“Misirdəki tələbələrimiz təbliğat işlərində aktivdirlər”
Tarix: 07.11.2013 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Xəyalə Şəfiyeva: “Azərbaycanın qədim mədəniyyəti, zəngin milli ənənələri, işğal olunmuş əraziləri haqqında qardaş Misir xalqını məlumatlandırırıq”

Azərbaycanda gənclər üçün yaradılmış şərait bir çox inkişaf etmiş ölkələr üçün artıq nümunəyə çevrilib. Ölkə rəhbərliyinin gənclər siyasətində ilbəil müsbət yöndə dəyişikliklər etməsi də təqdirəlayiq haldır. Məhz bu səbəbdəndir ki, artıq əksər sahələrdə gənc, perspektivli kadrlar daha çox irəli çəkilir. Bu işdə gənclərin xaricdə təhsil almalarının da önəmli rolu olur. Azərbaycandan xarici ölkələrə təhsil almağa üz tutan tələbələrin sayı isə kifayət qədərdir. Gənclərimiz daha çox Avropa və Amerika universitetlərinə üz tutsalar da, Asiya və Afrikadakı aparıcı universitetləri də seçən tələbələrimiz var. Belə gənclərdən biri də Xəyalə Şəfiyevadır. Xəyalə ilə bağlı maraqlı məqam kimi onu qeyd edə bilərik ki, o, məşhur İsgəndəriyyə Universitetinin məzunu olmağa namizəd olan yeganə azərbaycanlı olmaqla yanaşı, həm də bu universitetdə təhsil alan yeganə xanım tələbəmizdir. Xəyalə ilə söhbətimiz zamanı o da məlum oldu ki, o, işğal olunmuş ərazilərimizdən olan Fizuli rayonunda doğulub. Məhz bu amil ona daha çox stimul verib ki, gənc tələbəmiz xaricdə təhsil ala-ala Azərbaycan həqiqətlərini də digər əcnəbi tələbələrə daha dolğun çatdırsın.

- Xarici ölkədə təhsilinizi davam etdirmək ideyası haradan yarandı?

- 2009-cu ildə Bakının Binəqədi rayonunda yerləşən 83 saylı məktəb liseyin məzunu oldum. Elə həmin ildə Bakı şəhərində yerləşən Misir Mədəniyyət Mərkəzindən təhsilimi respublikadan kənarda - Misirdə davam etmək barəsində dəvətnamə aldım və bu təklif əsasında da buraya-bu gözəl, zəngin tarixi olan bir ölkəyə getdim.
Hazırda isə İsgəndəriyyə Universitetinin Kommersiya və biznes idarəetmə fakültəsinin 4-cü kurs tələbəsiyəm.

- Adətən gənclərimiz Avropa və ABŞ universitetlərini seçirlər. Nəyə görə məhz Misir?

- Bu sualınıza belə cavab vermək istərdim. Məktəb vaxtlarından tarix müəllimimiz Misirin tarixi hadisələri haqqında elə gözəl danışırdı ki, məndə bu ölkəyə və bu ölkənin tarixinə məhəbbət hissi yaratdı və artıq məktəb illərinin son ilində qərarım qəti idi ki, mən məhz Misirdə təhsilimi davam etdirəcəm. İkinci səbəb isə başqadır. 2013-cü ilin yay aylarında Təhsil Nazirliyində keçdiyim təcrübə zamanı müşahidə nəticəsində gördüm ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda üstünlük məhz sizin də qeyd etdiyiniz kimi, Avropa və Amerika ölkələrinə idi. Əvvəldən də düşünürdüm ki, Amerika və Avropa təcrübəsi Azərbaycanda artıq kifayət qədərdir və onlardan fərqlənmək üçün mən də Misiri seçdim. Düzü, buna heç də peşman deyiləm.

- Misirlə Azərbaycan arasında ikitərəfli tələbə mübadiləsi kifayət qədər uğurla davam etdirilir. Ümumiyyətlə, bu barədə hansı bilgiləriniz var?


- Bəli haqlısınız. Misir Azərbaycanla bir çox sahədə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığa daim böyük önəm verib. Misirlə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq haqqında 1992-ci ildə saziş imzalanıb. Hələ ozamankı Misir səfirliyi Azərbaycanda fəaliyyət göstərmirdi. Razılaşmaya əsasən tələbə mübadiləsi proqramı həyata keçirilib.
Bu müqavilə 2005-ci ildə yeniləşdirildi. Müqaviləyə əsasən Misir, öz universitetlərində bakalavr və magistr dərəcəsi ilə Azərbaycan tələbələrini təmin edib, təqaüdlər də ayırıb.
Azərbaycan isə magistratura və doktorantura dərəcəsi əldə etmək üçün Azərbaycan ali təhsil ocaqlarında misirli tələbələri təmin edib. Hal-hazırda Azərbaycanda misirli tələbələr neft hasilatı, kimya, tikinti, geologiya və Azərbaycan dili sahəsində təhsil alırlar.
Azərbaycanlı tələbələr isə Misirin tanınmış ali məktəblərindən olan Əl-Əzhər, İsgəndəriyyə, Ayn Əl-Şams və Qahirə universitetlərində, əsasən iqtisadiyyat, kommersiya, hüquq, ərəb dili və ədəbiyyatı, islam tarixi və digər ixtisaslar üzrə təhsil alırlar.

- Dil ilə bağlı sıxıntılar olmur ki?

- Yox, əslində hər şey çox sadədir. Yəni Misir tərəfinin qaydalarına görə, ixtisasdan asılı olaraq, tələbələr ərəb və ingilis dillərində təhsil ala bilərlər. Əgər müvafiq ixtisas üzrə ingilis dilində tədris mövcuddursa, onda ali məktəbin tələblərinə uyğun olaraq tələbələr ingilis dili üzrə hazırlıq səviyyəsi barədə sənəd təqdim etməklə bu dildə təhsil hüququ qazana bilər.
Bəzi ixtisaslarda isə dərslərin əksəriyyəti ingilis dilində olsa belə, müəyyən fənlərin tədrisi yalnız ərəb dilində aparılır. Bu isə tələbələrdən hər iki dil üzrə yüksək hazırlıq səviyyəsi tələb edir. Misirdə ingilis dilində təhsil alan tələbələrimiz daha yüksək təhsil göstəricilərinə malik olur və təhsillərini daha qısa müddətdə tamamlaya bilər.

- Azərbaycanlı gənclərin bu ölkədə təşkilatlanması hansı səviyyədədir?


- Təhsil aldığımız universitetlərdə təhsil ilə yanaşı Azərbaycanın qədim mədəniyyəti və zəngin milli ənənələrini təbliğ edərək tanıtmaq məqsədilə bir sıra işlər görülür. Müxtəlif tədbirlər, forumlar, tematik seminarlar, mədəniyyətlə bağlı toplantılar, sərgilər, festivallar keçiririk və ən əsası, Azərbaycanın işğal olunmuş əraziləri haqqında qardaş Misir xalqını məlumatlandırırıq. Ayn-Şəmsdə əcnəbi tələbələr festivalında, Qahirə Universitetində, Amerikan Universitetində, Nadi Vafidində əcnəbi tələbələr günündə aktiv iştirak etmişik.İlk dəfə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 2006-cı ildə Qahirədə, Nadi Zuhurda yüksək səviyyədə keçirildi. Bu bayramı hər il belə qeyd etməyə çalışırıq. İlk dəfə Xocalı soyqırımının ərəbcə video versiyası hazırlanıb, tərcümə edildi. Azərbaycan haqqında ərəbcə broşürlar hazırlanaraq festivallarda qonaqlara paylanıb. Qısası, burada gənclərimiz, tələbələr asudə vaxtlarında boş dayanmırlar və zamanı, məqamı gəldikcə ölkəmizlə bağlı həqiqətləri dolğun şəkildə hər kəsə çatdırırlar.

- Azərbaycana qayıtdıqdan sonra planlarınız necə olacaq? Yəni, təhsil aldığınız sahə üzrə gələcək fəaliyyətiniz hansı istiqamətdə olacaq?

- Əminliklə deyə bilərəm ki, vətənə döndükdən sonra əldə etdiyimiz bilik və təcrübələri ölkəmizin inkişafı üçün istifadə edəcəyik.
Gələcək planlarım Misirlə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə xidmət etmək olacaq.

- Yəqin Azərbaycanda gedən prosesləri yaxından izləyirsən. Ölkədə son illərdə gənclər siyasətinə xüsusi önəm verilməsini necə dəyərləndirirsən?


- Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" dövlətimizin gənclər sahəsinə göstərdiyi maraq, onun daimi inkişafı və potensialının düzgün sahələrdə istifadə olunmasına verdiyi əhəmiyyətin bariz göstəricisidir. Hazırda bu proqram çərçivəsində Azərbaycan gəncləri dünyanın inkişaf etmiş ölkələrinin ən yaxşı universitetlərində dövlət hesabına təhsil almaqdadırlar.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri hazırkı sürətli inkişaf proseslərinə gəncləri də cəlb etmək, onların bilik və bacarığından yararlanmaqdır. Çünki istənilən ölkənin tərəqqisi və xoşbəxt gələcəyinə gedən yol gənclərin iştirakı olmadan mümkün deyil. İnamla deyə bilərəm ki, azərbaycanlı gənclər dövlətin onlara göstərdiyi etimadı layiqincə doğruldurlar. Bunu gənclərimizin istər təhsil aldıqları ölkələrdə, istərsə də çalışdıqları sahələrdə öz əməlləri ilə təsdiq etdiyinin də şahidi oluruq. Gənclərin xarici ölkələrin ali məktəblərində təhsil almağa göndərilməsində əsas məqsəd respublikanın gələcəyinə xidmət edəcək, Azərbaycanın dövlət mənafelərini qoruyacaq yüksək ixtisaslı mütəxəsislər hazırlanmasını təmin etməkdir.

-Misir dünyanın ən böyük ölkələrindən olsa da, orada uzun müddətdir ki, arzuolunmaz siyasi durum yaranıb. Bu vəziyyətlə bağlı azərbaycanlı tələbələr üçün narahatlıq, təhlükələr olurmu?

-Bu barədə bunu deyə bilərəm ki, Misir siyasəti hazırda düzgün istiqamətdədir.
Nəinki tələbələr, Azərbaycan vətəndaşları ilə də bu yöndə əlaqələri kəsmirik. Hər kəsin təhlükəsizliyi təmin olunub.
Təhlükəsizliyin təmin olunmasında Misirin paytaxtında yerləşən Azərbaycan səfirliyinin, başda cənab səfir Şahin Abdullayev olmaqla əməkləri danılmazdır.
Həmçinin Azərbaycanın bütün bayram və anım tədbirləri də səfirliyimizdə keçirilir və Misirdə yaşayan bütün aktiv azərbaycanlılar da bura dəvət olunurlar. Yəni, bu mənada birlik olur.
Son olaraq onu deyim ki, biz- Misirdə təhsil alan tələbələr bu ölkədə cərəyan edən hadisələri hər zaman izləyir, Misirin yaxşılığa, müsbət yönə doğru inkişafını dəstəkləyirik. Həmçinin Allahdan Misir xalqına əmin-amanlıq arzulayırıq.Biz tələbələr hər zaman iki ölkə arasında əməkdaşlığa öz töhfələrimizi verməyə hazırıq.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info