Daşınmaz əmlaka dair Forma-1 onlayn üsulla veriləcək
Tarix: 18.11.2013 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 2013-cü ilin 9 ayı ərzində dövlət əmlakının idarəçiliyi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı, vahid kadastrı və ünvan reyestrinin aparılması sahələrində dinamik və dayanıqlı fəaliyyəti davam etdirib.
Prezidentin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının təmin olunması məqsədilə komitə ötən ildən başlayaraq elektron xidmətlərin tətbiqinə başlayıb. Bu ildən etibarən isə belə xidmətlərin tətbiqi genişləndirilib və keyfiyyət dərəcəsi artırılıb. Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətləri özündə cəmləşdirən portal istifadəyə verilib. Artıq bu xidmətlər sayəsində vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsi ilə onlayn müraciət edə bilirlər. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, şəffaf, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir. Elektron xidmətlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi interaktiv və informativ xidmətlər daxildir. Bu xidmətlərdən bir çoxu “Elektron hökumət” portalına inteqrasiya edilib. Artıq bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən 7500-ə yaxın müraciət daxil olub. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində işlər aparılır. Dövlət əmlakının özəlləşdirilməsi və hərracların keçirilməsi sahəsində yeni elektron xidmətlərin təşkilinə dair təkliflər hazırlanır. Komitə tərəfindən daha 11 elektron xidmətin təşkili və istifadəyə verilməsi nəzərdə tutulur. Əsas hədəf vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, bu sahədə şəffaflıq və çevikliyi daha da artırmaqdır. 2013-cü ilin ötən dövrü ərzində mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin sürətli inkişafı əsaslı uğurlardan hesab olunur. Daşınmaz əmlakın qeydiyyatı sahəsində əsas hədəf müasir informasiya texnologiyalarının və korporativ idarəetmənin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsi yolu ilə vətəndaşlara göstərilən xidmətin keyfiyyətini artırmaqdır. Görülən işlər nəticəsində qeydiyyat prosesi xeyli sadələşib. Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Sadələşmədən sonra artıq vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edirlər.
Məlum olduğu kimi, Dünya Bankının dəstəyi ilə 2007-ci ildən indiyədək “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” həyata keçirilir. Layihə icra olunduğu müddətdə qeydiyyat sahəsində bir sıra səmərəli nəticələr əldə edilib. Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompyuter şəbəkəsi yaradılıb.
Vətəndaşlara xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə mövcud qeydiyyat binaları təmir edilib və yeni binalar tikilib istifadəyə verilib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ, Xaçmaz, Lənkəran, Şəki və Gəncə rayonlarında yeni xidmət binaları tikilib. Bərdə və Beyləqan rayonlarında yeni binaların tikintisi davam edir və yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcək. Oxşar işlər Bakı şəhərində də görülüb. Reyestr Xidmətinin Bakı şəhəri üzrə 5 rayon filialının sayı artırılaraq 10-na çatdırılıb. Artıq Bakı şəhərinin 11 rayonunun hər birində müasir tələblərə cavab verən ərazi idarələri fəaliyyət göstərir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bir sıra ərazi idarələrində «elektron növbəlilik» sistemi tətbiq edilir.
“Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Reyestr Xidmətinin Ərazi idarələrinin işçiləri üçün Xidmət Standartları və Davranış Qaydaları hazırlanır. Bu məqsədlə inkişaf etmiş ölkələrin təcrübəsinə istinad edilməklə beynəlxalq məsləhətçi cəlb olunacaq. Hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür.
Yaxın gələcəkdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir yenilik tətbiq ediləcək. Bu yenilik daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində (onlayn) verilməsindən ibarət olacaq. Yeni mexanizmə görə, daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası vasitəsi ilə birbaşa vermək imkanı yaranacaq. Bu arayışların “onlayn” rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, lazımi sənədlərin “onlayn” əldə olunmasına, vaxta böyük qənaət olunmasına, bununla da vətəndaşların bu xidmətdən optimal faydalanmasına gətirib çıxaracaq.
Dünya Bankı və Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing-Business 2014” hesabatında Azərbaycanın daşınmaz əmlakın qeydiyyatına görə reytinqdə ön sırada yer tutması vurğulanmalıdır. Bütün bu fəaliyyətlərin nəticəsidir ki, son iki ildə daşınmaz əmlakın qeydiyyatı sürətlənib və əvvəlki illərlə müqayisədə son iki ildə daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatıb. 2011-ci ildə 147 min, 2012-ci ildə isə bu rəqəm 151 min olub. Bu ilin sonuna qeydiyyat sayının 160 minə çatacağı proqnozlaşdırılır.
2013-cü ilin ortalarında ƏMDK tərəfindən 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı hazırlanıb təsdiq edilib. Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış“ İnkişaf Konsepsiyasının əsas müddəaları nəzərə alınmaqla işlənib. Strategiya Planının məqsədi komitənin fəaliyyətinin daha modern, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib.
Komitənin fəaliyyətində vətəndaşların müraciətlərinin operativ cavablandırılması, şəffaflığın təmin edilməsi məqsədi ilə açılmış 193, 148 və 566-07-44 nömrəli qaynar xətlərinə 2013-cü ilin 9 ayında 1300-ə yaxın vətəndaş müraciət edib. Müraciətlər qanunvericiliyə uyğun olaraq təmin edilib.
2013-cü ilin ilk üç rübündə respublika üzrə kiçik özəlləşdirmə formasında 530-dan çox müəssisə və obyekt, 510-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 510-a yaxın qeyri-yaşayış sahəsi, 470-ə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib. Bakı şəhəri üzrə 909 küçə və prospektə ünvan təyin edilib. Bakı şəhərinin 409 küçə və prospektinin başlanğıcı, sonu, eləcə də onların koordinatları müəyyənləşdirilib və təsdiqlənib.
ƏMDK ötən müddət ərzində komitənin fəaliyyət istiqamətləri üzrə inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info