“Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”
Tarix: 13.11.2013 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Respublikamızın hər yerində olduğu kimi paytaxtın Binəqədi rayonu ərazisində də davamlı abadlıq-quruculuq işləri aparılır. Prezidentin imzaladığı dövlət proqramları, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi Binəqədi rayonunun bu ilin yekununda da böyük uğurlara imza atacağını deməyə əsas verir. İlk öncə onu qeyd edək ki, rayonda bu ilin yanvar-sentyabr aylarında sənaye sahəsində 124 milyon 655 min manatlıq və ya keçən ilin müvafiq dövründən 2,9% çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. 9 ay ərzində sənaye müəssisələrində 5751 nəfər işləyib ki, bu da keçən ilin müvafiq dövründən 3,5 % çoxdur. Sənaye müəssisələrində orta aylıq əmək haqqı 500,3 manat olub ki, bu da əvvəlki ilin müvafiq dövründən 5,2% çoxdur. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 9 milyon 89 min manat əsas fondlar istifadəyə verilib. 2013-cü ilin yanvar-sentyabr aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 97 milyon 786 min manat məbləğində investisiya yönəldilib ki, onlardan 64 milyon 26 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.

3875 daimi iş yeri
Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 279 milyon 78 min manat olub və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə artıb. Tikintidə işçilərin orta siyahı sayı 5376 nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 59,1 % artıb. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqısı 297,6 manat təşkil edib. 2013-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,5 % çox, rabitə sektorunda isə 0,7% çox xidmət göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 25,3% artaraq 5680 nəfər, orta aylıq əmək haqqı isə 25,7% artaraq 355,0 manat təşkil edib. Bu dövr ərzində istehlak bazarı dinamik tendensiya ilə inkişaf edərək pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 726 milyon 816 min manatlıq istehlak malları satılıb. 2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə, pərakəndə əmtəə dövriyyəsinin həcmi 0,6% artıb. İstehlak mallarının 17%-i hüquqi şəxslərin, 56,7%-i hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin ticarət şəbəkələrində, 26,1-i kənd təsərrüfatı məhsulları bazarında satılıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 251 milyon 385 min manat təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,3 % çoxdur. 2013-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin 20%-i dövlət müəssisələri tərəfindən həyata keçirilib. 9 ay ərzində orta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq, 356 manata çatıb. Dövlət sektorunda işçilərin orta aylıq sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artaraq 17874 nəfər olub, qeyri-dövlət sektorunda isə çalışanların sayı 28,2% artaraq 25700 nəfər təşkil edib. 2013-cü il sentyabrın 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 3875 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir. İşlə təmin olunmaq məqsədilə 1377 nəfər vətəndaş müraciət edib ki, onlardan da 939 nəfəri işaxtaran kimi qeydiyyata alınıb, bunlardan 304 nəfəri qadın olmaqla, 492 nəfər müxtəlif sahələrdə daimi işlə təmin edilib və 108 nəfər isə müxtəlif peşə kurslarına cəlb olunub. İşsizlik müavinəti başa çatmış 6 nəfər, müavinət aldığı müddət ərzində isə 3 nəfər Məşğulluq Mərkəzinin göndərişi ilə işlə təmin olunub. 9 ay ərzində 116 nəfərə işsizlik statusu verilib, 118 nəfərə isə işsizlik müavinəti təyin olunub.

Məhəllələr abadlaşdırılır
Rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilib. Məhəllələrin abadlaşdırılma işləri uğurla davam etdirilir. Eyni zamanda, əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq, mövcud xeyir-şər evlərinin əsaslı təmiri, tikintisi yarımçıq qalmış və əsaslı tikintiyə ehtiyacı olan bu tip binaların əhalinin istifadəsinə verilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilib. Carı ilin 9 ayında rayonun müxtəlif ünvanlarından sakinlərin müraciətləri nəzərə alınaraq 5 yeni xeyir-şər evi tikilib, 1 xeyir-şər evi əsaslı təmir edilib, 6 xeyir-şər evi isə müvafiq avadanlıqlarla tam təmin olunub və bu tip evlərin tikintisi və ya təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulub. Rayon ərazisinin sanitar normalara uyğun qorunması və ərazilərin təmizliyinə daim nəzarət etmək məqsədilə ümumilikdə rayon üzrə 2207 ədəd konteyner yerləşdirilib və məişət tullantılarının daşınmasına ümumilikdə 36 ədəd texnika cəlb edilib, son rübdə 3 ədəd yeni texnika yerləşdirilib. Rayon ərazisində yeni yaşıllıq ərazilərinin salınması istiqamətində ümumilikdə 73828 m2 çəmən (qazon) salınıb, 94125 ədəd müxtəlif növ gül-çiçək, dekorativ kollar və 6656 ədəd müxtəlif növdə ağaclar əkilib. Rayon ərazisində 46873 m2-ə yaxın yumşaq dam örtüklərində əsaslı və cari təmir işləri aparılıb, 98 pilləkən qəfəslərində və binaların girişlərində əsaslı təmir işləri aparılıb, 20 lift əsaslı təmir edilib, 44 lift yenisi ilə əvəz edilib və hazırda 5 lift üzrə işlər davam etdirilir. Mikrorayonların ərazisində 106 binanın zirzəmisində su və kanalizasiya xətti əsaslı təmir edilib. Paralel olaraq, binaların zirzəmilərində su və kanalizasiya xətti dəyişdirilib.

Binəqədini gözəlləşdirən park və xiyabanlar
Dövlət başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Salınan yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən müasir iaşə obyektləri, bağlarda və xiyabanlarda ən yüksək standartlar səviyyəsində infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan, Binəqədi rayonunun ərazisində yerləşən istirahət parkı da tamamilə yenidən qurulub. Parkın giriş hissəsində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yeni inşa edilən inzibati binasının qarşısında ulu öndər Heydər Əliyevin bürüncdən ucaldılmış abidəsi diqqəti cəlb edir. Burada paytaxt sakinlərinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılıb. Rayon ərazisində son dövrlərdə 6 yeni park salınıb, ikisi əsaslı təmir edilib. Bakının bütün rayonlarında davam edən abadlıq-quruculuq işləri paytaxtın kompleks inkişafını təmin edir. Bu sırada son illərdə Binəqədi rayonunda görülən işlər də diqqəti cəlb edir.

Vətəndaşların rahatlığı üçün onlayn videoqəbul
Rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında İcra Hakimiyyətinin binasında yenidənqurmadan sonra yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi işinin stimullaşdırılması diqqət mərkəzində saxlanılır. Açılışında Prezidentin də iştirak etdiyi müasir memarlıq üslubunda yenidən qurulan bina həm də bu ərazinin görkəminə xüsusi gözəllik verir. İnzibati binada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki şərait yaradılıb. İcra Hakimiyyətində sakinlərin müraciəti üçün yaradılmış “1646” xidməti çox mühüm əhəmiyyət kəsb etməklə yanaşı əhali tərəfindən razılıqla qarşılanır. Sakinlər İcra Hakimiyyətinə gəlmədən müraciətlərini daha çevik və operativ şəkildə telefonla çatdırır və məlumat ala bilirlər. “1646” xidməti bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edir. Xidmətə daxil olan İcra Hakimiyyətinin vəzifə və səlahiyyətlərinə aid müraciətlər qanunvericilik bazası üzrə “Sual-cavab” blokuna əsasən cavablandırılır. Yaradılan şərait Rayon İcra Hakimiyyətində “elektron hökumət”in bir çox elementlərinin reallaşdırılmasına imkan verib. İnzibati binada, həmçinin elektron kargüzarlıq, sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, elektron xəritə, operativ idarəetmə mərkəzi, elektron köşklər və digər texniki vasitələr quraşdırılıb. Bütün bunlar Binəqədi Rayon İcra Hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədilə yaradılıb. Binada olan elektron xəritədə rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılıb. Sistem artıq rayon təsərrüfatının idarə olunmasında ən yeni texnoloji vasitə kimi tətbiq edilir. Artıq İcra Hakimiyyətində avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. Bu sistemin geniş imkanları sayəsində real vaxt rejimində elektron qaydada sənədlərin qəbulu, onların yoxlanılması, çatışmazlıqların aşkar edilməsi və qiymətləndirilməsi həyata keçirilir. Rayon İcra Hakimiyyətində, həmçinin onlayn videoqəbul da yaradılıb. Sakinlər binaya gəlmədən qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları maraqlandıran məsələlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada bilirlər.

Sakinləri narahat edən problemlər həll edilir
Rayon rəhbərliyinin yerli əhali ilə qəsəbələrdə keçirdiyi səyyar görüşlər sakinlər tərəfindən razılıqla qarşılanır. Probemləri birbaşa yerlərdə sakinlərdən dinləyən rayon rəhbərliyi qaldırılan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını qısa müddət ərzində təmin edir. Elə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə təşkil etdikləri "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusundakı konfransda qeyd edib ki, əhalinin iqtisadi, sosial durumunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bununla belə, rayon ərazisində problemlər mövcuddur və rayon rəhbərliyi onların həlli istiqamətində məqsədyönlü işlərin görür: “Rayonda problemlərin ardıcıl qaydada aradan qaldırılması üçün işlər görülür. İlk növbədə sakinləri daha çox narahat edən problemlərin həlli istiqamətində addımlar atılır. Bəzi problemlər var ki, həmin məsələlər dövlət proqramına əsasən, tədricən həll ediləcək”.
Anar Miriyev

"Binəqədi rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info