“Mən həyatımı musiqiçi olaraq yaşayıram”
Tarix: 13.11.2013 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Mustafa Aşurov: “Bülbül adına musiqi məktəbində həm milli musiqi, həm klassik, həm də xalq çalğı alətlərində klassik musiqi ifa edən istedadlı gənc nəsil yetişir”

Mustafa Əhməd oğlu Aşurov 1991-ci il iyulun 31-i Qazax rayonunda anadan olub. 2008-ci ildə Gültəkin Əsgərova adına 200 saylı orta məktəbi bitirib. 2001-2008-ci illərdə L. və M. Rostropoviçlər adına 21 saylı, 11 illik musiqi məktəbinin “Xalq çalğı alətləri” şöbəsində tar ixtisası üzrə təhsil alıb. 2003-cü ildə Xalq artisti, tarzən Hacı Məmmədov adına VI musiqi müsabiqəsində, müsabiqədənkənar iştirak edib və “Diplomant” adına layiq görülüb. 2005-ci ildə xalq artisti tarzən Hacı Məmmədov adına VII musiqi müsabiqəsində I dərəcəli diploma layiq görülüb. 2005-ci ildə “Oxu tar-2005” I Bakı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülüb. “Pöhrə-2005” özfəaliyyət kollektivlərinin respublika baxış müsabiqəsinin I dərəcəli diplomuna layiq görülüb. 2005-ci ilin dekabr ayında Kiyev şəhərində keçirilən Beynəlxalq “Delfi” oyunlarında, “Milli musiqi alətləri” nominasiyası üzrə “Qızıl medal”a layiq görülüb. 2008-ci ildə Xalq Çalğı Alətləri üzrə respublika müsabiqəsinin I dərəcəli diplomuna layiq görülüb. 2012-ci ildə Azərbaycan Dövlət Milli Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib, magistratura pilləsinin dirijorluq ixtisasına qəbul olub. 2010-cu ilin yanvar ayında təhsildəki uğurlarına görə Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərov adına mükafatın laureatı olub. Prezidentin 14 iyun 2007-ci il tarixli sərəncamına əsasən, Mustafa Aşurovun adı “Qızıl kitab”a yazılmaqla, Prezident təqaüdünə layiq görülüb.

Müsahibimiz beynəlxalq müsabiqələr laureatı, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi, Azərbaycan Milli Konservatoriyasının magistri və Prezident təqaüdçüsü Mustafa Aşurovdur:

- Mustafa müəllim, pedaqoji fəaliyyətinizdə gənclərdən nəyi tələb edirsiniz?
- Mən pedaqoji fəaliyyətimə bu ildən başlamışam. Uşaq yaşlarımdan respublikamızın Xalq artisti, Prezident mükafatçısı, həm Dövlət Kamera Orkestrının, həm də Dövlət Simfonik Orkestrının bədii rəhbəri və baş dirijoru Teymur müəllimlə birlikdə çalışmışam. Teymur müəllim böyük etimad göstərərək, məni rəhbərlik etdiyi məktəbə müəllim kimi dəvət edib. Biz də bir müəllim kimi tələbələrə tədris etdiyimiz ixtisasla bizə göstərilən etimadı doğrultmağa çalışırıq. Biz imtahanlarla bərabər, həm də konsertlərə hazırlaşırıq. Şagirdləri konsertlərə hazırlamaqla onların bir musiqiçi kimi formalaşmasını, istedadlarını üzə çıxartmaq və ən əsası onları bu sənətə həvəsləndirməyə məcbur edir. Bununla da onlar həm də çəkdikləri əziyyətin bəhrəsini görürlər.
- Bir musiqiçi kimi bu gün uşaqlardan musiqiyə olan baxışları ilə əlaqədar olaraq, nəyi tələb edirsiniz?
- Təbii ki, hər dövrün musiqisi fərqli olduğu kimi, hər dövrün musiqiçiləri də fərqlidir. Proqramda olan əsərləri öyrənmək və onları böyük sənətkarların ifasında dinləməklə bərabər, onlardan ürəklərinin səsini dinləməyi də tələb edirik ki, öz əlavələrini etməyi bacarsınlar. Təbii ki, bunu bayağı yolla deyil, daha professional şəkildə etməyi bilməlidirlər. Bu zaman tələbə ilə sanki, müəllim-tələbə münasibətindən əlavə bir dost kimi məsləhətləşirik. Çox vaxt tələbəni öyrədərkən, özümüz də öyrənirik.
-Bəzən, uşağın istedadı böyük olduğu üçün müəllim ona daha böyük əsər verir. Sizin fikrinizcə, bu uşaqda psixoloji cəhətdən çətinlik yaradırmı?
- Təbii ki, böyük əsərlərlə uşağı yükləyəndə, uşaq özünü yüklü kimi hiss edəcək. Amma əsəri hissə-hissə işləyib hazırladıqdan sonra, məncə artıq bu yükün öhdəsindən gəlmək sevinci yükün ağırlığını üstələyir. Elə şagirdlərdə var ki, onların istedadı yaş həddindən daha yüksək olur. Bu da insanın formalaşmasına heç bir psixoloji və mənəvi çətinliklər yaratmır. Əsasən üstün cəhətlər daha çox olur. Çünki, çox vaxt fitri istedadı olan şagird dərs proqramının çətinliyini hiss etmir.
-Siz də vaxtilə müsabiqələrdə laureat olmusunuz. Bəs siz bu proseslərdən necə keçmisiniz? Bu sizdə çətinlik yaratmayıb ki?
- Qeyd etdiyim kimi, mən Teymur müəllimlə çalışmışam. Teymur müəllim gözəl musiqiçi olmaqla bərabər, həm də tələbkar müəllim idi. Biz müəllimliyi ondan öyrənmişik. O, bizdən necə tələb edibsə, biz də öz şagirdlərimizdən tələb edirik. Sizə maraqlı bir hadisəni danışmaq istəyirəm. Biz Fransaya səfərə hazırlaşırdıq. Dünyaca məşhur bir əsər var ki, bu əsər musiqiçilər arasında rekord sayılır. Bu əsər görkəmli rus bəstəkarı “Arı uçuşu” əsəridir. Bu əsər çox sürətli əsərdir. Teymur məndən soruşdu ki, bu əsəri ifa etmisən? Dedim ki, bəli. Biz bir neçə gündən sonra Fransaya yola düşdük. Bu proqramda mən artıq iki əsər ifa edirdim. Biz məşqdə bu əsəri ifa etdik. O zaman məlum oldu ki, biz ayrı-ayrı tonallıqlarda ifa edirik. Teymur müəllim mənə bu əsəri yeni formada işləyib, orkestrə uyğunlaşdırmağı tapşırdı. Bu mənim professionallığımın ilk addımı idi. Mən əsəri bir günə hazırladım. Teymur müəllim əsəri Parisdə yoxladı və biz onu konsertdə uğurla ifa etdik.
-Tədris etdiyiniz musiqi aləti tardır. Bəs, tələbələriniz daha çox hansı musiqi janrlarına üstünlük verirlər? Hansı musiqini ifa etmək onlara zövq verir? Milli, yoxsa, dünya klassikası?
- Hazırda sinfimdə ixtisası sırf tar olan tələbələr var. Amma elə tələbələr var ki, ixtisası xanəndəlik olsa da fakultativ olaraq, tarla məşğul olurlar. Təbii ki, proqramdan əlavə tələbələrin də istəyini nəzərə alırıq. Tələbələrin proqramı ixtisasından asılı olaraq dəyişir. Xanəndəlik ixtisası üzrə təhsil alan tələbə daha çox muğamlara meyl edir. Biz də ona təsnifləri, xalq mahnılarını, rəngləri öyrədirik. Marağı olan tələbələrə proqramdan əlavə klassik musiqiləri öyrədirik. Bülbül adına musiqi məktəbində həm milli musiqi, həm klassik, həm də xalq çalğı alətlərində klassik musiqi ifa edən istedadlı gənc nəsil yetişir. Dünya xalqlarının əsərlərini xarici musiqi alətlərində ifa edən tələbələr təbii ki, muğam dərslərində iştirak edirlər. Bu da musiqiçinin hərtərəfli inkişafında böyük rol oynayır.
-Elə tələbə var ki, böyük istedadı olsa da böyük səhnələrə çıxmaq həvəsi yoxdur. Amma elə tələbə də var ki, istedadı yüksək olmasa da böyük səhnələrə çıxmaq istəyir. Bu zaman müəllimlə tələbə arasında necə əlaqə yaranır?
- Dərs keçməklə bərabər, bizim borcumuz odur ki, tələbəni bu sənətə daha da həvəsləndirək. Çünki, bir müddət keçdikdən sonra fiziki cəhətdən yorğunluq yaranır. Təbii ki, evdə də diqqət böyük olmalıdır. Deyərdim ki, valideynlərin də tələbi müəllim tələbi ilə eynidir. Eyni zamanda böyük sənətkarlarımızın və ya özümüzün xarici ölkələrdə olan çıxışlarının videolarına baxaraq, həvəslənirlər. Demək olar ki, bu gün böyük səhnələrdə çıxış etmək istəyən tələbələrin sayı daha çoxdur. Böyük səhnələrdə çıxış etmək istəməyən tələbələrin sayı isə yox səviyyəsindədir.
- Dünya üzrə keçirilən müsabiqələrdə iştirak edən şagirdlərin sonrakı təhsili ilə əlaqədar müəllimlər hansı tədbirləri görürlər?
- Biz qabaqcadan bilirik ki, tələbə hansısa müsabiqədə iştirak edəcək. Dərslərində geriləmə olmaması üçün biz ona proqramı yükləyirik. Onu əvvəlcədən hazırlayırıq ki, konkursda yüksək nəticə əldə etsin. Bəzən elə olur ki, konkursda ifa edəcəyi əsəri proqrama salırıq ki, şagirdə yük olmasın. Təbii ki, konkursda iştirak edib, Azərbaycanı təmsil etmək onun üçün ən böyük imtahandır.
- Sizcə, respublika üzrə keçirilən yarışmaların səviyyəsi nə dərəcədədir?
- Bülbül adına orta ixtisas musiqi məktəbində Teymur müəllimin biz müəllimlərə olan tapşırığı budur ki, şagird ixtisasını sadəcə öyrənməsin. İxtisasını yüksək səviyyədə mənimsəsin. Ən əsası, keçirilən müxtəlif müsabiqələrdə iştiraka tam şəkildə hazır olsun. Dövlətin Azərbaycan musiqisinə diqqəti göz önündədir. Artıq bir neçə ildir ki, bu məktəbdə dahi sənətkarımız-Bülbülün adına konkurslar keçirilir. “Muğam” Respublika müsabiqəsini və başqa müsabiqələri də misal göstərmək olar ki, bu gün yüksək səviyyədə hazırlanır. Ölkəmizdə gənc ifaçıların daha da həvəsləndirilməsi və inkişafı üçün lazımi şəkildə tədbirlər görülür və yüksək dərəcədə şərait yaradılır. Burada əsas vəzifə iştirakçının üzərinə düşür ki, göstərilən imkanlardan maksimum yararlansın və öz üzərində zəhmət çəkib istedadını dəyərləndirsin.
-Bildiyimiz kimi, triolar orta və ali ixtisaslarda tədris olunur. Siz necə, tədris proqramında bu iş üzrə hazırlıq proqramı aparırsınız?
- Təbii ki, elə tədbirlərimiz olur ki, konsertlərdə şagird xanəndə ifa etməlidir. Onun tar və kaman ifaçıları müəllimlərdir. Lakin, biz müəllim heyəti olaraq, mən və başqa müəllimlər öz şagirdlərimizi bu üzrə hazırlayırıq, kamança müəllimləri də öz şagirdlərini. Daha sonra birgə məşqlərdən sonra şagirdlərdən ibarət trio hazırlayıb səhnələrə çıxardırıq. Bununla da konsertlərdə xanəndə şagirdi artıq müəllimlər deyil öz həmyaşıdları müşayiət edir. Biz şagirdlərimizi hər sahədə sınayırıq ki, uşaq həm hərtərəfli böyüsün, həm də hansı sahəyə daha çox marağı olduğunu özümüzdə müəyyən edək. Məsələn, elə uşaq var ki, solo ifadan çox müşayiətə həvəsi böyükdür.
-Təhsilli gənc olaraq sizin bugünkü gənclik haqqında düşüncələriniz...
- Bir sözlə onu deyə bilərəm ki, bu gün Azərbaycan çox inkişaf edib. Artıq dünyanın bir çox inkişaf edən ölkələri arasında öz sözünü deyib. Bu da o deməkdir ki, Azərbaycan gəncliyi inkişaf edib. Gələcəyimizi də inkişaf etdirmək bizim üzərimizə düşdüyü üçün, biz də öz üzərimizdə daha çox məşğul olmalıyıq. Əlbəttə ki, dövlət gəncliyə böyük şərait yaradır.
-Gənc olaraq musiqi sahəsini seçdiniz. Musiqi həyatınızda nələr dəyişdi?
- Öz həyatımı musiqisiz təsəvvür edə bilmirəm. Mən həyatımı musiqiçi olaraq yaşayıram. Bu mənim üçün daha maraqlıdır. Özümü heç bir sahədə təsəvvür edə bilmirəm. İşimdən aldığım zövq çəkdiyim əziyyətdən çoxdur.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info