“Məqsədim odur ki, çinlilər Azərbaycanı ingilis və rus dilini öyrənmədən də tanıya bilsinlər”
Tarix: 14.11.2013 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Aliyə Həşimova: “Çin dilini öyrənən gənclərimizin sayı durmadan artır”

Azərbaycandan dünyanın dörd bir yanına təhsil almaq üçün üz tutan gənclərimizin fəaliyyətləri, uğurları barədə oxucularımızı məlumatlandırmaqda davam edirik. Budəfəki müsahibimiz dünyanın ən çətin dillərindən birinə malik və ən çox əhalisi olan ölkəsinə-Çinə üz tutmuş bir gəncdir. Aliyə Həşimova orta təhsilini Sumqayıtda alıb. Bu il Bakı Dövlət Universitetinin(BDU) Regionşünaslıq fakültəsini (Çin üzrə) üzrə bitirib. O, BDU nəzdindəki Konfutsi İnstitutunun vasitəsi ilə Çində Anxoy Universitetinin Çin dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Aliyə hazırda BDU nəzdindəki Konfutsi İnstitutu direktorunun köməkçisi vəzifəsində çalışır və Çin dili kurslarında tədris aparır.

- Gənclərimiz xaricdə təhsil almaq üçün əsasən Avropa ölkələrini seçirlər. Ən çətin dillərdən birinə malik olan bir ölkədə təhsil almaq ideyası sizdə haradan yarandı?


- Bu sual mənim özümü də çox düşündürüb. Çünki bildiyiniz kimi, mən regionşünasam. Karyeramı Çin üzrə və bu sahəyə yönəltməyə heç vaxt fikrim olmayıb. Sadəcə ailəmdə, əsasən də anam tərəfindən Şərq mədəniyyəti və ədəbiyyatına böyük sevgi var. Anamın qərarı və məsləhəti ilə bu fakültəni seçib, Çin dilini öyrənməyə başladım. İndi heç də bu seçimdən peşman deyiləm. 2011-ci ilin aprel ayında mən üçüncü kursda oxuyarkən Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun açılış mərasimində fəal iştirak etdim və demək olar ki, o andan mənim həyatım tamamilə dəyişilib. Konfutsi İnstitutu bizə- Çin dili üzrə oxuyan tələbələrə fürsət verdi ki Çin Xalq Respublikasının cənub provinsiyasının ən məşhur universitetlərindən biri olan Anxoy Universitetində təhsilimizi davam edək. Beləcə, Çinə getmək və orada təqaüdlə oxumağı qazananlar arasında mən də oldum.

- Çin deyəndə, ilk növbədə ora gedib yaşayan azərbaycanlı üçün qidalarla bağlı problemlərin olacağı ağla gəlir. Fərqli mədəniyyət, fərqli mətbəx təhsil aldığınız müddətdə sizin üçün problem olmadı ki?

- Tam haqlısınız. Bəzi Asiya ölkələri, o cümlədən Çin mətbəxindəki fərqliliyi ilə bir qədər seçilir. Bu da bir çox ölkələrdən bura gələnlər üçün azacıq da olsa, bəzi çətinliklər yaradır. Amma Çinə getməmişdən əvvəl mən onların mətbəx mədəniyyəti haqqında çoxlu kitab oxumuşdum və bir çox ora üz tutan gənclər kimi, mən də çinlilərin Bakıda olan restoranlarına öz çinli dostlarım ilə getmişdim. Qeyd etmək istərdim ki, Çinə maraq göstərən hər kəs bilməlidir - çinlilərin əsas 8 kateqoriyalı mətbəxi var və hər bir kateqoriyanın öz yeməkləri, dadları var. Ora getdiyim ilk aylarda bir qədər bu məsələdə problemlər yaşanırdı. Amma alışdım və indiyə qədər o “da pan ci” adlı yeməyi çox sevirəm və bunu çox dadlı hesab edirəm.

- Çinlə Azərbaycan arasında tələbə mübadiləsi haqqında bilgiləriniz varmı?

- Bildiyim qədəriylə, Azərbaycan vətəndaşlarının xaricdə təhsil almaları, həm də əcnəbilərin Azərbaycanda təhsil almaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanan əsasnamə 2001-ci ildə təsdiq edilib. Təhsil Nazirliyinin ikitərəfli tələbə mübadiləsi proqramlarını həyata keçirdiyi ölkələrdən biri də Çin Xalq Respublikasıdır. 2012-2013-cü tədris ilinə olan məlumata görə isə Azərbaycan ali məktəblərində 40 ölkədən, o cümlədən Çin Xalq Respublikasından da 5440 tələbə təhsil alıb. Son bir neçə il ərzində Azərbaycanda təhsil alan çinli tələbələrin sayı böyük dinamika ilə dəyişməkdədir və say çoxluğu baxımından üçüncü yerdədir. Həm də 1993-cü tədris ilindən başlayaraq məhdud sayda Azərbaycan vətəndaşı Çin Xalq Respublikasının ali məktəblərində təhsil almağa göndərilib və bu mübadilə Çin hökumətinin Azərbaycana ayırdığı vəsaitlər əsasında həyata keçirilir. Dövlət təqaüdləri hesabına Çində eyni vaxtda 40 Azərbaycan vətəndaşı təhsil ala bilər. 2013-2014–cü tədris illində məzun olacaq tələbələri nəzərə alaraq Azərbaycan vətəndaşlarına 26 nəfərlik təqaüd ayrılıb. Həm də 2011-ci ildə BDU nəzdindəki Konfutsi İnstitutunun açılışı Çində təqaüdlü təhsil almaq istəyən gənclər üçün gözəl bir fürsət yaratdı.

- Oxuduğunuz müddətdə Çində olan tələbələrimizin aktivliyi və ümumiyyətlə, diasporumuzun fəaliyyəti sizi qane edirdimi?


-Mən Çində olduğum müddətdə Pekin, Şanxay şəhərlərində azərbaycanlı tələbələrin Azərbaycanı uğurlu şəkildə əcnəbilərə təqdim etməyi və ölkəmiz haqqında təblığat kampaniyalarının aparılması haqqında çox eşitmişdim. Həmçinin, təhsil aldığım Xefey şəhərində və universitetdə də Azərbaycanla bağlı olan həqiqətləri yayır, bu istiqamətdə bəzi işlər görürdük. Xeyli sayda festivallarda iştirak edib Azərbaycan gəncliyinin fəal olduğunu bir daha sübüt edirdik. Amma təəsüflər olsun ki, olduqca böyük Çində çoxsaylı tələbə qrupu, diaspor nümayəndələri çox az şəhərlərdə var. Ümid edirəm ki, bu istiqamətdə də gələcəkdə işlər görüləcək.

-Azərbaycan həqiqətlərinin Çin dilində yayılmasında hansısa töhfələrinz olubmu?

- Bəli, olub. Biz hamımız bilirik ki, sosial şəbəkə 21-ci əsrin gücüdür. ÇXR-də “Facebook” və “Twitter” sosial şəbəkəsi, həmçinin böyük “YouTube” video şəbəkəsinə bağlıdır. Texniki sahədə öndə olan Çin “baidu.cn” , “qq.com”, “youku.cn” və s. sosial şəbəkələri aktiv istifadə edir. Mən Azərbaycan haqqında Çin dilinə tərcümələr edib, ayrı-ayrı məqalələr və videoları da paylaşmağa çalışıram ki, hər bir internet istifadəçisi olan çinli Azərbaycanı ingilis və rus dilini öyrənmədən də tanıya bilsin. Gələcəkdə bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm.

- Çində təhsil almış tələbə kimi bu ölkədə təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?

-Məsləhətlərim sadə və qısa olacaq. Birincisi, siz ÇXR-də təhsil almağınızı fikirləşirsizsə, nəyə əsaslanaraq onu seçməyinizi bilməlisiniz. İkincisi, belə bir böyük ölkəyə üz tutursunuzsa, Çini sevməlisiniz. Üçüncü məqam - Çin dili elə bir dildir ki, siz onu həyatınız boyu öyrənəcəksiniz. Buna məcbursunuz. Dördüncüsü, Çinə gəlsəniz, mütləq onların mədəniyyətini öyrənməyə çalışın. Beşinci və axırıncısı isə, hər bir Çin dilini və ədəbiyyatını öyrənən və ya Çinə gələn gənc Azərbaycan-Çin əlaqələrində mühüm rol oynaya bilər. Bu səbəbdən də ikitərəfli əlaqələrimizi öz təhsil uğurlarınız və aktiv fəaliyyətiniz ilə möhkəmləndirin.

- Bu gün gənclərimiz Azərbaycandan dövlət proqramı ilə dünyanın dörd bir yanına təhsil almağa yollanırlar. Hökumətin gənclərə olan bu diqqət və qayğısını necə qiymətləndirirsiniz?

- Dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunmuş, amma maddi baxımdan çətinliklə üzləşib təhsil ala bilməyən istedadlı gənclər üçün dövlət proqramı çox böyük imkandır. Gəncliyimizin hökumət tərəfindən dəstək ala bilməsi qürurverici hisslər oyadır. Bu tədbirlər gənclərə daim qayğı göstərməklə Azərbaycana xeyirli olan kadrların yetişməsində də mühim rol oynayır. Ölkədə gənclər siyasətinin düzgün aparılması və gənclərin Azərbaycanın daxilində və ya xaricdəki ictimai-siyasi həyatında aktiv olması, dövlət və gənclərin effektiv iş birliyinə dəstək verməsi üçün cənab Prezidentimizə-İlham Əliyevə minnətdaram.

- Azərbaycanda Çin dilini bilən gənclərin sayı kifayət qədər deyil. Bu istiqamətdə olan boşluqları doldurmaq üçün hansı tədbirlər görülməlidir?

- Öncə qeyd etdiyim kimi, çoxsaylı Azərbaycan gəncləri həm ÇXR-də, həm də BDU nəzdindəki Konfutsi İnstitutunun filiallarında Çin dilində oxuyurlar və indi demək olar ki, Azərbaycanda Çin dilini bilən gənclərin sayı artmaqdadır. Həm də Çin dili mərkəzində Azərbaycanla bağlı festivallar təşkil olunmaqla daim Çinə və onun mədəniyyətinə maraq göstərən gənclərlə görüşlər keçirilir. Təhsil Nazirliyinin təşəbbüsü ilə Çin dili mərkəzi Azərbaycanın beş nüfüzlu universitetində filialların qapılarını açıb. Həmçinin, bu ilin noyabr ayında açılmış Çin dili kurslarının da bu işdə faydalı olacağına düşünürəm. Ümid edirəm ki , gəncliyimiz dörd min illik tarixə malik olan Çinə diqqətini yönəldib, oradan Azərbaycana maraqlı və keyfiyyətli bilgilər gətirərlər.

- Artıq başqa ölkələrdə oxuyan tələbələrimizin vətənə qayıtmamaq problemi demək olar ki qalmayıb. Xaricdə təhsil alan gənclərin böyük qisminin sizin kimi ölkəyə qayıdıb burada fəaliyyət göstərməsi ölkənin daha da inkişafına hansı töhfələri verə bilər?

- Tam haqlısınız. Fikirlərinizə əlavə etmək istərdim ki, uzun illər əvvəl xarici ölkələrə üz tutmuş və orada öz yerini tutan və layiqincə fəaliyyət göstərən vətəndaşlarımız arasında Azərbaycana qayıtmağa qərar verənlər də var. Gənclərimiz təhsil aldıqdan sonra vətənə dönüb Azərbaycanın hər bir sahəsində inkişafda mühüm yer tuta bilərlər. Gələcəyimiz, uğurumuz və inkişafımız Azərbaycan gəncliyinin əlindədir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info