“Məqsədimiz Azərbaycanımızın inkişafına müsbət töhfəmizi verməkdir”
Tarix: 08.11.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Elçin Manafov: “Bir tələbə sosial şəbəkələrdə itirdiyi vaxtı mütaliəyə ayırsa, məzun olduqdan sonra onun iş tapa bilməsində heç bir problem ola bilməz”

“Gənc İstedadların Maariflənməsinə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Elçin Manafovla müsahibəni təqdim edirik

- Rəhbəri olduğunuz təşkilatın əsas məqsədi nədir?
-“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyi 2012-ci ilin dekabr ayının 6-da Ədliyyə Nazirliyində qeydiyyata alınıb. İB-in məqsədi Nizamnamə fəaliyyəti dairəsində qeyd edildiyi kimi, istedadlı gənclərin maariflənmələrinə və inkişafına dəstək olmaqla bərabər, onların müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə və istedadlarının müəyyən edilməsinə yardım etməkdir.
Gənclərin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməklə yanaşı, gənclər arasında milli-mənəvi dəyərləri, vətənpərvərliyi təbliğ edərək gündən-günə çiçəklənən Azərbaycanımızın inkişafında öz müsbət töhfəmizi verməkdir.
Başlıca devizimiz isə budur: “HƏR KƏS İSTEDADINDAN MƏSULDUR”.
Bizim fəaliyyətimizin əsas prioritet istiqamətlərindən biri də, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirləri həyata keçirməkdir.
-Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?
Vətən gözdür biz isə kirpik,
Daim onun keşiyini çəkirik.
Bugünkü gənclərimizin fəallığı bizə, dahi şairimiz Məmməd Aslanın bu sözünü deməyə əsas verir. Allah hər kəsə qarşı iki vəzifə borcu verir. Birincisi, özünə qarşı olanlar. İkincisi, cəmiyyətə. Birincinin cavabı bəlli olduğuna görə mən ikincinin üzərində dayanmaq istəyirəm. Bu vətən bizə keçmişimizin mirası, şəhidlərimizin əmanətidir. Bizim vətənimizə sahib çıxmağımız, milli-mənəvi dəyərlərimizi qorumağımız ən ümdə gələn vəzifəmizdir. Bir 20 il bundan əvvəlki Azərbaycanı düşünək, bir də indiki Azərbaycanı. Heç müqayisə olunası deyil. Gündən-günə çiçəklənən ölkəmizin inkişafı göz qabağındadır. Təbii ki, bu da dövlət başçısının hər sahədə olduğu kimi “gənclər siyasətini” düzgün yeritməsindən qaynaqlanır. Bizə bu ictimai birliyimizi təsis etməyə təkan verən amillərdən biri də məhz elə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramı oldu. Hesab edirik ki, bundan 20 il sonra Azərbaycan dünyada hər tərəfli sözünü deyən bir ölkə olacaq. Gənclər və İdman Nazirliyinin və Prezident Yanında Gənclər Fondunun yaradılması bütün bu söylədiklərimin bariz nümunələrindədir. Xüsusilə də Gənclər Fondunun gənclər təşkilatlarına və fiziki şəxslərə ayırdığı qrantlarbir daha onu göstərir ki, dövlət gənclərin arxasındadır. İnkişaf edən ölkələrlə, inkişaf etməkdə olan ölkələr arasındakı fərq onların (loru dil ilə desək) “bir ovuc yetişmiş insan”a sahib olmalarıdır.
- Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?
-Bü gün gənclər Azərbaycan cəmiyyətinin aparıcı qüvvələridir. Siyasi amillər vasitəsi ilə meydana çıxan gənclik də var, oturduğu yerdən hər bir şeyə reaksiya verən, bütün ictimai-siyasi proseslərdə iştirak edən gənclik də. Gənclik hər yerdə var...
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə-gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.
-Ümumiyyətlə, bu gün Azərbaycan gənclərini əsas narahat edən nədir? Daha doğrusu, bu nə olmalıdır?
-Çox gözəl və mənalı sualdır. Sizi inandırım ki, bu sual barəsində bəlkə də kitab nəşr etmək olar. Düzdür, hər kəs vətəndən danışa bilər. Ancaq əsas olan “vətəni təmsil edə bilməkdir”. Milli parkda istirahət edən bir gənc hər bir hərəkəti ilə əcnəbi qonaqlara milli mentalitetimizi sevdirə bilməsə, narahat olmalıdır.Sizə də məlum olduğu kimi; “hər kəs öz qapısının ağzını süpürsə, küçə təmiz olar”-deyə bir atalar sözümüz var. Əfsuslar olsun ki, bir çox gənc hələ bunu dərk etmir və ya edə bilmir. Bu nədən qaynaqlanır? Özünə inamsızlıqdan. Mövcud qanunvericiliyə görə ölkədə gənclər üçün müəyyən edilmiş yaş həddi 14-29 yaş arasıdır. Məsələn 14 yaşındakı bir gənc özünə xəyal qurur. Tutaq ki mən, universitetə qəbul oldum. Necə oxuyacam? Təhsil haqqımı necə təmin edəcəm. Ev kirayəsi, gündəlik xərci və s. Əslində pis də düşünmür. Ancaq doğru da düşünmür. Hötenin gözəl sözü var: “İnsanlar inandıqları kimi yaşamazlarsa, yaşadıqları kimi inanmağa başlayarlar”. Bu gənc özünə inansa ki, mən gecəmi gündüzümə qataraq çalışacam və Prezident təqaüdü alacam-deyə özünə hədəf qoysa görəcək ki, bütün problemlər həll olundu.
Bir insan bir işi edə biləcəyinə inansa da haqlıdır, inanmasa da. Əminliklə vurğulamaq istəyirik ki, bir tələbə gənc sosial şəbəkələrdə itirdiyi vaxtı mütaliəyə ayırsa, onun məzun olduqdan sonra iş tapa bilməməsindən söz belə gedə bilməz. Bu gəncimizi narahat etməlidir.
İşğal altında olan torpaqlarımızın azad edilməməsi, bəzi gənclərimizin cahilliyi, pis vərdişləri (narkomaniya, dələduzluq və s.) olan gənclərimizi doğru yola gətirə bilməmək, gənc ailələrin dağılmasına əngəl ola bilməmək və s. neqativ hallar Azərbaycan gəncini narahat etməlidir. Həmçinin Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilməmək, ölkə adına yeni nailiyyətlər, ixtiralar edə bilməmək və s. saymaqla bitməyən hədəflər narahatçılığa əsas olmalıdır.
-Azərbaycan gəncləri öz üzərinə düşən məsuliyyəti anlayırmı?
-Qismən. Bizim 2009-cu ildə “Əsl Gənc” kitabımız işıq üzü gördü. Kitabın ilk səhifələrində “gənc” sözünün ətraflı açılışını etmişik. “Gənc” sözü farsca bir kəlmə olub, mənası “xəzinə” deməkdir. Köynəyin üst düyməsini səhv düymələyəndə digər düymələr də səhv düymələnir. Bunun nəticəsidir ki, bu gün bir çox gənc universitet məzunu olduğu halda bazarda ticarətlə məşğul olur. Düzdür, ticarətlə məşğul olmaq da halallıq qaydalarına riayət olunsa, şərəfli bir işdir. Bunu hər kəs yaxşı bilir. Bunda problem olası heç nə yoxdur. Amma problem ondadır ki, həmin o şəxslər deyir ki, “oxumaq boş şeydir. İki diplomum ola-ola bu gün bazarda kartof satıram.” Gerisini siz düşünün. Bu hansı düşüncənin bəhrəsidir?
“Vətən üçün ölmək vardır. Lakin vəzifən yaşamaqdır” düsturundan yola çıxaraq deyə bilərik ki, yaşamaq başqasına faydalı ola bilməkdir. Başqasına faydalı olmaq istəyən isə özündən başlamalıdır. Ən böyük sərmayə insanın özünə qoyduğu sərmayədir. Universitet məzunu olub, vaxtını səmərəli istifadə edərək xarici dillər öyrənib və müasir texnologiyanı mənimsəyən neçə gəncin işsizliyinə şahidik? Əmin olun ki, bu sualın cavabı nadir hallarda verilə bilər.
Digər bir nüans da ondan ibarətdir ki, gənclər “gəncliyinin məsuliyyətini” gəncliklərində sözün həqiqi mənasında dərk edə bilmirlər. Gənclik bir dəfəyə məxsusdur. Bir daha belə bir şansının olmayacağını düşünən gənc: “Gənclik bahar fəslinə, qocalıq isə qışa bənzəyir. Elə bir qış ki, ardından bir daha bahar gəlməyəcək”-düsturunu dərk edə bilən gəncdir.
-Gənclər maariflənməklə öz biliklərini artırmağa hansı maraq göstərirlər?
-Gənc nəslin elm və təhsilə marağı lazımi səviyyədədir. Amma, əsas nəticədir. Biz kəmiyyət baxımından hamının ali təhsil alması prinsipi ilə yanaşmamalıyıq, bizim üçün əsas təhsilin keyfiyyəti olmalıdır. Azərbaycana hər bir sahədə kadrlar lazımdır. Ona görə biz həm ali, həm də peşə təhsilinin inkişafını təmin etməli və gənclərin öz istəkləri, əmək bazarının tələblərinə uyğun olaraq həm ali, həm də peşə təhsilinə yönləndirilməsini stimullaşdırmalıyıq.
-QHT olaraq gənclərlə bağlı hansı layihələr keçirirsiniz?
-Hər kəsin çox istifadə etdiyi məhşur “mənə balıq yeməyi öyrətmə, tutmağı öyrət. Çünki yeməyi öyrətsən bir dəfə, tutmağı öyrətsən hər dəfə qarnım doyacaq”-deyə bir hikmətli söz var. Biz də bu səbəblə əsas prioritet istiqamətimizi gənclərimiz üçün müxtəlif kurslar, seminarlar təşkil etməyə yönəldirik. Hal-hazırda Gənclər Fondunun maliyyə dəstəyilə “Sahibkarların hüquqlarının qorunması mexanizmləri” adlı layihəni icra edirik. 50 müdavim bu ödənişsiz kursumuzdan yararlanır. Təşkilatımız yeni dövlət qeydiyyatına alındığına görə gələcəkdə bu layihələrin daha çoxunu sizə misal gətirərik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info