Sevinc İsgəndərova: “Gənclər üçün yaradılan imkanlardan xanımlarımız lazımınca istifadə etməlidirlər”
Tarix: 12.11.2013 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


“Azərbaycan gəncliyi güclü və mübarizdir”

Son illərdə dövlətin gənclərə göstərdiyi qayğı artıq öz nəticəsini verməkdədir. Bir çox aktiv gənclərimiz ictimai-siyasi proseslərdə fəallıq göstərməklə yanaşı artıq Azərbaycan üçün önəmli olan təbliğat və təşviqat işlərinə da qatılırlar. Belə aktiv gənclərdən biri də ABİA-da (Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası) icraçı direktor, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin Xarici əlaqələr departamentinin direktoru, Xocalıya Ədalət Kampaniyasında koordinator, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının(ARGTMŞ) büro üzvü olan Sevinc İsgəndərovadır.
Sevinc İsgəndərovanı “Palitra”ya verdiyi müsahibəni oxuculara təqdim edirik.

- Azərbaycan gənclərinin ictimai-siyasi proseslərdə aktivliyini necə dəyərləndirirsiniz?

- Öncə aktiv gənclərimizin fəaliyyətlərini mətbuata daşıdığınız üçün qəzetinizə təşəkkürümü bildirirəm. Bəzən Azərbaycan gənclərini digər ölkələrin gəncləri ilə müqayisə edirəm. Gördüklərim mənə Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi həyatında digər ölkələrdən fərqlı olaraq daha fəal iştirak etdiklərini deməyə əsas verir. Bu isə məni sevindirməyə bilməz. Bu gün tanıdığım bir sıra gənc müxtəlif qurumlarda, dövlət işlərində müxtəlif vəzifələrdə çalışırlar və onlar gənc olmaqlarına baxmayaraq, artıq ictimai-siyasi proseslərdə, eləcə də cəmiyyətdə müəyyən bir mövqe sahibləridir.

- Hökumətin gənclər siyasəti daha çox hansı müsbət nəticələrlə yadda qalır?

- Əlbəttə ki, bu gün gənclər üçün yaradılan şərait fakt olaraq göz qabagındadır. Xüsusilə gənclərlə bağlı son proqramın təsdiq olunması bu istiqamətdə atılan ən uğurlu addımlardandır. Əgər biz bu gün gənclər üçün yaradılan imkanları 10 il öncəsi ilə müqayisə etsək, çox böyük bir fərqin olduğunu açıq-aydın görəcəyik. Xarici ölkədə təhsil almaq, hər hansı bir beynəlxalq tədbirlərdə iştirak üçün xaricə səfər etmək, QHT, gənclər təşkilatı kimi hər hansı layihələri icra etmək və hansısa xəbər portalına sahib olmaq kimi şeylər, bu gün müasir Azərbaycan gənci üçün artıq heç bir problem yaratmır. 10 il öncə gənclər arasında sağlam olmayan rəqabət mühiti bu gün birlik, sağlam rəqabət və anlayış mühitinə çevrilib. Bu da əlbəttə bizə yaradılan şəraitdən düzgün şəkildə istifadə nəticəsində əmələ gəlib.

-Bütün sahələrdə gənc kadrların önə çəkilməsi prioritet məsələlərdən biri olub. Qadınların bu proseslərdə rolu sizi qane edirmi? Ümumiyyətlə, xanımların liderlik qabiliyyətlərinin artırılması istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı?

- Gözəl və aktual sualdır. Açığı, tam qane etmir. Lakin əvvəlki illərə nisbətən bu indi daha yaxşıdır və qadınların ictimai-siyasi fəaliyyəti üçün müəyyən motivasiyalar mövcuddur. Amma bu tək istək məsələsi də deyil. Bu gün dövlət gənclər siyasətində, istər kişi, istər qadın olsun, cinsi ayri-seçkilik etmir. Azərbaycan qadını təəssüflər olsun ki, məişət problemləri ucbatından cəmiyyətin fəal üzvü ola bilmir. Məsələn, bizim qadınlarla bağlı layihəmiz həyata keçirildi. Layihə çərçivəsində Azərbaycanın 5 regionunda qadınlarla görüş keçirdik. Lakin auditoriyalar o qədər fərqli idilər ki, onlarla işləmək bizə müəyyən çətinliklər yaradırdı. Bəziləri qadın və işin bir arada olmasını düzgün hesab etmirdi və ya bunu digər məişət problemlərinə bağlayırdı. Bəli, mən də istərdim ki, Milli Məclisin üzvlərinin 30 faizini qadın millət vəkilləri təşkil etsin, diplomatik nümayəndəliklərə diplomat qadınlarımız səfir təyin olsunlar. Lakin bu gün Azərbaycan qadını onun üçün yaradılan şəraitdən tam olaraq istifadə edə də bilmir. Məncə, bizim gənc nəsil sadaladıqlarıma yol açan ilk qadın nəsli olacaq. Qaldı ki, xanımların liderlik qabiliyyətlərinin artırılması istiqamətində görülən işlərə, məncə, biz bunu ayrıca problemə çevirməməliyik, çünki ayırsaq, bu artıq olacaq “qadın və dünya” anlayışı ki, bu zaman da qadınların lider olub-olmaması problemini yaratmış olacağıq. Bu gün gənclər üçün yaradılan imkanlardan gənc xanımlarımız lazımınca istifadə etsələr, getdikcə bunun bəhrəsini hamı görəcəyik və qadınların heç bir liderlik problemi qalmayacaq.

- ABİA-dakı fəaliyyətiniz haqda danışardınız. Hansı tədbirlər planlaşdırılır və son zamanlarda görülmüş işlər barədə məlumat verərdiniz.

-ABİA-da hazırda icraçı direktor vəzifəsində fəaliyyət göstərirəm. Bayaq qeyd etdiyim qadınlarla bağlı layihə elə ABİA-nın layihəsi idi. Layihə bölgələrdəki qadınların təhsilini, liderlik qabiliyyətini artırmağı nəzərdə tuturdu. Bundan başqa DƏ-İKGF ARM (Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi) ilə bərabər gənclər üçün pulsuz seminarlar təşkil edirik, seminarların mövzularını isə gənclər özləri sorğu vasitəsilə seçir. Bundan əlavə bir neçə beynəlxalq tədbirlərimiz olacaq. Noyabrın sonlarında “Aktiv Qadınların Şəbəkəsi” ilə bağlı tədbirlər gözlənilir.

- Bəs İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin Xarici əlaqələr departamentinin direktoru kimi bu istiqamətdə fəaliyyətiniz necə qurulub? Sözügedən təşkilatın Azərbaycan gəncləri ilə işbirliyi hansı istiqamətdə gedir?

- Əslində adından göründüyü kimi, təşkilat beynəlxalq təşkilatdır və Azərbaycanda 2010-cu ildən etibarən diplomatik statusa sahibdir. Burada olan bütün fəaliyyət sırf xarici siyasətlə əlaqəlidir. Bu qurumda artıq beş ildir çalışıram və düşünürəm kifayət qədər təcrübəyə malik olduğumdan bu vəzifəyə təyin edilmişəm. Azərbaycan gəncləri ilə işbirliyinə gəldikdə isə, DƏ-İKGF, İƏT-ə (İslam Əməkdaşlıq Təşkilatı) üzv bütün ölkələrin gənclər platformaları ilə münasibəti var. Azərbaycan daxil olmaqla bütün üzv ölkələrlə tədbirlər həyata keçirir.

-Xocalı faciəsinin ildönümünə artıq qısa müddət qalıb. Xocalıya Ədalət Kampaniyasının koordinatoru kimi bu istiqamətdə planlaşdırılan tədbirlər haqqında məlumat verərdiniz. Ümumiyyətlə, Xocalıya Ədalət Kampaniyası son illərdə aktiv fəaliyyət göstərir, gənclərin bu işdə hansı payı və rolu olub?

-Bu kampaniyanın təşəbbüskarı sözün əsl mənasında böyük bir işə imza atdı. Bu təşəbbüs nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılması istiqamətində mən deyərdim ki, inqilabi bir dəyişiklik baş verdi. Gəlin nəzər salaq - 2008-ci ilə qədər dünya ictimaiyyətinin Xocalı haqqında məlumatlanma səviyyəsi nə yerdə idi? Xocalı hadisələrini soyqırım aktı kimi tanıyanlar var idimi? Lakin kampaniya fəaliyyətə başladıqdan sonra 5 ölkə Xocalını soyqırım kimi tanıyır, Amerikanın 12-dən cox ştatı Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Əlbəttə, biz bununla durmamalıyıq! Kampaniyanın imkanları genişdir və daha çox uğura imza atılacağı sirr deyil. Burada xaricdə yaşayan azərbaycanlıların, xüsusilə gənclərin lobbiçilik fəaliyyətini məxsusi qeyd etmək istəyirəm. Mənim üçün çox sevindirici haldir ki, bu kampaniya gənclərimizə bu istiqamətdə fəaliyyət göstərmələrinə stimul verir və demək olar ki, son ildə sözügedən mövzu ilə bağlı bir neçə effektli beynəlxalq tədbirlər keçirildi. Üzümüzə gələn ildə planlarımız çoxdur. Məsələn, az müddət öncə Xocalı faciəsinin tanıdılması istiqamətində və təbliğinin aparılması üğrunda həyata keçirilə biləcək layihələrin, təkliflərinin qəbulunu elan etdik. Artıq bir neçə təklif, layihələr gəlib. Sağ olsunlar, gənclərimiz bu məsələyə biganə yanaşmır. Bundan əlavə olaraq davamlı soyqırım mövzusunda beynəxalq simpoziumlar təşkil edilir. Xocalı soyqırımı ilə bağlı beynəlxalq fotomüsabiqə elan olunub, rəsmi elanı bu yaxınlarda xaricdə ediləcək. Nəzərdə tutulan gələcək layihələrlə bağlı mütəmadi olaraq məlumatlar da mediaya ötürüləcək. Sonda demək istərdim ki, bir Azərbaycan gənci olaraq üzərimizə düşən öhdəliyi anlayır, dərk edirik, Qarabağın azad olunması istiqamətində, ölkənin hərtərəfli inkişafı yolunda üzərimizə düşən məsuliyyəti yerinə yetirməyə çalışırıq. Azərbaycan gəncliyi güclü və mübarizdir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info