Velosiped sürməyi həyat tərzinə çevirməliyik
Tarix: 07.11.2013 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Velosipeddən istifadə-sağlamlıq, ekoloji təmizlik və tıxacdan
qurtulmaq üçün ən yaxşı yoldur


Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi (GPEAM)“Azərbaycanda Velosipedçilər Hərəkatının İnkişafı” mövzusunda dəyirmi masa keçirdi. Məqsəd Azərbaycanda ətraf mühitin qorunması, enerji qənaəti, sağlam həyat tərzinin təbliği, ictimai məkanda ekoloji nəqliyyat vasitələrinə olan diqqətin artırılmasından ibarətdir.

“Velosipedçilər Hərəkatının inkişafı” konsepsiyası
hazırlanıb


GPEAM-nin rəhbəri Qədəmşah Sadıqov bildirdi ki, son dövrlər ölkəmizdə ekoloji baxımdan təmiz nəqliyyat növü hesab edilən velosipeddən istifadəni inkişaf etdirmək üçün bir sıra işlər görülüb. Velosipeddən istifadəni təbliğ etmək üçün müvafiq qurumlar yaradılır, velosipedin üstünlükləri və həyatımızdakı rolu haqqında müxtəlif tədbirlər təşkil edilir. Bu tədbirlər çərçivəsində GPEAM araşdırmalar aparıb. Sorğular keçirib və “Velosipedçilər Hərəkatının inkişafı” konsepsiyasını və tövsiyə hazırlayıb. Konsepsiyada beynəlxalq təcrübə, velosiped hərəkatının inkişafının planlaşdırılması və təşkili, layihələndirilməsi, meyarları, prinsipləri və fəaliyyət istiqamətləri, velosiped üçün park yerləri kimi mövzulara toxunulub.
Tədbirdə çıxış edən vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyanın vitse-prezidenti Sahib Ələkbərov ölkəmizdə velosipeddən istifadə tarixinin 1930-cu ildən başladığını bildirdi. Həmin ildə ilk dəfə olaraq Azərbaycanda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmağa başlanılıb. Bu velosipedlər Azərbaycana Rusiyadan gətirilib. İlk vaxtlar velosipedin məktəbli və tələbələr arasında daha populyar olduğunu deyən S.Ələkbərov qeyd etdi ki, bu səbəbdən də velosipeddən məktəblərarası və universitet daxilində yarışlarda da istifadə olunurdu: “Azərbaycanda daha irimiqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında spartakiadalar keçirilməyə başlanılmışdı. 1980-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilmişdi. Uzunluğu 333 metr olan bu velotrekində bir sıra ümumittifaq yarışları keçirilib. Azərbaycan velosipedçilərindən ibarət nümayəndə heyəti 1985-ci ildə Moskvada keçirilmiş konfransa qatılmışdı. Ölkə velosipedçiləri təmsil olunduqları konfransda müxtəlif diplomlarla təltif olunublar. 90-cı illərdən başlayaraq Azərbaycanda velosiped idman növü üzrə sistemli turnirlər keçirilməyə başlanılıb. Ölkə velosipedçiləri ardıcıl olaraq Bakı və Azərbaycan çempionatında iştirak ediblər”. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin bütün sahələrində olduğu kimi, idman siyasətində də böyük canlanmanın özünü göstərdiyini deyən vitse-prezident bildirdi ki, 1997-ci ildən İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra Azərbaycanda Olimpiya hərəkatı sürətlə inkişaf etməyə başlayıb: “Ölkədə müasir idman komplekslərinin tikintisi başa çatdırılaraq idmançıların istifadəsinə verilib, peşəkar idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılıb. Azərbaycanda velosiped idman növünün yüksək səviyyədə inkişaf etdirilməsi üçün ölkəmizə İtaliya və Fransa istehsalı olan velosipedlər gətirilib. Nəticədə də Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) veloparkı tədricən yeniləşdirilib. Bütün bunlar sayəsində Azərbaycanda daha yüksək səviyyəli velosiped yarışlarının keçirilməsinə başlanılıb. 2009-cu ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) AzVİF ilə birgə velosiped idman növünün çoxnövçülük şose ötüşmələri üzrə Bakı şəhər çempionatı keçirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə “Böyük Qafqaz” veloyürüşü təşkil edilib. Veloturnirlərin keçirilməsi hər bir ölkədə idmanın inkişafının göstəricisidir. 2011-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olunub, ölkədə velosiped idmanına marağın böyük olmasının nümunələrindən biri də Bakı Dövlət Universitetində yerləşən beynəlxalq miqyaslı Velosiped İdmanı Muzeyidir. Muzey 40 ilə yaxındır ki, fəaliyyət göstərir”. Bildirildi ki, velosiped idmanının inkişafı üçün ölkəmizə beynəlxalq səviyyəli məşqçilər dəvət edilib. Ötən il “Kontinental” komandası yaradılıb. Ümumiyyətlə, bu sahədə fəaliyyətin daha da genişlənməsinə ehtiyac olduğunu deyən S.Ələkbərov bildirdi ki, velosipedçilərimiz 2015-ci il Avropa Olmpiya Oyunları, həmçinin 2016-cı il Rio de Janeroda keçiriləcək Olimpiadada təmsil olunacaqlar. Bildirildi ki, yalnız idman növü kimi deyil, xaricdə əsas nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edilir və bu istiqamətdə işlər üçün federasiya tərəfindən Prezident Administrasiyasına müraciət edilib: “İlk növbədə Bulvar ərazisinə baxsaq, niyə orada velosiped üçün yer ayrılmasın? Nə vaxta qədər şəhərdə ancaq mağaza, dükan yaradılacaq? Bu istiqamətdə yerlərin ayrılması, insanların velosipeddən kütləvi istifadəsi çox vacib amildir”.

Velosipeddən istifadə ictimailəşdirilməlidir

Millət vəkili Şamil Hüseynov isə çıxışında bidirdi ki, bu mövzu ölkəmiz üçün çox aktualdır: “Hər hansı bir sahənin inkişafı üçün dövlətin siyasi iradəsi olmalıdır. “Avtomobil yolları haqqında” qanuna bir sıra dəyişikliklər edilib. Bu sahədə qanunvericilik bazası var. Doğrudur, bu sahədə Avropa ölkələri çox qabağa gedib. Bu gün ölkəmizdə salınan yollar çox müasirdi, sadəcə onlara velosipeddən istifadə üçün müvafiq işarələr qoymaqla düzəlişlər etmək olar. Bu sahədə mühüm məqamlardan biri odur ki, “Ağ şəhər” layihəsində bu sahə öz əksini tapıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdürü Cahangir Qocayev bildirdi ki, velosiped xalqın həyat tərzinə çevrilməlidir: “Bu gün əsas problem ondadır ki, gənclər universitetə müxtəlif markalı iri avtomobillərlə gedirlər, amma ucuz qiymətə olan velisopeddən istifadə etmirlər. Biz bu psixologiyanı aradan qaldırmaq üçün cəhd göstərməliyik. Vətəndaşlarımız hər gün yol terrorunun qurbanı olur. Yollarda yaranan tıxacların nəticəsində problemlər yaşayırlar. Eləcə də avtomobil nəqliyyatından çox istifadə nəticəsində havanın çirklənməsi, səs-küy, vıbrasiya ilə bağlı problemlər yaranır. Əhalidə avtomobil nəqliyyatından tədricən uzaqlaşmaq marağı olmalıdır. Bu gün KİV-də bəzən kriminal xəbərlərə daha çox yer ayrılır ki, bu təbliğat cəmiyyətə heç nə vermir. Əksinə, velosipeddən istifadə ilə bağlı maarifçilik genişləndirilməlidir, ondan istifadə ictimailəşdirilməlidir. Bu sahədə yol, infrastruktur qurulması asandır. Ancaq uşaqlara velosipedi vərdiş etmək üçün almalıyıq, nəinki oyuncaq kimi”.

Velosipeddən istifadə immun sistemini
möhkəmləndirir, sinir sistemini sakitləşdirir, stresi aradan götürür


Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri Mirzə Kazımov bildirdi ki, velosipeddən istifadə insan orqanizmi üçün çox vacibdir. Belə ki, o, həyat keyfiyyətini, yaşayış mühitini yaxşılaşdırır. Professorun sözlərinə görə, bu gün avtomobillərin daxili yanacaq mühərrikləri havaya 500-dən artıq, təkcə üzvü birləşmələr xaric edir. İngiltərədə aparılan araşdırmaya görə, burada yaşayan gənclərin eşitmə qabiliyyəti Afrikada yaşayan gənclərdən aşağıdır ki, bu da məhz İngiltərədə yaşanan səs-küyün nəticəsidir”. Bildirildi ki, velosipeddən istifadə nəticəsində bütün orqanlar fəaliyyətdə olur ki, bu da çəkinin azalmasına səbəb olur, piylənmənin qarşısını alır, qocalıq komponentlərini azaldır, xolesterolun qarşısını alır. Həmçinin ürək-damar xəstəliklərinin, eləcə də sümük-oynaq xəstəliklərinin qarşısının alınmasında mühüm vasitədir. Hətta ana bətnində uşağın doğumuna iki ay qalanadək ananın velosipeddən istifadəsi mühümdür. Bundan başqa velosipeddən istifadə immun sistemini möhkəmləndirir, sinir sistemini sakitləşdirir, stressi aradan götürür. İnsanların təbiətdən istifadə imkanlarını artırır.
Nəqliyyat Nazirliyinin Nəqliyyatın İdarəetmə Mərkəzinin nümayəndəsi Tural Rəsulov isə bildirdi ki, bu gün Hollandiyada 27, Danimarkada 18, Finlandiya 11, Almaniyada 10, İsveçdə 10 faiz əhali əsas nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edirlər: “Sosial şəbəkələrdə sorğu keçirdik və 528 nəfər sorğuda iştirak edib. Səsvermədə iştirak edənlərin 95 faizi xüsusi velosiped yollarının olmasının tərəfdarıdır, 92 faiz isə belə yollar olarsa velosipeddən isfiadə edəcəyini deyir. Təkcə Bulvar ərazisində velosipedi icarəyə verməklə irəliləyişə nail olmaq olmaz. Biz bu istiqamətdə bir layihə hazırlayırıq”.
Ekologiya və təbii sərvətlər nazirliyinin nümayəndəsi Şövkət Bəkirov isə bildirdi ki, velosipeddən istifadə birbaşa ətraf mühitin mühafizəsinə xidmət edir: “Havanın çirklənməsinin 65-70 faizi nəqliyyat üzərinə düşür. Ekoloqlar velosipedi “dost nəqliyyat” hesab edirlər. ETSN bu istiqamətdə təbliğat, maarifçilik tədbirləri həyata keçirir. Televiziyalara bununla bağlı videoçarxlar göndərilib, ancaq onlar gec saatlarda yayımladıqlarından əhali bunu izləyə bilmir. Hətta biz media nümayəndələrinin iştirakı ilə yürüş təşkil etmişik. Velosipeddən nə qədər daha çox istifadə edilərsə ətraf mühitin, havanın təmizliyinə nail olarıq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info