Xəzər dənizinin təhlükəli tullantılarla çirklənməsi dəfələrlə azalıb
Tarix: 21.11.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


“Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində müxtəlif ölkələrdən 58 şirkət iştirak edir
Ətraf mühitin mühafizəsi üzrə 4-cü beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisinə (“CTE-2013”) ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun iştirakı ilə baxış keçirildi. Qeyd edək ki, sərgi Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Kampaniyasının dəstəyi ilə keçirilir.
Nazir Hüseyn Bağırov bildirdi ki, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı Xəzəryanı və Qafqaz regionlarında keçirilən sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunur. Sərginin təşkilində əsas məqsəd təbii sərvətlərin qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir.
Beynəlxalq sərgidə “CTE-2013” sərgisində Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Qazaxıstan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən 58 şirkət iştirak edir. İştirakçılar arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi də yer alır və onlar ənənəvi olaraq öz stendlərində il ərzində görülən işlərin nəticələri barədə məlumat təqdim edirlər. Şirkət və dövlət strukturları ilə yanaşı, Azərbaycanda ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da öz stendləri ilə təmsil olunurlar. Daimi iştirakçılar arasında yerli “Azmeco”, “Ekol”, “Yağmur-2” şirkətləri də var. ARDNŞ, “BP” və “Saipem” kimi aparıcı neft şirkətləri Azərbaycanın neft-qaz yataqlarının uzun illər ərzində istismar edilməsinin nəticələrinin aradan qaldırılmasına yönəldilmiş ekoloji layihələrlə çıxış edirlər. Sərgidə suyun təmizlənərək sonradan içməli su kimi, habelə kənd təsərrüfatında istifadə olunmasına, eləcə də bərk tullantıların toplanması və utilizasiyası sistemlərinə də xüsusi diqqət yetirilir. Sərgidə daha bir yenilik ətraf mühitin mühafizəsi sahəsində hidrotexniki qurğuların inşası, dağ-mədən işləri, su xətti, kənd təsərrüfatında suvarma sistemləri, tunellərin çəkilməsi, avtomobil və dəmir yollarının inşası və s. bu kimi sahələrdə termoplastik poliolefinlərdən hazırlanan geomembran vasitəsilə hidroizolyasiyanın təmin olunmasına əsaslanan təhlükəsiz həll variantlarının təqdim edilməsidir.
Sərgi noyabrın 22-dək davam edəcək. Bütövlükdə sərgi təbii sərvətlərdən rasional istifadə sahəsində ən yeni işləri və müasir alternativ enerji avadanlıqlarını nümayiş etdirərək milyonlarla insanın diqqətini ətraf mühitin mühafizəsi problemlərinə və onların həlli yollarına cəlb edəcək. Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa olunan resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdiriləcək. “CTE-2013” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, hökumət və qeyri-hökumət təşkilatları ilə ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlığın regional və beynəlxalq səviyyədə genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq.

Dənizin tullantılardan təmizlənməsində
köhnə texnologiyalardan istifadə olunmur


Son illər Azərbaycanda sənaye istehsalı artsa da, Xəzər dənizinin təhlükəli tullantılarla çirklənməsi on dəfələrlə azalıb. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirdi ki, Xəzər dənizinin təhlükəli tullantılardan təmizlənməsində artıq SSRİ-dən qalmış ənənəvi texnologiyalardan istifadə olunmur. H. Bağırovun sözlərinə görə, suların yeganə çirklənmə mənbəyi keçmişdən qalan, sualtında yaxşı konfiqurasiya olunmayan quyulardan olan axıntılardır: “Bizim Neft Daşları ətrafında bu baş verir. SSRİ dağılandan sonra siyasi məqsədlərlə hansısa cırtdan ölkənin reytinq təşkilatı Sumqayıtı çirkli şəhərlər siyahısına salır. Amma SSRİ dövründən Sumqayıt və ona yaxın Xəzər sahilləri bir mövzu idi , bu gün tamamilə başqa mövzudur. Həmin ərazi sularının təmizlənməsi işləri çox fəal şəkildə gedib”.
Nazir qeyd etdi ki, Xəzər dənizinin suları neftlə çirkləndiyi halda dənizin xüsusiyyətinə uyğun olaraq öz-özünə təmizlənir. Onun sözlərinə görə, Xəzər dənizinin dibində indinin özündə çox aktiv vəziyyətdə olan, neft sızdıran təbii qrikonlar var: “Neft arqonik material olduğu üçün onu da yeyən müəyyən bakteriyalar var. Həmin bakteriyalar çoxalır və neft qalıqlarını emal edirlər. Xəzər dənizi və ya sahilə düşən neft qalıqları da bakteriyaların fəallığı nəticəsində bir neçə gündən sonra yox olur”.

Son 3 ildə Azərbaycanda
1382 hektar zeytunluq salınıb


Nazir açıqlamasında onu da bildirdi ki, son 3 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) damcılı suvarma ilə müşahidə olunan 1382 hektar zeytunluq salıb. Bu, son 3 ildə təkcə Abşeron yarımadası və ətraf ərazilərdə salınan 3500 hektardan çox yaşıllaşdırılan ərazinin yarısı deməkdir. Nazir qeyd etdi ki, 2012-ci ilin sonuna kimi əkilən 2 milyon 515 min ağacdan yalnız 90-100 mini yaşamayıb ki, bu da 2-3% deməkdir: “Bu layihələr indi var və gələcəkdə də davam etdiriləcək. Əgər bu işlər əvvəllər şimal istiqamətində yol boyu Şamaxıda Beşbarmaq ərazisinə kimi çatırdısa, indi Siyəzən, Dəvəçiyə doğru əkinlər aparılır. Yaxın 1 ildə mövcud istiqamətdə yollar başdan-başa yaşıllaşdırılacaq. Gələn illərdə isə bu işlər Salyan, Hacıqabul rayonlarında da davam etdiriləcək”. H.Bağırov bildirdi ki, bütün tarix boyu Azərbaycanda 1400 hektar zeytunluq salınıb: “Amma zeytunluqların çoxu şəhərin inkişafı nəticəsində məhv olub”.

Karyer sahiblərindən işə başlamadan öncə ərazisini bərpa etmək tələb olunur

Hüseyn Bağırov açıqlamasında bidirdi ki, hazırda Azərbaycanda daş karxanalarının bərpa olunması ilə bağlı yeni bir layihə mövcuddur: “Bu layihəyə əsasən, Maliyyə Nazirliyi hesab edir ki, daş karxanalarının bərpa olunması karyer sahiblərinin öz hesabına həyata keçirilməlidir. Amma bu çətin məsələdir”. Onun sözlərinə görə, hazırda yeni karyer sahiblərindən tələb olunur ki, işə başlamadan öncə ərazisini bərpa etsin. Daş karxanalarının çox tarixi və ənənəvi fəaliyyət növü olduğunu deyən nazir Bakının 90%-nin bu fəaliyyət nəticəsində tikildiyini vurğuladı: “Hazırda bu sahədə ciddi problemlər və maliyyə mənbələri ilə bağlı suallar var. Onların fəaliyyəti hansısa formada bərpa olunmalıdır”.
Əhəng çöküntülərinin dənizlərin və gölməçələrin doldurulmasında istifadə edilməsinə gəlincə, nazir qeyd edib ki, karyerlərin əhəng çöküntülərinin dənizə axıdılması geniş miqyasda yox, ayrı-ayrı ərazilərdə olur: “Bu, sement istehsalı üçün əhəmiyyətli material olduğundan, onu sement zavodları təhvil alır. Belə bir məqamda inanmıram ki, həmin əhəng çöküntülərindən hansısa ərazini doldurmaq üçün geniş istifadə etsinlər. Sement zavodları işə düşəndən sonra onu qramla əldə edəcəklər ki, tullantılardan sement istehsalında istifadə edə bilsinlər”.

Mnemiopsislərin vurduğu ziyanı
necə aradan qaldırmaq olar?


Xəzər dənizindəki mnemiopsislər zooplanktonun (dənizdəki xırda balıqların yediyi xırda onurğasız heyvanlar) həcminin 90 faizini yediyi üçün burada kilkələrin və eyni zamanda kilkələrlə qidalanan nərə cinsli balıqların və suitilərin sayının azalması çox mürəkkəb və ağır problemdir. H. Bağırov bildirdi ki, mnemiopsislər Rusiyanın gəmiləri vasitəsilə əvvəl Karib dənizindən Qara dənizə gətiriliblər, indi isə Qara dənizdən Xəzər dənizinə keçiblər. Nazirin sözlərinə görə, Xəzər dənizi qapalı hövzə olduğu üçün təkamül prosesində onun düşməni yoxdur. Mnemiopsislərin dənizdə çox sürətlə yayıldığını deyən H.Bağırov qeyd etdi ki, Xəzəryanı 5 ölkənin brakonyerləri bir yerə yığılsa, təkcə mnemiopsislərin vurduğu ziyanı vura bilməz: “Amma bir tərəfdən də təbiətin özünüqoruma mexanizmləri var. Düşünürəm ki, təbiətin özünün müdafiəsi nəticəsində vəziyyət getdikcə sabitləşəcək. Çünki Qara və Azov dənizlərində belə bir ağır problem var idi. Sonra tədricən onun qarşısını təbiət özü ala bildi. 5 ölkənin Su bioresursları Komissiyası məsələ üzərində işləyir. Ayrı-ayrı sahələr üzrə eksperimentlər aparılır”.
H.Bağırov qeyd etdi ki, komissiya mnemiopsislərin düşməni olan başqa bir jele xarakterli canlının onun öhdəsindən gəlməsini yoxlayıb. Nazirin sözlərinə görə, həmin canlının da Xəzər dənizi üçün yad olması müəyyən təhlükə yaradır: “Həmin canlı mnemiopsisləri yeyib qurtarandan sonra başqa hansı canlıya keçəcəyi böyük suallar yaradır. Ona görə də nazirlik narahatdır ki, onu gətirsək, hər hansı bir yeni çirklənməyə səbəb ola bilər”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info