“Polşada Azərbaycan Gənclər Birliyinin təsis olunması nəzərdə tutulub”
Tarix: 07.11.2013 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Tural Hüseynov: “Bu təşkilatın yaradılması biz gənclərin bir mərkəz ətrafında birləşməsinə şərait yaradacaq və Azərbaycanı Polşada tanıtmaq istiqamətində mühüm bir hadisə olacaq”

Diasporumuzla yanaşı xaricə təhsil almağa gedən gənclərimiz də Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətlərini gücləndirməkdədirlər. Müsahibimiz Tural Hüseynov da Polşada bu istiqamətdə fəallıq göstərir. Qeyd edək ki, T.Hüseynov Varşavada diplomatik elmlər sahəsində təhsil alır. Bundan əvvəl 2008-ci ildə İngiltərədə və 2012-ci ildə Almaniyada bu sahə üzrə təhsil alıb.

-Gənclərin xaricdə təhsil almasının Azərbaycan üçün hansı töhfəsi olacaq?
-Azərbaycan gənclərinin xaricdə təhsil alması yeni bir hal deyil. Əsrin əvvəllərində - Cümhuriyyət dövründə azərbaycanlı tələbələr xaricə göndərilməyə başlandı. Sovet dönəmində ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə bu məsələ yenidən aktuallaşdı və çox sayda tələbələr xaricə göndərildi. Təbii ki, o zaman “xaric” dedikdə keçmiş Sovet İttifaqının sərhədləri nəzərdə tutulurdu. Nəhayət, müstəqillik əldə etdikdən sonra bu proses daha da genişləndi. Məhz Prezident İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nəticəsində bu gün Azərbaycan tələbələrinin səsi dünyanın ən yaxşı təhsil ocaqlarından gəlir və bu siyasət nəticəsində xaricdə təhsil almaq hər bir azərbaycanlı gəncin xəyalı yox, realına çevrilir. Azərbaycanlı gənclərə göstərilən bu qayğı hər bir gəncin xaricdə bir maraq, bir ideologiya arxasınca getməsinə stimul verdi. Hal- hazırda İngiltərədə, Amerikada və digər Avropa ölkələrində diaspor fəaliyyəti ilə məşğul olmaları, xaricdə azərbaycanlı gənclərin təhsil alması yeni bir dünyagörüşünün formalaşmasına və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına misilsiz töhfə olacaq.
-Təhsil aldığınız sahə üzrə ölkəmizdə hansı yeniliklər etmək istərdiniz?
-Təhsil aldığım sahə yenilik tələb etməyən bir sahədir, sadəcə ölkəmizin maraqlarının beynəlxalq arenada təbliği üçün əlimizdən gələni edəcəyik və nə qədər ki, ölkə başçısı İlham Əliyev siyasətdə olacaq, biz gənc diplomatlar hər zaman onunla olacağıq.
-Polşadakı azərbaycanlı gənclərin həmrəyliyi necədir?
- Azərbaycanlıların Polşada aktiv birgə fəaliyyət göstərməsi və təşəbbüskarlığı qənaətbəxşdir. Hər bir azərbaycanlı bilməlidir ki, əgər güclü dövlətin möhkəm diasporundan danışmaq istəyiriksə, ilk növbədə hər bir Azərbaycan vətəndaşından başlamalıyıq. Qeyd etmək istərdim ki, xaricdə yaşayan hər bir azərbaycanlı ölkənin qeyri-rəsmi səfiri, təbliğatçısı və vasitəçisidir. Cənab Prezident İlham Əliyev tədbirlərin birində çıxışı zamanı söyləyib: “Mən 9 milyon deyil, 50 milyonluq azərbaycanlıların Prezidentiyəm”. Bu o deməkdir ki, xaricdə yaşayan azərbaycanlılar hər zaman qüdrətli Azərbaycana və onun başçısı cənab İlham Əliyevə arxalana bilərlər. Azərbaycanlılar xaricdə bir-biri ilə əlaqəli və həmrəy çalışmalı, bütün çətinliklərə baxmayaraq milli maraqlar naminə fəaliyyət göstərməlidirlər.
-Polşadakı gənclərimiz diaspor sahəsində aktivlik göstərirlərmi?
-Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyət prinsipi sahələrindən biri də ölkəmizin həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasına nail olmaqdır. Sevindirici hal ondan ibarətdir ki, Polşada Azərbaycan diasporunun qeyd edilən istiqamətlərdə fəallığı hər ötən il bir qədər də artır. Bu da öz-özlüyündə Azərbaycanın üzləşdiyi problemlərin Polşa ictimaiyyətinə çatdırılmasına öz müsbət təsirini göstərir. Məhz diasporların fəaliyyətinin göstəricisidir ki, son illər müxtəlif ölkələrin ali qanunverici orqanlarında Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanatlar qəbul edilir, 1992-ci il fevralın 26-da ermənilər tərəfindən Xocalıda həyata keçirilən vəhşilik aktı soyqırım kimi tanınır.
-Ümumiyyətlə, Polşada Azərbaycanı necə tanıyırlar?
- Azərbaycan və Polşa arasındakı əlaqələr qədim dövrlərdən mövcud olub. İndi də Azərbaycanda polyakların sayı kifayət qədərdir . Münasibətlərin tarixi 15-ci əsrə gedib çıxır. 16-cı əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlayıb. Polyak Ledinski və azərbaycanlı Topçubaşov Çar Dumasında Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya yaradıblar. Birinci Dünya müharibəsindən sonra polyaklar Polşadan deportasiya olunarkən, on minlərlə insan Azərbaycana gəlib. Təəssüflər olsun ki, 1945-ci ildə faşist Almaniyasındakı Azərbaycan batalyonu Varşavadakı çıxışda polyaklara qarşı vuruşub, ancaq dövrün şərtlərini nəzərə aldıqda bu başa düşüləsi hadisədir. Ancaq onu da qeyd etmək istərdim ki, Vəli bəy Yadigarov kimi bir çoxları da Polşa ordusunda xidmət edib.
Qeyd etmək istərdim ki, son illər Azərbaycan - Polşa iqtisadi-ticari əlaqələri sahəsində ciddi uğurlar əldə olunub. 2008-ci ildə iqtisadi münasibətlərdə tariximizdə ilk dəfə olaraq Azərbaycan müsbət saldoya nail olub və iki ölkə arasındakı mal dövriyyəsi 166,9 milyon ABŞ dollarına çatıb. Enerji sahəsində əməkdaşlıqda da böyük perspektivlər gözlənilir. Artıq uzun illərdən bəri əfsanə kimi görünən Bakı-Odessa-Brodı-Plotsk (Qdansk) neft kəmərinin texniki-layihə sənədlərini hazırlamaq üçün "Sarmatiya" konserni yaradılıb. Bu isə Polşanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətinin yaxın illərdə daha da artacağını göstərir. Münasibətlər strateji əməkdaşlıq səviyyəsində də yüksəlməkdədir. NATO, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Polşa ilə mövcud əlaqələrin daha da genişləndirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Polşa Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquq normaları əsasında nizamlanması mövqeyindən çıxış edir.
-Siz Azərbaycanın təbliği istiqamətində hansı işlər görürsünüz?
- Artıq qısa bir zamanda Azərbaycan dünya miqyasında böyük nüfuza sahib olan ölkəyə çevrilib. Dünyanın bir çox ölkələri ilə mədəni, iqtisadi və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlər mövcuddur. Bir çox ölkələrdə güclü Azərbaycan təşkilatları formalaşıb və fəaliyyət göstərir. Onlar müxtəlif vəzifələrdə çalışırlar, hətta bəzi ölkələrdə artıq qanunverici orqanlara seçilirlər. Xaricdə yaşayan və təhsil alan gənclər öz ölkələrini layiqincə təmsil edirlər. Bu həmrəylik Azərbaycan icmalarını xaricdə gücləndirir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına imkan yaradır. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanın bu istiqamətdə - iqtisadi və siyasi islahatların aparılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir. Bunun üçün bütün Azərbaycan vətəndaşlarını həmrəy olmağa və daha böyük uğurlar əldə etməyə səsləyirəm. Bu işdə xaricdə yaşayan azərbaycanlılar və gənclər təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradırlar. Azərbaycan diospor təşkilatlarının 40-dan çoxunu məhz gənclər təsis edib. 2009-cu ildə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis edilməsi Azərbaycan diasporunun və xaricdə təhsil alan gənclərin həyatında mühüm bir hadisə oldu. Leyla Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və gənclərin diaspor fəaliyyəti işinə cəlb olunması istiqamətində çox önəmli addımlar atıb. Məhz Polşada da oktyabr ayında səfir Həsən Həsənovun Vrostlav universitetində tələbələrlə görüşü zamanı tələbələr bildiriblər ki, 2013-cü ilin sonuna qədər AYPU (Polşada Azərbaycan Gənclər Birliyi - Azerbaijani Youth Union in Poland) təşkilatının təsis olunması nəzərdə tutulub. Hesab edirəm ki, bu təşkilatın yaradılması Azərbaycan həqiqətlərini Polşa cəmiyətinə və beynəlxalq tələbələrə çatdırılmasında yaxşı xidməti olacaq. Bu təşkilatın yaradılması gənclərin bir mərkəz ətrafında birləşməsinə şərait yaradacaq və Azərbaycanı Polşada tanıtmaq istiqamətində mühüm bir hadisə olacaq. Hər bir azərbaycanlı gənc ölkəmizi öz tərbiyəsi, savadı vətənpərvərliyi ilə təbliğ etməli və Azərbaycanı Polşada tanıtmalıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info