Ölkəmiz yeni mərhələdə
Tarix: 07.11.2013 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


9 oktyabr 2013-cü il prezident seçkiləri ilə ölkəmiz yeni tarixi dövrə keçid etdi. Son iyirmi ildə dövlətimizin qazanmış olduğu hərətərəfli inkişaf və nailiyyətlər bundan sonrakı dövr üçün də çox güclü baza, əsas kimi öz tarixi sözünü deyəcəkdir. Ümummilli liderimiz böyük Heydər Əliyevin müdrik siyasi təcrübəsi, çox güclü dövlətçilik və idarəetmə bacarığı ilə qurduğu, yaratdığı, inkişaf etdirdiyi müstəqi Azərbaycanımız 2003-cü ilin oktyabr ayından etibarən daha mükəmməl, müasir dövrümüzlə səsləşərək çox mütərəqqi əsaslarla zənginləşməklə tərəqqi etməkdədir. İstər regionda, istərsə də dünya miqyasında qətiyyətli söz sahibinə çevrilən ölkəmiz məhz Heydər Əliyev ideyalarından bəhrlənməklə bu nailiyyətləri qazana bilmişdir. Cənab İlham Əliyevin həmin müdrik ideyalara sadiqliyinin nəticəsidir ki, 2003-2013-cü illərdə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət özünün uğurlu, müvəffəqiyyətli, nailiyyətlərlə zənginliyi ilə seçilməkdədir. Hər bir ölkə ilə səmimi, qarşılıqlı dostluq şəraitində qurulan münasibətlər bizim ölkəmizin etibarlı tərəfdaş olmasına geniş sübutlar gətirməkdədir. Artıq bir çox dünya əhəmiyyətli tədbirlərin həyata keçirilməsində, strateji layihələrin gerçəkləşdirilməsində ölkəmiz qətiyyətli söz sahibi olaraq öz mövqeyini daha da gücləndirməkdədir. Cənab İlham Əliyevin siyasi fəaliyyətinin son on ilində bunu daha yüksək səviyyədə görməkdəyik. Belə ki, xarici siyasətimizin uğurlu təminatının nəticəsində beynəlxalq səviyyəli münasibətlərimiz əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Bunu ölkə başçımızın oktyabrın 19-da Milli Məclisdə andiçmə mərasimindəki proqram xarakterli çıxışı da təsdiq etməkdədir: “...Azərbaycan son on il ərzində 39 ölkədə səfirlik açmışdır və hazırda səfirliklərin sayı 57-yə çatmışdır. On ildə 28 ölkə Azərbaycanda öz səfirliyini açmış və beləliklə, Azərbaycanda xarici ölkələrin səfirliklərinin sayı 53-ə çatmışdır”.
Ölkəmiz Heydər Əliyev siyasi xətti əsasında özünün çox mütərəqqi inkişaf dövrlərini yaşamaqdadır. Dünyada gedən proseslərə düzgün reaksiya verməyi bacaran Prezidentimiz ən mötəbər qurum və təşkilatlara inteqrasiya məsələlərinə müdrikcəsinə yanaşmaqdadır. Yeritdiyi düşünülmüş daxili və xarici siyasətlə ölkəmizin haqq səsinin dünya miqyasında olduğu kimi çatdırılmasına nail olan İlham Əliyev son on ildə də Heydər Əliyev müdrikliyi ilə böyük siyasi təcrübə nümayiş etdirmişdir. Yaxşı yadımızdadır ki, 4-6 dekabr 1994-cü il tarixdə ATƏT-in Budapeşt, 2-4 dekabr 1996-cı il tarixdə Lissabon, 18-19 noyabr 1999-cu il tarixdə İstanbul sammitlərində və digər beynəlxalq təşkilatların tədbirlərində böyük öndərimiz özünün tükənməz hörmət və səmimiyyəti ilə ölkəmizin haqq səsini bəyan edirdi və dəstək alırdı. Təkcə onu qeyd edək ki, dahi rəhbərimiz siyasi fəaliyyətinin ikinci mərhələsində, yəni 2-3 dekabr 1996-cı ildə Lissabonda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 5-ci Zirvə görüşündə güclü qətiyyət ortaya qoydu. Ulu öndərimizin dahiliyi, müdrikliyi və uzaqgörənliyi Lissabon toplantısında ATƏT-in 53 üzvünün ölkəmizi haqlı müdafiə etməsinə səbəb oldu. Aydın məsələdir ki, həmin toplantıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini əks etdirən bəyanat qəbul olundu. Böyük siyasi çevikliklə əldə olunan nailiyyətlər sözü gedən toplantıda bir daha sübut olundu və prinsiplərin Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verilməsi və Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinə təminat verilməsindən ibarət olmasına münbit şərait yaratdı. Bu tarixi nailiyyətləri hər bir beynəlxalq səviyyəli görüş və tədbirlərin nəticəslərinə də aid edə bilərik. Məhz cənab İlham Əliyev də həmin siyasi məktəbin ən layiqli yetirməsi kimi müasir Azərbaycanın inkişaf səhifələrində tarixi imzasını atmaqdadır.
Yeridilən məqsədyönlü milli dövlətçilik siyasəti hər bir vətəndaşımızda milli ruhun yüksək səviyyədə aşılanmasına səbəb olmuş və xalqımızın hər bir nümayəndəsi vətənimiz, dövlətimiz üçün böyük əzmlə çalışmağa səy göstərmişdir. 1988-1994-cü illərdə tarixi düşmənlərimiz ermənilərin torpaqlarımıza etdikləri təcavüz nəticəsində ərazimizin 20%-i işğal olunmuşdur. 1994-cü ildən isə Heydər Əliyev müdrikliyinin nəticəsində atəşkəs rejimi fəaliyyət göstərməkdədir. Təbii ki, yenə də unutmaq lazım deyil ki, bizim ermənilər kimi qaniçən, qəddar, xəmirləri vəhşilikdən yoğrulan bir düşmən qonşumuz var. Və müharibə şəraitindəyik. Buna görə də biz hər an onun təxribatçı və işğalçı fəaliyyətlərinə yetərli cavab vermək üçün hazır vəziyyətdə olmalıyıq. Elə bunu əsas tutan cənab Prezidentimizin son on ildə əsas diqqət mərkəzində saxladığı amillər içərisində hərbi potensialın və gücün artırılması və bununla da ordu quruculuğunda möhtəşəm nailiyyətlərin qazanılması mühüm yer tuturdu. Təsadüfi deyil ki, hərbi büdcəmizdə son on ildə 20 dəfədən çox artım mümkün olmuşdur. Qeyd edək ki, 2013-cü ilin dövlət büdcəsi təsdiq olunarkən hərbi büdcəmiz 3,7 milyard dollar kimi nəzərdə tutulmuşdur. Müqayisə üçün göstərə bilərik ki, 2003-cü ildə ölkəmizin hərbi büdcəsi 163 milyon dollar idi. Burdan da göründüyü kimi, son on ildə hərətərəfli inkişaf strategiyası özünü bütün sahələrlə birlikdə hərbi sahədə də əsaslı şəkildə göstərməkdədir.

Sevindirici hal ondan ibarətdir ki, qazanılan nailiyyətlər təkcə bir sahə və ya istiqamət üzrə deyil, həm də respublikamızın inkişafını təmin edəcək bütün sahələri də əhatə etməkdədir. Bu isə təbii ki, ölkəmizin iqtisadi artımına da öz əsaslı təsirini göstərməkdədir. Yaradılmış sağlam iqtisadi mühit, əlverişli fəaliyyət sferası, böyük, strateji layihələrin faydalı və uğurlu şəkildə gerçəkləşdirilməsi ölkəmizin iqtisadi qüdrətinin də artmasına əhəmiyyətli dərəcədə xidmət etməkdədir. Elə bunun nəticəsində də 2004-2008 və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının qəbul edilməsi, iqtisadiyyatın hər bir sahəsində balanslaşdırılmış, tarazlı, müqavimətli və dayanıqlı inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkanlar açmış və milli iqtisadi inkişafın geniş əhatə dairəsində formalaşmasına gətirib çıxarmışdır. Bütün bunlar isə öz növbəsində son on ildə ölkə iqtisadiyyatının 3,4 dəfə artmasını təmin etmişdir.
Müasir dünyamızın ən narahatedici məqamlarından biri də son illərdə əhalinin sosial-iqtisadi vəziyyətinin təmin olunmasındakı çatışmazlıqların yaranmasından ibarətdir. Bir- birinin ardınca cərəyan edən iqtisadi (maliyyə) böhranları 2008-ci ilin sentyabr-oktyabr aylarından bu günlərimizə qədər davam edərək bir çox Avropa ölkələrində özünü göstərməklə, ümumilikdə dünya ölkələrinin əksəriyyətində çox sarsıdıcı təsirlərə gətirib çıxarıb. Tərəddüd etmədən qeyd edə bilərik ki, ölkəmizdə Heydər Əliyev ideyalarından bəhrələnən mükəmməl idarəetmə mexanizmi əsasında iqtisadi sıxıntıların hiss olunmaması həqiqi və gerçək dövlətçilik siyasətinin mövcudluğundan xəbər verməkdədir. Bu ideyalara sədaqətini hər addımda təsdiq edən cənab İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində öz platformasını açıqlayarkən altı yüz min yeni iş yerinin açılacağını bildirmişdir. Onun iqtisadi və siyasi, ümumilikdə isə milli dövlətçilik sahəsindəki çevikliyinin nəticəsidir ki, artıq bu gün son on ilin iqtisadi xronikasına baxarkən Azərbaycanda 1 milyon 200 min yeni iş yerinin açıldığının şahidi oluruq. Qeyd edək ki, həmin iş yerlərinin 900 mini daimidir.
İqtisadi sferadakı uğurlar insanların maddi vəziyyətinin daha da yaxşılaşdırılması fonunda günbəgün artmaqdadır. Məşğulluq potensialının artırılmasına xidmət edəcək sahələrin faydalı istiqamətlərə yönəldilməsi öz növbəsində işsizlik probleminin də minimuma endirilməsində həlledici amilə çevrilmişdir. Çox sevindirici haldır ki, son on ildə də möhtəşəm idarəçilik siyasətindən yetərincə bəhrələnməklə sözü gedən sahədə səmərəli və ümidlərlə zəngin nəticələr qazanılmaqdadır. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasətlə işsizlik səviyyəsi 5 faizə enməkdədir.
Təbii ki, görülən bu qədər mühüm tədbirlər yalnız bir amala xidmət etməkdədir. O da Azərbaycan insanının, kəndlisinin, şəhərlisinin, zəhmətkeşinin, bir sözlə, xalqımızın hər bir üzvünün işıqlı bu gününün, aydın sabahının və parlaq gələcəyinin təminatından ibarətdir. Sosial-iqtisadi inkişaf gücləndikcə, əhalinin alıcılıq qabiliyyətinin də yüksəlməsinə geniş imkanlar yaranır ki, bu da təbii ki, insanların maddi vəziyyətlərinin yaxşılaşmasına gətirib çıxarır. Belə bir xoş vəziyyət isə öz növbəsində yoxsulluğun aşağı salınmasına aparır. Məhz son ilin ən zəruri və gerçək nailiyyətlərindən biri də elə bu sahədə qazanılmışdır. Belə ki, göstərilən müddət ərzində ölkəmizdə yoxsulluq səviyyəsi 49 faizdən 5,5 faizədək enmişdir. Sosial siyasətin uğurlu təminatı bu sahəyə böyük diqqətin göstərilməsi ilə daha da zənginləşmişdir. Elə ötən 10 il ərzində də orta maaşların 5,6 dəfə, orta pensiyaların isə 9,2 dəfə artması da bunu sübut etməkdədir. Ölkəmiz inkişaf etdikcə, sosial sferaya diqqət də artmaqdadır. Hər addımda bu sahəyə aid yeni obyektlərin tikilməsi, mövcud potensialın daha da səmərəli və yararlı vəziyyətə gətirilməsi, bir sözlə, hər bir tədbirin Azərbaycan vətəndaşının güzəranına xidmət etməsi elə bu inkişafın əsaslarındandır. Dahi Heydər Əliyevin uzaqgörən sosial siyasətinin ən bariz təsdiqi olan bu nailiyyətlər 2003-2013-cü illərin böyük inkişaf mənzərəsini yaratmışdır. Həmin dövrlərdə də vətəndaşların daha da maarifləndirilməsi, sağlamlıqlarının qorunması, sağlam ruhda yaşaması, asudə vaxtlarının səmərəliliyinin artırılması məqsədilə ölkəmizdə 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi əhalinin istifadəsinə verilmişdir. Bu bir həqiqətdir ki, ölkəmizdə təmin edilən sağlam iqtisadi mühit öz növbəsində siyasi nailiyyətlərimizin də davamlı olmasına geniş imkanlar açmışdır. Güclü, qətiyyətli, düşünülmüş, məqsədyönlü siyasət ölkəmizin hərtərəfli yüksəlişini təmin etməkdədir. Bu isə təbii ki, Heydər Əliyev ideyalarının tam təkmil əsaslarla yerinə yetirilərək uca tutulmasından və İlham Əliyev siyasətinin məhz bu dayaqlar üzərində möhkəmləndiyindən xəbər verir. Görülən hər bir iş, atılan hər bir addım ölkəmizin milli iqtisadi inkişafına xidmət etməkdədir. Artıq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müvafiq məlumatlarına diqqət edərkən görürük ki, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 4,1 faiz artaraq 4606,7 manat (5871,4 ABŞ dolları) təşkil etmişdir. Bu isə təbii ki, daha qüdrətli, daha təhlükəsiz, daha firəvan bir Azərbaycanın gələcəyindən xəbər verməkdədir.


CAVADXAN QASIMOV
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun
İqtisadiyyat şöbəsinin müdiri, İqtisad üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info