləşdiyi əsas problemlərdən biri onların mövsümi fəaliyyət göstərməsidir: “Mövsümilik problemini aradan qaldırmaq üçün bu istirahət mərkəzləri müxtəlif metodlardan istifadə edirlər. Bu sıraya qar örtüyünün bərkidilməsi, müxtəlif kimyəvi qarışıqlardan istifadə, süni qar yağdırma sisteminin yaradılması daxildir. Süni qar yağdırma maşınlarından indi bütün qış turizm mərkəzlərində istifadə olunur. İsveçrə kurortlarının təxminən 10 faizi süni qar örtüyünə keçib. Avstriya və İtaliyada kurortların təxminən 40%-i süni qardan istifadə edir. Süni qar örtüyü ilə yanaşı, digər bir metod qarın başqa yerlərdən gətirilməsidir. Məsələn, Danimarkanın kurortları qarı Norveçin dağlıq rayonlarından bərə vasitəsilə gətirir”.
Mütəxəssis deyir ki, Azərbaycan ərazisində dağ turizminin müxtəlif növlərinin inkişafı üçün böyük imkanlar var. Bu sahədə Azərbaycan Hava və Ekstremal İdman Növləri və Azərbaycan Alpinizm Federasiyalarının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Quba rayonunun Qalayxudat kəndi yaxınlığındakı Kam dağlıq massivinin tədqiqi nəticəsində şimal yamacda boulderinq (qayayadırmanma) üçün perspektivi olan qaya divarları (200 m) aşkar olunub. Qrız və Qalayxudat kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15-20 m-ə yaxındır, ətəklərdə çadır düşərgələri salmaq üçün yerlər var. Müxtəlif çətinlik dərəcəsinə malik marşrutlar tapmaq olar. Bu yerlər nəinki məşqlər üçün, həmçinin beynəlxalq yarışlar da daxil olmaqla, boulderinq yarışları üçün çox əlverişli məkandır. Ümumilikdə Böyük Qafqaz dağlarının alpinizm, Qobustan qayalarının isə qayayadırmanma idman növünün inkişafı üçün geniş imkanları var». Bundan əlavə, qışda Qusar rayonunda yerləşən dağ şəlalələri böyük buz sırsıralarına çevrilir ki, bu da buzadırmanma ilə məşğul olmaq üçün imkan deməkdir. Bu turizm-idman növü üçün ən əlverişli şəlalələr Qusar rayonunun Ləzə kəndi yaxınlığında yüksək dağlıq (1700 m) ərazilərdə yerləşir. Şahdağ massivinin ətəyində yerləşən və 3000 m hündürlükdə olan şəlalələr də maraqlıdır. Buzadırmananlar üçün məşğələlər və yarışlar əsasən həmin yerlərdə keçirilir.

Ekstremal turizmdə təhlükəsizlik üçün
bütün tədbirlərin görülməsi çox vacibdir


Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, Azərbaycana gələn turistlərin sayında əvvəlki illərə nicbətən artım var. Belə ki, əgər 2011-ci ildə ölkəmizə gələn turistlərin sayı 2 milyon 15 min nəfər idisə, 2012-ci ildə bu rəqən 2 milyon 438 min nəfər olub ki, bunlardan da 2 milyon 100 min nəfərdən çoxu sırf turist qismindədir. Ölkəmizə gələnlər də müxtəlif turizm növlərinə maraq göstərdiyini deyən nazirlik yetkilisinin sözlərinə görə, təkcə Qazaxıstandan Naftalana gələn turistlərin sayında 2011-ci illə müqayisədə 2012-ci idə 25 faiz artım olub. Eyni zamanda bu gün Azərbaycan müxtəlif beynəlxalq sərgilərdə təmsil olunaraq mövcud turizm potensialını təqdim edir. M.Qəhrəmanov dövlət tərəfindən Şahdağda inşa edilən qış-yay turizm kompleksinin bu sahənin inkişafı üçün mühüm imkanlar yaradacağını deyir: “Bu, 10 min nəfəri qəbul edə biləcək bir kompleks olacaq. Bölgəyə daha çox turistin cəlb edilməsi üçün mühüm amillərdən biri dağ turizmindən istifadə imkanlarının yaradılmasıdır. Bu gün kompleksdə bəzi xidmətlər göstərilir. Amma bu xidmətlər hələ yetərli deyil. Çünki ekstremal turizmdə təhlükəsizlik üçün bütün tədbirlərin görülməsi çox vacibdir. Bundan başqa, bildiyiniz kimi Qəbələdə də belə bir xizək kompleksi yaradılır. Həm Qəbələ, həm də Qusarda olan infrastruktur bizə imkan verəcək ki, Azərbaycanda ekstremal dağ turizmini yüksək səviyyədə, müasir standartlara cavab verəcək formada inkişaf etdirək. Bu işdə həm dövlətin, həm də özəl sektorun iştirakı çox vacibdir. Turistlərin təhlükəsizliyini təmin etmək üçün xüsusi təlimatçılar yetişdirilməli, onların peşə hazırlıq səviyyəsi artırılmalıdır. Bununla bağlı müəyyən texniki vasitələrin alınması, onların düzgün istifadəsi və s. həlli vacib məsələlərdir. Bütün bunlar öz yerini tapdıqdan sonra biz deyə bilərik ki, Azərbaycanda ekstremal turizm lazımi səviyyədədir». Nazirlik təmsilçisi ölkənin digər bölgələrində, o cümlədən Gədəbəydə, Qazaxda, Şəmkirdə, Göygöl ətrafında, Naxçıvanda dağ turizminin inkişafı üçün şərait mövcud olduğunu söylədi. Onun fikrincə, bu təbii imkanlardan istifadə etmək üçün həmin ərazilərdə müvafiq infrastruktur yaradılması əsas şərtdir.

Şahdağ kompleksinin
geniş imkanları


«Millennium Tourism” şirkətinin direktoru Ruslan Quliyevin sözlərinə görə, sektor təmsilçilərinin bugünkü hədəflərindən biri ölkəmizdə turizm günlərinin sayını artırmaq, turizmi mövsümilikdən çıxarmaqdır: «Həm qış, həm yay və həm də alternativ turizm növlərinin inkişaf etdirilməsi prioritet istiqamətdir. Azərbaycanda bəzən hər hansı turizm növləri üzrə başqa ölkələrlə müqayisəyə girməkdənsə, inkişaf imkanları böyük olan dağçılıq, macəra, alpinizm, trepinq piyada marşrutlarını, horsinq at marşrutlarını və s. daha mütəşəkkil şəkildə, elmi yanaşmalarla təqdim edə bilərik. Azərbaycana turist cəlb edən zaman biz müəyyən etməliyik ki, onlara məhz hansı ölkələrə uyğun marşrutlar təklif edilməlidir. Bu gün artıq ehtiyac yaranıb ki, ölkəmizdə turizm xidmətləri bazarında bir markalaşdırma siyasəti həyata keçirək». Şirkət rəhbərinin bildirdiyinə görə, ölkəmizdə dağ-xizək kurortlarına maraq böyükdür. Ötən il “Şahdağ” kompleksinin ilk mərhələsinin açılışından sonra turizm şirkətləri bu məkana turlar təşkil edib: «Çox böyük bir axın oldu. Nəzərə alsaq ki, bu kompleks eyni zamanda xarici bazar üçün turizm məhsuludur, onda bu istiqamətdə çeşidli proqramların işlənib hazırlanmasına ehtiyac var. “Şahdağ” kompleksi postsovet məkanında və Şərqi Avropada bənzəri olmayan bir layihədir və ona çox böyük maraq var. Burada mərhələli şəkildə yataq yerlərinin sayı 10 minə çatdırıldıqdan sonra təsəvvür edin ki, müxtəlif ölkələrdən nə qədər turist cəlb etmək mümkün olacaq».
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info