Milli maraqların təmin olunmasında vətəndaş cəmiyyəti institutlarının rolu
Tarix: 19.11.2013 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Milli maraqların qorunması bu gün bütün dünya dövlətləri və cəmiyyətləri qarşısında duran əsas vəzifə hesab olunur. Neoimperializmin tüğyan etdiyi, hər yerdə regional münaqişələrin alovlandığı, xalqların, ölkələrin maddi və mənəvi sərvətlərinə müxtəlif üsullarla qəsb edildiyi, qloballaşmanın süni məcraya yönləndirildiyi çox mürəkkəb bir zamanda, bu məsələ həddindən artıq aktuallıq kəsb edir.
Belə bir zamanda hər bir dövlət milli müstəqilliyini qorumaq, milli intibah və rifaha çatmağın yolunu məhz milli maraqlarını qorumaqda, təmin etməkdə görür. Bu baxımdan dünyəvi, demokratik inkişaf yolu tutmuş dövlətlər vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində olduqca böyük maraq göstərirlər. Çünki vətəndaş cəmiyyəti institutları müasir dövlətlərdə milli maraqların dövlətlə çiyin-çiyinə qorunmasında vacib amil hesab edilir. Vətəndaş cəmiyyəti institutlarının yaranma fəlsəfəsinin əsasında məhz milli və ictimai maraqların qorunması dayanır.
Bu məsələ ilə bağlı bizə fikirlərini bildirən politoloq, millət vəkili Aydın Mirzəzadə belə qeyd edir: “Vətəndaş cəmiyyəti institutları hər bir dövlətin fəaliyyət göstərməsində və cəmiyyətlə bağlı siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Bu baxımdan vətəndaş cəmiyyəti institutları 20-ci əsrin böyük humanitar və sosial kəşfi hesab olunmalıdır. Vətəndaş cəmiyyəti institutları humanitar, sosial, insan haqları, demokratiya və sair sahələrdə ciddi təşəbbüslər və layihələrlə çıxış edirlər ki, bu da cəmiyyətlərdə sözügedən sahələrdə çatışmazlıqların aradan qaldırılmasına ciddi töhfələr vermiş olur. Bu baxımdan dövlətin bir sıra funksiyalarının vətəndaş cəmiyyəti təmsilçilərinə həvalə edilməsi QHT-lərin gücünü artırmış olur. Onlar dövlətin müdaxilə etməyə imkan tapmadığı sahələrə baş vura bilirlər və bununla da onlara həvalə edilmiş funksiyalardan yararlanmaqla, problemlərin aradan qaldırılmasına yardımçı olurlar. Amma eyni zamanda o da qeyd edilməlidir ki, dövlət üçün milli maraqlar ümdə, vacib və həmişə öndə tutulandır. Bu baxımdan QHT-lər dövlətin onlara həvalə etdiyi funksiyaları yerinə yetirərkən milli maraqların qorunmasını, onlara hər zaman əsaslanılmasını öndə tutmalıdırlar. Bu baxımdan QHT-lərin üzərinə böyük məsuliyyət düşür”.
Politoloq bildirir ki, vətəndaş cəmiyyəti sektorunun milli maraqları öndə tutması, milli maraqların reallaşmasındakı fəaliyyətinin effektivliyinin səviyyəsi eyni zamanda cəmiyyətin, vətəndaşların bu sahədə bilik və məlumatlılıq səviyyəsindən də xeyli dərəcədə asılıdır: “Bu baxımdan yenə də QHT-lərin, vətəndaş cəmiyyəti təmsilçilərinin üzərinə böyük məsuliyyət düşmüş olur. Belə ki, onlar bu məqamda yenə də milli maraqları əsas tutaraq, ilkin mərhələdə cəmiyyəti bu sahədə məlumatlandırmalı, bilgiləndirməli, daha sonra milli maraqlara əsaslanan layihələr və təşəbbüsləri reallaşdırmalıdırlar”.

Vətəndaş cəmiyyəti institutları tərəfindən milli maraqları
qorumaq ən inkişaf etmiş ölkələrdə də birinci dərəcəli
vəzifə hesab olunur


Bu gün vətəndaş cəmiyyəti təmsilçiləri arasında öz fəaliyyət istiqaməti və vətəndaş cəmiyyəti fəlsəfəsinə uyğun olmayan mövqe tutan, milli maraqların əleyhinə çıxış edən və ya bu məqsədlə xaricilərin, antiazərbaycan dairələrin əlinə işləyənləri də var. Bu cür QHT nümayəndələri üçün əsas olan milli maraq yox, məhz müəyyən xarici qrantlar naminə milli maraqları təhdid edən sifarişli layihələr həyata keçirməkdir. Bu məqama münasibətini bildirən millət vəkili belə qeyd etdi: “QHT-lərin bir qismi həddindən artıq “universallıq” nümayiş etdirərək milli maraqlara zidd addımlar atırlar. Onlar bu cür hallarda cəmiyyətin, eləcə də dövlətin onlara həvalə etdiyi missiyadan sui-istifadə hallarına yol verirlər və şəxsi qazanclarını güdürlər. Halbuki unudurlar ki, dövlətin də əsas götürməli olduğu vətəndaş cəmiyyəti institutları tərəfindən milli maraqları qorumaq ən inkişaf etmiş və özlərini demokratiya beşiyi kimi tanıdan ölkələrdə də birinci dərəcəli vəzifə hesab olunur. Bu zaman anlamaq lazımdır ki, milli maraqları qorumaq, birinci növbədə, özünü və yaxınlarını, yaşadığın cəmiyyəti və sənə yaxın, səninlə eyni dəyərləri və mənafeyi paylaşan vətəndaşları qorumaqdır”.
Politoloq Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşması xüsusiyyətləri ilə bağlı onu bildirdi ki, bizdə vətəndaş cəmiyyəti institutları müstəqillik dövründən oturuşmağa başlayıb. Ölkəmizdəki QHT-lərin çoxu milli maraqlara üstünlük verirlər. Azərbaycanda bu gün “milli maraqlar” dedikdə, konkret olaraq ərazi bütövlüyümüzün bərpa olunması, bir milyondan çox məcburi köçkün və qaçqınımızın öz yurdlarına qayıtması, Azərbaycan həqiqətlərinin dünyada yayılması və qəbul edilməsi, milli rifah, milli intibah kimi məsələlər başa düşülür ki, vətəndaş cəmiyyəti təmsilçiləri də hər məqamda bu məqamları öz fəaliyyətlərində əsas götürməlidirlər”.
Mövzu ilə bağlı bizə münasibətini bildirən Tərəqqiyə Elmi Dəstək İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, Yer üzündə sürətlə qlobollaşma, ölkələr, xalqlar arasında inteqrasiya getdiyi indiki vaxtda milli maraqlara diqqət məsələsi daha da aktuallaşır: “Bu tamamilə təbiidir. Məhz o ölkə, o xalq bu prosesdə daha çox uğur qazanacaq ki, ümumbəşəri maraqlarla yanaşı, onlarda eyni zamanda milli maraqlar da yüksək şəkildə təmin olsun. Ən əvvəl aydınlaşdırmaq lazımdır ki, milli maraqlar dedikdə nə nəzərdə tutulur. Çünki, indiki vaxtda bu məsələ ətrafında xeyli fikir müxtəlifliyi var. Məhz buna görədir ki, bir çox ölkələrdə “millətçi” deyilən bir təbəqə əmələ gəlib. Bu təbəqənin nümayəndələri daha çox konservativ mövqedədirlər, xalqda, millətdə əsrlər boyu formalaşmış bir sıra adət-ənənələrin, davranış formalarının qorunması, inkişaf etdiriliməsi, təbliğ olunması tərəfdarıdırlar. Bu normaları pozan hər bir dəyişikliyə olduqca ciddi reaksiya verirlər. Bəzən də əksinə, elə qruplar olur ki, adət-ənənəyə uyğun nə varsa köhnəlik hesab edirlər. Əslində hər iki tərəfin mövqeyində az ya çox dərəcədə yanlışlıqlar var. Qlobollaşma, inteqrasiya prosesində bütün yer üzü, hər bir ölkə sürətlə dəyişir, yenidən təşkil olunur- yeni bir sistem halına gəlir. Deməli, əsas məsələ, hansı adət-ənənənin qorunması yox, xalqın tərəqqisinə yardım edən proseslər, davranışlar, dəyərlərdir. Bu baxımdan, o maraq milli maraqdır ki, onlar xalqın tərəqqisinə kömək edir. Yəni, bu dəyərlərə əməl etdikcə xalqın keyfiyyəti daha da yaxşılaşır, dövlətçilik möhkəmlənir, ölkədə hər kəsin və bütövlükdə ölkənin həyatında pozitiv dəyişikliklər baş verir. Ölkədə Yer üzünün maraqlarına uyğun milli irəliləyişlər baş verir. O maraqlar daha millidir ki, onların həyata keçməsi ilə əhalinin fiziki sağlamlığında, mənəvi zənginliyində, əməyə yaradıcı münasibət tələbatının yüksəlməsində ciddi, pozitiv dəyişikliklər baş verir.
Cəmiyyətin get-gedə mürəkkəb bir sistemə çevrildiyi indiki vaxtda milli maraqların qorunmasında vətəndaş cəmiyyəti əvəzsiz rol oynaya bilər. İndi çoxları demokratik cəmiyyətdən danışır. Əslində demokratik cəmiyyət - əhalinin idarəetmədə fəal iştirak etməsini nəzərdə tutan bir cəmiyyət anlayışı bir qədər mücərrəd səslənir. Amma vətəndaşların öz potensiallarını daha çox üzə çıxararaq, ölkənin tərəqqisinə kömək edə biləcək fəaliyyət göstərməsini nəzərdə tutan vətəndaş cəmiyyəti daha aydın təsəvvür olunur. Bu sistem nəzəriyyəsi baxımından da daha aydın məsələdir. Belə ki, mürəkkəb sistem olan cəmiyyətdə sistemin hər alt sistemi, elementi - yəni qurumları, insanları fəallaşdıqca həmin sistem- cəmiyyət, xalq, ölkə də daha güclü ola bilər. İndiki vaxtda milli maraqları - yəni ölkənin tərəqqisinə xidmət edən prosesləri uğurla idarə edə bilmək təkcə rəsmi qurumların imkanı daxilində deyil. Vətəndaşların fəallaşmasa, ölkənin qarşısında duran vəzifələr arzu olunan şəkildə həll oluna bilməz. Amma vətəndaşlar nə cür fəallaşmalıdır? Məhz o istiqamətdə ki, cəmiyyətdə, ölkədə daha çox ahəng, ölkənin tərəqqisinə daha çox imkanlar yaransın. Bu isə xaotik olaraq baş verə bilməz. İctimai təşkilatların, QHT- lərin öhdəsinə olduqca çox vəzifələr düşür. Deməli, vətəndaş cəmiyyətinin uğurla qurulması üçün vətəndaşların özünütəşkil prosesi uğurla getməlidir. Buna hökumət qurumları, ziyalılar, mütəxəssislər yaxından kömək etməlidir. Vətəndaşlar ölkədəki hər hansı bir problemi həll etmək üçün ən əvvəl uğurla - ölkənin maraqlarına uyğun olaraq təşkilatlanmalıdır. İndiki dövrdə məhz, vətəndaş cəmiyyəti daha uğurla inkişaf etmiş ölkələrdə milli maraqlar daha uğurla qoruna bilər”.
Vətəndaş cəmiyyəti təmsilçisi Mütəllim Rəhimli isə bizə açıqlamasında bu barədə fikirlərini belə bildirdi: “Vətəndaş cəmiyyətinin formalaşması demokratik sistemlərin diqtəsidir. Demokratiya və vətəndaş cəmiyyəti ayrı-ayrılıqda mövcud ola bilməz. İnkişaf edən demokratik dəyərlər öz arxasınca ciddi şəkildə təşkil olunmuş, kifayət qədər təsir gücünə malik vətəndaş cəmiyyəti qurumlarının formalaşmasına imkan yaradır. Buna baxmayaraq, hazırda müasir dünya ölkələrində vətəndaş cəmiyəti institutları iki formada yaranır. Biri yuxarıda qeyd edilən klassik formadır. Yəni demokratik qayda-qanunlarla birgə, lakin ondan öndə tədricən belə qurumlar formalaşır. İkincisi isə onlar süni şəkildə yaradılır. Demokratik dünyanın tələblərinə cavab vermək, antidemokratik, avtoritar və totalitar rejimlərin mahiyyətini gizlətmək məqsədilə “vətəndaş cəmiyyəti” institutları formalaşdırılır. Bu qurumlar da hökumətlərin əlavələri kimi fəaliyyət göstərdiyindən cəmiyyətdə yenilik yaratmır və buna qadir də deyil. Onlar milli maraqlardan daha çox şəxsi mənafeləri qoruyur, hakimiyyətləri müdafiə edir. Əsl vətəndaş cəmiyyəti institutlarının isə başlıca funksiyası milli maraqlara xidmət etməkdir. Bu işlər onun klassik vəzifəsidir. Milli maraqlar anlayışı çox geniş olduğundan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ən müxtəlif sahələri əhatə edir. Onlar da lazım olduqda hakimiyyəti müdafiə edirlər, lakin bu onların qarşısına qoyulan vəzifə kimi başa düşülmür, milli maraqlar tələb etdikdə belə addımı atırlar. Müasir dünya ölkələri arasında münasibətlər sisteminin nizamlanmasında da vətəndaş cəmiyyəti qurumlarının rolu həddindən artıq böyükdür”.
QHT təmsilçisi bildirir ki, onlar bütün nüansları tədqiq etdiklərindən səhv etmək imkanları az olur, həmçinin də ictimai rəyi asanlıqla öz arxalarınca apara bilirlər. Eyni zamanda milli mənafelər həmişə diqqət mərkəzində olur.
İlkin AĞAYEV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info