Bayrağımız - əbədiyyət rəmzimizdir
Tarix: 08.11.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


“Bizim bayrağımız qürur
mənbəyimizdir.
Bizim bayrağımız canımızdır,
ürəyimizdir”

İlham Əliyev


Dünya xalqlarının tarixinə nəzər yetirdikdə onları bir-birindən fərqləndirən çoxsaylı cəhətlərlə qarşılaşırıq. Yerləşdikləri coğrafi məkan, malik olduqları etnik köklər, mədəni, dini, tarixi-siyasi faktorlar bu fərqliliyi yaradan başlıca səbəblərdir. İnsan birliklərinin qeyd etdiyim amillər əsasında toplum və xalq olaraq formalaşmağa başladığı zamandan bu yana onların mənsub olduqları özünəməxsus keyfiyyətlərin ifadə formaları həmişə müxtəlif simvollar və atributlarda öz əksini tapmışdır. Zənnimcə, bu atributlardan məna və məzmun etibarilə ən güclü təsir qüvvəsinə malik olan rəmz - məhz bayraqdır. O bayraq ki, xalqın öz düşüncəsində daşıdığı idealları, onun milli mənsubiyyətini, siyasi dünyagörüşünün miqyasını, bir sözlə, millətin bütün özünəməxsus keyfiyyətlərinin məcmusunu xarakterizə edir.
Lakin tarixi həqiqət ondan ibarətdir ki, hər xalqa ən ali dəyərlərini özündə ehtiva edən bayrağını dalğalandıra bilmək nəsib olmur. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt xalqdır. Dövlətçilik ənənələri hələ antik dövrlərdə mövcud olmuş etnik-siyasi özünütəşkil mədəniyyətinə söykənən Azərbaycan xalqının bu gün müstəqil bayrağa malik olması da onun xoşbəxtliyi və həm də mənəvi haqqıdır. Çünki o bayrağı yenidən dalğalandıra bilmək səadəti - xalqımızın azadlığa bəslədiyi sevgidən qaynaqlanan əzmkar və davamlı mübarizəsi ilə, çoxsaylı qurbanlar bahasına gerçəkliyə dönmüşdür. Bayrağımızı hər bir azərbaycanlının qürur mənbəyinə çevirən də bu müqəddəs rəmzin - xalqımızın mübariz ruhunun məhsulu olmasıdır. Bu mübariz ruh Azərbaycan xalqının yenilməz mənəviyyatının bütün tarixi dövrlərdə zühur edən ən canlı və ən şanlı təcəssümüdür. Bu ruh xalqımızın tarixi boyunca nəsildən nəslə ötürülmüş, zaman-zaman öz qüdrətini daha da artırmışdır. Məhz mübarizlik və yenilməzlik ruhu sayəsində tarixin bütün dönəmlərində Azərbaycan dövlətçiliyi öz kökləri ilə keçmişinə bağlı olmuş, tarixi ilə birgə yaşamağı, əski dövrü ilə yeni dövrünün vəhdətini yaratmağı bacarmışdır. Ona görə də Azərbaycan dövlətçiliyi milli siyasət və ideologiyanın ən mühüm simvolu olan tarixi bayraq ənənəsində də özünün maddi, mənəvi və siyasi mədəniyyətinin əsas özəlliklərini, başlıcası isə ölməz türk ruhunu bu gün də yaşatmaqdadır.
Ulu türk sivilizasiyasının üstün keyfiyyətləri həm də onun bayraqyaratma və bayraqyaşatma ənənəsində öz ifadəsini tapmışdır. Təqribən 2500 il ərzində geniş Avrasiya boyunca böyük imperiyalar yaratmış türklərin tarixi bayraqlarındakı simvollar bu və ya digər formada sonrakı dövrlərin bayraq ənənələrinə modifikasiya olunmuşdur. Türk mifologiyasının ulu totemi və vaxtilə Avrasiyanın ən qüdrətli dövləti olan Göytürk imperiyasının rəmzi olan Qurd, Səlcuq imperiyalarında güc və müdriklik simvolu olan və sonralar islam sivilizasiyasının “qalxan və qılıncı”na çevrilmiş Qartal və həmişəyaşar türk ruhunun rəmzi olan Göy rəng uzun əsrlər müxtəlif konfiqurasiyalarda türk bayraqlarının atributları olmuşdur. Oğuz türklərinin Qərb qanadına məxsus dövlətlərinin və onların varisi olan Osmanlı imperiyasının tarixən mövcud olmuş 72 bayrağında da həmin ənənələr ötürülmüş və bugünkü Türkiyə Cümhuriyyətinin möhtəşəm bayrağını ərsəyə gətirmişdir. Azərbaycan dövlətçiliyinin bayraq ənənəsində də belə bir varislik uzun əsrlər qorunmuşdur. Antik Azərbaycanın ilk böyük dövləti olan Midiyanın bayrağındakı ikibaşlı Qartal sonralar Azərbaycan coğrafiyasının qüdrətli türk dövləti olan Atabəylər imperiyasının bayrağında, göy rəng üzərində öz əksini tapmışdır. Ağqoyunlu dövlətində türklərin ərənlik ruhu döyüşkən Qoçla, böyük Səfəvi imperiyasında isə Günəşlə birgə doğulan iri pəncəli Şirlə simvollaşdırılmışdır. Azərbaycan xanlıqları da öz bayraqlarında rəmzlərin varisliyini davam etdirmişlər. Məsələn, Qarabağ xanlığının bayrağı ikibaşlı Qartal simvolu ilə Atabəylər ənənəsini davam etdirmişdir. XX əsrdə Arazın həm o, həm də bu tayında müstəqillik qazanmağa fürsət tapmış Azərbaycan Xalq Cümhuriyyətinin və Cənubi Azərbaycanın bayraqları azacıq fərqlə, demək olar ki, eyni rəmzləri (göy, qırmızı, yaşıl rəng, ağ rəngli aypara və səkkizguşəli ulduz) öz üzərində daşımışdır. Üçrəngli bayrağımız hələ 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında Azərbaycan Cümhuriyyətinin bayrağı kimi qəbul edilmişdi. Təcavüzkar XI Qırmızı Ordunun gəlişi ilə endirilmiş bayrağımız düz yetmiş il ərzində unudulmadı, ürəklərdə yaşadıldı, xatirələrdə canlandırıldı, yaddaşlarda dərin bir iz buraxdı - Azadlıq izi.
Nəhayət, 1990-cı ilin noyabrında ilk dəfə Naxçıvanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı azadlığın astanasında olan Azərbaycanın dövlət bayrağı kimi qaldırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Naxçıvanda dövlət bayrağı kimi rəsmən təsdiq edildi. Həmçinin, Azərbaycan Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında vəsatət qaldırıldı. Prezident İlham Əliyevin 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılış mərasimində qeyd etdiyi kimi... “O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt qalırdı.
Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir.” Nəhayət, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan Respublikası Demokratik Cümhuriyyətin varisi elan edildi. Bununla da Şərqdə ilk türk cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” həqiqəti öz təsdiqini tapdı. Beləliklə, xalqımızın ən ali dəyərlərini - soykökünü, məqsədini və məramını özündə əks etdirən əski bayrağımızı yeni Azərbaycan yenidən öz mənəvi ucalığına yüksəltdi. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Demokratik Cümhuriyyətimizin bayrağını yenidən dalğalandırmaqla öz milli köklərindən, şanlı tarixindən ayrılmaz olduğunu bir daha təsdiqlədi. Yaddaşlardan süzülüb, xatirələrdən canlanıb, ürəklərin içindən çıxarılıb başlar üzərinə qaldırılan bayrağımız İstiqlalımızı bütün dünyaya bəyan etdi. Xalqın sevinci və bayraq sevgisi şair Ramiz Qusarçaylının misralarında belə vəsf olundu:
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, -
Azərbaycan bayrağı!
Bəli, bayrağımız əbədidir. Bir zaman endirilsə də, gizlədilsə də, görünməsə də, indi o daha ucalarda dalğalanır. Bu heç də Ginnes Rekordlarında qeyd edilən dirək ucalığında deyil. O elə bir ucalıqdadır ki, oradan dünyanın Şərqi də, Qərbi də görür bayrağımızı. Üçrəngli, ay-ulduzlu bayrağımız bütün atributları ilə müstəqilliyimizi, Azərbaycan dövlətçiliyini, milli ideologiyamızın bütövlüyünü və eyni zamanda, ümumbəşəri ideallara sadiqliyimizi bütün dünyaya nümayiş etdirir. Bu, həm də xalqımızın dünyaya hansı ideya ilə çıxdığını, onun ümummilli xarakterində ehtiva olunan müsbət məziyyətləri açıq şəkildə dünya birliyinə bəyan edir. Bayrağımızda əks olunan rənglərin ifadə etdiyi dəyərlər kompleksi - müasirlik, türklük və islam dininə mənsubluq - xalqımızın çağdaş ümumbəşəri-demokratik dəyərlərə sahibliyini, ümummilli türk köklərinə bağlılığını, islam inancına sadiqliyini nümayiş etdirir. Bu qədər ali keyfiyyətlərin vəhdətdə ifadə olunması, onlara sadiqlik həm də xalqımızın dünya birliyində yerinin özünəməxsusluğunu, yetkin bir cəmiyyət olaraq yüksək təkamül səviyyəsinə çatdığını göstərir. Necə deyərlər, dünya bizi bayrağımızdan “görür”. Bayrağımıza bələd olduqca da, xalqımızı daha yaxından tanıyır, onun malik olduğu ideya və idealların təkcə bir coğrafi məkanla məhdudlaşmadığının, ümumbəşəriliyinin şahidi olur.
Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət dövləti və milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. Fərd - vətəndaşlığın əxlaqi yükünü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. O, şəxsi həyatındakı irəliləyişləri belə öz dövlətinin milli inkişafından ayrılmaz şəkildə dərk edir. Milli simvolların öncülü olan bayraq vətəndaş əxlaqında məhz bu keyfiyyətləri cilalayır. Bayraqda təcəssümünü tapan rəmzlər insanın ictimai-siyasi dünyagörüşünün komponentlərinə çevrilərək, onun konkret fəaliyyət sferasında məqsədəuyğun istiqamətləri formalaşdırır və stimullaşdırır.
1998-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamda vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar müəyyən edilirdi. Ümummilli liderimiz bayrağımız haqqında deyirdi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də, gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun.” Bugünkü Azərbaycan gəncliyi müstəqilliyimizlə yaşıddır. Ata-babalarının azadlıq eşqi ilə yoğrulmuş uzun və şərəfli mübarizə hesabına əldə etdikləri müstəqilliyin bayrağını müasir gəncliyimiz üçün ən ali dəyərə çevirən də məhz nəsillər arasındakı tarixi-mənəvi bağlılıqdır. Məhz buna görədir ki, Azərbaycan gəncliyi fəaliyyətinin bütün sahələrində uca bayrağımıza, onun daşıdığı ideallara sarsılmaz sədaqətlə xidmət göstərmək əzmini nümayiş etdirir. Bu günün vətənpərvər Azərbaycan gənci harada olmasından asılı olmayaraq, bayrağımızı təkcə dövlət rəmzi kimi deyil, tarixi keçmişimizin və milli varlığımızın təcəssümü kimi, bəşəri dəyərlərin daşıyıcısı kimi qəbul edir, ürəyi müqəddəs üçrəngli bayrağımızla döyünür.
Dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin də hər zaman aparıcı istiqaməti olmuşdur. Bayrağımıza olan ümummilli sevgi və ehtiram 2007-ci ildə Hakimiyyətlə Xalqın vəhdətinin yeni bir təzahürü kimi Bayraq Meydanının yaradılması ideyasına gətirib çıxardı. Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir. Artıq dördüncü ildir ki, 9 noyabr Azərbaycanda rəsmi olaraq Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi. Bununla da Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması kimi yaşarı bir ənənənin əsası qoyulmuş oldu. Dövlət başçısı 2010-cu ilin 1 sentyabr tarixində Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində deyirdi: “Bu bayraq bizim milli dəyərimizdir. ...Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. ...Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. ...Bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir”. Bu sözlərlə, Prezident müqəddəs bayrağımızın kütləvi yerlərdə dalğalanmaqla insanlarımızın milli birlik, özünüdərk, həmrəylik, vətənpərvərlik idealları ətrafında daha sıx birləşməsinə təkan verəcəyini aydın şəkildə ifadə edirdi.
Azərbaycan Respublikasının dövlət bayrağı bu gün bütün dünyada yaşayan azərbaycanlıların həmrəylik simvoluna çevrilmiş, soydaşlarımızın bir bayraq altında sarsılmaz birliyinin yaradılmasında mühüm rol oynamışdır. Məhz bunun nəticəsidir ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir vicdanlı soydaşımız üçrəngli bayrağımıza sarılaraq azərbaycançılıq ideallarının təbliğində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması işində yaxından iştirak edir.
Bayrağımız keçmişimizi bu günümüzə, bu günümüzü gələcəyimizə bağlayan bir tarixdir. Bayrağımızda əks olunmuş milli kimlik - türklük ideyası artıq universal məzmun kəsb edərək, bütün türk dövlətlərinin vahid siyasi-ideoloji xəttində özünə yer almaqdadır. Bu gün Azərbaycan xalqının öz bayrağına olan sarsılmaz bağlılığı, sevgisi məhz o bayrağın tariximizi, milli kimliyimizi bariz şəkildə ifadə etməsindən qaynaqlanır. Bu baxımdan, 2012-ci ildə Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş Türk Birliyinin vahid bayrağının da xüsusi əhəmiyyəti vardır. Üzv dövlətlərin bayraqlarında əks olunmuş simvolları özündə birləşdirən ümumtürk bayrağımız türk xalqları arasında münasibətlərin daha da dərinləşməsinə xidmət etməkdə və Türk Dövlətləri Birliyi ideyasının reallaşmasında siyasi-ideoloji simvol rolunu oynamaqdadır. Bu bayraq Göytürk imperiyasından bu günümüzə qədər mövcud olmuş və bu gün də var olan suveren türk respublikalarının milli bayraqlarının başlıca rəmzləri əsasında yaradılan universal Türk Bayrağıdır. Böyük Gələcəyin - Böyük Buluşmanın müjdəsini verən bu bayraq türk dövlətlərinin hər birinin milli bayrağı ilə bir cərgədə daha möhtəşəm görünür! Bu gün ən uca zirvədə dalğalanan bayrağımız Avrasiyanın bütün türk uluslarının cazibə mərkəzində dayanır, dünya türklüyünü vəhdətə və daha böyük gələcəyə səsləyir.
Bayraq böyük qüvvədir. Bu gün Azərbaycan ordusunun sahib olduğu güc də onun bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o bayrağa sarılaraq şərəfli mübarizəyə qoşulur, vətənin azadlığı uğrunda övladını qurban vermiş valideynlər şəhid cənazəsinə bükülmüş müqəddəs bayraqla təskinlik tapırlar.
Bayraq böyük qüvvədir. Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş 20 yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içirlər. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir. Anadolu şairimiz Arif Nihat Asyanın yazdığı kimi:
Ey şimdi süzgün, rüzgarlarda dalğalı;
Barışın göyərcini, savaşın kartalı
Yüksək yerlərdə açan çiçəyim.
Sənin altında doğuldum.
Sənin altında ölecəyim.
İndi cəmiyyətimizdə Azərbaycan Respublikasının üçrəngli bayrağına ümummilli sevgi və ehtiram hissi yüksək səviyyədə formalaşmış, bayrağımız milli özündərk və həmrəylik simvolu kimi hər bir azərbaycanlının ürəyinə yol tapmışdır. Azərbaycan gəncliyi, ordusu, sosial statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bayrağımıza sadəcə dövlət atributu kimi deyil, sanki öz ürəyi kimi baxır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış mərasimində vurğuladığı kimi - “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” .
Bu bayrağın itirilməsi - millətimizin ürəyinin, deməli, varlığının itirilməsi deməkdir. Cəmiyyətimizdə milli özünüdərk amalının, həmrəylik duyğularının, milli maraqlarımız uğrunda mübarizə əzminin yüksəlişi onun deməyə əsas verir ki, xalqımızın ürəyi döyündükcə, milli bayrağımız da dalğalanacaqdır. Çünki bayrağımız - milli vəhdətimizin rəmzidir. Bu vəhdət bizim üçrəngli bayrağımızı daha uca zirvələrə qaldıracaq və onu ata yurdumuz Qarabağa, Şuşaya və Xankəndiyə daşıyacaqdır. Azərbaycanın əbədi varlığını təcəssüm etdirən Bayrağımız bir daha nəinki enməyəcək, müstəqilliyimizin və tərəqqimizin ulduzu kimi daim parlayacaq, daim yüksələcəkdir!

Cavanşir Feyziyev
Millət vəkili,
fəlsəfə doktoru,
Mətbuat Şurası İdarə Heyətinin üzvü




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info