Tarixi-mədəni irsin qorunmasında tədris müəssisələrinin rolu
Tarix: 12.11.2013 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqı dünyanın ən qədim və zəngin mədəniyyətə malik xalqlarındandır. Bu baxımdan bəşər mədəniyyətinin tərkib hissələrindən olan Azərbaycan mədəniyyətinin daha dərindən tədqiqi və təbliği müstəqil respublikamızda aparılan geniş inkişaf, hərtərəfli formalaşma işləri, ayrı-ayrı tarixi dövrlərə aid maddi və mənəvi mədəniyyət nümunələrini, insanların milli, müasir ənənələrə əsaslanan zəngin yaradıcılıq əzmini müxtəlif vasitələrlə üzə çıxarmağa zəmin
yaradır.

Bu baxımdan xarakterik hal kimi göstərməliyik ki, mədəniyyət fəaliyyətinin əsas növlərindən olan muzey fəaliyyətinin elmi, mədəni-mənəvi və estetik tələbatın ödənilməsində əsas amil olması bunu bir daha təsdiq edir və bu, “Muzeylər haqqında” Azərbaycan Respublikasının 24 mart 2000 - ci il tarxli qanunu ilə tənzimlənir. Əlbəttə, böyük tarixi əhəmiyyətə malik maddi - mənəvi nümunələrin toplanması, komplektləşdirilməsi, qorunması, tədqiqi, bərpası, nümayişi, insanları elmi informasiya ilə zənginləşdirən, hərtərəfli formalaşdıran muzeylərlə heç bir digər mədəniyyət və tərbiyə ocağı rəqabətə girə bilməz. Ona görə də ayrı - ayrı məktəblərdə təşkil edilmiş tarix-diyarşünaslıq muzeylərinin bu baxımdan müstəsna dərəcədə böyük rolu var. Belə ki, şagirdlər, eləcə də bir çox hallarda şəhərimizə gələn əcnəbi qonaqlar bilavasitə bu muzeylər vasitəsi ilə xalqımızın tarixinin ən qədim çağlarından hansı əmək alətlərindən, məişət avadanlıqlarından, müxtəlif ev, eləcə də digər maddi-məişət əşyalarından necə istifadə etməsi ilə tanış olur, bu barədə kifayət qədər zəngin təsəvvürə malik olurlar.
Yuxarıda deyilənlərdən başqa, onu ayrıca qeyd etməliyik ki, bir çox hallarda xalqımızın keçmiş tarixinə aid olan, məktəb muzeylərində nümayiş etdirilməsə də ayrı-ayrı muzeylərdə, eləcə də müxtəlif sərgilərdə nümayiş etdirilən ayrı-ayrı eksponatlar da xalqımızın tarixi haqqında ətraflı təsəvvür yaradır. Bütün bu hallardan danışarkən fəxr hissi ilə deməliyik ki, “Azərbaycan bədii sənətkarlığı nümunələrinin (xalça, parça, tikmə, zərgərlik, misgərlik nümunələri və s.) hələ 1872-ci ildə Moskvada Ümumrusiya kustar sənaye sərgisində, 1873-cü ildə Vyanada, 1924-cü ildə Parisdə açılmış ümumdünya sərgilərində müvəffəqiyyətlə iştirakı onu bütün dünyada tanıtdı. “1958 - ci ildə Berlin Muzeyində tunc əşyalardan ibarət Qafqaz kolleksiyası qaytarılır. Valdemar Belkin kolleksiyası elmi cəhətdən yaxşı sənədləşdirildiyi üçün daha münasib sayılır. Kolleksiyanın əsas hissəsini Simensin Gədəbəydəki keçmiş misəritmə zavodunun ətrafındakı qəbiristanlıqdan, onun Qalakənd filialının ətrafından, həmçinin Daşkəsən kobalt mədəni ərazisindəki qazıntıdan əldə olunmuş arxeoloji materiallar təşkil edirdi.
Həmin dövrdə kustar istehsal sahələrindən xalça toxuculuğu Bakı quberniyasının Quba qəzasında, Bakı, Şamaxı, Lənkəran, Cavad, Yelizavetpol qəzalarında, Şuşada, Naxçıvanda daha geniş yayılmışdı.
Məlumdur ki, sənətkarlıq həmişə ticarətlə sıx şəkildə bağlı olub. Belə ki, tacir satacağı müxtəlif yönümlü məhsulları aydındır ki, sənətkarlardan götürür. Hər bir sənətkar isə təbii ki, həm də öz dövrünün övladıdır. Bu baxımdan hər hansı bir sənətkarın istehsal etmiş olduğu məhsul həm də bu və yaxud da digər dərəcədə onun yaşadığı dövrün ayrı-ayrı xüsusiyyətlərini özündə əks etdirir. Təbiidir ki, dövrün xüsusiyyətlərini, incəliklərini öyrənmək, tədqiq etmək üçün belə sənət əsərlərinin müstəsna dərəcədə böyük rolu var. Bu baxımdan qeyd etmək yerinə düşərdi ki, XIX əsrin sonlarında “Azərbaycanda xalçaçılıqla yanaşı, 40 növə qədər sənətkarlıq məşğuliyyəti ilə çalışanlar var idi. Onlar ağac və taxtadan düzəldilən məhsullar istehsal edir, xüsusən kənd təsərrüfatında işlədilən bel, yaba, kürək və araba kimi avadanlıqlar, həmçinin məişətdə işlədilən mebel, qaşıq, beşik, daraq, iynə, xalça toxumaq üçün dəzgahxana və nəhayət musiqi alətləri hazırlayırdılar. Bu əşyaların istehsal olunduğu sənət sahələri Qazax, Yelizavetpol və Şuşada daha geniş yayılmışdı.
Beləliklə, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda qədim tarixiliyin, geniş mədəni- maarifçilik təcrübəsinin mövcudluğu, tarixi-mədəniyyət abidələrinin zənginliyi, maddi və mənəvi mədəniyyət nümunələrinin əhali kütləsi arasında geniş maraq oyatması, onların xaricə daşınmasının qarşısının alınmasının vacibliyi kimi amillər nəticəsində ölkədə muzeylər yaradılmağa başladı. 1896-cı ildə Naxçıvanın Nehrəm kənd məktəbində maarifpərvər yazıçımız Cəlil Məmmədquluzadə tərəfindən yaradılmış ilk muzeyin eksponatları az olsa da, o dövr üçün çox sevindirici bir hadisə idi.
Artıq Azərbaycanda mədəni-maarifçilik hərəkatının sürətli inkişafı məqsədyönlü şəkil alırdı ki, bu proses özünü Bakı, Şamaxı və Naxçıvan şəhərlərində tanınmış insanların topladıqları qədim və tarixi əhəmiyyətli əşya, material və eksponatların vaxtaşırı nümayişində göstərirdi.
Həmin dövrlərdə qapalı muzeylərin yaradılmasına cəhd edilirdi. 13 bölümdən ibarət olan və Rusiya Texniki Komitəsinin nəzdində olmaqla Bakıda ilk dəfə yaradılan belə muzey rəsmiləşdirilməmişdi və tədris məqsədli idi.
Tədrisə yardım məqsədilə digər bir muzey - “Pedaqoji muzey” də Bakı şəhəri Xalq Məktəbi müdiriyyəti nəzdində yaradılmışdı. Bu muzeyin eksponatları dərslik, dərs vəsaitləri, tədris-metodik vəsaitlərdən ibarət olmaqla əyani vəsait kimi nümayiş etdirilirdi. Muzey 1920-ci ildə Azərbaycan Dövlət Muzeyinin yaradılması ilə əlaqədar bağlanıb. Təbiidir ki, belə bir muzeyin tədris müəssisəsində yaradılması heç də təsadüfi deyildi. Belə ki, yuxarıda göstərilən misallardan da göründüyü kimi, tədris müəssisələri tarixi mədəni irsin yaşadılması, gələcək nəsillərə ötürülməsi işində mühüm vəsilə olub.
Qeyd etmək yerinə düşərdi ki, hələ Azərbaycan Cümhuriyyəti dövründə ölkənin mədəni həyatında “Şəfa”, “Nicat”, “Nəşri - maarif” cəmiyyətləri kimi mədəni-maarif qurumları aktiv fəaliyyət göstərirdilər. Onlar əhalinin maariflənməsinə, milli mədəniyyətin inkişafına kömək edirdilər. Mədəni-maarif işinin daha da genişləndirilməsi məqsədi ilə cəmiyyətlərin konfransının çağırılması üçün təşkilat komissiyası seçildi və “Bakı şəhəri mədəni-maarif müəssisələri ittifaqının nizamnaməsi təsdiq olunmaq üçün hökumətə göndərildi.
Həmin nizamnamədə göstərilirdi ki, mədəni-maarif cəmiyyətləri ittifaqının məqsədi Bakı əhalisinin mədəni səviyyəsini yüksəltmək məqsədi ilə şəhərin bütün mədəni qüvvələrini birləşdirməkdən ibarətdir.
Göstərilməlidir ki, sonrakı dövrlərdə də respublikamızda xalqımızın zəngin keçmişinə aid müxtəlif materiallar, eksponatlar diqqət və qayğı ilə toplanmış, müxtəlif muzeylərdə saxlanılıb. Burada qeyd etmək yerinə düşərdi ki, müxtəlif ümumtəhsil məktəblərində yaradılmış tarix- diyarşünaslıq muzeyləri də şagirdlərdə qədim və zəngin azərbaycan tarixi, mədəniyyəti, folkloru və s. haqqında kifayət qədər dərin təsəvvür yaradır. Aydındır ki, bu muzeylərin eksponatlarını əsasən şagirdlər özləri gətirirlər. Bu muzeylərdə nümayiş etdirilən qədim məişət əşyaları, müxtəlif alətlər, pullar şagirdlərin xalqımızın keçmişi haqqında biliklərini daha da zənginləşdirir və möhkəmləndirir. Belə eksponatlar bir çox hallarda həm də tarix dərslərinin keçilməsində əyani vəsait rolunu oynayır ki, bu da mövzunun şagirdlərə mənimsədilməsi prosesində xüsusilə böyük əhəmiyyət kəsb edir. Bütün bu eksponatlar xalqımızın doğrudan da qədimdən də qədim, zəngin mədəniyyətə malik olduğunu şagirdlərə bir daha əyani şəkildə göstərir. Hazırda da dünya muzeylərində Qarabağ xalçaları, zərgərlik məmulatları, daş alətlər və digər qədim və zinət əşyalarının nümayiş etdirilməsi bunları bir daha təsdiq edir. Belə ki, müasir dövrdə Şuşa, Laçın, Kəlbəcər, Ağdərə, Xocalı, Ağdam, Xankəndi, Xocavənd, Fizuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Bərdə, Ağcabədinin və digər qəsəbə, şəhər, kəndlərin qədim tarixi mədəniyyət nümunələri dünya muzeylərini bəzəyir. Lakin təəssüflər olsun ki, erməni faşistləri tərəfindən işğal olunmuş ərazilərdə 500-dək tarixi-memarlıq, 100-dən artıq arxeoloji abidə, 22 muzey, 4 rəsm qalereyası qarət olunaraq darmadağın edilib. Hələ keçmiş SSRİ-də - Ağdamda yerləşən yeganə Çörək Muzeyi bombardman nəticəsində tamamilə darmadağın edilib. Halbuki burada vaxtı ilə Çexoslovakiyada, Macarıstanda, Qərbi Almaniyada, Səmərqənddə, Qədim Misirdə taxıl-çörək istehsalını əks etdirən əyani eksponatlar tamaşıçılarda çox böyük maraq hissi doğururdu. Göstərilənlərdən başqa Kəlbəcər, Laçın, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli, Yaloba tarix-diyarşünaslıq muzeyləri də qarət olunub, əşyalar, eksponatlar Ermənistana aparılıb, muzeylər isə yerlə-yeksan olunub. Erməni qəsbkarlarının Azərbaycan muzeylərindən apardıqları xalqımızın qiymətli sərvəti işğal olunmuş ərazidən aparılmış digər əşyalarla birlikdə xarici auksionlarda satılır, yaxud da müxtəlif sərgi və muzeylərdə erməni mədəniyyət nümunəsi kimi dünya ictimaiyyətinə təqdim olunur.
Şübhəsiz ki, bütün bu faktların tədris müəsisələri tərəfindən öyrənilməsi, şagirdlərin belə faktlarla kifayət qədər yaxından tanış olmaları onların müasir texniki vasitələrdən, internet və s. kimi vasitələrdən istifadə etməklə ermənilərin iç üzünü açmalarına, onların daha geniş miqyasda ifşa olunmasına səbəb olur ki, bu da dolayısı yolla da olsa tariximizin, mədəniyətimizin təbliği ilə səciyyələnir. Bu işlərdə isə şagirdlərin mütəmadi olaraq muzeylərə, ayrı-ayrı tarixi yerlərə, abidələrə, ekskursiyaları, onlarla yaxından tanış olmaları şübhəsiz ki, böyük rol oynayardı. Bu baxımdan göstərmək yerinə düşərdi ki, Bakı şəhəri, Binəqədi rayon 301nömrəli tam orta məktəbdə direktor Məmməd Səfərov və dərs hissə müdiri Təranə Paşayevanın dəstəyi və köməklikləri ilə şagirdlərin tez-tez Qobustan qayaüstü abidələrinə, Mərdəkan və Ramana qalalarına, Şirvanşahlar sarayına, Qız qalasına, Suraxanıdakı atəşgaha, 20 Yanvar şəhidləri abidəsinə edilən ekskursiya və gəzintilər, eləcə də burada keçirilən müvafiq tarix dərsləri şagirdlərin biliyinin artmasında, tariximizin dərin qatlarına olan maraq və təsəvvürlərinin daha da dərinləşməsinə səbəb olur. Bundan başqa Bakı şəhəri 301 saylı tam orta məktəbdəki tarix-diyarşünaslıq muzeyinə şagirdlər tərəfindən gətirilən qədim dövrlərə aid müxtəlif məişət əşya və avadanlıqları, qədim pullar, geyimlər və s. kimi eksponatlar da şagirdlərdə güclü təəssürat yaradır və onların tariximizin qədim çağlarına aid biliklərinin daha da zənginləşməsinə səbəb olur. Onların yaşadıqları Biləcəri qəsəbəsinin adının vaxtı ilə Şimali Qafqazda yaşayan və ərəblərin xəzərlərlə toqquşması ilə əlaqədar olaraq adı çəkilən bələncər tayfasının adından götürülməsi haqqındakı fikirlər isə şagirdlər tərəfindən xüsusilə maraqla qarşılanır.
Göstərilməlidir ki, Cəlilabad rayonu Göytəpə şəhər V. Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə də tarixi - mədəni irsin öyrənilməsi, qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər görülür. Belə ki, burada da məktəbin tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən qədim məişət avadanlıqları və alətləri, respublikamızın cənub bölgəsinə aid müxtəlif etnoqrafik eksponatlar, habelə sırf cənub bölgəsinə aid müxtəlif folklor nümunələri, bayatılar, qədim geyimlər və s. kimi vasitələr də şagirdlərdə güclü təəssürat yaradır. Təbii ki, bu eksponatlar şagirdlərdə doğma bölgəyə olan məhəbbət hissini də artırır və onlarda vətənpərvərlik hisslərini daha da gücləndirir. Şübhəsiz ki, bütün bu işlərin həyata keçirilməsində məktəbin direktoru Reyhan xanım Cəfərovanın, eləcə də dərs hissə müdiri Həqiqət xanım Rzayevanın da dəstək və köməklikləri böyük rol oynayıb.
Bütün yuxarıda göstərilənlər şübhəsiz ki, bir daha tarixi-mədəni irsin qorunub-saxlanılması və onun gələcək nəsillərə ötürülməsində tədris müəssisələrinin kifayət qədər böyük rol oynadığını bir daha təsdiq edir.
İlqar Abdullayev
Bakı şəhəri, Binəqədi rayonu, 301№li tam orta məktəbin tarix müəllimi
Samirə Əmrahova
Cəlilabad rayonu, Göytəpə şəhər V.Mürsəlov adına 1№li tam orta məktəbin ədəbiyyat müəlliməsi




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info