“Dünyanın ən bahalı universitetində təhsil almağımda dövlətimizin böyük rolu var”
Tarix: 08.11.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


“Otelçilik, turizm ilk dəfə İpək Yolunun üzərində yerləşən Azərbaycan ərazisində olan karvansaraylarda yaranıb”

Azərbaycandan xarici ölkələrdə ali təhsil almaq üçün gedən gənclərin sayı artmaqdadır. Bu tələbələr arasında xüsusi istedad, bacarıq və təşkilati işlərdə seçilənləri də az deyil. Belə gənclərimizdən biri Fidan Sultanovadır. O, hazırda İsveçrənin Glion Universitetində turizm və otelçilik biznesini öyrənir. Maraq üçün onu da bildirək ki, Fidan Sultanova 2009-cu ildə Azərbaycana ekologiya sahəsində keçirilən INEPO (International Environmental Project Olympiad) dünya olimpiadasının medalını qazandırıb. Fidanın “Palitra”ya müsahibəsini oxuculara
təqdim edirik.


-Dünyanın ən perspektivli ali təhsil ocaqlarından biri olan Glion Universitetində təhsil alırsınız. Belə bir uğura necə nail oldunuz?
- Mən hələ orta məktəbdə təhsil alarkən təhsilimə xüsusi önəm verirdim və müxtəlif fənn olimpiadalarında da fərqlənirdim. Bundan başqa fərqli-fərqli bilik yarışlarında iştirak edir biliyimi daha da təkmilləşdirirdim. Görünür buna görədir ki, Azərbaycan -Türkiyə Özəl Qafqaz Gimnaziyasını fərqlənmə ilə bitirməyi bacardım. Yəqin ki, bütün bunlar və bütün gənclərdə olduğu kimi məndə də yaranmış ölkədən kənarda ali təhsil almaq marağı xüsusi dövlət proqramıyla bu universitetdə təhsil almağıma kömək oldu. Ancaq onu da bildirim ki, böyük mənəvi dəstəyi valideynlərimdən almışam. Anamın və atamın hər zaman ən böyük arzularından biri olub ki, övladları vətənə savadlı, xeyirli bir vətəndaş olsun, bu yöndə yetişsin. Yəni onlar da uşaqlıqdan məni bu prinsiplər əsasında böyüdüb tərbiyə ediblər. Məktəbdə də daim fəallığım ilə seçilmişəm və bütün tədbirlərin təşkilatında xüsusi rolum olub. Beləcə, ən böyük arzu kimi xaricdə təhsil almaq fikri məndə daha da gücləndi. Təbii ki, istək və maraq varsa, buna doğru addımlamalısan. Bakıda keçirilən təhsil yarmarkalarında da iştirak aktiv iştirak edib xarici universitetlər haqqında məlumat toplamağa başladım. Konkret olaraq təhsil sahəsinə gəldikdə isə turizm-otel sektoru həmişə marağımı cəlb edirdi. Həmin zamanlarda da ən çox inkişaf etdirilən sektor məhz turizm idi.
- İsveçrədəki təhsil sistemi daha çox hansı xüsusiyyətləri ilə seçilir?
-İlk öncə onu deyim ki, dünyanın ən gözəl və inkişaf etmiş ölkələrindən olan İsveçrə turizm sektoru üzrə bütün dünyada birincidir. Biz tələbələrə isə bu universitetdə otelçiliklə bağlı olan bütün sirləri, hər şeyi sıfırdan öyrədirlər. Birinci olaraq teorik hissəsini keçirik. Hətta maraqlı bir faktoru da nəzərinizə çatdırım ki, bizə burada verilən kitabların birində yazılmışdı ki, otelçilik, turizm ilk dəfə “İpək Yolu”nun üzərində yerləşən Azərbaycan ərazisində olan Karvansaraylarda yaranmışdı. Təbii ki, bu məqamda da böyük fəxr hiss keçirməyə bilməzdim. Sonradan isə yavaş-yavaş məşhur otellər, brendlərin yaranmasını, onların hansı teoriyalar əsasında inkişaf etməsini keçirdik. Ən sonda bizə çox maraqlı 4 aylıq proyektlər verilir ki, özümüz tam olaraq sıfırdan başlayıb bir otel yaradırıq. Daha sonra isə bunun praktik hissəsinə keçirik. Maraq üçün bildirim ki, bu praktik hissədə ilk günlərdə hərbi rejim kimi səhər 6 dan axşam 9-a qədər dayanmadan işləyirdik. Bu iş rejimimizdə isə biz ofisiant, nəzarətçi, menecer, aşbaz, resepşionist kimi də özümüzü sınayır ve get-gedə vəzifələrimiz, məsuliyyətimiz artırdı. Bütün bunlar ona görə keçirilir, tədris olunur ki, biz baş menecer olanda hər bir işçimizin işindən xəbərdar olaq və gələcəkdə daha mükəmməl bir kadr kimi fəaliyyətə başlayaq. İsveçrədəki təhsilimin ən böyük müsbət cəhəti də odur ki, burada oxuduğum 3 il yarımlıq bir müddətdə “Hilton”, “Four seasons” kimi məşhur otellərdə “sales and marketing” departamentlərində 1 illik iş təcrübəsi qazandım.
Qısası, İsveçrədəki təhsilin öz əlliklərindən birini sizə izah etdim. Digər maraqlı məqamlar da burada çox olur.
-Dediyiniz kimi dünyada turizm üzrə lider olan belə bir məşhur və tanınmış ölkənin universitetində turizm və otelçilik biznesinin sirlərini öyrənirsiniz. Azərbaycan da kifayət qədər turistik bir ölkəyə çevrilib. Təhsilinizi bitirdikdən sonra ölkəmizdə karyeranızı qurmağı düşünürsünüzmü?
-Bu sualla çox rastlaşıram. Bunu məndən soruşan olanda həmişə iki cavabım olur. Məncə, seçim edərkən öncə Azərbaycanı-bizi dəstəkləyən dövlətimizin mənafeyini düşünmək lazımdır. Ola bilər ki, bizlərə xarici ölkədə elə bir iş təklif olunsun ki, orada işləməklə biz Azərbaycanı layiqli təmsil edək, öz mədəniyyətimizi yayıb təbliğatlar da aparaq. Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda hansısa addımların atılmasına köməkçi olaq. Mənim fəaliyyət sahəmin bu işə aidiiyyəti olmadığını düşünənlər çox ola bilər, amma inanın ki bu istiqamətdə də bir sıra töhfələrimizi verə bilərik. Amma digər nöqteyi-nəzərdən Azərbaycanın turizm sektorunun inkişafı üçün savadlı və öz işini bilən kadrlar lazımdır. Ona görə də mən təhsilimi bitirdikdən sonra Azərbaycanıma qayıdıb bildiklərimi və öyrəndiklərimi burada təbliğ etməyə çalışacam.
-Son zamanlarda xarici ölkələrdə təhsil alan gənclərimizin sayı artıb. Bu işdə “Xaricdə Təhsil üzrə Dövlət Proqramı”nın da böyük rolu olub. Ölkədə gənclərə göstərilən bu cür diqqəti necə dəyərləndirirsiniz?
-Bu gənclərə verilən çox böyük imkandır. Mənim təhsil aldığım universitet dünyanın ən bahalı universitetlərindən biridir. Orada təhsil almaq mənim üçün bir xəyal idi. Amma bu proqram sayəsində mənim kimi bir çox tələbələrin arzusu reallaşır. Buna görə də gənclərə daim diqqət ayırıb qayğı göstərən Prezident İlham Əliyevə çox minnətdarıq. Xaricdə təhsil alan gənclərimiz hər il ölkəmizdə keçirilən bəzi forumlarda cəmlənir. Xaricdə təhsil alan gənclərimizin sayı artdıqca bizim xarici ölkələrdəki diasporamız da güclənir. Loru dildə desək söz demək haqqımız da çoxalır. Bizi müsbət tərəfdən çox tanıyırlar və bir çox hallarda haqlı səsimizə səs verib bizə dəstək də olurlar. Mən təhsil aldığım universitetə gələndə Azərbaycanlı tələbələrin sayı 2-3 idi. Məndən soruşanda ki, hansı ölkədənsən cavab verirdim Azərbaycandan. Bir çox hallarda bu sual verənlərin çoxunda sual yaranırdı ki, Azərbaycan haradır? Harada yerləşir bu ölkə? Lakin indi Dövlət Proqramı sayəsində bizim sayımız 23 nəfərdir və bizim fəallığımız nəticəsində artıq hamı orada Azərbaycanı-Odlar Yurdunu tanıyır!
- İsveçrədə azərbaycanlı gənclərin, tələbələrin təşkilatlanma işləri nə yerdədir? Təhsilinizi davam etdirməklə yanaşı əcnəbi tələbələr arasında Azərbaycan həqiqətlərinin təbliğini də aparırsınızmı?
- Biz azərbaycanlı tələbələr olaraq, İsveçrədəki Azərbaycanlı Tələbələr Birliyini yaratmışıq. Hər il İsveçrədə keçirilən 94 millətin iştirak etdiyi mədəniyyət festivallarında aktiv iştirak edib mədəniyyətimizi yəni rəqs və s. eləcə də mətbəximizi təbliğ edərək ölkəmizi lazımi səviyyədə bu festivalda təmsil edirik. Bu istiqamətdə uğurlu nailiyyətlər də əldə edirik. Hətta 3 dəfə 1-ci yeri qazanmışıq. Oxuduğum universitet çoxmillətliliyi ilə seçilir və belə bir yerdə birincilik əldə etmək zənnimcə çox böyük uğur sayılmalıdır.
Qarabağ, Xocalı soyqırımı haqqında da məlumatlar verib xüsusi kitablar paylayırıq və Xocalı soyqırımı ilə əlaqədər xüsusi aksiyalar da keçiririk. Hamımız toplaşıb bu faciə ilə bağlı həqiqətləri özündə əks etdirən broşürləri paytaxtda paylayırıq. Bununla da həqiqətləri oradakı insanlarla bölüşürük ki, bunun da effekti olur. Hətta onlardan bu istiqamətdə imzalar da toplayırıq. Sonra isə o imzaları İsveçrə Parlamentinə təqdim edirik. Hətta ölən insanların xatirəsinə qara şamlar da düzəldirik və daha çox maraq cəlb edən bir tədbir formasında bunu təşkil edib göyə qara şarlar da buraxırıq. Bacardığımız qədəriylə həqiqətləri üzə çıxarmağa çalışırıq. Bütün bunların təşkilatında İsveçrədəki Azərbaycan səfirliyinin və şəxsən cənab səfirimiz Əkrəm Zeynallının da böyük rolu olur. Onların köməkliyi də təqdirəlayiq haldır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info