“Azərbaycan Cənubi Qafqazın əsas maliyyə mərkəzidir”
Tarix: 16.11.2013 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Bakıda MDB-nin Maliyyə-Bank Şurası Azərbaycan Beynəlxalq Bankının, MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB-yə üzv dövlətlərin VI Bakı Beynəlxalq bank konfransı işinə başladı. Konfrans “MDB-nin maliyyə bazarları Birlik məkanında iqtisadi inteqrasiyanın əsasıdır” mövzusuna həsr olunub.

Bu il MDB ölkələri arasında ümumi ticarət dövriyyəsi 1,2 trilyon
dollardan artıq olub

Konfransın açılışında çıxış edən MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev Bakı konfransının MDB məkanında maliyyə-bank təşkilatları arasında əməkdaşlığa, eləcə də iqtisadi əlaqələrin möhkəmlənməsinə təkan verəcəyini bildirdi. O, qeyd etdi ki, MDB məkanında iqtisadi əməkdaşlıq üçün böyük potensial mövcuddur. S.Lebedev bildirdi ki, bu il ərzində MDB ölkələri arasında ümumi ticarət dövriyyəsi 1,2 trln. ABŞ dollarından artıq olub. Həmçinin, MDB məkanında iqtisadi əməkdaşlıq üçün potensial böyükdür və indiki tədbir onun reallaşmasına dəstək olacaq.
Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Cahangir Hacıyev konfransın əhəmiyyətindən danışaraq bildirdi ki, Bakı konfransı Birlik dövlətlərinin və uzaq xarici ölkələrin ən iri maliyyə, bank və investisiya təsisatlarının rəhbərlərini bir yerə toplayır. Bu konfransda aktual məsələlərin müzakirə olunacağını diqqətə çatdıran C.Hacıyev tədbirin əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini bildirdi. Onun sözlərinə görə, maliyyə və iqtisadi böhran şəraitində inteqrasiya və müxtəlif layihələrin həyata keçirilməsi, problemlərin geniş müzakirəsi vacib məsələlərdəndir.
C.Hacıyevin sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankı (ABB) avrobond emissiyası həyata keçirmək niyyətindədir. İstiqraz emissiyasının həcmi 500 mln. ABŞ dolları, tədavül müddəti 5-7 il səviyyəsində planlaşdırır. C.Hacıyev həmçinin Bankın kapitallaşmasının artırılmasının vacibliyini də vurğuladı. Bu ilin oktyabr ayında keçirilən ABB-nin səhmdarların yığıncağında bankın nizamnamə kapitalının artırılmasına dair 4 illik konsepsiya qəbul edilib. İlkin olaraq bankın nizamnamə kapitalının 200 mln. manat artırılması qərara alınıb. Növbəti illərdə isə hər il 100 mln. manat artırılmaqla kapitalın ümumilikdə 500 mln. manat məbləğində artırılması nəzərdə tutulur.
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov çıxış edərək böhranla bağlı tənzimləyici orqanların rolundan danışdı. Qeyd etdi ki, AMB-ın gördüyü lazımi tədbirlər nəticəsində milli bank sektorunda ciddi gərginlik baş verməyib və hazırda sektorda davamlı artım müşahidə olunmaqdadır. Belə ki, böhran və post-böhran dövründə bank aktivlərinin orta illik artım tempi 16 faiz olub, məcmu kredit portfeli 20 faiz artıb. Azərbaycan bank sektorunda böhran dövründə depozitlərin artımı baş verib. Hazırda dünyada tənzimləyici orqanlar tərəfindən maliyyə-bank sektoru ilə işin qurulması prinsiplərinin dəyişməsi zəruridir və AMB artıq banklarla işini qabaqlayıcı tədbirlər əsasında qurur.

Milli iqtisadiyyatın diversifikasiyası hökumət
tərəfindən prioritet istiqamət elan edilib

“Goldman Sachs İnternational Advisers” şirkətinin sədri Robert Zelik qeyd etdi ki, Azərbaycan sürətlə inkişaf edən ölkələrdəndir. R.Zellik bildirdi ki, böhrandan artıq 5 il keçməsinə baxmayaraq, dünyanın əksər ölkələri iqtisadiyyatının bərpası üzərində çalışır. Azərbaycanda isə hazırda əsas məsələ iqtisadiyyatın şaxələndirilməsidir. Bildirildi ki, Azərbaycan milli iqtisadiyyatını diversifikasiya etməyə çalışır və bu məqsəd ölkə hökuməti tərəfindən prioritet istiqamət kimi elan edilib. Hazırda bütün ölkələr qlobal çağırışlarla üz-üzədir. Hazırkı dövrdə ötən əsrin 80-90-cı illərindəki böhran gözlənilmir, bu da həm bank, həm də maliyyə sistemlərinin daha müasir texnologiyalardan istifadə etməsi ilə izah olunur.
R.Zellik öz çıxışında əsasən dünya iqtisadiyyatında baş verən dəyişikliklər və yaxın gələcək üçün gözlənilən tendensiyalar barədə danışdı. O, həmçinin, inkişafda olan iri dövlətlərin, ilk növbədə Çin və Hindistanın dünya iqtisadiyyatında və qlobal bazarlarda rolunun artdığını və bunun davam etdiyini bildirdi. Bundan əlavə ekspert inkişafda olan ölkələrin ümumi tələbatda payının artdığını və eyni zamanda onların dünya miqyasında investor rolunun gücləndiyini qeyd etdi. Eyni zamanda, onun sözlərinə görə, dünya iqtisadiyyatının Avrozonada iqtisadiyyatın bərpası templəri, Almaniya tərəfindən Avropa ölkələrinin dəstəklənməsinin davam edib-etməyəcəyi, maliyyə bazarlarında risklərin idarə edilməsi, dövlətlərin xərclərinin idarə etməsinin təsiri barədə də danışdı.
Azərbaycan haqqında da fikirlərini bildirən R.Zellik qeyd etdi ki, burada digər MDB ölkələrindəki kimi əsas problemlərdən biri investisiyaların strukturunda əsasən müəssisələrin öz vəsaitlərinin üstünlük təşkil etməsi, kənar maliyyələşmənin isə kiçik paya malik olması ilə bağlıdır. Bundan əlavə, o, kredit sahəsində olan problemləri də qeyd edib və bildirdi ki, burada əsas problemlər sırasında banklar tərəfindən yeni kreditlərə ehtiyatla yanaşması, birgə maliyyələşməyə əhəmiyyət verməməsi və yalnız girovla təmin olunmuş kreditlərə üstünlük verməsidir.
MDB-nin Maliyyə-Bank Şurasının Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakov vurğuladı ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Son 10 ildə ölkə iqtisadiyyatına böyük miqdarda sərmayə yatırılıb. Cənubi Qafqazda ÜDM-nin 82 faizinin Azərbaycanın payına düşdüyünü deyən A.Kazakov qeyd etdi ki, Azərbaycan hazırda Cənubi Qafqazın əsas maliyyə mərkəzidir. Bakıda keçirilən MDB ölkələrində iqtisadiyyatın daha sürətlə inkişaf etdirilməsi, onun şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı platformadır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı çıxışında Azərbaycanın maliyyə sisteminin qlobal böhran zamanı sabit inkişaf tempi göstərdiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, maliyyə resursları kiçik biznes sahibləri üçün də əlçatan olmalıdır. Azərbaycanda bu amilə böyük diqqət yetirilir.
Konfransda dünya maliyyə sisteminin qloballaşması şəraitində MDB-yə üzv dövlətlərin bank sistemlərinin fəaliyyəti məsələləri, pərakəndə bank xidmətləri bazarının inkişaf xüsusiyyətləri, regional, xüsusən də Xəzəryanı regionların inkişaf perspektivləri, MDB məkanında iqtisadi proqramlar, habelə digər aktual məsələlər müzakirə olundu.
Konfrans işini plenar iclaslarla davam etdirdi. Plenar iclaslarda MDB iqtisadiyyatlarının inkişaf sürətinin azalması şəraitində maliyyə təsisatlarının artım ehtiyatları, Birlik ölkələrinin maliyyə sektorunun investisiya cazibədarlığının artırılması amilləri, maliyyə təsisatlarının səmərəliliyinin yüksəldilməsində insan kapitalının rolu və s. məsələlərlə bağlı məruzələr dinlənildi, müzakirələr aparıldı.
Konfransda MDB ölkələrinin maliyyə və bank qurumları, beynəlxalq maliyyə təşkilatları, eləcə də Azərbaycanın bank və sığorta təşkilatlarının nümayəndələri iştirak edirdi. Tədbir noyabrın 16-da başa çatacaq.

Azərbaycan biznes
kreditlərini ucuzlaşdıracaq

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirdi. O, qeyd etdi ki, AMB ölkədə biznes kreditləşməsinin inkişafında maraqlıdır. E.Rüstəmovun sözlərinə görə, bunun üçün bank sistemində iki əsas komponent olmalıdır ki, bunlardan biri banklarda maliyyə resurslarının kifayət qədər olması, digəri isə biznes-kreditlərin ucuz olmasıdır. E.Rüstəmov bildirdi ki, Mərkəzi Bank biznes-kreditlərin faiz dərəcələrinin birrəqəmli göstəriciyə çatdırılmasını qarşıya məqsəd qoyub. Eyni zamanda, istehlak kreditləri üzrə mövcud faiz dərəcələrini şərh edən AMB sədri qeyd etdi ki, əksər dövlətlər, o cümlədən MDB və inkişaf etmiş ölkələrdə vəziyyətin tədqiqatları göstərir ki, Azərbaycandakı faiz dərəcələri yüksək deyil. Həmçinin, əhali tərəfindən bu kreditlərə böyük tələbat var və eyni zamanda banklar tərəfindən istehlak kreditlərinin verilməsinə böyük meyillilik müşahidə olunur: “Ümumilikdə, ölkədə istehlak kreditlərinə həm böyük tələbat, həm də böyük təklif var. AMB istəyir ki, biznes kreditləri üzrə də bu dərəcədə təklif olsun, çünki hazırda tələbat var, lakin təklif tələbatdan zəifdir”. E.Rüstəmov əlavə etdi ki, AMB-nin ölkədə biznes kreditləşməsinin inkişafı ilə bağlı banklarla müəyyən iş aparacağı gözlənilir.
Bu günlərdə parlamentin plenar iclasında yeni, 3 manatlıq əsginasların dövriyyəyə buraxılması zərurəti ilə bağlı səsləndirilən təklifi, bundan əvvəl isə 200 manatlıq əsginasın buraxılacağı barədə xəbərləri şərh edən E.Rüstəmov bildirdi ki, dünyanın əsas valyutaları və daxili amillərin təhlili nəticəsində hazırda 6 nominalda əsginas və 6 nominalda sikkədən ibarət nağd milli valyutanın strukturunun dəyişdirilməsinə ehtiyac yoxdur. AMB başçısı ABŞ dolları, Britaniya funtu, avro və digər valyutaları misal gətirərək bildirdi ki, həmin valyutaların əsginasları da 1 və 5 nominallı valyuta vahidləri arasında başqa nominalda pul yoxdur. ABŞ-da bir müddət əvvəl buraxılan 2 dollarlıq əsginas isə iqtisadiyyat və ictimaiyyət tərəfindən qəbul edilməyib və hazırda bu əsginaslar işləmir. Eyni zamanda, Azərbaycanın daxilində əhalinin əsas xərclər strukturu, ümumilikdə pərakəndə hesablaşma sahəsində aparılan təhlil və tədqiqatlar hazırda dövriyyədə olan əsginasların optimal olduğunu göstərir.

Mərkəzi Bankdan
kiçik banklara güzəşt

Bugünlərdə Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin iclası keçirilib və ölkədə fəaliyyət göstərən kommersiya banklarının minimum məcmu kapitalının 2013-cü ilin sonuna kimi 50 mln. manata çatdırılması barədə qərar qəbul etdiyini deyən AMB-nin sədri Elman Rüstəmov qeyd etdi ki, hazırda ölkənin bank sektorunun aktivlərinin 95%-ni əhatə edən banklar ya öz kapitallaşmasını artıq 50 mln. manata çatdırıb və yaxud buna yaxın zamanda nail olacaq. Bunu nəzərə alaraq AMB qərar qəbul edib ki, qalan banklar öz kapitallaşmasını 50 mln. manata 2014-cü ilin sonuna kimi çatdırmalı olacaq. Bu qərarın əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda bankların kapitallaşmasının artırılması məqsədinə əsasən nail olunub. E.Rüstəmovun sözlərinə görə, dövlət qalan kiçik bankları inzibati yolla bazardan çıxarmaq, bazarda bunun nəticəsində baş verə biləcək qeyri-müəyyənliyə yol vermək niyyətində deyil. E.Rüstəmov əlavə etdi ki, minimum kapitalın 50 mln. manata çatdırılması qərarı nəticəsində bank sektorunda kapitallaşma 48% artıb, 8 bank isə 100 mln. manatdan artıq kapitala malikdir. Beləliklə, kapitallaşmanın artırılması məqsədinə nail olunub. Eyni zamanda, E.Rüstəmov bəyan etdi ki, AMB qalan banklarla bağlı iş planı hazırlayıb və o ümid edir ki, həmin banklar 2014-cü il ərzində ya kapitallarını artıracaq, ya da konsolidasiya yolu ilə məsələni həll edəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info