Bayram İbrahimxanlı: “Xaricdə təhsil alan gənclərimizin sayı durmadan artır”
Tarix: 20.11.2013 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


“Almaniyada təhsil alan tələbələrimiz bacarıqlı və bilikli gənclərdirlər”

Azərbaycandan dünyanın bir sıra ölkələrinə üz tutaraq təhsil almağa gedən gənclərimizin sayı ilbəil artmaqdadır. Təhsillərini aparıcı universitetlərdə davam etdirib, yeni-yeni biliklər öyrənməyə cəhd edən bacarıqlı, istedadlı gənclərimiz bununla həm də dünyaya inteqrasiya edib, Azərbaycanın da tanınması, təbliği istiqamətində addımlar atmış olurlar. Belə gənclərdən biri də Bayram İbrahimxanlıdır. Bayram İbrahimxanlının “Palitra”ya verdiyi müsahibəni oxuculara təqdim edirik.
- Öncə ondan başlayaq ki, xaricdə təhsil almaq ideyası sizdə haradan yarandı?
- Mən orta məktəbdə oxuyarkən ingilis dili xarici dil kimi tədris olunurdu. Lakin xarici dili öyrənmək baxımından 2002-ci ildən etibarən bir neçə dəfə Almaniyada olduğum üçün mən Almaniyanı, alman dilini seçdim. O vaxtlar biz ailəliklə Almaniyada olarkən dil bilməməyimiz müəyyən çətinliklər yaradırdı. Alman dilini 2009-cu ildən tam öyrənməyə başladım. Valideynlərim məsləhət gördülər ki, alman dilini yaxşı öyrənməyim üçün Almaniyada dil kursuna yazılım. Beləcə Haydelberq şəhərində alman dili kursuna yazıldım. Valideynlərimlə 2010-cu ilin yay aylarında Almaniyaya getdik. Atam bizi universitetin ərazisinə- kitabxanaya apardı. O, əsasən kitabxanalara önəm verdiyi üçün burada kitabxanadakı şəraitdən razı qaldı. Atam mənə dedi: “Bakı Dövlət Universitetində oxuyanda mən dərslərimi kitabxanada hazırlayırdım". Bax, bu fikirlər mənə bir növ yol göstərdi ki, gələcəkdə necə oxuyum və hansı formada uğurlara nail olum. Beləcə dil kursunu da uğurla keçdim. Haydelberq şəhəri çox xoşumuza gəlmişdi. Lakin mənim seçdiyim ixtisas orada olmadığı üçün ali təhsil üçün Köln Universitetini seçməli oldum. Həm də Köln Universiteti mənim ixtisasım üzrə Almaniyada 2-ci pillədədir. 2011-ci ildə Köln Universitetinə qəbul oldum. Növbəti il isə xaricdə təhsil üzrə dövlət proqramına qoşuldum. Hər il yayda Təhsil Nazirliyinə gedirik və müəyyən məsləhətlər alırıq. Onu da qeyd edim ki, Təhsil Nazirliyi xaricdə təhsil alan tələbələrə həmişə yüksək diqqət və qayğı göstərir. Buna görə də mətbuat vasitəsilə nazirliyimizə öz dərin təşəkkürümü bildirirəm.
- Almaniyada təhsil almağın özəllikləri nədən ibarətdir?
- Almaniyada təhsil bütün sahələrdə yüksək peşəkarlıqla təşkil olunub. Müəllimlər dərs dedikləri fənləri yüksək səviyyədə bilirlər, tələbəyə xüsusi bir hörmətlə yanaşırlar. Bununla belə, müəllimlər tələbələrə neqativ hallarla bağlı heç bir güzəştlər də etmirlər. Burada, sözün həqiqi mənasında tələbəni dinləyirlər. İmtahanlar üçün məsləhət saatları təşkil olunur. Bilmədiyimiz suallar ətraflı izah edilir. İmtahan vaxtını özümüz seçirik. Proqramı oxuyub çatdıra bilmədikdə imtahanın vaxtını bəzən dəyişə bilirik. Qiymətimizdən narazı olduqda vaxt təyin edib cavablarımızı araşdırırıq. Müəllimlər səhvlərimizi düzəltməyə kömək edirlər. Bu sistem tələbədən böyük məsuliyyət tələb edir. Bax beləcə alman təhsil sisteminin özəllikləri hər yerdə təriflənir.
- Bəs azərbaycanlı tələbələrin Almaniyada təşkilatlanma işləri nə yerdədir?
- Tələbələr arasında əlaqələrimiz sıxdır. Müxtəlif ali məktəblərdə təhsil alan soydaşlarımızla istirahət günlərində görüşürük. Tələbələrin çoxu kitabxanalardan istifadə etdikləri üçün, orada fasilələrdə söhbətləşir, müəyyən müzakirələr aparır və bir-birimizin dərdlərinə şərik oluruq. Çox vaxt bir-birimizə bilmədiklərimizi izah edirik. Ümumiyyətlə bir məqamı qeyd edim ki, adətən tələbələr gənc olduqlarından hələ siyasi cəhətdən yetkin sayılmırlar. Bu səbəbdən də çox vaxt populist fikirlər söyləməyə meyilli olurlar. Amma sevindirici haldır ki, bizim Almaniyada təhsil alan tələbələrimiz qabiliyyətli, bu sahədə çox bilikli gənclərdirlər. Bir arzum da var ki, tez-tez onların sosial və mədəni sahədə tanınmış ziyalılarla görüşləri təşkil edilsin. Bayram şənliklərini tez-tez təşkil etmək və digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə ünsiyyətin effektiv formasını fikirləşmək yaxşı olardı. Məsələn, belə bir ideya verə bilərəm: tələbələrimiz vahid mərkəzdən əlaqələndirilsinlər. Kim, hansı ixtisas üzrə təhsil alır? Oxuduğu ali məktəbin həyatında (elm, idman, musiqi, ölkəmizi tanıtmaq, universitet KİV-lərində çıxış və s.) nə kimi fəallığı var, yoxdursa səbəbi nədir? İxtisası üzrə digər ölkələrdə təhsil alan soydaşlarımızla əlaqələri varmı? Bax, bu vacib amillər tez-tez qabardılıb gənclərimizin gündəminə daşınmalıdır. Bir sözlə tələbələr arasında sıx əlaqələr qurmaq üçün müxtəlif istiqamətdə təşkilatlanma lazımdır.
- Almaniyada Azərbaycan həqiqətlərinin digər ölkələrdən olan tələbələrə çatdırılması istiqamətində hansı addımlar atılır?
- Əslində xaricdə təhsil alan tələbələrimizin savadı, mədəniyyəti, davranışı, insani keyfiyyətləri ölkəmiz haqqında müəyyən təsəvvür yaradır. Biz Almaniyadakı ali məktəblərə qəbul olandan müəyyən vaxt sonra bu barədə mövzu düşəndə digər ölkələrdən olan tələbələrə lazımi məlumatları çatdırırıq. Onlar Azərbaycan haqqında bəzi suallar verdikdə, ölkəmiz barədə məlumatlar veririk. Mənim Almaniya, Yunanıstan, İspaniya, Ukrayna, Türkiyə, İtaliya, Türkmənistan, Rusiya, Avstriya, Polşa, İran, Danimarkadan əlaqədə olduğum tələbə tanışlarım var. Bir məsələni deyə bilərəm ki, bu yaxınlarda alman dostumun ad gününə dəvət edilərkən, orada yeni tanış olduğum alman tələbələr məndən ölkəmiz haqqında maraqlandılar. Mən də onlara ölkəmizdə stabilliyin olduğunu və Avropaya sürətlə inteqrasiya etməyimizi dəlillərlə danışdım.
- Bu ölkəyə Azərbaycandan tələbə axını çoxalıbmı?
- Bəli. Azərbaycanlı gənclər ilbəil Almaniyada təhsilə daha çox üstünlük verirlər. Bunun da bir neçə əsas səbəbi var. Birincisi, alman dilində bakalavr təhsili alan tələbələr təhsil haqqı ödəmirlər. İkincisi, burada oxumaq istəyən üçün hər cür şərait var. Üçüncüsü isə bu ölkə dünyanın güclü iqtisadiyyatı olan dövlətlərindən biridir. Biz burada alman tələbələr kimi bütün sosial hüquqlardan da istifadə edirik.
- Bəs, səndə oxuduğun sahəyə maraq haradan yarandı?
- Kiçik yaşlarımdan biznesə maraq göstərmişəm. Bir qədər gülməli səslənsə də, ilk kiçik biznesimi məktəb yoldaşım ilə qurmuşdum. O zaman Bakıda zəlzələ olmuşdu və biz zəlzələyə aid kitabçalar əldə edib, məktəbin yaxınlığında xırdavat malları satan qadına verdik ki, o bunları satıb məktəblilərdə buna maraq oyatsın. Qazancı isə bölüşdürdük. Atam bunu bildi. Düzdür, məni danlamadı, amma dedi ki, “hələ balacasan, dərslərini oxu, böyüyərsən, biznesmen olarsan”. Beləcə maraq mənə güc gəldi və mən də get-gedə dəqiq elmləri-iqtisadiyyatı seçdim.
- Gələcək planlarınız necədir? Təhsilinizi bitirdikdən sonra vətənə qayıdıb burada fəaliyyət göstərməyi düşünürsüzmü?
- İnşallah, təhsilimi bitirdikdən sonra ilk növbədə vətənimizdə münasib iş axtaracağam. Əlavə olaraq buradakı tələbə tanışlarımızla işbirliyi qurmağı da planlaşdırıram. Bu il Bakıda “Port BakuTowers” Biznes Mərkəzində fəaliyyət göstərən “Ernst & Young” şirkətində təcrübə keçdim. Mən təcrübəni başqa ölkədə də keçə bilərdim. Lakin vətənimi üstün saydım.
- Gələcəyin iqtisadçısı kimi Azərbaycan iqtisadiyyatının sürətlə inkişafını necə xarakterizə edərdin?
- Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox ölkələrdən üstün inkişaf yolundadır. Azərbaycanda bütün sahələrdə misilsiz sürətlə yenilənmələr gedir. Müasir texnologiyalara əsaslanan zavodlar tikilir ki, bu da yeni istehsal sahələrinin yaranması, çoxlu iş yerlərinin açılmasına səbəb olur, ölkəmiz daha da varlanır. Bu isə insanların həyatına, yaşayış tərzlərinə də müsbət təsir edir. İqtisadçıların dili ilə desək “importdan” “eksport”a keçid Azərbaycanın dünyada reytinqinin artmasına səbəb olur. Biz də, xaricdə yaşayıb təhsil alan gənclər olaraq, bu cür siyasətə biganə qalmırıq və Prezidentimiz, vətənimizin çiçəklənməsi ilə fəxr edirik.
Onu da qeyd edim ki, bu yay Azərbaycanın rayonlarını gəzərkən meyvə bağları, üzümlüklər, ümumən kənd təsərrüfatının inkişafı göz oxşayırdı. Bəlkə də orada yaşayanlar buna alışıblar, amma biz hər dəfə vətənimizə gedəndə gördüyümüz yeniliklərə heyran oluruq, sevinirik, vətənimizlə qürur duyuruq. Aqrar sahəyə qoyulan investisiya tez və daha çox gəlir verir. Yeri gəlmişkən, Azərbaycan torpağının məhsulları digər ölkələrin məhsullarından keyfiyyəti və dadı ilə seçilir. Bunu əcnəbilər də dəfələrlə qeyd edirlər.
- Dövlətin iqtisadi inkişafından danışdın. Bəs dövlətin gənclər siyasətini necə dəyərləndirərdin?
- Dövlətimizin gənclər siyasətini yüksək dəyərləndirirəm. Qayğıya əyani misal kimi Prezident təqaüdləri ilə xaricdə təhsil proqramını göstərmək olar. Yüzlərlə imkansız gənc bu təqaüd sayəsində dünyanın nüfuzlu ali məktəblərində təhsil alırlar. Bu, çox böyük işdir. Yeni mühit, yüksək inkişaf etmiş dövlətlərdə bir neçə il, hətta 7 il yaşayıb təhsil almaq, ailənin arzularını gerçəkləşdirməyə çalışmaq, dövlətin etimadını doğrultmaq həm şərəflidir, həm də biz gənclərdən böyük məsuliyyət tələb edir. Yəni, məhz ölkənin düzgün gənclər siyasəti sayəsində bu imkanlar yaranıb.
- Almaniyada təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdin?
- İlk növbədə alman dilini yaxşı öyrənsinlər. Dili öyrəndikcə seçdikləri ixtisaslara aid mətnləri diqqətlə oxusunlar, tərcümə etsinlər və qısası beləcə hər şeyin dərinliklərinə getsinlər. Fənlərin hamısı alman dilində olduğu üçün bir-iki ay çətinliklər yaranır. Buna alışmalıdırlar. Vətənimiz haqqında müəyyən biliklərə sahib olsunlar. Ən əsası isə qəlbləri Azərbaycanımız üçün döyünsün. Dövlətimizin onlara yaratdığı imkandan elm, peşə öyrənmək şəraitindən layiqincə istifadə etsinlər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info