Hər bir diaspor üzvü ölkəmizin xaricdə səfiridir
Tarix: 21.11.2013 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xatici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə
çevrildi.


Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq qurultay keçirilməsi ilə bağlı 2001-ci ildə Heydər Əliyevin məlum sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmişdi. Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olan Dünya Azərbaycanlılarının I Qurultayında 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. 2002-ci ilin 5 iyulunda Prezident Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» fərman imzaladı. 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldı. Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Bu istiqamətdə diasporumuzun fəaliyyətinin mühüm amil olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, xaricdə yaşayan azərbaycanlılar xalqımız üçün bir dayaqdır: “İstərdik ki, Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha da güclü olsun”.

Əvvəlki illərlə müqayisədə
diasporumuzun fəaliyyətində irəliləyiş
müşahidə olunur


Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan diaspor nümayəndələrimiz öz fəaliyyətini daha da gücləndirir. Öz fəaliyyəti ilə seçilən diaspor təşkilatlarımızdan biri Avropa Azərbaycanlıları Konqresidir. AAK-nin prezidenti Samira Patzer-İsmailovanın sözlərinə görə, məqsəd orada fəaliyyət göstərən cəmiyyətləri əlaqələndirməklə yanaşı, onları məlumatlandırmaq və diasporla birlikdə onların məlumat bazasını möhkəmləndirmək olub: “Azərbaycanın Almaniyada təqdimatı, alman ictimaiyyətinə ölkəmizlə bağlı həqiqətin çatdırılması, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçiririk. Bizim əsas məqsədlərimizdən biri də odur ki, Almaniya üzrə müxtəlif şəhər və əyalətlərdə olan cəmiyyətlərlə əlaqəli tədbirlər keçirməkdə onlara materiallar, əyani vəsaitlərlə kömək etmək, həmçinin məsləhətləşmələr nəticəsində daha böyük aksiyalar təşkil etməkdir. Həmçinin alman dövlət və qeyri-dövlət qurumları ilə birgə tədbirlər keçirməkdir ki, bu həm konfrans, həm mühazirə axşamları, həm mədəniyyət gecələri şəklində, həm də yazılı məlumat aksiyaları şəklində olur. Bizə bu işdə həm maddi, həm də mənəvi cəhətdən Almaniyadakı Azərbaycan səfirliyinin böyük dəstəyi var. Almaniyanın bir neçə şəhərində 20 Yanvar faciəsini, Xocalı soyqırımına həsr olunan tədbirlər keçiririk. Bu o deməkdir ki, 16 əyalətin hər birində tədbirlər reallaşıb”. AAK sədrinin sözlərinə görə, Almaniyada böyük bir mədəniyyət ocağı olan kitabxananın bağında Xocalı faciəsinə abidə qurulması və bu ən yaxşı incəsənət abidəsi kimi “Zirvə” mükafatına layiq görülməsi də çox önəmlidir. Qeyd edək ki, bu abidə bizim diasporun görkəmli nümayəndəsi, rəssam, Bakı qalereyasının rəhbəri İbrahim Əhrarinin əməyi sayəsində ərsəyə gəlib. Bundan başqa orada Xocalı soyqırımı ilə bağlı filmlər nümayiş olunur, Almaniyada Xocalı soyqırımı ilə bağlı istehsal olunan cizgi filmi, həmçinin məktəblərdən birində Xocalı soyqırımına həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Bunlar hamısı diasporumuzun əməyidir. Bundan başqa alman müəllifin yazdığı Xocalı ilə bağlı kitabın diaspor təşkilatlarımızın rəhbərlərindən biri Yaşar Niftəliyevin iştirakı ilə Bakıda təqdimatı keçirilib. Əvvəlki illərlə müqayisədə diasporumuzun fəaliyyətində daha çox irəliləyiş müşahidə olunduğunu deyən AAK-nin sədri deyir ki, alman ictimaiyyəti hətta bizi tam bir Azərbaycan nümayəndəliyi kimi qəbul edir: “Bu da onu göstərir ki, diasporumuz yaxşı bir səviyyədə inkişafdadır. Son illər Azərbaycanın reallıqları ilə bağlı çox böyük fikir dəyişiklikliyi baş verib. Bu istiqamətdə Almaniyadakı səfirliyimizin fəaliyyətini xüsusi qeyd etmək lazımdır ki, məqsədyönlü və effektiv iş görür. Həqiqətlərin həm dövlət, həm də cəmiyyətlər tərəfindən çatdırılması ikitərəfli informasiya mənbəyi kimi artıq müsbət nəticələr verir. Alman ictimaiyyətində Azərbaycanı daha çox tanıyırlar, ölkəmizin “Eurovision”da qalib olmasının da mühüm rolu oldu. Orada erməni lobbiçilyi olsa da, bizim fikrimiz ortaya gələndə onlar narahat olurlar”.

Son illər Azərbaycan gəncliyinin xaricdə
təşkilatlanması istiqamətində mühüm işlər görülüb


Diaspor fəaliyyətimizin güclənməsində gənclərimizin də rolu danılmazdır. Bu gün bir faktdır ki, azərbaycanlı gənclər dünyanın müxtəlif ölkələrində öz fəaliyyəti ilə seçilir, qurumlarda, təşkilatlarda təmsil olunurlar. Son illər Azərbaycan gəncliyinin xaricdə təşkilatlanması istiqamətində mühüm işlər görülüb. Azərbaycanda nəinki ölkə daxilində, onun hüdudlarından kənarda dövlətimizin təəssübünü çəkən, Vətənə xidmət işini öz amalına çevirən gənclər ordusu formalaşıb. Bu gənclər ordusu hazırda intellekti, yüksək vətənpərvərliyi və fəallığı ilə Azərbaycan dövlətinə, millətinə layiqincə xidmət edir, ölkəmizi beynəlxalq aləmdə uğurla tanıdırlar. Belə gənclərdən biri də Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Rəşad Bədirlidir.
Azərbaycan Tələbə Cəmiyyəti olaraq keçirdikləri tədbirlər və bayramların diasporumuzun fəaliyyətində çox önəmli addımlardan biri olduğunu deyən R.Bədirlinin sözlərinə görə, biz gənc səfirlərin vəzifəsi Azərbaycanı dünyaya tanıtmaqdır: “Biz bu yolla, bu iradə ilə yolumuza davam edirik. Bu, diaspor fəaliyyətində önəmli məqamlardan biridir. Buradakı gənclərə Azərbaycanın böyük tarixi, mədəniyyəti ilə bağlı məlumat veririk, qonaqpərvər bir millət olduğunuzu çatdırırıq. Qazandığımız uğurlarımız və ağrılı yerimiz olan Qarabağımız və ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə məlumat veririk. Bundan başqa gəncləri Azərbaycana dəvət edirik ki, gəlib ölkəmizin necə gözəl olduğunu və necə bir qonaqpərvər millət olduğumuzu görsünlər. Biz müxtəlif tədbirlər həyata keçiririk. Bir çox universitetlərdə Azərbaycanın bayramları, faciəli günləri ilə bağlı tədbirlər təşkil edirik. Bundan başqa qəzetlərdə, yaxud televiziya proqramlarında çıxış edirik. Ölkəmizlə bağlı müxtəlif mövzularda, o cümlədən Qarabağın ermənilər tərəfindən işğalı, bir sözlə Azərbaycan haqqında bütün reallıqları çatdırmağa çalışırıq. Bir sözlə, Azərbaycanın tanıdılması üçün əlimizdən gələni edirik. Bizim universitetdə xeyli sayda azərbaycanlı tələbə təhsil alır. Biz daim bir-birimizlə əlaqə saxlayırıq və seminarlar təşkil olunduqda orada təhsil alan bütün tələbələr bir yerə toplaşırıq. Azərbaycanla bağı məsələn, bir bayram tədbiri təşkil etdikdə yalnız tələbələr deyil, orada yaşayan soydaşlarımızı da dəvət edirik. Gənclərimizin diaspor fəaliyyəti bu gün göz qabağındadır. Bizim gənclər dünyanın istənilən ölkələrində Azərbaycanı layiqincə təmsil edirlər”. Bu gün diaspor fəaliyyətimizin daha da güclənməsində, onların aktiv olmasında gənclərin mühüm rolu olduğunu deyən R.Bədirli deyir ki, hər birimiz diaspor olaraq ölkəmizin dünyada tanınmasına, reallıqlarının çatdırılmasına, təbliğinə çalışmalıyıq, ancaq ölkəmizdə təşkil olunan bu qurultaylar, forumlar bizim bu sahədə fəaliyyətimizə daha da təkan verir.
Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızdan biri də Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporudur. Təşkilatın gənc üzvlərindən olan Fəridə Kərimova deyir ki, bu gün gənclərimiz Ukraynada kifayət qədər fəallıq nümayiş etdirirlər: “Diaspor fəaliyyətində ən mühüm addımlardan biri kimi Ukraynadakı Azərbaycan diasporunun forumu keçirildi. Bu forumda Ukraynanın müxtəlif regionlarından diaspor nümayəndələri təmsil olunurdu. Çox gözəl çıxışlar olmuşdu. Millət vəkilləri, gənclər də çıxış etdilər. Bu forumda belə qərara gəldik ki, orada fəaliyyət göstərən bütün diaspor təşkilatları birgə çalışsınlar, bir istiqamətdə işimizi quraq. Bizim forumda Bakıdan da gələn qonaqlar vardı. Gənclərimizlə bir yerə toplaşaraq sayt yaratmağı qərara aldıq. Sayt da rus dilindədir və burada diasporumuzun fəaliyyəti, keçirdiyimiz tədbirlər öz əksini tapıb”. Ümumiyyətlə, diasporumuzun fəaliyyətini yüksək qiymətləndirən F.Kərimova deyir ki, oradakı tədbirlərdə təmsil olunan azərbaycanlı gənclər çoxdur: “Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi işlər xüsusilə qeyd olunmalıdır. Məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının səmərəli fəaliyyəti xarici ölkələrdə formalaşan digər azərbaycanlı gənclər təşkilatları üçün bir örnək təşkil edir. Bundan başqa Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin həm diaspor quruculuğuna, həm də gənclərə xüsusi diqqət və qayğısının nəticəsidir. Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması dünyanın müxtəlif ölkələrində təhsil alan və yaşayan azərbaycanlı gənclərin üzərinə böyük məsuliyyət qoyur”.
Nigar Abdullayeva

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info