Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Uşaq Fondunun (UNİCEF) Baş ofisinin Proqramlar Departamentinin müdir müavini Kristian Salazar və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüş keçirilib.
ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüş zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Azərbaycanda uşaqların müdafiəsi sahəsində aparılan islahatlar prosesində UNİCEF-lə əməkdaşlığın xüsusi önəm daşıdığını vurğulayıb. İcra olunan birgə proqramlardan söz açan nazir müavini bildirib ki, hazırda təşkilatın Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ ölkənin uşaq qayğı sisteminin mütərəqqi beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi üçün məqsədyönlü islahatların aparılması ilə xarakterikdir.
Kristian Salazar Azərbaycanda uşaq hüquqları sisteminin təkmilləşdirilməsi və tətbiqi sahəsində həyata keçirilən siyasətin təqdirəlayiq olduğunu bildirib, Azərbaycan Prezidentinin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından söz açaraq, bu sənədin dövlət başçısı tərəfindən uşaqların müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edib.
Görüşdə tərəflər arasında əməkdaşlığın mövcud vəziyyəti, birgə icra olunan proqramlar nəzərdən keçirilmiş, respublikada uşaq hüquqlarının müdafiəsi sahəsində prioritet layihələrdə UNİCEF-lə əməkdaşlığın gücləndirilməsi, gələn ilin may ayında Azərbaycanda uşaq hüquqlarına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi və digər məsələlər müzakirə olunub.
|