Modelyerimiz Azərbaycanı dünyada tanıdır
Tarix: 14.11.2013 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Şervin Nəcəfpur: “Dizaynlarımda Azərbaycan adət-ənənəsi və simvollarından yararlanmağımın əsas səbəbi ölkəmizi
tanıtdırmaqdır”


Virtual aləmə yaxın olanar “Urmugözəli” ləqəbli azərbaycanlı xanımı yaxşı xatırlayarlar. Bu xanım sanki bir Zorro kimi bir neçə il əvvəl saytlarda, forumlarda, sosial şəbəkələrdə videolar, xəbərlər paylaşaraq Azərbaycan həqiqətlərini aktiv təbliğ edirdi. Lakin qəfildən “Urmugözəli” ortaqlıqda görünmədi... Bu gün “Urmugözəli” Zorro maskasını ataraq yeni düzəndə, yeni imicdə və tam yeni sahədə meydana çıxıb. Əsl adı Şervin Nəcəfpur olan 21 yaşlı bu xanım artıq dünyada tanınmış modelyerdir. Qeyd edək ki, Ş.Nəcəfpur Norveçdə doğulub. Valideynləri Güney Azərbaycandandır. Modelyerliklə yanaşı Norveçdə Biznes institutunda beynəlxalq marketinq üzrə təhsil alır. Özünü gəzməyi və yeni mədəniyyətlərlə tanış olmağı sevən birisi olaraq ifadə edir. Dediyinə görə, indi siyasəti modayla birlikdə yan-yana davam etdirməyə çalışır.

-Şervin xanım, sizdə dizayn sahəsinə həvəs haradan qaynaqlanır?
-Uşaqlığımdan bəri modaya böyük həvəsim olub. Bəzənib-düzənməyi sevən birisi kimi böyümüşəm. Ancaq anamda dərzilik istedadı olduğu üçün onun sayəsində iynə-sapla tanış olmuşam. Ona baxaraq öz-özümə qolçaqlarım üçün bir şeylər ölçüb-biçməyə başladım. Öz şirkətimi qurmaqla öz uşaqlıq xəyallarımı gerçəkləşdirməyə çalışıram.
-Bildiyimizə görə, Norveç gözəli İda Myhrvoldun paltarının modasını siz veribsiniz. Necə oldu o, sizə müraciət etdi?
-İda Myhrvold 2013-cü il “Norveç Dünya Gözəli” müsabiqəsində 3-sü oldu. Final gecəsindən bir neçə ay əvvəl mən İstanbulda olduğum vaxt İ.Myhrvold mənə zəng etdi və “Norveç Dünya Gözəli” müsabiqəsinin final gecəsinə mənim dizaynımı geyinmək istədiyini bildirdi. Bir neçə tədbirdə mənim dizayn etmiş olduğum geyimləri görüb çox bəyənmişdi. Bir neçə gün düşündüm, fikirləşdim, ancaq bir gecə dostlarımla İstanbulda Boğazda gəzərkən ilhamımı aldım. Tam Günəş batan vaxtı idi və Günəşin suda şəkillənən görüntüsündən paltarın konsepti həyata keçdi. İdaya zəng vurub dedim ki, təklifini qəbul edirəm. Ona ilham aldığım paltar haqda danışdım, özü çox bəyəndi konsepti və beləcə, iş birliyimiz başladı.
Geyim açıq çəhrayı rəngdədir, qumaşı likralı ipək satendən hazırlanıb. Paltarın tikişi 5 gün çəkdi və 7 gün boyunca gecə-gündüz Svarovski daşlarla paltarın üzərində işlədim.
-Norveçin başqa tanınmış simalarından sizə müraciət edən olubmu?
-2014-cü ildə bir neçə maraqlı layihə üzərində işləyəcəm. Norveç məşhurlarından bir neçə təklif almışam və hamısını menecerimlə birgə tək-tək dəyərləndiririk.
-Norveçdə bu sahədə olan yerli dərnək və klublarla əməkdaşlıq edirsiniz?
-Norveç Media şirkətiylə əməkdaşlıq edirəm. Ancaq məhz modayla bağlı dərnəklərlə yox.
-Bəs, diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
-Diasporla İş üzrə Dövlət Komitəsiylə təəssüf ki, əməkdaşlığım yoxdur. Mən, əlbəttə, bir çox dərnəklərlə zaman-zaman əməkdaşlıq etmişəm, daha doğrusu, əlimdən gələni əsirgəməmişəm. Xocalı soyqırımını illərlə xaricdə çox yüksək səviyyədə təbliğ etmişik. Bütün bu proqramların film və şəkillərinin dizaynını öhdələmişəm. Ancaq DİDK-dən heç bir dəstək görməmişəm.
-Azərbaycanın təbliği üçün öz sahənizdə hansı addımlar atırsınız?
-Düşünürəm ki, biz sənətlə bir çox şeyə nail ola bilərik. Oxuduğum bir kitabda belə bir yazı görmüşdüm: "Sənət sənət üçün deyil, sənət vətən üçündür". Mən də bu deyimə inanıram.
Bildiyiniz kimi, mən Norveç doğumluyam, ancaq ata-anam Güney Azərbaycandan gəlmədir. Bir çox quzeyli soydaşlarımız kimi başqa millətlər də bizə iranlı adı verirlər. Ancaq mən İran yox, Azərbaycan adıyla hər yerdə özümü tanıtdırıb və əlimdən gəldiyi qədər vətənimizi layiqincə təmsil etməyə çalışıram.
Dizaynlarımda Azərbaycan adət-ənənəsi və simvollarından yararlanmağımın əsas səbəbi ölkəmizi tanıtdırmaqdır.
İstanbulda Qız Qalasının önündə Günay Musayevanın geyindiyi mavi ipək qumaşlı geyimdə Araz çayından ilham almışdım. Məqsədim Azərbaycanı tanıtdırmaqdır. Eyni zamanda Qarabağdan didərgin düşən 1 milyon qaçqının səsini dünyaya eşitdirməyə çalışıram. Bu barədə bir layihə hazırlayıram, 2015-2016-cı illərdə təqdim edəcəm.
-İstərdinizmi, Azərbaycana gələsiz və burada moda kolleksiyası keçirəsiniz?
- Əlbəttə ki, Azərbaycana gəlib moda kolleksiyamı keçirmək istərdim. Sadəcə moda kolleksiyası yox, bəlkə, Azərbaycanda başqa moda üzərində çalışan insanlarla görüşüb fikir mübadiləsi də etmək istərdim. Bu məsələylə bağlı əgər DİDK məni Azərbaycana dəvət edərsə, məmnuniyyətlə gələrəm.
-Azərbaycanlılardan moda ilə bağlı sizə müraciət edən olubmu?
-Azərbaycandan mənə əvvəl gündən bəri inanan və əlindən gəldiyi qədər mənə dəstək olan əziz dostum Hüseyn Cavadzadə olub.
-Ümumiyyətlə, kənardan sizin üçün Azərbaycan necə görünür?
-Bilirsiniz, insan vətənin inkişafı və gözəlləşməsi, habelə demokratiyasıyla həm sevinə, həm də üzülə bilər. Baxmayaraq Azərbayan böyük bir tarixə malikdir, ancaq mən Azərbaycanı 21-22 yaşında bir yeniyetməyə bənzədirəm. Onun üçün çatışmayan cəhətlərinin yaxın gələcəkdə yaxşılaşmasına inanıram. Arzu edərdim Azərbaycandan gənclər gəlib Avropada təhsil alıb yeni fikirlərlə vətənə dönüb Azərbaycanımızın inkişafı üçün addım atsınlar.
Müstəqil Azərbaycan gündən-günə inkişaf edən və gündən-günə gözəlləşən bir ölkədir. İrəliyə doğru gedən bir ölkədir, ancaq uzun bir yolu vardır. Yenə də Azərbaycanın, xüsusilə bu son illərdəki inkişafı gözdən qaçmır, artıq dünyada Azərbaycanı tanıyırlar.
-Xaricdə bu sahədə təhsil alan azərbaycanlılarla hər hansı əlaqəniz varmı?
-Türkiyədə yaşayan və professional modelyer kimi fəaliyyət göstərən bir azərbaycanlı modelyer dostum var- Xədicə İbrahimli, Xaja kimi tanınır Azərbaycanda. Mənim yaxın və əziz dostumdur, bu yaxınlarda mənim bir dizaynımı geyinmişdi. Fürsətdən istifadə edib qurduğu ailə həyatında onu çoxlu təbrik etmək istəyirəm. Ömür boyu xoşbəxtlik diləyirəm.
Ancaq başqa tanıdığım yoxdur. Tanış olmaq istərdim, mənim sənətimə yaxın olan yeni insanlarla tanış olmağı hər zaman sevirəm.
-Artıq siz gənc modelyer kimi tanınmış xanımsınız. Bu sahədə olan gənc həmkarlarınıza uğur əldə etmək üçün hansı məsləhətləri verərdiniz?
-İnkişaf etmək və yaxşı bir iş ortaya qoymaq üçün mütləq insan zəhmət çəkməlidir, əngəl tanımamalıdır. Asan deyə bir şey yoxdur, ancaq imkansızdı deyə də bir şey yoxdur. Heç vaxt izin verməyin biriləri xəyallarınızı əlinizdən alsın, özünüzə sadiq qalın və xəyallarınızın ardınca gedin. Tənqidləri, məsləhətləri dinləmək və dəyərləndirmək lazımdır, ancaq sizi incitmək üçün tənqid edənlərin sözlərinə fikir verməyin. Sizin bacarığınız bir çoxunu sevindirəcək, bir çoxunu da qısqandıracaq, ancaq o vaxt bilin ki, doğru yoldasınız.
-Gələcək planlarınızdan nə deyə bilərsiniz?
- Bir çox planlarım var. Xəyallarımdan vaz keçməyərək bir az da həyatın axarına buraxıram. Çünki çox sevdiyim türkiyəli şair Ferhat Kaznacının bir şeir kitabından məndə çox təsir buraxan bir şeir var. Şerin qısası, “İstədiyim hər nəysə, onu hürkütmədən, zaman-zaman diləməklə, mənə aid olacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info